Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:25

Ülviyyə Tahir "Söyüdün fındıq budağı" (Seçmə hekayələrdən)


Ülviyyə Tahir
Ülviyyə Tahir
-

- Soruşan yoxdu ki, ay Abdulla, eşşəyin harada otdayır. Biz də arvadıq daa, doğan yerimiz xarab olmuyub ha...


Bu hekayə son həftələrdə "Oxu zalı"na göndərilmiş əsərlər arasından seçilərək çap olunur. Bütün əsərlər imzası göstərilmədən Münsifə göndərilb.


Ülviyyə Tahir


SÖYÜDÜN FINDIQ BUDAĞI

Əlini bacısının qarnına qoydu. Xəzinə tapmış adam kimi sevincinin həddi-hüdudu yox idi.

Üç aylıq idi. Əlinin altındakı bu varlıq üç aylıq idi. Nəhayət, on illik ailə həyatının sonsuzluq damğasını bu yolla silməyə cəhd edirdi.

Bakıdan rayona dönmək istəmirdi. Elə bilirdi ki, bacısını bir anlıq tək qoyub gəlsə, nə isə olacaq. Birtəhər hisslərinə qalib gəlib rayona döndü.

Evə çatmamış elə küçənin başında, darvazanın önündə duran baldızını sezdi. Həmişəki havalı görkəmi ilə, salamını belə almadan elə darvazanın önündəcə birbaşa hücuma keçdi.

- Soruşan yoxdu ki, ay Abdulla, eşşəyin harada otdayır. Biz də arvadıq daa, doğan yerimiz xarab olmuyub ha..... Sən gərək öz nəslindən götürəsən uşağı?!

- Emelya, yorulmuşam, o boyda yol gəlmişəm. Qoy bir içəri keçim nəfəs alım.

Baldızı boğazının kapilyarları imkan verənə qədər söyüb, söyməcələnib, ona da qısır damğasını vurub çıxıb getdi.

Darvazanı açıb içəri keçdi. Məhzun görkəmlə boş evini süzüb, elə səkinin üstünə çökdü.

Axşam telefonlar susmadı. Ev telefonundan sürətlə mobil telefonlara tullanan hər qohumun ağzından bir hava gəlirdi.

O isə onların boğduğu havanı dəyişmək üçün evlə çölün arasında qalırdı. Baldızı bütün səs-küyə son nöqtəni qoydu.

Səhər dan yeri ağaranda əlləri əsə-əsə telefonun adlar bölməsindən bacısının nömrəsini zorla tapdı. Ona “uşağı istəmirik” sözlərini yarımsaata güclə deyə bildi.

Əlini, televizorun üstündəki şüşə suvenirin üstünə qoyub fikrə getmişdi. Beynində yalniz bir məsələ var idi. Bacısı bu gün aborta gedəcəyini demişdi. Ürəyi qırıq-qırıq olmuşdu.

Heç vaxt hiss etmədiyi analıq duyğusunu elə bil kötüyündən baltalamışdılar. Qapının qəfil açılmağına diksindi. Əri, üzündə insan ölmüş kimi iyrənc bir ifadə ilə içəri girdi. Ayağının birini götürüb birini qoydu. Anladı nəyinsə baş verdiyini, tez başa düşdü. Vecsizliklə:

- Nolub? – deyə soruşdu.

Əri balıq kimi ağzını açıb yumdu. Səsi çıxmadı. Cümlənin yarısı boğazında, ağzında itdi.

-........................Xəstəəəəəəəəəxanaya gedibbbbb.

- Bacıma nəsə olub?- vecsiz səsi sürətlə təlaşa çevrildi.

- Yox, Emelya bu gün gedib, bu gün, bu gün

- Hə, bu gün nolub bu gün...............? - anladı ki, nəsə doğrudan olub, amma bu nəsənin nə olduğunu anlyanda az qala canı çıxdı.

Baldızını xəstəxanadan çıxanda gördü. Uzaqdan baxdı. Yaxına getməyə təpəri çatmadı.

Qorxdu ki, bir azca yaxına getsə baldızının saçlarından tutub yerə çırpacaq, yaxasından yapışıb hətta ondan etmədiklərinin də, hesabını soruşacaq.

Evinin körpə səsinə həsrət qalmasını, qarnının quruldamaqdan başqa bir işə yaramadığını, millət bir tikə ət parçasına həsrət qalanda onun niyə beş aylıq körpəni doğratdırmasını..... hamısını soruşacaqdı.

Uzaqdan baxa-baxa bu hesabı da içəri verdi. Onları da qəlbinin sükut adlı qəbiristanlığına gömdü.

Yarıümid bacısına zəng etdi. “Bəlkə hələ xəstəxanaya getməyib” ümidi ilə. Anasına yalvarıb göndərdi onlara. Bacısını yarımçıq abort stolundan endirdilər. Qanaxmasını birtəhər kəsib evə göndərdilər.

Hər şey yoluna qoyuldu. Baldızı heç üzr istəməyi də ağlına gətirmədi. “Uşaq mənimdi. Istərəm doğaram, istərəm boğaram. Kimə nə....” Özündən hökm çıxarıb özünə bəraət qazandırdı.

Xəstəxananın dəhlizində gördü onu ilk dəfə. Bacısının balasını öz körpəsi kimi hiss etdi. Qırmızı ət parçası kimi ağ mələfənin arasında idi. Ağlamağa da gücü yetmirdi. Insanların udduğu havaya tab gətirə bilmirdi.

Küməsinin içində mələfəni açdılar. Gözlərinin önündə dəhşətli bir mənzərə var idi. Körpənin bir qolu yox idi.

Həkimlər “Uşaq çox zəifdir. Çətin yaşayar. Qanında virus var Bir iynə məsələni həll edər. Yenə özünüz bilərsiniz.- deyərək onlara evtanaziya təklif etdilər.

Axşamın qaranlığında evə çatdı. Bir ayda tamam yetimləşmiş evinə əl gəzdirmədən, onu yanına qoyaraq yuxuya keçdi.

Gecəyarı ayılanda ilk əl atdığı yerdə əli boşa çıxdı. Durub dəli kimi çarpayıya baxdı. Bəli, indi tamam əmin idi: uşaq yerində yox idi. Necə çığırdısa səsindən divarlar sanki sirkələndi. Elə o an qapı açıldı. Əri qucağında körpə içəri girdi.

- Biz buradayıq, qorxma. Qorxma...

Bu hadisədən sonra qarabasmalar, illuziyaları çoxalmağa başladı. Ona elə gəlirdi ki, evinin hər küncü körpəsini əlindən almaq istəyənlərlə doludu.

Bir sabah yenə qarabasma hesab etdi onun qızdırmasını. Bu qızdırma qarabasmadan betər oldu. Heç düşmədi. Hər həkim bir diaqnoz qoydu.Qaranlıq gecələrin heç gündüz olmayacağı fikri ilə neçə gecə yuxusuz qaldı.

...Əri gəlib çıxana qədər körpəni əlindən ala bilmədilər. Əri gələn kimi ona gücü yetdiyi qədər bir sillə ilişdirdi. Onda özünə gəldi. Qucağındakının nəfəssiz olduğunun, cəsəd olduğunun fərqinə vardı.

Onu qəbirdən zorla araladılar.Dağılmış saçları tamam toz-torpaq olmuşdu. Bayaqdan bədənini götürən əsməcə bütün cisminini sılkələməyə başladı.

Onlar qəbiristanlığı tərk edəndə çiskin yağış güclənməyə başladı. Yağışın iri damlaları üzünə düşərək yarıaçıq qalmış dodaqlarının kənarlarından süzülürdü.

Onun qoluna girmiş əri yağışa görə daha da tələsərək maşına doğru addımlarını sürətləndirdi. Külək qarışıq yağışın nəm havası canına hopduqca gözləri irilənir, hədəqəsindən çıxacaq kimi baxırdı.

Əri qoluna girdiyi arvadının balıq kimi əlindən sürüşdüyünü gördü. Hər şey bir an içində oldu. Gurultulu yağış göydən yerə, O isə qəbirstanlığa cumdu. Ona elə gəlirdi ki, yağışla bərabər bir damla su olub torpağın altına süzüləcək, süzüləcək.

Qəbirstanlığın daş yolu bitdi, palçıq yolu isə əydaha ağzı kimi onun ayaqlarını uddu. Beyni xatirələrin qucağında, ayaqları palçığın içində özü isə suya möhtac balıq kimi ağzını açıb yumdu. Yağış şıddətlənirdi. Baş-ayaq palçıq olmuşdu.Əri onu güclə sürüyüb maşına atdı. Qəbiristanlıq geridə qaldıqca onun gözlərindən süzülən yaşlar içindəki ağrını azaldırdı.

Payızı çətin keçirdi. Hər gecə hövlnak yerindən qalxaraq evin hər künc-bucağını axtardı. Evdən hər şeyi yığışdırıb çıxarsalar da adı bir tay corab onların gününü dəhşətli bir əzaba çevirməyə yetirdi. Ona iynə vurub sakitləşdirir və evi bir daha yenidən təmizləyirdilər. Ərinin imkanı olsaydı evə tətbiq etdiyi təmizliyi onun beyninə də edərdi.

.....- Sən başqasına ərə getsən uşağın ola bilər. Sən sağlamsan, onun faizi düzələn deyil. Sıfırdı heç bir dəyişiklik yoxdur.- həkim eyni doqquz il öncə olduğu kimi ərinin analiz kağızlarıını ona verdi.

...Bir il sonra ayıq başla getdikləri başqa bir həkim də onlara ümidsiz buraxdı. Əri onun üzünə baxaraq heç nə soruşmadı. Xəstəxananın çıxışında əlində bürmələdiyi kağızı zibil qutusuna atdı.

...Evliliklərinin on ikinci ili o biri illərdən fərqli olmayaraq başladı. Yenə əri evdən işə, işdən evə ayaq döyərək keçirir O, isə ev işlərini bitirdikdən sonra televizorda mənasız teleseriallarla başını qatardı.

Bəzən gecələr yatdığı yerindən qalxıb həyətə çıxıb ətrafı dinşəyirdi. Ona elə gəlirdi ki, kimsə bir gün qapılarına gətiririb bir uşaq buraxacaq. Bəzən tələsik qaçardı. Elə bilirdi artıq körpə oradadı və bir az geciksə it- pişik onu yeyəcək.

Günlərlə qəbirstanlıqda ilişib qaldı.Gözlərinin yaşı quruyana qədər ağlayardı.Özünü hər şeydə günahkar bildikcə daha da, hövllənirdi.

Başı lap dönəndə gedib oradakı mollalarla da dava edərdi. Onlardan körpəsinə Quran oxumağı tələb edərdi.

Tamahgirlər onun dediyini edər, az-çox qayda qanun bilənlər ona etiraz edərdilər.

İntihar edəcək qədər artıq ağlını itirmişdi. Anası molla, seyid yanında, əri isə həkimlərdə qalmışdı.

Əri yeganə çıxış yolunu onu işə düzəltməkdə gördü. Baharın ilk mehi əsəndə o, artıq cəmiyyətin içinə sovrulmaqda idi.

O yaz, bağlarında söyüdün qoynundan bir fındıq budağı göyərdi. Hamı gəlib tamaşasına durdu bu ilahi möcüzənin. Hərə bir tərəfə yozdu-yozmacaladı. Sonra çəkilib getdilər. Hər şey kimi bu da adiləşdi hamı üçün. Fındıq, söyüdün qoynunda özunə yer etdikcə o da könlünü bir zabitə oğurlatdı. Işlədiyi xəstəxanadaca görüşdülər. Heç bir qoruyucu vasitədən istifadə etmədi. İki ay sonra üstündə sevişdiyi masaya söykənərək hamiləlik testinin qoşa xəttinə gözünü zillədi.

Yer fırlanıb zamanı xərclədikcə o gün-gündən böyüyən qarnını ərinə Allahın möcüzəsi kimi qəbul etdirə bildi...
XS
SM
MD
LG