Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 02:28

Məqsəd Nur "Ürəyinnən tikan çıxmayan" (Hekayə)


-

Məqsəd Nur


Ürəyinnən tikan çıxmayan

(Küləkli şəhərin sirlərindən)

1.

...Bu şəhərdə küləyi başından aşan küçələr var. Bir də görürsən bulud gəlir, toparlanıb bir iş görmək istərkən küləklər onu şəhərin bu tayına-o tayına qovur: axırı ya dənizin üstünə atır, ya küşkürləyib özgə bir yerə aparır. Şəhərin bir yerində leysan gedir, bir də görürsən Küləkli Küçənin başı üstünə gün döyür, ya tərsinə, yel vurur, yengələr oynuyur...

Evlərin ucuzu o küçələrdə kirayə verilir. Özgə yerim qalmırdı: qısınmaqçün burda qədərincə yarıqaranlıq zirzəmilər tapardım. Əyalətdən bezikib paytaxta yellənəndə yarıyoldaca qorxacaqlığım içimi üzmüşdü: bilməzdim, Günəşin qarpız-yemişi şirinlətdiyi doğma yerlərdən sonra rütubətli zirzəmidə bu qədər dözə bilim. Baş girlətməyə qalsa, burda da maraqlı zadlar tapılar. Gəl ki, bu şəhərin davranış yontalamağı qəfil sillə kimidi, vurnuxub dursan, tapdağa dönərsən, gərək qaçıb qurtulasan.

...Kirayə tutduğum zirzəmi rütubətli və yarıqaranlığıydı; ora qısınmağımın bir səbəbi yal dalında olmağıdı: o yalı aşdınmı, şəhər yox olur. Şəhərin ağırlığından gizlənə bilirsən, həm də əlinnən qaçdığın qarışığın bircə aşırımında olursan; kefin gəldi, təzədən atıl şəhərin ağuşuna və hər şeyi təzədən çözələməyə çalış...


2.

...İndiyəcən Ziba xalanın hərəkətlərinə göz qoymağımı da, söhbətlərinə qulaq verməyimi də avaraçılıqdan güdümlü olmağımnan bağlıyıram; belə baxanda hər işdən xəbərli olmaq istəməzdim. Söz-söhbət deyilənin dalınca düşmürsən, ayılanda baxırsan ki, bir axarın içindəsən...

Ziba qarının (ona qarı deməzdim) söhbətlərinə sifətimin ən xırda cizgiləriynən diqqət kəsilməyim arvada əməllicə qıcığ verirdi. Üzümdə danışdığından nə qandığımı axtarırdı. Baxışlarımız toqquşanda var gücümü yığıb ona inandığımı qandırırdım. Başımı aşağı-yuxarı yırğalıyır, çox vaxt da sözünün canına varmadan fərziyyələrini birbaşa təsdiqləyirdim. Söhbətləri can sıxmırdı; məni halbahal eliyən arvadın sifətinə çökmüş bic təbəssümüydü. Belə adamlar var axı: şeytandan da danışsa, elə bilərsən, açıqca kiməsə-nəyəsə gülməyindədi. Bu, şeytandan-zaddan danışmır; dolayısıynan çərxi-fələyin əməlinə söz vurur və ötən illərin xatirələrini vərəqləyirdi. Durduğun yerdə, məzəkeş bir gülüşü vardı, adamın qafaaltını kirişkəliyə salırdı. Belə çıxırdı ki, aclıq və səfalət olan zamanlarda da adamlar təkbir qarın çörək dərdinnən savay da işlərə baş qoşublar: məsəlçün, kef tutub şelləniblər... Ziba xala da az aşın duzu olmuyub; diringisinnən, ger-geyiminnən qalmazmış. O, bütün qocalarsayaq müharibənin qara günlərindən danışmırdı. Əksinə, tam əksinə, bacardıqca illərdən qalan xoflu söhbətlərin rəngini açırdı. Və bu zaman özcə cavanlığına dayanırdı, başqa xatırlamalar onunçün köməkçiydi... Arabir nəfəsi təngiyir, hələ başıçəkənlərin olub-qalanını ortaya tökməyə qısırğalanırdı; ürəyində bir tikan buruxlanırdı elə bil...

Ziba xala əyalətdən gəlib. Lap düzü, döyülə-döyülə qaçırılıb. Kiminsə pisini istəməzdi, onun əlləşməyi özüynəniydi. Söz gəzdirməzdi. Amma üzüsözlüydü. Deyirdim, onun ürəyindən heç vaxt tikan çıxmayacaq. Güman ki, lap yaxın günlərdə qübardan dözümsüzləyib ərinin yanına yollanacaq. Kişinin cənnətməkan olduğuna və özünün də ora yollanacağına əminiydi. Bircə müşkül var: Ziba xala özü danışırdı ki, Cənnətdə, əstafürüllah, ərnən arvad görüşə bilmir; hər ikisini zina mələklər bölüşdürüb sevişdirirlər: kişilər yad arvadlara, arvadlar da yad kişilərə pay-pürüş olunur!

- Ona görə də gərəkdür Begbala məni o ğartə dögsin ki, istisi canımnan çıxmasun.

Kişinin sağlığında Ziba xala bu sicilləməni eynən hər söhbətin sonunda təkrarlayırdı...
Namaz qılmamışdı, ilahiyyətdən bildiklərini də “cənnətməkan olmuş”dan eşidərdi. Sağlığında Kişinin söhbətlərinə dinməzcə qulaq asır, bitdimi, tumanının uclarını əlinə yığışdırıb döşəkdən qalxırdı və nəsə bir söz atırdı ortalığa. Əslində, nazlanırdı, yarınırdı Kişiyə, amma elə çıxırdı ki, donquldanır. Elə donquldanırdı ki, nazlanmaqmı, şitənməkmi güddüyü seçilmirdi. Anlaşılırdı ki, kişini ələ salmaq, bəlkə də zar-zarafat qatıb şəriət qaydalarına şəkk gətirmək, ya söhbətə yarımaq niyyətindədi. Hər dəfə də bunun üstündə budarlanırdı...

Kişi kirayənişinlərnən çox danışanda Ziba xalanı qısqanclıq tuturdu: lap söhbətdaşlar kim olsun, fərq eləməz. Bəybala kişi axırayaxın qarısının Tanrı yoluna qayıdacağına və ağzıdualı bir xanım olacağına inamını itirmişdi. Bircə dəfə Aşura günü arvadlara qoşulub məscidə getməyini istəmişdi. Rüsvayçılıq olmasın deyə: indi hamı Allah yoluna dönür! Onda nədən, bilmədim, Ziba xala fikrini mənnən bölüşdü:

- Mescid lotularnan dolub, arvad xeylağının orda nə ölümü var? Helə bilirsən abır-həyadan gedillər ora? Qaxılıb evdə namazdarını qılsunnar, atam də?

Ardınca da nəmənəliyini anışdıra bilmədiyim sirli və turşaşirin təbəssümüynən məni süzdü. Təsdiqdən savay bir ifadə tapmadı:

- Pes Beybala nöş cumur onnarın arasına, deməzsən? Canında od var, od! Bircə, arvatdarnan yolboyu diringə vursun! - dedi, dizlərinin gözünü sıxıb özünü bir-iki burum çimdiyə tutmaqdan keçə bilmədi.

Həmin dəfə də kişi məsciddən qayıdanda Ziba xalanı budarladı; Aşuradan qaldığına görə yox, mənimlə bölüşdüyü fikirlərini arvadın qırımınnan oxuduğuna görə.

Ziba xala öz söyüşü qədər bir başqa zada hikkələnməzdi. Bu küçədə heç kəs onu söyməyə girişmirdi. Ərinnən savay, bu ətrafda kimi desən, qızıl-qırmızıca yamanlar, cavab almayıb, söydükcə odlanardı. Ardınca da himə bəndiydi: qoy birkəs başıyaylıqlı onun qabağında cınqır çıxartsın! Meyidi gələr, cırımı başınnan çıxardı o qancığın...
Qarı çağında da Ziba xalanın yanağından gül damırdı. Gül damcıları onda çoxalardı ki, hələ Kişi dünyasını dəyişməmişdi: ayda iki-üç dəfə ərinin kötəyindən dada bilirdi. Təkcə kötəklər onu doyuzdurur və yarımca saat ötdümü, Ziba xalanın yanaqları qanqırmızı rəng tuturdu. Diringisindən də az qala çatlayacaqdı. Əməllicə cavanlaşırdı. Ürəyindəki tikanlar da elə bil heç bağrına sancılmamışdı: dilotusu tükənənsayaq olurdu.


3.

Ziba xalanın başı çox siyasətlər çəkmişdi. Ərinin kötək payını yedimi, ardınca bu küçədə və qızlığına qədər yaşadığı çox əski əyalət şəhərinin küçələrində başı çəkənlərdən danışırdı. Həyətin kirayənişinləri ayda iki-üç kərə bu söhbətlərin dinləyəni olmaqdan qaçammazdılar. Arvad döyülməkdən savunmaqçün tezbazar başını daxmalardan birinə salıb irişə-irişə künc axtarardı. Ən yekə paya başında bölünseydi də, turşaşirin qımışığı üzünnən getməzdi. Onu birinci dəfə bu halda görəndə bildim ki, Ziba qarının həmənki təbəssümü anadangəlmədi: qərəz, sirri-filanı da elə budu.
Ziba xala bic tərpənərdi: Kişi ağzısöyüşlü onun dalıyca kirayənişin qızların evinə soxulmaqdan abırlananıydı. Bu fürsətdə qarı budarlana-budarlana özünü qızların arasına dürtüb gözləyirdi; yarımca saat keçsin ki, kötəyin nəşəsindən yanaqları güllənsin, söhbət gəlsin, ötənlər vərəqlənsin...

Ziba xala hər budarlananda qızlar fürsətdən faydalanırdılar; çay süzüb araya söz qatır, yanımcılca kişinin kölgəsini qaralayırdılar:

- Qoca kişidi, bu yazıq arvaddan nə umur eey?..

Onda Ziba xala çoox abırsızcasına irişir, hələ bir desən nazlanır, yaylığının ucunu utancaq kimi dizinin gözündə tumarlayıb deyirdi:

- Azzarıvu alım, qoca at arpa yemir? Onun dügünlənən yumruğuna, səsi buralığı titrədən şilləsinə qurban olum. Mən qancığda da az yoxdu, balamsan...
Döyüləndə elə davranırdı, deyərdin, hamı onunçün can-ciyəridi. Ziba xala qız doğmamışdı, bircəcə oğlanın üstündə qarımışdı. Bəybala kişi ilkinci və dadıb-duracağı sonuncu kişiydi. Hər kəs bu məhrəmliyi anlaya bilərdi: bir az duyumlu olmaq yetərdi və hər budamadan sonra Ziba xalanın o sirli bilinən qımışığındakı məna, deyərdin, eləcə kişinin nər cübbəsinə yazılıb və bu qarı anadan gələndə onun budamalarından gül tutmaqçün yaranıb. Sonra hər iki qoca eyni çılğınlıqla öz hərəkətinə dəm tuturdu; Bəybala kişi ustufca çaya oturur, fısqırıb yan-yörəsini gözdən keçirir, başını ürəkçəkən astalığıynan çiyinlərinə sarı burub gözlərini bərəldir və hər iki əliynən dizlərini bir xeyli tumarlayırdı...

Ziba xala qızlara danışırdı ki, Bəybala hər onu budarlayanda bir neçə gün dalbadal işrətində keçilməz olur. Qızlar belə söhbətlərdə dərinə varmaq istəyiynən odlananda Ziba xala eləcə qımışır, xırda gözləri qırışlarının arasına bükülür və içini çəkib söhbətə son verirdi. Bundan o yana kimsə söz deməyə ərk eləmirdi...


4.

Həyətdə yaşıllıq deyəsi tək şey su hovuzcuğu qırağından pırtlayıb hündür hasara boy verən qara əncir ağacıydı. Mənim istəyimnən olsa, onu kəsib atardıq. Yazıq ağac ətrafın basdırığından boy verib qurtulmaqçün hər zada dözən yorğun sarmaşığa oxşayırdı.
Küləkli Küçədə hasarlar ya evlərin bərabərində, ya da onlardan hündür tikilir: uzağa baxmaq istəsən, dama çıxmalısan. O da yaramır: buralarda özgə həyətlərə baxmaq, cismini damlarda görkə qoymaq tiryək çəkməkdən dal iş sayılar. Ağlıkəsməzlər də birkərəmlik anadan dama meylli doğulmurlar, deyirsən. Qıraqda, ya küləklərdən qapalanan özcə komanda nə kefin çəkir elə. Kirayənişinlərə bu barədə təlimat-zad verilmir; sadəcə divarlarda tutacaq bir böyür-baş yoxdu. Nərdivan istəsən ki, damda özünü günə döydürmək arzusundasan, sənə gülərlər. İldə bircə kərə yeri gələrsə, qırçı damı qırlamağa çıxar və yerli adamdısa, özgə həyətlərə göz yetirməkdən çəkinər, heç buna meyli də getməz... Ağlımkəsən rəssam dostum olsaydı, ona Küləkli Küçənin cizgilərini çəkdirərdim. Gərək bu tablonu çəkən özünü vertolyotda-filanda, heç olmasa burdakı ən hündür evin damında bilsin. Bu küçələrə üstdən baxmaq istəyim təhərsiziydi. Hərdən özümçün yuxarıdan buranın təsvirini uydururdum, həm də bilirdim ki, dama çıxmaq arzum gözümdə qalacaq. Yandan buraların gözəlliyini görə bilməzsən: boynuqısıq evlər küləyin qorxusundan bir-birinə sığınıb. Mənim uydurma cizgilərimdə küçələr üst-üstə atılıb qalan və çeşniləri görünməz olan, qıraqları min kərə əyilib təzədən uzanan oxşar xalçalar sərgisinə bənzəyir. Gözəllik də o basdırığın arasından görünən həyətlərdə, əyilib-düzələn - beləcə də sonsuzluğa varan yapma hasarlardadı. Oxşar damlar arasından güclə sezilən və basdırıqda nəfəslik qədər dəyərli olan xırda su hovuzcuqlarındadı. Hərdən elə bilirdim, su hovuzcuğu quyunun içində bir dənə də quyudu. Burdan, hündür divarların lap dibindən həyətlərdən həyətlərə saysız elektrik xətləri, iplər atlanırdı...

Paltar asqıları yelpiklənir, külək bir-birinə qırsaqqız olan evlərin başından aşıb getmək istəyir. Arada sezilən adam kölgələridi. Yeriyəndə şap-şaplarını sürüyürlər. Astagəl tərəpəniş də, qurama qürur da küləyə güc gələnlərin hərəkətləridi. Onlara toxunub-incitməyəsən; yoxsa sənə də külək qədər hörmət qoyacaqlar. Əgər bir şey gərəkirsə, yaxın dur, oynama: quru küləyə oxşar qürurlu adamlar həlimləşəcək, əsib içlərini boşaldacaq. Ortada küləklərə güc gələn basdırığa sevgidən savay bir zad qalmayacaq.


5.

Divi gördüm. Şəhərdə iş tapmağımın üçüncü gecəsi onunla darvazanın astanasında üzləşdim. Dəmir həngamələrin ətürpədən vıjıltısı... qapı açılır və qarşımızda Div durub:
- Nə lazımdı?
- ...təzə kirayənişinəm, mətbəədən indicə çıxdım... bizim işimiz belədi də...
- Bı kimdü?
- Dostum, qəzetçidi...
- Nə yazırsuz...
- ...hər şeydən...
Mənə işarə ilə:
- Sən keç içəri!
Darvaza gecəyarı dostumun üzünə dambıldadı. Yarıqaranlıq həyət, mən, qırmızı “Ikarus” və Div...
- Bir də bu vaxt gəlsön, day gəlmə; özünnən “prisep” də getirirsən... 25 manat pul verirsüz, cəddü-əğrəbavuz dolur həyətə!
Div azca nərildədi, yumşaldı və dediyində durub dostumu içəri buraxmadı.
Divin 40 yaşına baxmasan, cavanlığından qalmır. Bəybala kişi onnan yarımadığını kimə gəlsə deyirdi. Kirayədən gələn qazanc üstündə bir söz düşsə, Div həyətin səhmanına görə hərvaxt ona borclu olacaqlarını qandırırdı. Nə xeyri, Bəybala kişi ona qara qəpik də vermirdi, bir ara hardansa əli qalınlaşdı - təzə “Ikarus” götürdü - Minvodıya adam daşıdı. Üstünə Div ləqəbi qoyulduğundan da xəbərsiziydi...


6.

- Anasında korranıb bı nadürüst. O hardan bilsün, şekil nədi?! Bu ğırılmışdar ki, quyruğlarında oturdular, iş bitdi... Sən sünnüsən, oğlum?

- Bilmirəm hansınnanam...

Bəybala kişi Divin əlindən yananda Ziba xalanın əcdadları barədə fikirlərə cumurdu.

Yapışırdı o rəhmətliklərdən və oynadırdı arvadın cəddü əğrəbasının sümüklərini:

- Nenəsi deyirdi, guya Şah Xətai buların kentinnən keçib. Adə, bilmirəm necə keçib o behişt olmuş bu kettən ki, müdam oların cındırınnan cin ürküb?! Görmürsən, özü dönmə ərəblərə oxşıyır?.. Bular xilafət ordusunun tör-töküntüləridü, axsaq qoyunlardı də... Kettdərində hamı dilənməknən dolanır, dayım oğlu! Şah Xətainin neslinnən mən olaram atam!!! Kişinin bizim yurdda köç salmağını kitab da yazır. Bu imansız qızının nesli mektebin yolunu da tanımaz. Bunun bir nenəsi vardı, qaraçı tumanınnan çıxmazdı, öləneycən kişisini təpəqapaznan yanında yatırdardı. Qırılmışdar kişi deyilən cinsin sokunu içillər...

Div Ziba xalanın birbalasıydı. Kirayənişin qızlara ilişirdi: tiryəkli olanda hamıya ünü çatırdı; söz-zad atmırdı, sadəcə gözləriynən marıtlıyırdı, acıca gülümsünür və dönüb gedirdi. Gözlərindən, saçlarından və qulaqlarından... oxşadığınamı görə, həyətin kirayənişin qızları adını Div qoymuşdular. Öz adı Məmmədrəfiydi. Gündəliyimə ixtisarla yazırdım: “M. Rəfi”


7.

Məncə, M.Rəfinin incəsənətlə bağlı ilk təması bir tablonun başında dururdu. Tablo zirzəmilərdən birinə sığınan və şəhərə getməyi olmasa, təkcə subaşına çıxan cavan rəssamın mirasıydı. Maraqlı cizgiləri vardı: körpəsini meşə yoluna atan bir gəlin ağacın arxasında gizlənib arabayla keçən qocanı güdürdü. Qoca körpəni əlləri üstünə alıb gülümsünürdü. Hər halda körpəni aparacaqdı. Gəlin də yaşmağını ağzına sıxıb cınqırını boğurdu...

Rəssam tablonu qoyub gedəndə zirzəmidəki hər şeyi Bəybala kişiyə tapşırıb. Müalicədən qayıda bilməyib; deyəsən, onun xəstəliyi nəmişlikdən və işıqsızlıqdan cücəribmiş. Aylar keçib, kimsəsizin bir kimsəsi çıxmayıb. Ziba xala ona yas da tutub...
Bəybala kişi əsərə “şekil” deyirdi. Tablonun qiymətsizliyini güman edən həyət adamları arasında şayiələr gəzdi. Guya bu hansısa şedevrdi, ya da bu zavallı rəssam özünü bicliyə vurub da əntiq əşyalar oğurluğuynan məşğul olurmuş. Tabloyla bağlı tarixçə sonra hallandı. M. Rəfi rəssamın ölümündən və belə şeylərin qiymətsizliyindən xəbər tutan kimi əşyanı atasının köhnə dostlarından birinin yanına yoxlatmağa çıxıb. Tində tiryəkə oturan dostlarına ilişib; bir basım tiryəkə uyub. Hallanıblar, axırda bu fikrə gəliblər ki, tablonu ora-bura aparmaq gərəkməz...

Bəybala kişi odlanırdı:

- Anakettili bivec! Şekili tinə satdığa qoyub. Tezə massivə tərəf gedən obrozovonski bir cavan arvad da tezbazar qapıb şekli... Əllicə manata!

Bəybala kişi yenə oğlunun anasını və keçmiş-keçənlərini yamanladı. Ziba xala bir ay da buna görə budandı.

İki-üç ay sonra Bəybala kişi rəhmətə getdi. Div də tiryək çəkməyi atdı və məscidə gedib tövbəyə gəldi, sonra da haqqını verib “Ikarus”unu təzələdi.


8.

M. Rəfi ütünü qızdırıb qonşu həyətdə kirayənişin qalan boksçu oğlanın boğazına basmışdı. Ziba xala yetməsə, qan davası düşəcəkdi. Oğlan iki kərə onun arvadından ütü istəyib və sonuncu dəfə ütünü qaytaranda M. Rəfi məqamı tutmuşdu; mərəkə qopdu. M.Rəfi zavallını zirzəmisindən çağırıb iki yumruq ilişdirdi: yerə yıxdı və sinirli olsa da, ütünü oğlanın sifətindən yayındırıb boğazına basdı. Oğlan bir haray çəkdi, bütün küçə tökülüb gəldi.


9.

M. Rəfi boksçu gədəni döyəndə arvadı heç yerindən də qımzanmadı. Tükü də tərpənmirdi. Öz işindeydi: qızının nazıynan oynayırdı, arada oğluynan da zarafata girib şitənirdi; çiçəyi çırtlayana dönmüşdü. Belədə özü oğluna abır tutardı. Gün açılandan Ziba xalanın deyingələrini qulağına almadan həyətin sil-süpüründə olurdu. Əslində, başaşağı günlərinin təkrarını yaşayırdı. Qızlardan da uzağıydı, boş vaxtında pilləkəndə oturub saatlarla özcə qızının saçlarını səhmanlayırdı.

M. Rəfi də onu budarlamağından qalmırdı. Arvadının susqunluğundan az qala çatlayıb dağılacaq kimiydi. Sonuncu mərəkədə boksçu Məmmədrəfini o qədər kəmhövsələ eləməmişdi, nəinki qənşərində səsini də içinə salıb kəlmə kəsməyən qadını. Sillə dəydikcə sifətini dik tutub dururdu. Eynində qurd ürəyi dadmışların yeri görünürdü...


10.

Gün ötdükcə Ziba xalanın əlləri əsir, sir-sifəti büzülür, çənəsi qulağına tərəf əyilirdi. Dişləri cağbacağ qalmışdı, qabaqdakıları bəmbəyazıydı. Arvadın dönəlgəsi Bəybala kişinin ölümündən üç ay sonra döndü. Yarım il də keçəndə Ziba xala qocaldığını boynuna götürməli oldu. Bir-iki ay məscidə getdi. Namaz qılmağı öyrənmişdi. Aşurada özünü tutdeyincə döydü: qayıdanda düşkünləşmişdi. Ağır ağbirçəkliyini qorumaq qəsdindeydi. Bir ara başında qara çalma peyda oldu. Get-gedə çalmasını ağrıdan sıxırdı. Gözlərinin altı tuluqlanır və Ziba xala günbəgün solurdu.

Onun Kişidən sonra bu təhər xərifləyəcəyini unamazdım. Kirayənişinlərnən də danışmırdı; nədənsə susqunluğundan eymənirdim. Belə getməzdi: qarı bu günlərdəcə kimisə saçlayacaq, qaraqışqırıq salıb kirayəhaqqını ay yarım gecikdirənləri içi mən qarışıq abırdan çıxaracaqdı. Yaxşı vaxtlarında qonşudakı cavan gəlinlə savaşdığını görmüşdüm; Ziba xala yanbızlarıynan və yumru əl pəncələriynən gəlinə bir toppuzlar ilişdirdi gəl görəsən. Üç-beşcə həmlədən sonra gəlinin yolmacı əlindeydi. Bir-iki şıram cırmağ da Ziba xalanın alnında qalmışdı - hikkəsi soyuyanda ağrıdan güzgüyə baxıb bir də küçəyə çıxdı. İki əlini belinə sıxıb bütün əcayib söyüşləri o gəlingilin darvazası səmtə və darvaza arxasındakı adamların olub-qalanına tolamazladı...

...Ziba xalanın yanaqları tamamca soldu; rəngi qaçır, halbahal olurdu. Ta saçına həna da qoymurdu. Sürməsindən qalır, üz-gözünü, aldırmırdı. İndi Ziba xalanın sirli ifadəsi öz-özünəcə açılırdı; saçın yolub ağlasaydı da, elə bilərdin gözləri yenə bic-bic gülür və çox hikkələndikcə didəsinin işartısı adamı heyrətləndirirdi; o hamını qorxuya salmışdı. Qızlar başının çönəcəyini söz elədilər: bunnansa ərinin yanına yollansaydı, düz olmazdımı; noolsun təbəssümü qalıb, deyirsən, indicə şaqqanaq çəkib adama cumacaq və səni harasa sürükləyəcək, dedilər.

Arvad nəvələrindən də çiyrəndi; belədə M. Rəfinin sonbeşik qızı nənəsinin mətbəxindən əl çəkməzdi; indi də gəlirdi və az keçmədən qıy salıb iri şəpitlərini sürüyə-sürüyə mənim zirzəmimin qabağından keçib anasının qucağına atılır, səsi ordaca quyunun dibinə gedən daş təki itir, hıçqırtısı qalırdı...


11.

Sentyabrın sonlarında Bəybala kişinin vəfatından il ötdü. Onların evi mənim zirzəmimin düşəcəyindən sağ yanda - həyətin düz başında dururdu. İki otağı və yaraşıqlı mətbəxi vardı. Xalı-xalçalıydı, divarları rəngli çıl-çırağın işığında, tül pərdə arxasında elə isti, elə doğma görünürdü ki, heç Tanrı bəndəsi bu rahatlıqdan doymaz, deyirdin.

Yatağa düşəndən bu yana Ziba xalanın yanına şirniyyat ala biləndə gedirdim. Con günlərdə halı üstündə olmurdu. Huşu itirdi, amma hamıya təzə adlar qoymuşdu. Mənə “Kitab” deyirdi. Belə çıxırdı ki, yaddaşı tam soluxmamışdı; daim zirzəmiyə çəkilib kitablara dərildiyim günlərim onunçün adqoymağa əsasıydı. Ta az qala kəlmə kəsə bilmirdi, iflic yaxalamışdı onu. Yeməyindən qalmırdı, arada altını batırdığınnan gəlini başının üstündə olurdu. Şirin bir şey görəndə gözləri işıqlanırdı, xəfifcə ağlamsınır, ovcunun içinə büzülmüş xırım-xırda barmaqlarını sifətinə tərəf qaldırır və əllərini göyə açıb bir şey ummaq istəsə də, bacarmırdı. Sağ qolunu gücü çatan qədər qaldırıb dua eləməyə bənzər anlaşılmaz bir-iki kəlmə dilə gətirirdi.

Ziba xalanın əhvalı buraların havası kimi dəyişirdi: tamam büküldüsə, də bir ara halı təzədən düzəldi. Əsaya dayanıb özü gəzə bildi. Hərdən günlərlə tərpənmirdi; huşsuzca tavana baxır və başının üstünə tərəf nəsə donquldanır, nəyisə yamanlayırdı. Yazağzı özünə gəlmişdi; axır çərşənbədən bir gün əvvəl onu yaxşıca çimdirib cağlamışdılar. Həyətin düz ortasında oturub çay içirdi. Kirayənişin qızlardan biri Bəybala kişinin kötəkləmələrindən söz saldı; həmin günlərin birində Ziba xalanın özcə sözünü özünə xatırlatmaqdan çəkinmədi:

“- Lova düşmüşüm ölür məniyçün...sinoy getdiyin günlər hanı azzarıvu alım?! “ - deyirmiş Ziba xala və qapının astanasında oturub budanmadan sonra əsməcə tutmuş dizlərinə sığal çəkə-çəkə özünə təsəlli verirmiş.

İndi belə söhbətlər Ziba xalanı tumarlayırdı:

- Ay Ziba xala, dünyada kimlər qaldı...

Ziba xala bayaqkı xatırlamanı o anca tutdu; dikəldi, qımışıb çənəsini çanaqlarına əydi və qızların sonrakı təsəllilərini heç eşitmədi də. Əlləriynən dizlərini tumarladı, başını sinəsinə buraxdı, sifətinə azca qızartı gəlmişdi, əsməcə onu tutmasaydı, nazlanmaqdan özünü saxlamazdı.


12.

M. Rəfidən savayı bu həyətdə hamını topuğunacan anışdıra bilərdim; lap ayaq geyimləri dəyişsə də. Yerişlərə elə öyrəndim ki, gözümün ucuynan hansı ayağın üstündə hansı başın keçdiyini asanlıqla seçirdim.

Su krantının və ona söykənəcəkli balaca hamamın üzbəüzündəki ikimərtəbəli evin altında mənim zirzəmimiydi. Otağıma səliqəylə hörülmüş üç pilləli daş yol düşürdü. Yerin üstündən gələndə birinci qapı ağ şüşəbəndli mətbəxin içinə açılırdı. Və ikicə pillə də düşdünmü, mənim otağımdaydın. Mətbəxin şüşəbəndinə də ordan bir pəncərə açılırdı. Mənim pəncərəm deyirdin, əllərini yerin üstünə uzadıb dururdu. Burdan işıq süzülürdü və mən də o işıq yolundan yerin üstündə gəzənləri topuğunacan görə bilirdim...

...Ağzı payıza, günün yumşaldığı havanın altında Ziba xala əsasına və divarlara dayanıb özü gəzir, yeməyindən yenə qalmırdı. Özü ayaqyolu istəyir, canı kirlənəndə suya salmağı tələb edirdi. Bir-iki kərə hərgün canını yuyundurmaq azarına tutulduğunu eşitdim; evin gəlini bu işdən bezirdi, deyəsən. Qızlar zarafata deyirdilər ki, Ziba xala ölməyəcək: biri lap şitlənib deyərdi, bu qarı bükülüb də birdən itəcək, ya da gəzə-gəzə torpağa qarışacaq.

Mən payız gecələrində kitablara dərilir və bir özgə işim olmasa, zirzəmidən çıxmağı xoşlamırdım. Yazı və yemək stolum işıq yolumu əvəzləyən pəncərənin ağzına söykənmişdi. Gecə də zirzəmimin qarşısından keçənin topuğunu yarıqaranlıqda sezə bilirdim.

Səhərə az qalmış sağ tərəfdən gələn vardı. Bu, yeriş səsinə oxşamırdı; əslində, nəsə sürünürdü: topuqları anışdırmaq təcrübəm ayaq səslərini də öyrətmişdi...
Ziba xalanın çəkələkləriynən topuğunu tanıdım... Hamamın qapısı cırıldadı və cəftənin içəridən bağlanmağı zaman çəkdi. Qarının əlində işıq vardı, topuğuynan keçdi o işıq. Şam ola bilməzdi - həyəti tutmasa da, içəri dürtülmək istəyən yelə bəlkə nöyüt lampası tab gətirərdi...

Onun hamamdan çıxmağını gözləmək qərarına gəldim. Çox çəkdi. Ağlıma min fikir gəldi: su götürmək bəhanəsiynən həyətə çıxdım. Hamama qulaq kəsdim: su səsi gəlmirdi. Nəfəsliyin altında dayandım və bir şeydən duyuq düşsəm, M. Rəfini oyadacağıma qərar verdim... Şappıltı eşitdim; eynən piyli ətin şilləynən şappıldamağıydı. Sızıltı başlandı: Ziba xalanın sədasıydı. Əslində, ağlamırdı, sızıltıynan ulayırdı. Arabir hənirini kəsir və özünü daha şiddətlə döyəcləməyinə keçirdi. Qarı özünü döydükcə halgəlməyə bənzər əcayib-qəraib səslər çıxarırdı; yenə bir az sızıldayır, kəsik-kəsik fısqırırdı. Elə bil küt bir səslə şaxsey-vaxsey gedirdi, özünü paslanmış küt zəncirlə döyürdü. Arada tək uşaq özüynən oynayıb danışan kimi şadlanır, ya da donquldanırdı... Onu çağırdım, eşitmədi. Bir az da bərkdən çağırdım: öz işindeydi.


13.

Hamamın qapısına yaxın durub Ziba xalanı bir də çağırdım. Bir şey alınmadı; indi qarının sədasını daha yaxından eşidib həyəcanlanırdım. Bayaqkı sızıldamağını lap köhnə, amma sonralar da heç cür yadıma sala bilmədiyim uzun bir nəğmənin başlanğıcına bənzətdim. Elə bil boğazını kökləyirdi, ya da nəğmənin başlanğıcını burnunda nizamlayır və hər dəfə mahnını oxumaqdan qəsdən vaz keçirdi. Hənirti-fısqırtısıynan bərabər, sinəsinin ritmnən iç alıb-verdiyini eşidirdim.

Qapıya söykəndim, ağzımı çərçivənin həngamələri saxladığı yerinə dirəyib bir az bərkdən çağırdım. Qapını taqqıldadıb yerə sindim. Susqu çökdü. Qulağımın birini küləyin səsindən qurtulmaqçün barmağımnan tıxayıb, o birisini qapı taxtasına dirədim. Səs gəlmədi; nə bir şey tərpəndi, nə qarının cınqırı çıxdı. Ölü susqudan eymənməseydim, M. Rəfini köməyə çağırmazdım. Ağlıma min fikir gəldi. Bir xeyli gözlədim ki, qarının tərpəntisini eşidim. Soraq gəlmədi.

M. Rəfi hamama çatanda qapını döymədi, cəftəni qırıb içəri atıldı; mən ardınca dürtüləndə əlinin arxasıynan cüssəmi geri itələdi. Amma üzbəüz küncdəki əyrimçə stula yaymaxlanan qarını gördüm. Ağ üzlüyə bürünmüşdü, saçları, birçəkləri pırpızlıydı; M. Rəfinin kölgəsini görəndə ona baxmadı, gözlərini mənə zillədi və balasına yalmanırmış kimi yazıqca sızıldamağa başladı. M. Rəfi anasını qollarına götürdü, bərkcə qucağına sıxıb qarını yatağına apardı. Həyətin ortasında Ziba xala başını mənə tərəf qanırdı: əlləri oğlunun qol dirsəyi arasından pırtlayıb çənəsində yumaxlandı. Nəsə demək, ya da gülməkmi istədi. İrişdi, ağzı az qala qulağına çatacaqdı. Birtopa olmuş barmaqlarıynan dodaqlarını qapatmaq istədi - alınmadı.


14.

Evdən qovulmaq deməzdim köçümə. O gecədən sonra Məmmədrəfiynən bir kəlmə kəsmədik. Mənə inam və iltifatının ən fərqli tərəfini görk elədi: evi tərk etməyim barədə xahişini xanımıynan göndərdi. Gəlin utanırdı. Və gözlərindəki sevinc ərinin ona göstərdiyi gözlənilməz inamnanıydı. Mənimlə danışırdı və özünü də inandırmağa çalışırdı ki, Məmmədrəfi heç də hər kəsin düşündüyü qədər özündən çıxan parabeyin deyil; kimlərə və neyçün inanmağı yaxşı bilir, tükü-tükdən seçən bir ərdi.

Anlaşılmazlıq M. Rəfiylə mənim aramda çözülmüşdü. Mən köçməyimin səbəbini dərinə çəkseydim, M. Rəfinin başı çönəjəkdi. Buna ehtiyac da yoxuydu. Nə kin, nə küdurət: əksinə, köçümün üstündə oturub mənimlə getmək istəyən mətbəx böcəklərinə baxırdım. Gündə xoşallanırdılar. Özgə bir duyğudaydım: bu həşəratlar və rütubət qoxusu məni özününkü eləmişdi.


15.

Ziba xala həyətin ortasında oturmuşdu. Onunla halallaşıb əlini sıxdım. Yenə qolunu qaldırmaq istədi, boynumu qucmağa çalışdı, bacarmadı. Hərəkətləri şərtiydi. Yanaqları güllənməyə meylliydi: daranıb-düzənib dururdu. Yaylıqsız oturmuşdu, saç-birçəyi tumarlıydı; təzəlikdə çimdirmişdilər. Sirli qımışmağı üzünə dönürdü. Özünü toparlayıb saçlarını sığallamaq, nəsə bir dirilik göstərmək istədi.

Qucağına bir qab üzüm gətirdilər; giləni ağca barmaqlarının arasına alıb qabaq dişlərinə salır, çərdəklərini xırtıldadıb əzir və hamısını bir yerdə udurdu. Başı üzüm yeməyə qarışdı, göz qapaqları meyvənin üstündəydi. Qəddi qucağına sıxdığı qabın içinə bükülürdü. Bircə dənə də çərdək yerə atmırdı. Deyirdin bütün salxımları beləcə yeyib sona yetəcək və yenə doymayacaqdı. Üzü təbəssümlü, duyğuları yerindəydi. Gün işığında tumarlı saç-birçəyi parıldamağında, canı da xumarlanmağındaydı...

avqust, 1990-1995
XS
SM
MD
LG