Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 02:33

Əyyub Qiyas "Sarılıq… Həm də avtoportret" (Hekayə)


Əyyub Qiyas
Əyyub Qiyas
-

Sarılıq… Həm də avtoportret


Güzgüdə özünü görüb qorxdu. Elə bil birinci dəfə idi ki, özünün saralıb soluxmuş sifətini görürdü, şəhadət barmağı ilə gözlərini oxaladı, göz bəbəklərinə diqqətlə baxdı və sonra birdən-birə nə fikirləşdisə iri güzgünün qarşısında öz əksi ilə oynamağa, qəribə, anlaşılmaz hərəkətlər etməyə başladı. Sonra nə üçünsə gözlərini yumdu və göz qapaqlarını bir-birinə sıxdı, gözlərinin içinə çökən qaranlığın içində sarı-sarı kəpənəklər uçuşmağa başladı, sonra, qəfildən gözlərini açdı və güzgüdəki əksindən, arxasında durub güzgüdən ona sarı boylanan qaraltıdan diksindi. Çiyinlərini elə atdı ki, bir az əvvəl heç bir şey başa düşmədən onun gicgici hərəkətlərinə göz qoyan arvadı da dayandığı yerdən dik atıldı.
- Sənsən ?...
- Heç…Mənəm… Nə olub ki ?...
-Heç nə… Ancaq, elə bil sarılıq tutmuşam, sir-sifətim də saralıb, elə bil cözlərimin içi də sarıdır. Sən bilən sarılıq tutmamışam ki?
Arvadı ona əhəmiyyət vermədən başını buladı, sonra yaxına gəlib əlindəki əski parçası ilə güzgünün tozunu almağa girişdi, ürəyində « sən çoxdanın sarılığısan…» fikirləşə-fikirləşə sanki, əlindəki əski parçası ilə güzgünün tozunu yox, onun güzgüdə qalan əksini silib atmaq istəyirdi.
Bir az kənara çəkildi ki, arvadı rahat işini görə bilsin, ancaq, arvadı onun kənara çəkilməyini görüb işini saxladı. Əskini güzgünün qarşısındakı dolabın üstünə qoyub dikəldi, özünə baxdı, nazlandı, saçlarını sığalladı və arxasında durub sakit-sakit ona tamaşa edən ərinə acıq vermiş kimi sinəsini irəli verib özünü süzdü. Arvadın maraqsız hərəkətlərinə baxmaqdan yorulub mətbəxə keçdi və gedə-gedə ürəyində « amma, öz aramızdır, pis şey deyil ha…» deyə-deyə öznə çay süzmək istəyi ilə stəkan-nəlbəkinin « qışqırığını » saldı. Oturmaq istəyəndə yenə qarşısında onu- arvadını gördü.
- Deyirsən sarılıq tutmusan ?
- Mən deyirəm ? – Sonra gözlərini döyə-döyə əlavə etdi: - Hə mən deyirəm ki, deyəsən, mənə elə gəlir ki, ola bilsin ki, nəisə… - fikirlərini bildirmədən susdu.
- Dilivi çıxart baxım…
O tənbəl-tənbəl dilini çıxarıb arvadına göstərdi və dili bayırda ola-ola nəsə desə də, arvad heç bir şey başa düşə bilmədi. Onun boğazından dartınıb çıxan dilinə baxan arvadı :
- Deyəsən axı, doğurdan da, sarılıq tutmusan, - bilirdi, - Gərək qab- qaşığıvı ayırıq, sən də özüvü tə'cili həkimə göstərsən pis olmaz.
- Yaxşı, - deyib qalxdı və özünə süzdüyü çaydan içmədən onu əlüzyuyana boşaltdı.
Paltar dolabındakı Sarı köynəyi çıxarıb geyindi və üstündə sarı naxışları olan qalstuku bağladı. Sonra güzgüdə bir də özünə baxdı, bir qədər əvvəl onu narahat edən sarılığın əlamətlərinin çəkildiyini görüb içindən sevindi. Gözucu arxaya baxdı ki, arvadı otaqdadır ya yox…
Arxayınlaşıb dilini çıxartdı və güzgüdə diqqətlə dilinə baxdı. Sonra yenidən barmaqları ilə göz qapaqlarını oynada-oynada itirdiyi sarılığı axtardı.Yenə də arvadının güzgüdə görsənən əksini görüb eynən bayaqkı kimi çiyinlərini atdı.
- Nə olub, o qədər qorxuluyam ki, hər dəfə məni görəndə diksinirsən ? -arvadı kinayə ilə xəbər aldı.
Cavab verməyə ərindiyindən özünü eşitməməzliyə vurdu, qalstuku ilə oynadı və olmayan bir melodiyanı zümzümə eləməyə başladı.
- Məni Adam yerinə qoymursan ?
- Necə ? – Axmaq baxışlarla güzgüdən arvadının gozlərinin içinə baxdı.
Arvadı daha heç bir söz deməyib yan otağa keçdi və qonşu otaqdan televizorun səsi eşidildi. Röya oxuyurdu… sən mənim ən zərif gülümü dərdin… Röyanın oxuduğu mahnının melodiyasına köklənib bayaqdan bəri zümzümə etdiyi melodiyanı çevirdi və başını oynada-oynada mızıldanmağa davam etdi. Televizorun səsi dəyişsə də onun qulaqlarında Röyanın səsi cingildəyir, gözlərinin önündə isə Röyanın ən zərif gülünün dərilməsi səhnəsini canlandırmağa çalışdı.
Yenidən güzgüdə arvadının tanış sifətini canlandı.
- Səni istəyirlər…
- Kimdir ki ?
- Bilmirəm…
Qalstukunu azacıq boşaldıb asta addımlarla qapıya getdi, tanımadığı, orta yaşlı, qırmızı köynək geyinmiş bir kişinin gözlərini döyə-döyə ona baxdığını görüb səsini çıxartmadan başı və gözlərinin işarəsi ilə: - Nə lazımdır?- soruşdu.
Gözlənilməz qonaq onun lal işarələrindən heç bir şey ayırd etmədən onun etdiyi hərəkətləri eynən onun özü kimi təkrarladı. Amma, qonaq başqa şey dedi. Dedi ki: - Nə deyirsən?
Bu lal oyunu qonağa pis təsir etdisə də ona xoş gəldi və o bu oyunu davam etdirmək istədi. Yenidən başı və gözləri ilə işarə etdi ki, aşağı düş gəlirəm. Qonaq bu dəfə onu anladı və gözləri ilə « yaxşı» - deyib, başının işarəsi ilə başa düşdüyünü təstiqlədi, pillələri enməyə başladı. Qapını ehmalla örtüb geri çevrildi və arvadının kürəyini divara söykəyib ona baxdığını gördü. Özündən asılı olmadan xəbər aldı:
- Nə olub ki?
Arvadı neç bir söz demədən dərindən köks ötürdü və bir-neçə dəqiqədən sonra yan otaqdan yenidən televizorun gur səsi qalxdı. Daha röya oxumurdu. O, sarı ayaqqabılarını geyinə-geyinə baya Röyanın oxuduğu mahnının sözlərini və melodiyasını xatırlamağa çalışsa da bir şey alınmadı. Qapını arxasınca astaca bağlayıb pillələri endi və alaqapının yanında onu gözləyən kişi ilə rastlaşanda yadına düşdü ki, onu gözləyən var, bir istədi ki, kişinin yanından sivişib getsin, alınmadı, kişi irəli atılıb onu saxladı.
- Bağışda, qardaşımsan…
Kişinin daha sonra nə dediyinin fərqinə varmadan onun işlətdiyi «bağışda» kəlməsindən sonra anidən beynində « nənən qalsın ağacda…» ifadəsi canlandı və bu fikir onu uşaqlıq illərinə atdı. Kişi dil boğaza qoymadan nəsə deyirdi və o kişinin dayanmadan açılıb-yumulan ağzına baxıb gülümsəyirdi. Kişinin son sözləri onu xəyalından ayırdı.
-Bilirdim ki, etiraz etməyəcəksiniz. Bir maşın nədir ki sarı olmasın, qırmızı olsun.
-Başa düşmədim.
Kişi gözlərini qıyıb təəccüblə onu başdan ayağacan süzdü, əynindəki sarı köynəyə, sarı naxışlarla olan qalstukuna baxdı, Sarı ayaqqabılarına nəzər salıb mühüm bir kəşf edibmiş kimi sevindi.
- Deyəsən sən də mənim kimi sarını sevirsən?
- Sarı kimdir?
-Rəngi deyirəm də, sarı rəngi. Elə mən də lap uşaqlıqdan Sarı rəngi xoşlayıram. – Sonra, bir qədər susub nəsə fikirləşdi və fikirlərini cəmləyib əlavə etdi: - Mən sizin sarı maşınınıza görə gəlmişəm. Xahiş edirəm ki, onu mənim qırmızı maşınımla dəyişəsiniz.
O hələ indii başa düşdü ki, bayaqdan bəri onu yolundan saxlayan kişi maşından ötəri gəlib.
- Məni bağışlayın, mən tələsirəm, həkimə getməliyəm, Mənə elə gəlir ki, Sarılıq xəstəliyinə tutulmuşam.
Bunu eşidən kişi nəsə qiymətli bir şey tapıbmış kimi sevindi, əlini-əlinə vurub şaqqıltı ilə güldü.
- Həkim mən. İnfeksion xəstəliklər üzrə mütəxəssis, tibb elmləri namizədi doktor Şərifov…
O ona doğru uzanmış əlin iztirabına tənbəl-tənbəl son qoydu.
- Çox şad oldum… Mənsə rəssamam, əməkdar rəsam Mübariz Küçəli… - Anidən susdu, nəsə götür-qoy edib tez də mətləbə keçdi, - Doktor Şərifov, səhər tezdən güzgüyə baxanda hiss elədim ki, saralmışam. Ofaynan məsləhətləşdik ki…- sözlərini yarıda saxlayıb əlavə etdi:- Ofa mənim arvadımdır. Hə… Qərara gəldik ki, özümü həkimə göstərim. O ki, qaldı sarıya, sözün həqiqi mənasında mən Sarı rəngin aşiqiyəm, bu rəng romantika rəngidir, sevgi rəngidir, günəbaxan rəngidir və təbii ki, mənim maşınımın rəngidir. Amma, yataqda qaraşın qadınlara üstünlük verirəm, baxmayaraq ki, Ofa sarışındır… Hə, onu da deyim ki, biz boşanmaq qərarına gəlmişik və məhkəməyə yazılmış ərizə mənim emaldatxanamdadır. Nə isə… Doktor Şərifov, mənim sarılığımla bağlı nə deyə bilərsiniz?
Doktor onun uzun-uzadı danışmasından xoşlanmasa da maşını dəyişmək xatirinə bu işgəncəyə dözdü. Ona görə də mehribanlıqla əlavə etdi:
- Gərək poliklinikaya gəlib analiz verəsiniz. Ancaq, onu deyim ki, mən sizdə sarılıq əlamətlərini görürəm. Problem deyil, müalicə edərik keçib gedər. O ki, qaldı maşınların dəyişdirilməsinə, mənim fikrimcə biz razılaşdıq.
O heç bir söz demədən həyətdəki dayanacaqda saxladığı sarı rəngli maşınına doğru getdi,maşının qapısını açmaq istəyində eyvandan Ofanın səsi eşidildi:
- Məhkəməyə getməyi unutma!- qadın çığırdı. O səsə doğru közucu bir nəzər salıb maşina oturdu.
Evin tininə çatanda yolayrıcındakı işıqforun sarı işıq siqnalının yanıb-sönməsinə fikir vermədən yolu keçdi və anidən sol tərəfə baxanda onunla yanaşı gedən qırmızı maşından ona baxıb mehribanlıqla gülümsəyən tanış sifəti gördü, bu baxışlara əhəmiyyət vermədən sürəti artırdı və növbəti yolayrıcındakı işıqforun sarı işığını ötüb sağa buruldu və onu təqib edən həkimin qırmızı maşını işıqforun qırmızı işığında dayanmaq məcburiyyətində qaldlı və onu itirdi.
Emalatxananın qapısı cırıltı ilə açılan kimi rəng qoxusu, dünəndən çəkilən siqaretin az qala hər tərəfə hopan qətran qoxusu onun başını gicəlləndirdi. Əvvəlcə pəncərəni açmaq istədi, amma, ərindiyindən eləcə, qalstukunu bir az boşaldıb müxtəlif çalarlı sarı rəngləri qarşısındakı şüşə parçasının üsuünə yaydı, sonra fırçanı götürüb kətan üzərində müxtəlif çalarlı sarı rənglərdən heç bir şey ifadə etməyən qəribə bir kompozisiya yaratdı. Lövhənin alt sağ küncündə nisbətən tünd çalarlı sarı rənglə «Avtoportret» sözünü yazdı və sözün adının baş hərfini, onun yanından da «2006» rəqəmini yazdı. Üstünə sarı rəngli yun jaket atılmış köhnə, tellənən kreslonun üstünə çöküb siqaret alışdırdı, telefona baxmadan tanış düymələri yığdı və xəttin o üzündən arvadının səsini eşidib bir an susduqdan sonra xırıltılı bir səslə danışmağa başladı!
- Mən sarılıq xəstəliyinə tutulmamışam…
- Təbrik eliyirəm…- arvadı kinayə ilə dilləndi.
- Bilirsən, əslinə qalsa mən sarılıq xəstəliyinə tutulmuşam, amma, bu infeksion xəstəlik deyil, psixi xəstəlikdir… Necə deyərlər sarılığın ifrat dəliliyi.
Xəttin o tayındakı səs sanki inildədi, susdu və sonra sanki pıçıltı ilə xəbər aldı:
- Məhkəməyə getdin?
- Yox…
- Evə gələ bilərsən…
- Həvəsim yoxdur … Siqaret çəkirəm… - Dəstəyi asdı, qalxıb damağındakı siqaretə əzab verə-verə çəkdiyi tablodakı sarı rəngin çalarlarını saymağa başladı, öz tablosunu məhşur «Günəbaxanlar» tablosu ilə müqayisə elədi və işinin o məhşur tablodan qat-qat üstünlüyünü yəqinləşdirib siqareti gümüş külqabında söndürdü. Pəncərəyəyaxınlaşdı, pərdəni aralayıb pəncərəni taybatay açdı, Günəşin sarışın şəfəqləri və bu şəfəqlərə sığınan Günəş rəngli xəfif meh emalatxanaya doldu. Pəncərədən bayıra nə qədər baxdığını bilmədi, aşağıda, bayır qapısının önündə dayanan sarı rəngli taksi onun diqqətini çəkdi. Maşından düşən sarışın qadın əyninə biçilmiş sarı ipək donunu səhmanlayıb, boynuna atdığı sarı tül şərfi düzəltdi və binaya daxil oldu. Bir an sonra liftin səsi eşidildi, sonra sükut və Bk sükuta qarışan ritmik qadın ayaqlarının tappıltısı… Daha sonra isə emalatxananın qapısının içəridən bağlanmasının səsi eşidildi və tanış qadın nəfəsinin ətri otaqda rənglərin ətrinə qarışdı. Geri çevriləndə Ofanı adəti üzrə qapıya söykənib gülümsəyərək ona baxan gördü. Gözləri ilə :- Nə olub ki?- Xəbər aldı. Ofa heç bir söz demədən ona yaxınlaşdı və pamadalı dodaqları ilə onu öpdu, əllərini onu belinə sarıyıb başını onun sinəsinə qısdı.
- Bilmirsən ki, dəli qırmızını, gic də sarını sevər…
Qadının səsi titrədi. O da güldü, sonra hər ikisi onun bayaq çəkdiyi tablonun qarşısına keçdilər. Ofa fırçanı palitradakı qara rəngə batırıb onun çəkdiyi sarı fonun üstünə qara buludu xatırladan nəsə çəkdi, sonra da mehriban baxışlarla başını qaldırıb onun gözlərini içinə baxdı.
- İndi oldu əsl avtoportret. İndi bu tabloda mən də varam. O Ofanı qucaqlayıb ehtirasla öpməyə başladı. Qadının bütün bədəni əsirdi. Əlləri ilə arvadının əynindəki sarı ipək donu, onun ardınca da Parisdən onunçün alıb gətirdiyi sarı tül alt paltarı soyundurmağa başlaı. Üç ildən bəri mürgü döyən sevgi nə təhər oyandısa emalatxanadakı bütün əşyalar cingildədilər.

son
XS
SM
MD
LG