Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:41

Hicran Hüseynova "Saçlar o saçlar idi" (Hekayə)


-

Hicran Hüseynova


Saçlar o saçlar idi

(hekayə)

- Nə danışırsan, ay qız, bəyəm sən sağalmaq istəmirsən, belə yüksək təzyiqlə, bu qədər ağrılarla bu uzunluqda saç saxlamaq olar? Bir də ki, səninçün nə fərqi, onsuz da saçını açıq qoymursan.
- Yox, ay həkim, başıva dönüm, nə deyirsən hazıram, bircə saçlarıma dəymə. Onlar mənim gəncliyimin yadigarıdır, xoşbəxt günlərimin...
Sözünü axıra çatdıra bilmədi, səsi titrədi, gözlərini gizlətmək üçün nəsə axtarırmış kimi şkafa tərəf əyildi. Həkimsə buna əhəmiyyət vermədən qapıya yaxınlaşıb:
- Dərmanları vaxtında at, saçlarını da hökmən kəsməlisən, - deyə başını çevirib getdi.
Dinməz-söyləməz qucağına açıb tökdüyü hörüklərinə baxdı. Yanaqlarında üzüaşağı axan damlalar sıx saçlarının arasında itib yox olurdu...
...Vaxt vardı özü də bezərdi saçlarından, amma bu lap çoxdan idi, uşaq olduğu illərdə. Balaca qızçığaz lentsiz-filansız hörüklərini yığar, bir-birinə dolayıb, böyük qızlar kimi başının ortasında sancaqlayardı. Bunu ona görə belə edirdi ki, əlindən bezdiyi hörükləri onu rahat işləməyə qoymurdu. Aşağı əyiləndə saçları ondan əvvəl əyilirdi, heç vaxt sığal, tumar görməyən saçları. Əslində Laçının adı uşaq idi, gördüyü işlərsə böyük qızların, qadınların işinə bərabər idi. Anası ona nələr tapşırmırdı, döşəmə silməkdən tutmuş, uşaq yatırtmağa qədər.Gah evdə, gah da bostanda işləyirdi, bir də baxırdı ki, axşam olub, dilinə heç nə dəyməyib. Anası isə ona “sağ ol” demək əvəzinə hey döyür, danlayırdı. Əlbəttə, anası üçün də çətin idi, atası tutulandan 4 uşağın qarğaşası onun üstündə idi, amma balaca Laçının günahı nəydi, başa düşmürdü. Hərdən anasının doğma olduğuna da inanmırdı.
Vaxt gəldi bütün yaşıdları məktəbə getdi, Laçınasa çanta götürmək qismət olmadı. Anası “Üç qızdan sonra bir oğul tapmışam, sən dərsə getsən, ona kim baxacaq?”,- deyə onun bu arzusunu da gözündə qoydu. Sentyabrın 1-ni tez-tez xatırlayırdı. Sanki həmin günün şəkli beyninə həkk olunmuşdu. Pırtlaşıb bir-birinə dolaşmış qıvrım saçları tərdən, göz yaşından islanmış yanaqlarını, boyun-boğazını dalayırdı. “Mən də gedirəm, mən də gedirəm”, - qapının ağzında oturub hıçqırır, səsi boğula-boğula ağlayırdı. Qonşulardan utanan anası qızın əlndən tutub evə tərəf çəkdi. Laçınsa ayaqlarını yerə döyüb gəlmək isytəmirdi. Bu dəfə anası onu döyə-döyə tozlu yolla darvazaya tərəf sürüdü. Laçının neçə gün əvvəldən çarpayının başından asdığı paltar qapqara oldu. “1 sentyabr” gününü belə yaşadı Laçın.
Hər səhər həyəti süpürəndə dərsə gedən qonşu uşaqlarına baxır, gözləri dolur, ürəyi atlanırdı. Sonra isə qardaşını nənnisini asdıqları armud ağacının dibində oturub uşağı yelləyə-yelləyə qızların dərsdən qayıtmasını gözləyirdi. Onların yazdığı tapşırıqları Laçın da yazar, öz-özünə qiymət verərdi. Müəllim də özü idi, şagird də. Beləcə uşaqlığını arxada qoydu Laçın.
On iki-on üç yaşından anası onu təsərrüfatda işləməyə göndərdi. Yer qazıb alaq etmək, budama işlər aparmaq, əlbəttə ki, bunlar on iki-on üç yaşlı qızın görəcəyi işlər deyildi. Soyuqdan göyərib bir neçə rəngə çalan arıq, çəlimsiz əlləri bel tutmaqdan qabar-qabar olmuşdu. Hərdən heç beli qaldırmağa da heyi olmurdu. Belə vaxtlarda qonşuları İsmayıl adlı oğlan ona kömək edərdi. Çox vaxt da öz işini yarımçıq qoyub Laçınını işini görərdi. Gülümsər gözlərini qıyıb, “mən olmasam, bu qədər işi necə görərdin, ay Laçın?” deyərdi. Laçınsa başını aşağı salıb, yalnız ürəyində “nə yaxşı ki, sən varsan, İsmayıl”- deyə pıçıldayırdı. Bir də uzun hörüklərini xoşlayırdı İsmayıl “saçlarını kəsdirmə ha”- deyə zarafatla onu hədələyirdi. İsmayıla get-gedə daha çox isnişən Laçın, hərdən anasına da bu xeyirxah oğlandan söhbət açar, onun əsəbiləşdiyini görüncə, tez də söhbəti kəsərdi.
Bir gün gecə yarısı pəncərənin qəfil döyüldüyünü hiss etdi. Ayağa qalxıb yuxulu-yuxulu pərdəni araladı, gözlərinə inanmadı, İsmayıl idi. Həyəcandan titrəyən Laçına baxıb tələsə-tələsə “mən sabah əsgər gedirəm, əsgər gedirəm, məni gözləyəcəksənmi?” deyirdi. Laçın heç nə fikirləşmədən, “gözləyəcəm, əlbəttə, gözləyəcəm”- dedi.
Gözləməksə bütün başqa arzuları kimi yenə də özündən asılı olmadı. Atası hələ həbsdən buraxılmamışdı. Anası isə qızından bezibmiş kimi, ilk qapını döyən elçilərə “hə” cavabını verdi. Qonşu kənddən üzünü belə görmədiyi oğlana nişanlandığı üçün Laçın ölüb qurtarmağa qərar verdi. Özünü zirzəmidəki tavandan asdı. Amma “ipi üzülməyibmiş” görünür, həmişə zirək olan anası bu dəfə də zirək tərpəndi, tez qızı düşürüb üz-gözünə su çilədi. Laçın iki gün harada olduğunu belə hiss etmədi. Özünə gələndə isə ilk eşitdiyi anasının qarğışı oldu. “Səni görüm bədbəxt olasan, görən deyəcək nə zibili var ki, öznü öldürmək istəyib.” Laçın anasına nəyisə izah etməyin mənasız olduğunu bildiyindən susur, heç nə demirdi.
Hərdən fikirləşirdi ki, görən anası həyatın mənasını nədə görür axı. Obaşdan qaş qaralanadək işləmək, işləmək. Gah bostanda, gah evdə, həyətdə. Və bütün bu ağır işlər də həmişə qarğışların, söyüşlərin müşayiəti ilə başa gəlirdi. Anasının çatlamış dabanlarına, mal-qoyun iyi heç vaxt əskik olmayan üst-başına baxanda yazığı da gəlirdi bəzən və başa düşürdü ki, arvadın həyat haqda düşünməyə heç vaxtı da yoxdur. Əslində heç Laçının da buna vaxtı yox idi. Amma o, bir əli işdə, xəyalı isə uzaqlarda elə hey düşünürdü. Bu düşüncələr Laçının İsmayılla birgə gələcəyindən xəbər veriridi. Və bu düşüncələrdə Laçın nə anasına, nə də başqa qarnı irəli çıxmış, ağır işlərdən əl-ayağı şişib kobudlaşmış kənd qadınlarına bənzəmirdi. Onun fikirləri, hissləri də başqa qadınların, qızların fikirlərinə bənzəmirdi, həyatı da başqa cür olmalıydı.
Bir gün İsmayıldan məktub gəldi, həmin gün atası da həbsdən buraxılıb gəlmişdi. Ancaq Laçın hiss etdi ki, atasının gəlməyindən çox, İsmayılın məktubuna sevinir. Lakin bir narahatçılıq da vardı qəlbində - İsmayıla nə cavab verəcəkdi? Kaş həmin gün öləydi. Bir tərəfədn də hələ kəbinə yaşı düşmədiyini fikirləşir, “o vaxtacan İsmayıl gələr, bir yol taparıq”- deyə özünə təsəlli verirdi. Göz yaşlarıyla islanmış məktubu, ələ keçməsin deyə, öz çarpayısında, yastığın altında gizlətmişdi, hərdən götrüb oxuyur, İsmayılın özünü görürmüş kimi təsəlli tapırdı. Anası bu dəfə də zirək tərpəndi, məktubu tapıb ərinə göstərdi. “Sənin nişanlı qızın başqasıyla məktublaşır”- deyə, Laçını atasına döydürdü. Və bunula da sakitləşməyib qızını ömürlük cəhənnəm əzabına düçar etdi: işi elə qurdu ki, daha yaş-filan gözləmədilər, tələm-tələsik toy edib Laçını qonşu kəndə gəlin köçüdülər...
Sanki həyat dayanmışdı, Laçın heç nə hiss etmir, bir iş görəndə də kor kimi əllərini havada o yan- bu yana gəzdirirdi. Hətta saçlarını datrayanda da güzgüyə baxmırdı, güzgüdəki özünə nifrət edirdi.”Mən vədimə xilaf çıxdım, bu sevginin ahı tutacaq məni”- deyə fikirləşir, beynini döyəcləyən peşmançılıq, xəcalət hisslərindən yaxa qurtara bilmirdi. Daha ağlayıb-sızlamaq gec idi. Lakin ailə həyatına, ər evinə uyğunlaşıb isnişə bilmirdi Laçın. Əslində bu ailə yox, onun ikinci cəhənnəm həyatı idi və yağışdan çıxıb yağmura düşmüşdü Laçın. Əri ilə qaynanası elə bil ona zülm etməkdə yarışa girmişdilər. Burda da ölüncə işləyir, əvəzi isə döyülüb-danlanmaq olurdu. Burda da atası evindəki kimi kinli baxışlar, tənəli sözlər başına yağış kimi yağırdı. Lakin atası evində nə qədər əzablı olsa belə, qəlbində şirin bir həsrət- İsmayıl həsrəti vardı. Və bu şirin həsrət bəzən bütün ağrı-acıları da yuyub aparmağa qadirdi. İndisə əl-ayağı yerdən-göydən üzülmüş Laçın ömrünü başa vurmaqda olan adamlar kimi günlərini sayırdı. Bomboş qəlbində isə tək bircə arzu vardı: bir daha İsmayılla rastlaşmamaq. Bəxtin dönüklüyündən bu arzusu da puç oldu.
Əri onu növbəti dəfə möhkəmcə əzişdirmişdi və elə bir haldaydı ki, bu dəfə həkimsiz keçinmək mümkün olmadı. Təcili xəstəxanaya apardılar. Polislər qapıda gözləyirmiş kimi tökülüşüb izahat yazmağa başladı. Laçın ağrıdan zarıyır, bu dəfə necə olur-olsun, özünü ölürməkçün asan bir yol fikirləşirdi.
Birdən başını tərpətmədən şişmiş göz qapaqlarını qaldırıb qarşısındakı çiyni paqonlu polisə baxdı.
İlahi, bu ki, İsmayıl idi. Ölüm bu biabırçılıqdan asan olardı. Bacarsa, durub ayaqyalın qaçardı, bunu da bacarmadı. Xəcalətdən əriyə-əriyə əlləriylə üzünü qapayıb ağlamağa başladı. Hərdən də kəsik-kəsik, güclə eşidilən səslə “eybi yox, keçər, heç nə lazım deyil”,- deyə hıçqırırdı. İsmayılsa heç bir söz demir, titrəyən barmaqlarıyla bəxtiqara Laçının qara saçlarını sığallayırdı...
Laçın yalnız indi otaqda tək olduqlarını gördü. Kaş onu çağıraydılar, ay Allah, bircə tez çıxıb gedəydi, fikirləşirdi. Bir-birinə qarışmış saçlar isə başqa şey deyirdi. Dağınıq hörüklər illərlə həsrətində olduğu təmasdan canlanır, üstünə su səpilmiş çiçəklər kimi dirçəlirdi.
Yuxu ilə reallıq arasındaydı Laçın: gah hər şeyi unudub bu olanları bütün şirinliyiylə yaşayır, gah da gözünü qapıya dikib narahatlıqla kiminsə gələcəyini gözləyirdi. Pəncərədən görünən buludlar da, yarıçılpaq ağaclar da, hətta elektrik məftilləri də elə bil, hansısa həzin bir musiqi altında rəqs edirdi. Dünya başqa rəngdə, başqa havadaydı sanki.
...Birdən qapı açıldı, buludların, ağacların, elektrik məftillərinin rəqsi dayandı, rəngli səslər də bir anda yoxa çıxdı. İsmayıl da getdi.
Yenə tək Laçın qaldı, köhnə dərdləri, ağrıları, bir də, sevginin özünü görmüş, yaddaşına həkk eləmiş qara, qıvrım saçlarıyla...
İndi yenə də xəstəxənada olduğu günlər, elə bura ayaq basdığı ilk gündən on dörd il əvvəlki xəstəxənanı, o xoşbəxt təsadüfi xatırlayır, xəlvətə çəkilib için-için ağlayırdı. Bu xəstəxəna da o xəstəxəna deyildi, üz-gözü qırışıb, əl-ayağı kobudlaşmış Laçın da o Laçın deyildi. Təkcə saçlar o saçlar idi, iyirmi dörd il əvvəl İsmayılın vurulduğu saçlar. Və qəribəydi ki,ömrü boyu əzab, sıxıntı içində yaşayan Laçının tək saçları dəyişməmişdi: nə ağarmaq, nə də tökülmək bilmirdi. Bu saçlar o saçlar idi, bəlkə o sevgi idi bu hörükləri belə saxlayan? Nə deyəsən, həyat başdan-başa möcüzədir. Demə saçın da yaddaşı olarmış. İndi həkim deyir, saçlarını kəsdir...
- Nöş qucaqlayıb durmusan, ağəz, onları, kəsdün, dur at zibil qabına dəə, a-a. Nöş dinmirsən, ağəz, yoxsa yenə ağlayırsan? Laçın, a-a, keçinib ki, qaragün! Hə-kimm!!!
XS
SM
MD
LG