Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:29

Nərmin Kamal. Yeni şeirlər


Nərmin Kamal
Nərmin Kamal
-

Nərmin Kamal


Yeni şeirlər


Wi-Fi (qoşma-gəraylı)


İçində səkkiz vardı,

əvvəlində 3 vardı,

bəlkə də səhv edirəm,

telefonun neçəydi…

*

Böyük qoca bir şəhər

səni haradan tapım

düşmüsənsə yadıma

sakit ilıq bir səhər

*

bəlkə Əhmədlidəsən

bəlkə Nərimanovda

bəlkə Xətaidəsən

bəlkə də Nəsimidə…

*

Bilirəm ki bu vaxtlar

İnternetdə olursan

dəyişməz bu vərdişin

iyirmi il keçsə də

*

Aypədim işıqlanır

dolaşdıqca şəhəri

Wi-Fi-lar çeşid-çeşid

Top link, D-link, Azəri…

*

Sazz-10, Bəhruz-10, Aytən-6,

Vugar-23, Tabriz-19, Cansel-16,

Azeri-boy, Sex-in-Baku, Tufeyli,

Welcome to Baku, Sadik-Madik, Suvari…

*

Bir gün səni tanıyıb

tapacam vay-fayından

Lütfən öz adını qoy

hava internetinə,

mənim bu ümidimə.


-


Maya üçün

Kim kimi


Mən – taxanda əmziyinin sancağını sənin köynəyinə

köynəyinlə birgə dişlədim incə dərini də

Sən – mənim əlimi alıb dişlərinin arasına sıxdın

bacardığın qədər möhkəm



Mən – qolunu vurdum divara, dirsəyin göynədi

səni arabanla bu otaqdan o otağa keçirəndə

kənara çıxıbmış, görməmişəm

Sən – tutub iki əlinlə saçlarımdan çəkdin məni aşağı,

yolub göynətdin başımı, bir çəngə tük qaldı əlində



Mən – sənin kürəyini cızdım uzun dırnaqlarımla

çimdirəndə səni,

gərək kəsəydim, necə olub kəsməmişəm

Sən – ay sənii, mənim yanağımı, alnımı cızdın

kəsməyə imkan vermədiyin uzun dırnaqlarınla



Gündə neçə dəfə oldu,

mən səni yaraladım, sən də məni

Biz də belə sevirik,

Bədənimiz dolu sevginin izlərilə.


***

Eyni zərblə

Çox çalışdım olmasın
amma oldu.
Oldu, – dünən başın dəydi masaya
mən də eyni zərblə
eyni məsafədən
başımı vurdum masaya

görüm necə ağrıdın,
görüm necə incitdi səni o ağrı
necə oldu ki, belə ağladın.

Çox çalışdım olmasın,
amma bu gün yenə başın dəydi
bu səfər çarpayının ayağına

eyni zərblə
eyni məsafədən
götürüb mən də
başımı vurdum çarpayının ayağına

gördüm necə incitdi səni bu ağrı
gördüm necə ağrıdın
gördüm niyə belə ağladın

bildim çox incidibmiş
çox ağrıdıbmış səni
indi bildim
bundan sonra da biləcəyəm
əlin yansa əlimi yandıracam
dizin siyrilsə üzümüstə asfalta yıxılacam mən də
qolun sınsa qolumu sındıracam

mən həmişə
bütün ağrılarında
səninlə olacam
eyni zərblə
eyni məsafədən

http://deffektiv.com/
XS
SM
MD
LG