Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:00

Yusif Səmədoğlu. Beşik


-

Aqil instituta guya lüt arvad şəkilləri gətirib qızlara göstərirmiş. Bayağı zarafatlar eləyirmiş. Həmin iclasdan Aqil onunla düşüb. Yoldaşlarına deyirmiş ki, görün ona nə toy tutacağam...


Yusif Səmədoğlu


BEŞİK

O, evə qayıdanda arvadı hələ yatmamışdı.

Dama-dama, yaşıl süfrəli stolun üstündə bir termos və içində səliqə ilə kəsilmiş iki yaxma olan qırmızı haşiyəli boşqab vardı.

Arvadı stola dirsəklənib, nazik qaşları altından, geniş açılmış gözlərini ona zilləmişdi.

- Danışdın? - deyə o, termosu özünə tərəf çəkərək qapağını burdu, ancaq stola baxıb gördü ki, stəkan yoxdur.

Mətbəxə gedib stəkan gətirdi. Kişi çayı nəlbəkiyə tökdü. İsti buğ şaxtadan bərkiyib daşa dönmüş qalanı dodaqlarının donunu açdı. Çayın qurtumu mədənsinə axan kimi bədəni yavaş-yavaş isindi. O, yaxmalardan birini götürüb dişlədi.

- Yaxşı pendirdir, hardan almısan?

- Aşağıdakı mağazadan. - Arvad nədənsə başını sinəsinə əydi.

- Danışdın, ya yox?

- Hə, danışdım… Çaydan birini də tök.

Arvad stəkanı ərinin qabağına qoyanda əri onun ət, soğan doğramaqdan, paltar yumaqdan, tikiş tikməkdən şişmiş, ucları qaralmış, dırnaqları çatlamış barmaqlarını gördü; arvadının iyirmi il bundaq qabaqkı barmaqlarını xatırladı, ağ zərif barmaqları. İlk dəfə onun çeçələ barmağından öpdüyü gün yadına düşdü. İyirmi il bundan qabaq…

Nədənsə kədərləndi, özünü narahat hiss etdi. Başını qaldırıb, tavanın ortasında sallanan qırmızı abajurlu lampaya sataşdı. Gözləri abajurun divara düşmüş iri, qara kölgəsinə sataşıd. Ona elə gəldi ki, kölgə divarın üstünə sürüşür, gah kiçilir, gah da şişirdi. Arvadı yenə soruşdu:

- Nə deyir?

- Nə deyəcək, əvvəlki sözünü. Deyir üç ildən beş ilə kimi işi var. Arvadın nazik qaşları düyümlənib açıldı, burun pərələri titrədi. Daha danışmadı.

Xeyli keçdi.

- Bəs neyləyəcək? - Arvad yumşaq və kövrək səslə sükutu pozdu . - Neyləyəcəyik, iş-işdən keçib.

Kişinin alnı qırış-qırış oldu. Süfrənin üstündəki çörək qırınqtılarını şəhadət barmağı altında əzməyə başladı. Sonra stola dirsəklənib başını əlləri arasına aldı, gicgahlarını övkələdi və qarışıq ahəngli bir səslə dedi:

- Prokurornan çox danışdım, bir şey çıxmadı. Gedib-gəlməkdən də üzümün suyu tökülüb. Kimə ağız açıram, elə prokurorun dediyini deyir. Vallah, heç bilmirəm başıma nə çarə qılım. Zalım uşaqlarında elə bil ürək-zad yoxdur.

Arvad gözlərini aşağı saldı, uzun kipriklərini kölgəsi gözlərinin altına düşdü, sanki sifətinə iki bərabər qara xətt çəkildi.

- Deyirsən Aqili buraxmazlar?

- Bütün institut ayağa qalxıb. Aqili buraxsalar, bizi Bakıdan köçürərlər. - Kişi yenə gicgahlarını övkələdi, dərindən köksünü ötürdü.

- Adamınkı gətirməyəndə gətirmir…

Susdular. Kişi yerindən qalxıb pəncərəyə yanaşdı. Gözlərini eşik tərəfdən pəncərinin taxtalarına yatmış nazik qar layından ayırmayaraq, geri çevrilmədən dilləndi:

- İnstitutdan hər gün prokurorluğa axışıb gəlirlər. Aqilin işiylə maraqlanırlar. Hərə istəyirlər ki, məhkəməni institutda keçirsinlər.

- Ciyərləri yansın! - deyə arvad söyləndi.

-Kimin ciyəri yansın?

-İnstitutdakıları deyirəm.

Kişi geri çevrildi.

- Onlarda günah yoxdur! Günah sənin oğlundadır?

- Yenə başladın?

Kişi başını aşağı saldı.

Yenə susdular. Nədənsə hər ikisi divardana sılmış saaitın tıqqıltısını QULAQ verdi. Kişi ağır addımlarla otaqda var-gəl eləməyə başladı. Hər dəfə, küncdə qoyulmuş hündür, qəhvəyi bufetə yanaşanda döşəmə titrəyir, bufetin rəflərindəki qab-qacaq cingildəyirdi.
Kişi otağın ortasında dayanıb saata baxdı.

- Daha gecdir, gedək dincələk, - deyib yan otağa keçdi. Arvadı da işığı keçirib onun dalınca getdi.

Yataq otağı o qədər də geniş deyildi. Yanaşı qoyulmuş iki taxta çarpayıdan və enli güzgülü şkafdan başqa otaqda heç bir şey yoxdu. Çarpayılardan birinin baş tərəfində divara vurulmuş mavi abarjulu balaca bir lampa yanırdı. Otaqda hər şey zəif işıq tülünə bürünmüşdü. Kişi də, arvad da uzanmışdı. Hər ikisi ağır-ağır nəfəs alırdı. Bir azdan arvad soruşdu:

- İşığı keçirimmi?

- Yox, lazım deyil. - Kişi başını azca yana çevirib arvadına baxdı.

- Yuxun gəlirsə keçir.

- Yuxum?.. İki aydır yuxuya həsrətəm. - O, qalın, miləmil yorğanın altında qollarını sinəsində çarpazladı, səsini alçaldıb yanıqlı-yanıqlı pıçıldadı.

- Qapım elə bağlanıb ki, bilmirəm açara kimə gedim.

-Eybi yoxdur, arvad. Yaman günün ömrü az olar.

Arvad gözlərini yumub fikrə getdi. Sonra dodaqları büzüşdü, iniltiyə bənzər bir səs gəldi:

- Eh, ay kişi! Balam əlimdən gedir. Buna yaman gün deməzlər, evim yıxılır… Gecəm, gündüzüm yoxdur. Hara baxıram, uşaq gəlib durur gözümün qabağında. Gecələr qulağıma cürbəcür səslər gəlir. Pis-pis yuxular görürəm. O gecə görürəm, Aqil qızdırmanın içində yanır, qışqırır, ay ana, ay ana. İstəyirəm yaxına gedəm, yerimdən tərpənə bilmirəm. Dəli kimi yuxudan oyanmışam… Eh, Allah bu günü heç düşmənimə də göstərməsin!

Kişi yorğanın üstündən arvadının əlini sıxdı. Arvad daha danışmadı, içini çəkdi. Kişi isə düşünməyə, son iki ayda baş vermiş əhvalatları özlüyündə saf-çürük eləməyə başladı. Lakin bir çox hadisələri nədənsə xatırlaya bilmədi. Oğlunun cinayəti, tutulması, ona keçmişlərdə oxuduğu kitablar kimi dumanlı göründü. O, yalnız faktları, dəlilləri yadına sala bildi. Bu gün prokurorun ona dediyi sözlər qulaqlarını deşdi: «Oğlunuzun günahı böyükdür. Müstəntiq bir neçə dəfə onu sorğu-suala tutub, oğlunuz da hər şeyi boynuna alıb». Bu sözləri eşidəndə kişi dəli kimi olub soruşmuşdu: «Demək mənim oğlumu həbsxanadan qurtarmaq qeyri-mümkündür?» Prkuror çiyinlərini qısıb cavab vermişdi: «Cinayət məcəlləsinə görə oğlunuzun iç ildən beş ilə kimi işi var».

O, prokurorluqdan çıxanda qar yağırdı. Ətrafda hər şey - küçələrdən, çılpaq ağacların quru budaqlarından, seyrək dumana çulğanmış binalaran damlarından və pənəcərələrindən tutmuş, ağır gövdəsini güclə sürüyən trolleybuslara qədər, hər şey qarla örtülmüşdü. Arabir əsən soyuq küləyin havada yaxalayıb yenə enməyə qoymadığı xırda qar dənələri səkilər boyu yan-yana düzülmüş uca fənərlərin başına dolanırdı; uzaqdan baxanda adama elə gəlirdi ki, şəhərə saysız-hesabsız ağqanadlı pərvanələr uçub dolmuşdur. Çoxunun arxa təkərlərinə qalın zəngir bağlanmış maşınlar yaıva-yavaş sürüşə-sürüşə, kilsə zənginin uzaqlardan gələn batqın səsini andıran bir cingilti ilə hərəkət edirdi.

Küçələrdə adam çoxdu. Bakıda möcüzə təsiri bağışlayan b uqara baxmaq, şaxtalı havada gəzişmək üçün şəhərə çıxmışdılar. Qocaların dediyinə görə, Bakı çoxdandı ki, belə qış görməmişdi.

Kişi ayaqlarının altına baxa-baxa adımmlayır, nədənsə evə getməyə tələsmirdi. Küçələrdə bir-iki saat doldandıqdan sonra, hətta dənizkənarı bulvara da getdi, sümüklərinə işləyən sazağa fikir vermədən, Xəzərin dəhşətli uğultusuna qulaq asdı.
Evə qayıdanda yolu Nizami muzeyinin yanından düşdü. Tində, muzey insanın küncünə vurulmuş üçgözlü saatın altında, qışın bu vaxtında başıaçıq gəzən bir dəstə cavan dayanmışdı. Bu cavanların yanından ötəndə o, qəribə bir şey müşahidə etdi. Cavanların hamısı iki damla su kimi onun oğlu Aqilə oxşayırdı. Hərəkətləri, zil qəhqəhələri, başqalarının başa düşə bilmədiyi bir jarqonda danışmaları ataya öz oğlunu xatırlatdı. Bir az getdikdən sonra kişi sövq-təbii ilə ayaq saxladı, geri dönüb cavanlara xeyli baxdı. Nədənsə ona elə gəldi ki, şit-şit gülüb-danışan bu cavanların hərəsinin cibində bir beşbarmaq var. Hər biri də ya bu gün, ya sabah, ya da bir aydan sonra kimisə vurub yaralayacaq, bəlkə də öldürəcək... kişi bir daha həmin cavanları xatırladı, «görəsən niyə mən onları Aqilə oxşatdım?» - deyə öz-özündən sual elədi, lakin bu suala cavab verməkdən qorxdu. Arvadından soruşdu:

- Yuxun gəlmir ki?

- Yox... - Arvad gözlərini açdı. - Kişi, Aqil beşbarmağı hardan tapmış olar?

- Nə bilim! Axtaran tapar deyiblər.

- Oğlanı harasından vurub? Vəziyyəti necədir?

- Hələ ki, xəstəxanadadır.

Arvad sağ böyrü üstə dönüb üzünü ərinə çevirdi

- Bəs nəyin üstündə vurub? Soruşmadın?

Kişi gözlərini qaranlıq tavana zilləyib nə haqdasa uzun-uzadı fikirləşdi.

- Prokurorun dediyindən elə çıxır ki, guya boş bir şeyin üstündə vuruşublar. İnstitutlarında iclas olub, oğlan Aqilə sataşıb. Aqil instituta guya lüt arvad şəkilləri gətirib qızlara göstərirmiş. Bayağı zarafatlar eləyirmiş. Həmin iclasdan Aqil onunla düşüb. Yoldaşlarına deyirmiş ki, görün ona nə toy tutacağam... Bir gün yenə sözləşiblər. Olan Aqilə sual verib ki, Sabiri oxumusan? Aqil deyib. - Yox. Oğlan da guya hamının yanında onu biabır eləyib, deyib sən necə azərbaycanlısan ki, Sabiri də oxumamısan. Aqil də ozündən çıxıb qışqırıb ki, Sabiri qoy sənin kimilər oxusun. Oğlan Aqili şillələyib... Aqil dərsdən çıxıb, bir yoldaşının yanına gedib. Ondan beşbarmaq alıb. Dərs qurtaranda gəlib institutun qabağına, oğlan çıxanda onu qaranlıq bir küçəyə çəkib, vurub. Vəssalam.

Arvad yenə soruşdu:

- Kişi Sabirin üstündə də adam adamı vurar?

- Nə bilim, vallah, cavanlardan nə desən çıxar. Nə bilim.

- Kişi, son vaxtlar görürdün özünü evdə necə aparırdı?

- Necə?

- Tez-tez üstümə qışqırırdı ki, qırıldıq batdıq bu müsəlmançılığın içində. Belə-belə qəribə şeylər deyirdi.

Kişinin elə bil nəfəsi qaraldı, ürəyindən qalxan küt bir ağrının bütün bədəninə yayıldığını hiss etdi.

- Küçük! - dedi. - Yox. Mənim yanımda belə qələt qarışdırmayıb.

- Səndən qorxurdu. Amma məndən bir şey gizlətmirdi. Ürəyində nə var, açıb deyirdi. Günlərin birində bir qız zəng eləmişdi. Aşiq evdə yox idi. Soruşdum ki, ay qızım, adın nədir, gələndə nə deyim? Dedi, Səfurədir. Aşiq axşam qayıdanda dedim sənə Səfurə zəng eləmişdi. Elə söhgəlişi də soruşdum ki, o qız kimdi? Dedi, qız deyil, arvaddır, iki də uşağı var. Sözün düzü hirsim beynimə vurdu. Üstünə qışqırdım ki, əliuşaqlı arvadnan sənin nə alverin! Bilirsən mənə nə cavab verdi?

- Nə?

- Dedi ki, o arvadın atıntı dırnağını vermərəm yüz Fatma, Tükəzbana, kişinin qızı mədəni arvaddır, özüyçün kef eləyir.

- Küçük!

Ata ilə ana Aqillə əlaqədar olan bütün hadisələri, söhbətləri xatırladılar. Kişi gah əsəbiləşdi, gah kədərləndi. Arvad isə hər dəfə kökçünü ötürüb ah çəkdi, ürəyində balasına dua elədi. Söhbətin sonunda kişi elə bil yuxudan ayıldı, ona bir şey çox qəribə və dəhşətli göründü: söhbət əsnasında heç biri - nə o, nə də arvadı bircə balaları Aqilin adını yaxşılığa çəkməmişdi. Bir də, söhbətinn ümumi ahəngi son dərəcə kədərli və cansıxıcı idi: əzizini basdırıb qəbiristanlıqdan qayıdan adamlar adətən belə danışırlar.

Kişi dedi:

- İşığı keçir, daha gecdir.

Arvad yerindən qalxmadan, əlini başının üstündəki lampanın ağ düyməsinə aparıb basdı. İşıq keçdi.

- Sabah yenə gedəcəksən?

- Hə.

Stolun üstündə dünən olduğu kimi yenə termos və iki buterbrod vardı. O, astanadan aralanan kimi küçə qapısının açarını yaxası və boyunluğu qarla naxışlanmış uzun paltosunun cibinə qoydu. Bir müddət dayandı. Sonra paltosunu soyunub divanın üstünə tulladı. Əllərini bir-birinə sürtərək isitməyə başladı. Arvadı soruşdu:

- Nə oldu?

Kişi bir an cavab vermədi, sonra başını bulayaraq:

- Yox, - dedi. - Səsi titrədi. - Bir şey çıxmadı.

- Niyə?

Kişi ağır addımlarla pəncərəyə yanaşıb başını sinəsinə əydi, haçandan-haçana boğuq bir səslə dilləndi:

- Prokuror bu dəfə mənimlə heç danışmaq istəmədi.

Birdən o geri döndü. Qıyılmış gözlərini arvadının üzünə zillədi.

- Prokurorluqda həmin o oğlanı mənə göstərdilər. Anasıyla gəlmişdi.

- Xəstəxanadan çıxıb?

- Hə.

- Sağalıb?

Kişinin qaşları çatıldı. Dərin qırışlar alnını kəsik-kəsik elədi. Nədənsə lap yavaşdan, pıçıltı ilə dedi:

- Bir gözü yoxdu. Anasının qoluna girmişdi. Tez-tez büdrəyirdi. Bilmirəm necə oldusa, onlara yaxınlaşdım. Küçə qapısına qədər otürdüm. Yazıq arvad özünü saxlaya bilmirdi, ağlayırdı. «Allah onları dünya işığına həsrət qoysun, qapıları bağlansın», - deyirdi, qarğış eləyirdi.

Kişi daha danışa bilmədi. Ərlə arvad xeyli bir-birinin üzünə baxdı. Sonra kişi bufetin böyründən asılmış saçaqlı dəsmalı götürüb vanna otağına tərəf yönəldi. Arvadı da onun dalınca getdi. Onlar ensiz və darısqal dəhlizdən keçəndə kişinin ayağı nəyəsə ilişdi, az qaldı yıxılsın.

- Tfu, zəhrimar! - deyə geri döndü.

Hər ikisi divara bitişik qoyulmuş, kişinin ayağına ilişdiyindən hələ də tükürpədici bir qıjıltı ilə yırğalanan köhnə uşaq beşiyinin qarşısında dayandı. Pas atmış, bir neçə yerdən nikeli qopmuş bu beşiyin içində arvad əsgi-üsgü, köhnə ayaqqabılar, tükü didilmiş yararsız şotkalar saxlayırdı. Ata ilə ana sükut içərisində xeyli vaxt beşiyə baxdı. Arvad ərinə qısıldı, ölgün bir hərəkətlə başını qaldırıb soruşdu:

- Sabah yenə gedəcəksən?

Kişi dərindən, ciyər dolusu nəfəs aldı.

- Yox. Daha heç yerə getməyəcəyəm!

Arvad ağladı.
XS
SM
MD
LG