Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 02:36

Əyyub Qiyas "Pendir" (Hekayə)


Əyyub Qiyas
Əyyub Qiyas
-

PENDİR


Pendirin qoxusu adamı qapıdan içəri keçən kimi vururdu. Mən dünyada çox pendir qoxusuyla raştlamışdım, ancaq, bu başqa şey idi…
Məsələnin nə yerdə olduğunu bilmək üçün tez tələsik bir mərtəbə yuxarıya, iş otağıma tələsdim, əmin idim ki, bu qoxunun mənbəyinin haradan sızdığını heç kəs bilməsə də mənimlə birlikdə otağın oksigen balansına şərik olan qələm dostum Vəli Cağsəs mütləq biləcək.
Otaqdan da pendir qoxusu gəlirdi və mən elə fikirləşdim ki, bu qoxu artıq, bütün redaksiyaya, iş otaqlarına, kompüterlərə, hətta əlyazmalara, oxucu məktublarına da hopub və bu qoxudan qurtulmaq üçün azından redaksiyanı köçürmək lazım olacaq. İlk olaraq pəncərələri açmalı oldum ki, heç olmazsa nəyəsə nail ola bilim, amma, qəribə idi, bayırdan gələn hava da özüylə dənizdən qalxan sərinliyi deyil, pendir qoxusunu gətirdi və hiss elədim ki, ürəyim bulanır, ödüm ağzıma gəlir.
Vəlinin otağa girməyinə az qala bayram edəcəkdim… Ən azından arzuma çatacaqdım , qoxunun nəliyi, necəliyi, nə təhərliyi barədə içimi didən sualların cavabı bu dağ cüssəli, enli kürəkli, pəhləvan qamətli qələm dostumun cavablarından asılı idi və mən cavabsız suallardan xoşlanmayan birisi kimi ən böyük və əvəzsiz rahatlığımı Vəlinin cavabında görürdüm.
-Bu nədir ,ə?
O boyda adam bu qoxunun yenilməz gücü qarşısında ilk andan acizlik göstərərək burnunu tutub pəncərəyə yaxınlaşdı, toksikoloji zəhərlənmədən əziyyət çəkən adamlar kimi, ağır-ağır nəfəs aldı, ağzını açıb bayırdan gələn pendir qoxulu havadan içinə çəkdi və handan – hana göyərmiş vücuduna qan rəngi qatıldı və onun üzərindəki sönmüş həyat əlamətləri özünə qayıtdı. Mən başımı aşağı salıb növbəti nömrə üçün mənə verilən şeirlərə baxırdım ki, Vəli Cağsəs qardaşım pəncərədən aralanıb mənimlə üzbəüzdə yerləşdirilmiş masasının arxasına keçdi və gözündəki eynəyi çıxarıb silə-silə danışdı:
-Necə oturursan sən burda? Mən elə fikirləşdim ki, bu dəqiqə ödüm partlayayaq…Belə də iy olar?
Mən başımı qaldırmadan solruşdum:
-Sən bilən bu pendir qoxusu haradan gəlir ?
Vəli eynəyini gözünə keçirib pıçıltı ilə dedi:
-Mən bilirəm haradan gəlir.
Mən bu sözü , bu cavabı gözləyirdim. Sevincimdən az qala otağın içində oynayacaqdım. Bu anlarda beynimdə yalnız bir duyğu var idi, Vəli məni qoxunun mənbəyi ilə bağlı təlimatlandıracaq və mən də həmişə olduğu kimi öz missiyamı yerinə yetirib o qoxunu mənbəyindəcə məhv edəcəyəm.
-Pendiri mamam oğlu gətirib, rayondan… Arabir şeirdən-zaddan yazır, mən də keçən həftə rayonda toyda olanda içgili-içgili ona dedim ki, şeirlərini gətir çap eləyək, anacaq, əlibaoş gəlmə də , dedim, kənddən gələcəksən, pendirdən, qaymaqdan gör nə eləyə bilərsən… Gözünə döndüym mama oğlu da bu gün səhər tezdən iki balon pendirnən düşüb nəşriyyatın canına .
Mən nə üçünsə Vəli qardaşımın maması oğluna birdən-birə hörmət eləməli oldum. Ona qarşı içimdə olan butun pis fikirlər bircə anın içərisində əriyib itdi, iki balon pendirlə bu yekəlikdə nəşriyyatı zəbt edə bilən bir adama hörmətsiz yanaşmaq düz olmazdı. Ən əsası isə o adam, bu pendiri bizim redaksiyaya, bizim otağa da gətirə bilərdi və biz iflic halına düşüb iş görmək qabiliyyətimizi itirərdik.
- Mamaoğlunu görəndə mənim adımdan ona çox sağollarımı çatdırmağı unutma.
-Niyə?- Vəli, gözlərini döyə-döyə xəbər aldı.
- Ona görə ki, o buna layiqdir. Qoxu bir nöqtədən sızsaydı , yəni o bir nöqtə bizim iş otağımız da ola bilərdi, onda bu boyda nəşriyyatda bizim haqqımızda nə fikirləşərdilər? Amma, bu qoxu bizim otağımızdan başqa hər yerdən gəlir və biz başqaları haqqında istədiyimizi fikirləşə bilirik.
Vəli nədənsə qorxurmuş kimi cəld qalxıb qapını arxadan bağladı, sonra da kürəyini qapıya söykəyib ağır-ağır nəfəs aldı.
-O bura da gələcək.
Vəlinin qətiyyətlə dediyi sözü eşidən kimi mən də qalxıb kürəyimi qapıya söykədim və Vəlinin eynəkli gözləri ilə mənə boylanan baxışlarındakı ümidsizliyi dəf eləmək üçün ona yardımçı olmaq istədim.
-Qapını açmayacağıq.
-O gələcək.
-Qoymayacağıq.
-O gəçləcək.
-Buraxmayacağıq.
Qapı asta-asta döyüləndə bir-birimizə qısılıb səsimizi içimizə çəkdik. Nəfəs belə almağa qorxurduq ki, kimsə bizim içəridə olmağımızdan duyuq düşməsin. Qapı isə inadla döyülürdü və qəfilədn qapının o tayından eşidilən səs hər ikimizi çaşdırdı. Səs baş redaktorumuzun səsiydi , amma, elə bil ki, naxoşlamışdı və burnu tutulan adamlar kimi danışırdı. O səsi eşidən kimi biz bir-birimizi gözləmədən canfəşanlıqla qapını açmalı olduq. Və qapını açdıq…
Əvvəlcə tüstü kimi, duman kimi, bəlkə də dioloji bomba kimi bir dalğa vurdu bizi. Vəlinin başına nə gəldiyini deyə bilmərəm, amma, mənim başıma gələnləri düşmənimə də arzulamıram. Dəsmalla burnunu, burnu ilə bərabər ağzını, üzünü tutan baş redoktorumuz bircə onu dedi mənə:
-Bu yoldaşın nə qədər şeiri varsa götürün , növbə ilə hamısı verin çapa.
Baş redaktorumuz bu tapşırığını verib ilan ağzından çıxan qurbağa kimi sevincək oz kabinetinə tərəf qaçdı. O gendəndən sonra qapının önündə mən, Vəli bir də Vəli qardaşımın maması oğlu qaldıq. Hər qoltuğunda bir balon pendir tutan şair qardaşımız içəri keçməyə məqam gözləyirdi.
- Boy, mamaoğlu, rəngin-rufun niyə göyərib? Ə, vallah sizin işiniz bir iş dəyil ha…Rəngin göyərməsin neyləsin? Ə, havamı var buralarda?
Qardaş qapını və bizim durduğumuz canlı divarı yarıb otağa keçdi. Pendir balonlarından birini mənim , o birini isə Vəli qardaşamını masasının üstünə qoyub oturdu. Otaqdakı havanı, daha doğrusu havasızlığı özünüz təsəvvür edin də…
-Mən şeirlərimin hamısını yerbəyer elədim, üç-dörd dənə şeirim qalıb onu da mamaoğlum yerbəyer eliyəjəh. Əmbə, mən ölüm, qismət sizinkiymiş, sizin redaksiyada işləyənlərin hamısı gözütox adamlarmış, başın haqqı. Biri də pendirə yaxın dürmadı. Pendiri mamaoğlumçün gətirmişdim, mamaoğluma da qismət oldu.Di salamat qalın, avtobusa gejikmiyim.
Pendirli şair, daha doğpuşu Şair Pendirli ( o gedəndən sonra Vəli qardaşımın mamasıoğlu üçün öz aramızda belə bir təxəllüs uydurduq) bizimlə salamatlaşıb redaksiyanı tərk elədi. İlk həyati məsələ o idi ki, tezliklə bu pendir qoxusundan qurtulaq. Odur ki, vaxt itirmədən xadimə Qızbacı arvadı tapıb pendirləri ona verdik və ikimiz də bir ağızdan , az qala xorla :
-Halal xoşun olsun,- deyərək, arvadı yola salıq.
Sonra da qapını, pəncərəni açıb otağın havasını dəyişməklə iş günümüzü birtəhər başa vurduq.
Metroya minəndə hər şeyin geridə qaldığını fikirləşirdim.Qatarın boş oturacaqlarının birində oturub gözlərimi yummuşdum və şairin qəzetlərdə veriləcək şeirləri barədə düşünürdüm. Vəli qardaşımın maması oğlu bu gün iki balon pendirlə səkkiz mərtəbəli böyük bir nəşriyyatı fəth edə bilmişdi və onun qələbəsinin şərəfinə iki bakal pivə içmək olardı.
Qatardan düşüb eskalatorla yuxvrı qalxmağa başladım , qəfildən burnuma axan qoxunun tanışlığından ilk əvvəl fikirləşdiyim o oldu ki, yəqin qoxu yaddaşımdan gəlir, otüb keçəcək, amma, heç nə keçmədi, hava axını ilə eskalatorlara doğru dartınan pendir qoxusu metordakı insanların hamısına burunlarını tutmaq əmrini verdi sanki. Turşumuş sifətlərdin, narazı baxışlardan hər şeyin yenidən başlandığını düşündüm. İy addım-addım mənə yaxınlaşırdı. Tez-tələsik metrodan çıxmaq istəyirdim , burnumu tutub , gözlərimi yumub addımlayırdım ki, ayaqlarımın nəyinsə içinə girdiyini hiss elədim. Dayanıb nəyi tapdaladığımı yəqinləşdirmək üçün ayaqlarımın altına baxmalı oldum, sınıb çiliklənmiş pendir balonunu tapdalamışdım və əlindəki pol ağacı ilə oraları təmizləyən arvadın məzəmmət dolu səsini eşidirdim:
-Ayaqlarıvı sil, yoxsa hər yeri bulayacaqsan.
Ertəsi gün qəzet köşkünə yaxınlaşıb özüm üçün siqaret almaq istəyirdim, bir kənarda dayanıb burnunu tutan otaq yoldaşım Vəlinin burnunu tutub mənə nəsə dediyini, məni yanına çağırdığını gördüm. Dostum burnunu tutmuşdu və gözlərindən axan yaşı silməyə çvlışırdı:
- Qəzet alma, büğünkü qəzetlərdən pendir iyi gəlir…

son
XS
SM
MD
LG