Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 02:26

Yusif Səmədoğlu. İncə dərəsində yaz çağı (İlk dəfə elektron formatda)


-

Sayalı arvad həm qorxmuşdu - zarafat deyil, ölü diriltməyin özü elə əslinə baxsan bir növ şeytan əməlidir, Allaha o qədər də xoş getməz belə şeylər...


Yusif Səmədoğlu


İNCƏ DƏRƏSİNDƏ YAZ ÇAĞI

Reanimasiya briqadasının rəhbəri həyətdə, kölgəlikdə oturub dəsmalı ilə tərini silirdi.

Kişi bərk tərləmişdi, elə bil hamamdan çıxmışdı: həm pörtmüşdü, həm təngnəfəs olmuşdu. «Gör nələr çəkirlər, fağırlar. Balaca işdimi, ölü dirildəsən?»

Sayalı arvad həyətin xəlvət yerində, taxta köşkə oxşayan tikilinin yanında dayanıb, kölgəlikdə stul üstə oturmuş kök həkimin dəsmal ilə üzünü yellədiyinə tamaşa edirdi, özü də açıq-aşkar sezilən bir təlaşla: çünki doğrudan balaca şey deyildi, kənd feldşeri Sayalı arvada demişdi ki, Salahovun maşında dərəyə aşmış baldızını «diriltməyə» gələn bu eynəkli, sifəti sac boyda, buxağı xəmirsayağı ikiqat sallanıb qıpqırmızı qızarmış kişi Bakıda bütün ölü dirildənlərin ən böyüyü idi.

Gör Allah nələr eləyir, sən canın! Salahov kimdi, onu bu kənddə, o biri kənddə, rayondan tutmuş Bakıya qədər tanımayan yoxdu.

Heç balaca adam deyil. Amma baldızı nə təhər olub, gədənin birinin maşınına oturub, bulaq üstə yemək-içməyə getdikləri yerdə aşıb düşüblər o zəhrimar dərənin dibinə - bunu kənddə küncdə-bucaqda pıçıldaşa-pıçıldaşa danışırdılar, çünki Salahovun baldızıdır necə olsa - kimnən gedirmiş, o gədənin maşınına niyə oturubmuş - belə xəbərləri zurna çalıb aləmə yaymaq olmazdı. Allah özün saxla! Feldşerin başı batsın.

Nə mal-qaraya yarayır, nə camaata. Nə yaxşı ağıllarına gəlib Bakıya zəng vurublar, bu kişini göndəriblər bura, yoxsa yazıq qız səhərə sağ çıxmazdı. Allah özü köməyi olsun onların, elə hamısının, Salahovun, onun baldızının, Bakıdan gələn həkimin, hamısının.

Sayalı arvad səhər ala-toranda əlində aftafa həyətə enəndə başı üzərində uğultu eşitmişdi, yuxarı baxanda görmüşdü ki, lap kəlləçarxda bir vertolyot uçur. Qonum-qonşudan xəbər bilmişdi bəs məsələ nə yerdədir: vertolyotnan gələn həkimlərmiş. Üstəlik feldşer də demişdi ki, uşaq-muşağa, gədə-güdəyə baxan zarafat deyil, «ölü dirildəndir». Sayalı arvad həm qorxmuşdu - zarafat deyil, ölü diriltməyin özü elə əslinə baxsan bir növ şeytan əməlidir, Allaha o qədər də xoş getməz belə şeylər, həm də sevindi, ona görə ki, Salahovun baldıpı cavanca qızdı, deyilənə görə gözəlliyinə, boy-buxununa söz ola bilməzdi! Allaha belə cavanın ölümü də xoş gedə bilməzdi: onsuz da bu dünya qurulandan bəri qara torpaq o qədər cavan ömrə qəsd eləyib ki! Bir də Sayalı arvad ona görə sevinmişdi ki, altı aydan bəri evdə böyrü üstə düşüb qalmış, bu başı batmış feldşerin ucbatından halı gündən-günə xarablaşan qoca kişisinin dərdinə bir əlac eləyən olsa ancaq Bakıdan gələn həkimlər olar. Tələm-tələsik əl-üzünü yuyub düz kəndin feldşerxanasına yollanmışdı ki, Bakıdan gələn həkimlərdən bəlkə iynədən-zaddan ala bilər.

Feldşer də bayaqdan həyətin ortasında dayanıb kök həkimə baxırdı. Sayalı arvad görürdü ki, feldşer həkimin bircə himinə bənddi, o öl desə öləcək, qal desə qalacaq. Sayalı arvad nə həkimə yanaşmağa cürət edirdi, nə başı batmış feldşeri çağırmağa.

Feldşer yenə ağ şalvarını geymişdi, yenə əynində zolaqlı yun köynək vardı. Şəhərdən bir adam gəldimi, raykomun, ispalkomun bir qonağı oldumu - feldşer əhd eləyibmiş kimi, həmişə ağ şalvar geyərdi, qoluna da nəlbəki boyda bir saat taxardı, dayanardı o adamların qulluğunda, gözləyərdi kim ona buyruq buyuracaq. Amma Sayalı arvadın kişisinə bir əlac tapammır. Camaata həbin birin bir manata satır, di gəl ki, heç əlinin yüngüllüyü yoxdur. Heç olmasa indi bəri baxaydı, Sayalı arvadı görəydi!.. Feldşer elə bil Sayalı arvadın ürəyindən keçənləri eşitdi, sola döndü, taxtaları çürüyüb dəlmə-deşik olmuş tikilinin yanında dayanmış Sayalı arvadı görəndə əvvəlcə bir qaşını dartdı, sonra yavaşca başını buladı: bu o demək idi ki, ay arvad, buralarda nə gəzirsən? Sayalı arvad him-cim elədi, qaşını-gözünü oynatdı, həkimə baxıb, onun yenə üzü feldşerxanaya sarı oturduğunu gördü, əlini uzadıb feldşeri yanına çağırdı, hədə yavaşca: «A başı batmış, bəri gəlsən!» - dedi.

Feldşer də əvvəlcə həkimə baxdı, sonra qəddini düzəldib Sayalı arvada sarı yönəldi.

- Noldu, ə, diriltdimi? - Sayalı arvad soruşdu.

- Eləmi! - Feldşer bunu elə dedi, elə bil Salahovun baldızı doğrudan ölmüşdü və onu şəxsən özü diriltmişdi.

- Allah, sənə çox şükür!.. Başına dönüm, a Mahmıd, dərdin alım sənin, ona de bizə bir hökumət iynəsi versin. Bəlkə artıq qalmış ola.

Feldşerin gözləri bərəldi.

- Nə iynə, ay arvad?

- Bizim kişiyə vuraq, başına dönüm sənin.

- Aaaz, kiri! - Feldşer elə pıçıldadı, elə bil ağzında qumbara partladı.

- Ağrın mənə gəlsin, ay Mahmıd, havayı ha istəmirik, ayından-oyundan nə lazımdı hörmət eləyirik. Sən bircəciyini ondan al, qalanınnan işin olmasın. - Sayalı arvad feldşerin üzünə elə yazıq-yazıq baxdı ki, kişi başını aşağı salmağa məcbur oldu.

- Vallah, ağbirçək arvadsan, əmbə heç danışdığını bilmirsən.

Beləcə dayanıb yəqin çox höcətləşəcəkdilər, amma ayılıb gördülər ki, həkim onların yanındadı. Haçan yerindən durmuşdu, haçan onlara yaxınlaşmışdı xəbərləri olmamışdı.

Eynəyi altdan diqqətlə onlara baxıb gülümsünürdü. Feldşer dərhal geri çəkildi, əlini cibindən çıxartdı. Sayalı arvad tələsik şalını düzəltdi, feldşerin kirpiklərini qırpa-qırpa mağmın-mağmın bir kənarda dayanıb susduğunu görəndə, özü başladı:

- Xoş gəlmisən, a bala, - deyə həkimə müraciət elədi. - Allah bizim ömrümüzdən kəsib sənin ömrünə calasın. Nə yaxşı özünü yetirdin deyirəm.

- Ana, olmuya qohumusan qızın?

- Yox, qadan alım, qohum deyəndə ki... elə kənd yerində hamının bir-birinə qohumluğu çatır. Bir də, elə bizim hamımızın canı yoldaş Salahova qurban olsun.
Həkim başını tərpətdi, sonra soruşdu:

- Bəs xeyir ola?

- Ağrın ürəyimə, bizim kişi keçən Novruzdan bəri azara düşüb. Sağ olsun Mahmıdı, əlindən gələni eləyir, amma bir çarə qılammır.

Həkim feldşerə baxdı:

- Nədi xəstəliyi?

- Blastoma... (xərçəng xəstəliyinin bir növü) qara ciyərində. - Feldşer özünü dartdı.

- Neçə yaşı var?

- Yetmişi ötüb, ağrın ürəyimə. Amma bu azarı olmasaydı polad kimiydi. - Sayalı arvad cavab verdi. - Yaman ağrıları olur. Səhərəcən yatammır. Başına dönüm, ay doxtur, o gətirdiyin iynələrdən bircəciyini ver, vuraq bizim kişiyə, savabdı. Elə o da hökumət adamıdı, ömrünü dağda-daşda keçirib, kolxoz qurub, bandit tutub.

- Morfiy vurursuz? - Həkim feldşerdən soruşdu.

- Yazmaqdan, tələb eləməkdən yorulmuşam. Heç şey vermirlər bizə.

- Get mənim adımdan bizim qızlara de, bir-iki ampul götür. - Sonra Sayalı arvada sarı döndü. - İynə vurarlar, ağrıları yatar. Narahat olma, ana, hər şey düzələr.

Dedi və sağollaşmadan dönüb getdi. Sayalı arvadın elə bil dili ağzında qurumuşdu, haçandan-haçana özünə gəlib, əlini sinəsinə vurdu.

- Allah məni öldürsün, kişiyə heç sağ ol da demədim. - Gözləri yaşardı. - Başına dönüm, a Mahmıd, bə indi neyləyək?

- Heç şey! Sən get evə, mən də iynələri götürüb gəlirəm.

Sayalı arvad gəldiyi yolu necə geri qayıtdı, necə kəndin içindən keçib şoseyə çıxdı, səmtini kəsə salıb, necə evə gəlib çıxdı, xəbəri olmadı. Havalıydımı, sevincəkdimi - özü də bilmirdi. Qaloşlu ayaqlarında qəribə bir yüngüllük vardı, daşı-kəsəyi də vecinə almırdı, elə gedirdi. Yolda, cığırda ona rast gələnlər Sayalı arvada təəccüblə, heyrətlə baxdılar, çiyinlərini çəkdilər, amma bir şey anlamadılar. Hardan biləydilər ki, arvadın qəlbinə dolmuş ümiddir onu belə dəyişdirib tanınmaz edən, qırışmış çöhrəsinə bütün dünyanın təbəssümünü çökdürən. Bircə ürəyi yerində durmurdu, elə döyünürdü, elə döyünürdü, deyirdin indicə ağzından çıxacaq. «Allah, özün saxla, Allah, özün saxla, məni salamat evə çatdır».

Sağ-salamat evə gəlib çıxdı. Balaca pilləkənləri qalxıb, eyvanda qaloşlarını çıxardı və otağa girdi. Kişi yenə zarıyırdı. Sol böyrü üstə uzanıb, qolunu çarpayıdan sallamışdı. Sayalı arvad kişisinin fərə boğazı kimi nazik biləyini görəndə lap kövrəldi, çarpayının yanında çömbəldi.

- Çərkəz, ay Çərkəz!

- Kar ha döyüləm, az, niyə bağırırsan? - Ərinin ötkəm, qalın səsini eşidəndə sevindi: kişinin bircə səsi dəyişməmişdi.

- Ayə, Bakıdan gələn doxturnan danışdım, dedi sağaldacaq səni. O başı batmış Mahmıda iynə verdi, Salahovun baldızına vurduğundan. İndicə gələcək Mahmıd. Doxtur dedi iynəni vuran kimi kişin duracaq.

- Tanıdımı məni?

- Tanıdı da sözdümü? Adını çəkən kimi dedi incəli Çərkəzi tanımayan varmı? - Dedi indiyəcən Bakıda bilməyiblər yəqin, yoxsa çoxdan göndərərdilər məni bura... Ayə, ölü dirildirlər, sənin azarın nədi ki!..

Çərkəz daha heç nə soruşmadı. Sayalı arvad son vaxtlar, son vaxtqəfil susub danışmadığına adət eləmişdi. Kişi elə bil ağrıları ona güc gələndə bilə-bilə ordan-burdan danışırdı ki, bəlkə ağrını azdıra. O susanda, huşa gedib yarıyuxulu-yarıayıq olanda Sayalı arvad bardaş qurub çarpayının yanında palaz üstə otururdu, ərinin əlini övkələyirdi. Beləcə, saatlarla oturub, ərinin hənirtisini dinləyə-dinləyə olub keçənlərdən, uzaqlardan, yaxınlardan məzəli, qüssəli əhvalatları yadına salırdı. Öz-özünə gülürdü, hərdən danışırdı, amma bircə şeyi heç cür başa düşə bilmirdi ki, zəhrimar azar niyə bütün dünyanı dolanıb gəlib onun kişisini tutub və bu nə azardır ki, Çərkəz rayon xəstəxanasından qayıdandan sonra feldşer əlini yelləyib Sayalı arvada demişdi: «Az, bu, Allahın zülmüdü!» Allahın zülmü elə bizəmi qalmışdı, a bala, a başı batmış! Kimə nə pislik eləmişik, kimin çörəyini əlindən almışıq ki, Allah bir belə məxluqun içində elə gərək Çərkəzi görəydi? Bə niyə keçmiş ispalkom, Allah onu o dünyalıq eləsin, xalqa bir belə zülm elədi, dünyanın min-min oyununu camaatın başına gətirdi, amma Allah ona zülm eləmədi?.. Feldşer bir əməlli feldşerdimi bu suallara cavab verəydi? İt yarasını qoturdan ayırammayandan nə umursan, ay rəhmətliyin qızı?.. Amma hərdən hardansa başqa bir səs ona deyirdi ki, ay Sayalı, bu dünyanı çox çək-çevirə salma, elə Allahın zülmüdür ki, var! Səninki də buracanmış. Çünki Sayalı arvad bircə şeyi lap apaydın bilirdi ki, Çərkəzdən sonra onu qara torpaq aparacaq: bu dünyada Sayalı arvadın bircə udumluq havası qalmışdı, o da kişisi idi.

Feldşer Mahmud gəldi. İçəri girən kimi yan-yörəsinə baxıb ucadan dedi:

- Aaaz, otaq niyə belə qaranlıqdı?

Sayalı arvadın yerinə mürgüdən ayılmış Çərkəz cavab verdi:

- İşıq olanda ağrılarım çoxalır, dərdin alım. Pəncərəyə pərdə çəkmişik.

- Ayə, nə ağrı, a kişi! Sənə bir iynə gətirmişəm ki, vuran kimi olacaqsan on yeddi yaşında oğlan uşağı. Hələ qorxuram gedib Sayalının üstünə günü gətirəsən.

- Sən, başına dönüm, onu sağalt, mən hər şeyə razı, - dedi.

Mahmud əlindəki balaca çantanı otağın təkcə pəncərəsi önündəki stolun üstünə qoydu, əllərini bir-birinə sürtdü, santanı açdı. Dördkünc dəmir qutudan bir dənə ampul götürüb pəncərənin yuxarı hissəsindən gələn işığa tutdu.

- Sən öl, ə, heç beləsini görməmişdim!

Sayalı arvad da yaxına gəldi, gözlərini qıyıb şüşəyə baxdı.

- A Mahmud, - deyə pıçıltı ilə soruşdu, - Salahovun baldızına vurulandandımı?

- Bə nədi!

Çərkəz söhbətə qarışdı.

- Mahmud, sən babanın goru, deyir qız lap yarımcanmış, dirildiblər, onu, hay?
Mahmud geri döndü.

- Bə nədi, ayə! Başı bir tərəfdəydi, leşi bir tərəfdə yudu, dərmanladı, tikdi yerinə.
Sayalı təlaşla soruşdu:

- Bə iynə?

- Əvvəl iynə vurdu, iynəsiz olarmı?

Sayalı əllərini yuxarı qaldırdı.

- Şükür verən gününə, ya Rəbbim!

Çərkəzin kefi lap durulmuşdu, elə bil Mahmud gələn dəqiqədən ağrıları yoxa çıxdı. Keçdi zarafata:

- Mahmud, salahlı Sadıxın inəyinə vurduğun iynədən olar birdən, məni də halvalıq eləyər ha!

Mahmud güldü.

- Ayə, vallah, Qaçayın oğlunun toyundan sonra başım çattamaya düşmüşdü. Nə bilim hansı iynəni götürüb vurdum Allahın dilsiz-ağızsız heyvanına!

- Sadıx düz bir ay, sən öl , sənin sür-sümüyünü yuyub şeytanın çənəsinə verdi... Ayə, deyir əvvəl gələndə istəmisən iynəni Sadıxın özünə vurasan, bu mən ölüm, düzdümü?

- Nə bilim, a kişi, səhər uşaq gəldi ki, tez özünü yetir Sadıxgilə. Heç əməlli başa düşəmmədim naxoş kimdi, Sadıxdı, ya inəyi?.. Nə yaxşı kişiyə vurmamışam.

- Öldürərdimi?

- Pah!.. Canın da alardı!

Çərkəz güldü, xırıltılı gülüşü elə bil sinəsində qaynadı.

- Məzən olsun, a Mahmıd!

Mahmud Sayalı arvada sarı döndü:

- Ləyəni gətir, əllərimi yuyum.

Çərkəz yaxşı eşitmədi.

- Nə dedi, az?

- Heç şey, əllərini yumaq istəyir.

Çıxıb, tez ləyən gətirdi. Mahmudun əlinə su tökdü, Mahmud da əllərini yaxşıca sabunladı, bircə-bircə barmaqlarını yudu, Sayalı arvadın verdiyi təzə mələfə ilə qurulanıb ehmalca ampulu sındırdı, əvvəlcədən qaynadıb hazırladığı iynəni doldurdu.

- Ya Allah! - deyib çarpayıya yanaşdı. Sayalı arvad özünü qabağa salıb ərinin köynəyinin qolunu qaldırdı. Çərkəz dedi:

- Az bəlkə ora vurmayacaq?

Sayalı arvad Mahmudun üzünə baxdı. Mahmud başını tərpətdi.

- Qoluna vuracam, Çərkəz kişi. Bu iynəni yumşaq yerə vurmaq olmaz.

Sayalı arvad da feldşerin sözünə qüvvət verdi:

- Salahovun baldızına vurduqları iynədi, qoluna vurmayıb bə harana vuracaq?

- Hə mən ölüm! - deyə Çərkəz sevincək dilləndi.

Bircə feldşer Mahmud ah çəkdi, başını buladı. Çünki feldşer Mahmud Çərkəz kişidən də, Sayalı arvaddan da yaxşı bilirdi ki, dünyanın bütün iynələrini, dava-dərmanını bir yerə yığsan da, Allahın zülmü olan bu azara kömək eləməz.

İynəni vurduqdan sonra Mahmud saatına baxdı. Qayıdıb yavaş-yavaş, xüsusi səliqə-sahmanla iynəni qutunun içinə, qutunu da çantasına qoydu, bağladı. Hiss olunurdu ki, nə üçünsə vaxtı uzadır. Birdən Sayalı arvadın heyrət dolu səsini eşitdi:

- A Mahmud, kişi ağlayır!

Mahmud hövlnak dönüb özünü xəstənin üstünə saldı. Çərkəz dedi:

- Söyündüyümdən ağlayıram, a bala, a Mahmud. Deyən doğrudan ağrı canımdan çıxır.
Mahmud yenə saatına baxdı, heç beş dəqiqə keçməmişdi.

- Hələ bu harasıdı, - dedi, axşam gəlib birin də vurajam. Gecəni qəşəng yatacaqsan səhərə kimi.

Mahmud gedəndən sonra Çərkəz arvadından soruşdu:

- Az, deyən Mahmud qanıqara getdi?

Sayalı arvad:

- Yorğundu yəqin, - dedi. - Zarafatdımı, səhərdən o doxturnan ayaq üstədi... Çərkəz, dərdin alım, ağrın yatdımı?

- Gözümə işıq gəldi, ay arvad... Eşikdə qarmı yağır?

Sayalı arvad əlini əlinə vurdu.

- Bıy, ədə, başıma xeyir. İlin bu vədəsində qar nə gəzir, a kişi? İncə dərəsinə yaz gəlib, dərdin alım sənin, yaz... - Yaxına gəlib qalın yorğanı hamarladı, kişisinin böyrünü-başını basdırdı.

- Arvad, bir çay içərdim.

- Şirin eləyimmi? - Sayalı arvad ərinin arıq sifətinə ümidlə baxdı: neçə aydı şirni deyilən şeyi Çərkəz yaxın qoymurdu.

- Hə.

- Şükür!

Sayalı arvad otaqdan çıxmağa hazırlaşırdı ki, gedib çay qoysun, Çərkəz onu saxladı.

- A Sayalı, deyirəm o iynələrdən beş-onunu götürəydin gərək.

- Nə bilim, dedim çox istəsəm doxturun acığı tutar.

- Havayı verdimi, az?

- Bə nədi! - Sayalı arvadın ürəyi sancdı: başa düşdü ki, nəyisə düz eləməyib, şəhərdən gələn o eynəkli həkimlə gərək başqa cür danışaydı, belə iynələr yəqin indi şah əlinə də düşmür. Başın batsın, a Sayalı!

- Az, orda nə qədər pulumuz qalıb?

- Yetmiş manat.

- İyirmisini saxla. Əllisini götür, apar o həkimə. Ya əvvəl Mahmıdnan danış... yox, elə apar ver həkimin özünə. Deyirsən tanıdı dana məni? - Çərkəz düz arvadının gözlərinin içinə baxdı. Sayalı arvad bu baxışlara dözəmmədi, başını aşağı salıb, əri duyuq düşməsin deyə tələsik dilləndi:

- Bəs necə, a kişi! Dedi, elə Bakıda kimi dindirirsən incəli Çərkəzdən danışır... Məndən çoxlu salam söylə, dedi.

- Di durma onda!

Sayalı arvad stolun altındakı köhnə çamadanı açdı, içindəki mələfələrin, döşəkağılarının arasından pulları çıxardı, sayıb əlli manat götürdü: üç onluq, dörd də beşlik. Sonra dedi:

- Qoy əvvəl çay eləyim.

- Yox, yubanma, çayı qayıdanda qoyarsan.

Sayalı arvad ərinin səsinə bir də qapının astanasından döndü.

- A Sayalı!

- Hay?

- Səni çox əziyyətə salıram, halal elə mənə.

Sayalı arvad heç nə demədi, bərk-bərk boğazından yapışıb yuxarı qalxan hıçqırığını boğdu.

...Sayalı arvad bu dəfə də yolunu kəsə saldı, kəndin içindən keçib çəmənliyə çıxdı, haçansa Qara dağdan uçub tökülmüş sal daşların arasındakı cığırı tapdı - buradan şose yolunun qırağındakı feldşerxanaya lap azca qalırdı. Elə bu vaxt başı üzərində səhərki uğultunu eşitdi. Başını yuxarı qaldırıb seyrək buludlardan aşağıda uçan səhərki vertolyotu gördü. Əgər Qara dağ yerindən qopub Sayalı arvadın üstünə gəlsəydi belə qorxmazdı: içi-içalatı, sümükləri birdən don tutub, onu qara qızdırmalılar kimi titrətməyə saldı. Əlini qoynuna salıb pulları çıxartdı. Vertolyotun yönəldiyi səmtə sarı qaçmağa başladı. Sayalı arvadın müsibətli səsi vertolyotun uğultusuna qarışdı:

- Əylə, başına dönüm, əylə, ay doxtur! İncəli Çərkəz ölüm ayağındadı. Başına dönüm, ay doxtur. O da hökumət adamıdı, kolxoz qurub, bandit tutub! Əylə!..

Sayalı arvad çox qaçdı, amma vertolyota çata bilmədi. Üzüqoylu çəmənliyə yıxıldı. Xeyli keçəndən sonra cırcıramaların səsi aydın eşidilməyə başlayanda bildi ki, vertolyot çoxdan uçub gedib. Birtəhər qalxıb oturdu, dizlərini qucaqlayıb, başını da dizləri üstə qoydu. Bilmədi neyləsin, durub evəmi qayıtsın, ya feldşerxanaya gedib Mahmudu tapsın.
XS
SM
MD
LG