Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:49

Furqan Sadıq "Quyu" (Hekayə)


-

QUYU...

“Bu nədi axı? Atam belə hirsli-hirsli kiminlə danışır? Görəsən, telefondan eşidilən acıqlı səsin yiyəsi kimdi?Niyə əsəbidi axı atam?

Mütləq soruşacam hamısını, mütləq...”

Atasının telefonda əsəbi danışması onu çaşdırmışdı.Baş aça bilmirdi ki, bu qıy-qışqırıqlar, bu hədələr nə üçündü... Və özünə suallar verir, öz üzərinə “niyə”lər yağdırırdı, sonra da həmin “niyə”lərin altından çıxa bilmirdi.

Niyə? Heç özü də bilmirdi.

Müəlliməsinin sözlərini xatırladı:

“Adam səbrli, hövsələli olmalı, həmişə pislikdən yaxşılığa doğru qaçmalıdır. Yaxşılıq quyunun dibində olsa da tapıb çıxarmaq lazımdır. Yaxşılıq edən həmin yaxşılığın əvəzini görəcək nə vaxtsa. Beş il, on il, əlli il sonra, mütləq görəcək. Həmçinin pislik edən də...”

Və müəlliməsi danışdıqca o, özünə söz verirdi. İçindəki adama söz verirdi ki,həmişə-bütün ömrü boyu yaxşı əməllər işləyəcək.Əvəzini də görəcək. Əgər etdiyi yaxşılıqların əvəzini görməsə müəlliməsini tapıb deyəcək ki, bəs nə oldu mənim yaxşılıqlarımın əvəzi? Bəs harda ilişib qaldı sənin sözlərin?

“Yaxşılıq quyunun dibində olsa da tapıb çıxarmaq lazımdır...”

Görəsən hardadı o quyu? Bəlkə babamgilin həyətindəki su quyusunu deyir. Yox, su quyusu hər həyətdə var da. Onu deməz yəqin ki...

Atası dəstəyi asdı, sərt hərəkətlərlə qapını arxasınca çırpıb getdi. Həmişə xudahafizləşir, sağollaşırdı.İndi heç xudahafizləşmədi də...

Anası keyimiş, donmuşdu sanki. Qapı çırpılanda diksinib dik ayıldı, bəlkə də qorxdu. Açarı sağa buraraq qapını bağladı. Kefi yerində deyildi.

-Atama nə olub?-deyə soruşdu.

Anası mətbəxə keçirdi, ayaq saxladı:

-Heç nə...-dedi.

Yox,bu “heç nə” deyildi, ümumiyyətlə “heç nə”yə oxşamırdı. “Heç nə”nin üstündə bu qədər səs-küy,qıy-qışqırıq olmazdı, mümkün deyildi. “Heç nə”nin üstündə qapını hirslə çırpmazdı atası...

Bu “heç nə”nin nə olduğunu anışdıra bilmirdi...

-Kiminlə danışırdı bəs?

-...-dinmədi.

-Hə?-bir də soruşdu.

-Məktəbə gecikəcəksən, yeməyini ye!

“Məktəbə gecikmək hardan çıxdı?Gör dərsin başlamasına nə qədər var ee...”

-Məni kim aparacaq məktəbə?

Anası gecdəngec, quru, sönük səslə:

-Taksiyə mindirərəm, gedərsən!-dedi.

-Axı hara getdi e, atam?-təkrar soruşdu, içində sanki qəribə bir cavab almaq ümidi vardı və bu ümid toxumu cücərir, göyərir, boy atırdı.

-Çənəm qırıldı, bəsdi, az sual ver!-anası göyərmiş ümidi toxumqarışıq çıxarıb atmaqda peşəkardı.

Uşaq baxa-baxa qalmışdı, bu anda əlindən başqa bir şey gəlmirdi, bacardığı bircə baxmaqdı. Qapıya, pəncərəyə, divarlara, masaya, anasına. Və anasından ala bilmədiyi cavabı qapıdan, pəncərədən, divarlardan, masadan gözləyirdi. Amma səs çıxmır, gözlədiyi cavabı ala bilmirdi.Möcüzə gözləyirdi. İnanırdı ki, bu dəqiqə möcüzə baş verəcək, divarlar insan səsi çıxarıb “atam hara getdi” sualına cavab verəcək, o da bu suallardan yaxasını qurtarıb rahat nəfəs alacaqdı...

Heyf ki, bu möcüzəydi və çətin ki, bu möcüzə baş verəydi...

Atası axşam evə dönəndə də bikefdi, rəngi qaralmışdı. Həmişə onun o üz-bu üzündən öpən atası indi keçib oturmuşdu televizorun qabağında, kəlmə də kəsmirdi.

Nə oldu-olmadısa, birdən:

-Mən yaxşı adam olacam!-dedi.

Anası anlamadı nə demək istədiyini, çaşdı və:

-Ol!-dedi.

-Atam kimi olacam!

Yenə:

-Ol!-dedi anası.

-Yaxşı adamlar neynirlər ki?-soruşdu.

-Yaxşı işlər görürlər...-onu başından eləmək istədi.

-Bəs pis adamlar neynirlər?

-Odeeey... atanı işdən çıxarıblar...

-Niyə ki?

-Pisdilər də, ona görə...

-Axı müəlliməmiz deyir ki, yaxşı adamlar işlərinin əvəzini görürlər nə vaxtsa...

-Kim deyir?-anası eşitməyib təkrar soruşdu.

-Müəlliməmiz...

Sözü qurtarmışdı. Susdu.

O da susdu, fikrə gedib müəlliməsinin dediyi quyunu xəyalından keçirdi.

Əslində özü də quyudaydı, dərin bir quyuda. Suallara cavab tapa bilməyəndə düşmüşdü quyuya, çıxa da bilmirdi...

Amma o bilmirdi ki, atası da quyuya düşüb.Eyni quyuda olmadıqları üçün görmürdülər bir-birlərini.Atası suallara cavab axtarmırdı, yaxşılıq axtarırdı. Onun axtardığı yaxşılıqsa illər öncə babasıgilin həyətindəki su quyusunda boğulmuşdu. Xəbəri yoxuydu.

Uşaq elə bilirdi atası da bir vaxtlar quyudan yaxşılığı tapıb çıxarıb və indiyə kimi qoruyub saxlayır...

Bilsəydi ki, belə deyil, uşaq olmazdı.Və bilsəydi ki, böyüyəndə bunu biləcək, heç böyümək istəməzdi.

Yaxşıki, hələ uşaq idi...

Və bala-bala aldanmaqla məşğuldu...

oktyabr,2010-fevral,2012
XS
SM
MD
LG