Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:36

Hicran Hüseynova "Daş" (Pritça)


Hicran Hüseynova
Hicran Hüseynova
-

Hicran HÜSEYNOVA

DAŞ
(Pritça)

Bir daş vardı – qəlbikövrək, başıdaşlı. Adısa neyləsin daşdı. Daş nəğmələr oxuyardı səhər, axşam, ağırdı deyə eşitməzdilər nəğmələrini. Ağrılı sözlər ağrıdardı qəlbini. Bir gün necə oldusa, əyildi dünyanın yükü, həmişəki kimi, vəlvələdən-zəlzələdən nədən oldu bilmirəm, daş da qürbətə düşdü.
Daş nəğmələr dondu o an, daş sükuta döndü hər yan. Ağladı, gözündən qan-yaş tökdü, “daşdı dözər” dedi daşqəlblilər. Daş kimi sözlərdən gözlərində yaş dondu daşın, göz yaşları da daşladı. Zərrə-zərrə, çınqı-çınqı qopan göz yaşları yanaqlarından yox, barmaqlarından süzülürdü daşın, yanaqları çoxdan ovulub tökülmüşdü.
İllər keçir, barmaqlarından süzülüb axan çınqı daşlardan dağlar yaranırdı daşın ayaqları altda...
...Daş ucalmış, ətrafdakıları kölgədə qoymuşdu artıq. İndi hardan baxsan, görünürdü daş. Hamı daşdan danışırdı, şəninə şeirlər yazılır, mahnılar bəstlənirdi. Daşsa bütün bunları sakit daş soyuqluğu ilə müşahidə edirdi.
... Daş dövrüydü, daşlar gülüb-oynaşırdı, bütün daşlar qardaş idi, həmdaş idi, bizim daşsa qəriblikdə tək daş idi. Nə gedənə yoldaş idi, nə də qalana qardaş idi. Hamı daşdan danışırdı, daşsa susur, nə danışır, nə dinirdi. Gözlərindən çınqı yaşlar tökülmürdü, isti sözlər isitmirdi onu daha, soyuq yellər üşütmürdü əllərini. Gözü baxır, kirpikləri daşlaşırdı, dodaqları gülümsəyir, təbəssümü daşlaşırdı...
... Daş dönüb daş olmuşdu!
Allah mat qalmışdı yaratdığına...
XS
SM
MD
LG