Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 02:35

Ədalət Əsgəroğlu. Dərd-qəmə bələnməyin...


-

Dərd-qəmə bələnməyin
Zülmü zindandan ağır,
Nə biləydim... bu gülməyin
Bəlası ondan da ağır.

Xına tutmaz dərdi, gözəl,
Lap olsun dərdin göyçəyi.
Gül üzü qəm bəzəyəndə
Göz oxşamır nar çiçəyi.

Göz oxşamır tər bənövşə,
Gələn yaznan gülmür eynin.
Gülməkinən neynəmişəm,
Ağlamağilən neyniyim?

Qəm boxçamı gətir bura,
Bir açım, bir də bağlayım.
Ya günümü yazım qara,
Ya ölümü qabaqlayım.

Yeddi bacı divan qursun,
Altı şəhidnən ağlasın.
Altı ağı deyib dursun,
Bir pay da mənə saxlasın.

Həsrət dağı gözlər üstə,
Üzə durub ağrım-acım.
Ahlara söykənən sinəm,
Paçal atmış nardı, bacım.
XS
SM
MD
LG