Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 02:30

Əjdər Fərzəli. Şeirlər


-


MƏLƏKLƏR

İki mələk çiynimdə,
Bir mələk sinəmdə -
Ürək.
Onlar kövrək,
Bu kövrək.
Çətindir mələklərlə
Yola getmək.
Çətindir mələklərin
Dediyinə əməl etmək.
İki mələk çiynimdə
Xeyirmi yazır,
Şərmi yazır,
Mən yorulanda
Şeirimi yazır.
Müəllimim oldu mələklər,
Dərs verdilər mənə sevgidən
Ömrümə yazdılar,
Boyuma biçdilər müqəddəsliyi.


PƏNCƏRƏMƏ LEYLİ YAĞIR

Yağışa dönüb Leyli
Ağlayır pəncərəmdə
Süzülür,
Üzülüub gedir özündən,
Pıçıldayır ağladıqca:
...- Fəda olum sənə, Qeys!
Vallah, mən sənin Leylinəm!
Sənin könlü gileylinəm.
Acı səhralarda şirin yuxunam.
Sənin azınam, çoxunam.
Neynim axı,
Yox idi məndə ixtiyar,
Yox idi, əmrdən dönəm...
Fəda olum sənə, Qeys!
Vallah, mən sənin Leylinəm...
...Ağlayır Məcnun - pəncərə,
Dözür zalım fələyin
Verdiyi zülmlərə.
Yer ilə Göy
Kiridə bilmir bu qəmi.
Ağlayır Leyli - yağış,
Ağladır pəncərəmi...


ALDATDI MƏNİ

Bostanda bostançı aldatdı məni,
Dəyirmanda dəyirmançı.
Bahar - buludları ilə,
Qış - bəyaz qarı ilə,
Yay günü - qızmarı ilə,
Payız - yarpaqları ilə
Aldatdı məni.
Çiçəklər aldatdı, güllər aldatdı,
Gözəllər aldatdı məni o ki var.
Hamıdan çox aldatdı
Məni vəfalı dostlar...


YELKƏN

Bir yelkənəm, gəmim yox,
Qəmim var, həmdəmim yox.
Bu dalğa o yana qovur,
O dalğa bu yana qovur,
Nə bu dəniz aram olur,
Nə mən dincələ bilirəm
Bir hovur...
Neynim, qaçırıb yuxumu
Dalğaların üsyanı,
Üsyan bürüyüb dünyanı,
Üsyan fələyə qarşı,
Nə bilim nəyə qarşı,
Elə hər şeyə qarşı.
Bu xaraba sularda
Nuhun gəmisi kimi,
Mənim də bir gəmim yox,
Tək-tənha bir yelkənəm
Qəmim var, həmdəmim yox.


EY BU DƏRYANIN SAHİBİ!

Bir alagöz tor qurmuşam,
Anam, dəryada-dəryada,
Ümidim var ulu Tanrım,
Yetər fəryada-fəryada.
Bəlkə, o Bəxt İlahəsi
Axır bir gün rəhmə gələr,
Ayağına düşüb onun
Çiynimdəki məlakələr.
Toxumuşam mən o toru,
Anam, qəlbimin sapından,
Tor demə, bir cənnət bağı!
Naxışları əlvan-əlvan.
Fərhad kimi oyağam mən
Nə müddətdir bu qayada,
Yatma, gözüm, yatma, arzum!
Yatsaq, bizi kim oyadar?
Toru atıb, enmişəm mən
Ulu haqqın səcdəsinə,
Ey bu dəryanın sahibi,
Hər nə versən, şükür Sənə!


ŞƏKİL

Bu şəkildə yan-yanayıq
Əllərimiz qovuşub bir-birinə
Sanki iki divanə.
Bu şəkildə
Şimşək olub çaxırıq,
Axar sulartək axırıq,
Tanrıya baxırıq.
Bu şəkildə
Tanrıdan pay, -
İkimizin də.
Üzümüzdə sevincin kövrəkliyi, -
İkimizin də.
Bu şəkildə - mən tək,
Bu şəkildə - sən tək
Gülüm, gözəlim, bircəm!
Bu şəkillər
Bir də çəkilməyəcək...
...İndən belə
Şəkilsiz də
Addımlayırıq yan-yana,
Şəkil davam gətirməz
Ömür adlı Tufana.


ANAM QARABAĞ

Yaralı durnam - Qarabağ,
Yaşılbaş sonam - Qarabağ,
Sənə qurbanam, Qarabağ!
Anam Qarabağ!
Al bayrağım enməyəcək!
Haqqın üzü dönməyəcək!
Qəlbimizdə sönməyəcək
Vəslinə inam, Qarabağ!
Anam Qarabağ!
Dağılacaq bu çən-duman,
Düşmənə verməyib aman,
Gərək yolunda hər zaman
Eşqinlə yanam, Qarabağ!
Anam Qarabağ!
XS
SM
MD
LG