Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 02:56

Mustafa Şeyxpur "Tehran metrosu" (Şeir)


-

Mustafa Şeyxpur


TEHRAN METROSU

Metroda çiçək satıram
getməyə tələsən insanlar kimi yox,
qalmağa inanan əllərimlə
səni düşünürəm...
nə azadlıq havası var başımda, nə inqilab
nə savaş həvəsi,
nə barış
hər şey dünən kimidir
hər şey sabah kimi
bir uşağın yuxusunda
burda
Tehran metrosunda

1

Gün doğmadan vaqonlarda
duraq- duraq
Çiçək... çiçək... çiçək satıram


2

Qəlbimə yaxın əllərimə bax
qar çiçəyi əllərimdə
günəş çiçəyi, ay çiçəyi
hər saat gecədir metroda
nə günəş izi var, nə ay işığı
nə qara qış günləri
nə yay, dəniz havası
nə azadlıq, nə həsrəti
hər şey duraq adıdır, meydan adı
həm azadlıq həm...
yaşamağa tələsən insanların tər qoxusu
ac qarınların yetım səsi
ac gözlərin, ac ürəklərin kiflənmiş köpüyü
yağış yağsa da bilirəm
nə əllərim islanacaq, nə ürəyim
nə şəhər qoxusu verən çiçəklərim

3

Şəhərin ən yorqun yerindən başlanır trən
sən yorqun, mən yorqun, trən yorqun
uzun-uzun sərilir yuxulara
yarır şəhərin bağrın keçir
heç trənin içində yoxsan
heç trəndə şeir yox
sevgi yox
sən... yox
bir mən varam, bir əllərim
çiçək satan əllərim

4

Hər duraqda görünürsən
bir az yorqun bir az arğın
qapınızda düşəcəyəm
inqilabdan* bir az sonra
azadlığa** bir az yaxın

________
*İnqilab və **Azadlıq: Tehranda iki məşhur meydan adları
XS
SM
MD
LG