Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:44

Məmə yeyən uşaq bilməyir nə qədər həyalıdır anası...


Məlihə Əzizpurun "Mənə bir küçə bağışla" kitabından
Məlihə Əzizpurun "Mənə bir küçə bağışla" kitabından

-

Arazın o tayından

MƏLİHƏ ƏZİZPUR

...

Kürəyindəki

Hər şallaq izi əzizim ,

Bir yeni yoldur

Açılır azadlığa doğru

Dayan görək hələ,

Dayan . . .

...

Biz;

Qərənfil, Bənövşə, Nərgiz əkmişdik

Vətən qoynunda.

Demə,

Hamısı Lalə bitəcəkmiş,

Köksümüzdə . . .

...

Sizin qarqalarınız

Siçan ovuna fikirləşərkən,

Bizim qartallarımız

Aslan ovundan qayıdırdılar . . .

...

Mənim adətimdir

Hər zaman öləndə

Pəncərəyə zillənər

Gözlərim . . .

...

Göyündən

Göyərçin əksik olmasın

Təbriz ! . . .

...

O qədər hay saldı sükut

Başım ağrıdı . . .

...

Ağacları başa-baş kəsirlər.

Göy

Zülüm-zülüm ağlayır . . .

...

Sussss . . .

Hürməyin itlər!

Bura Azərbaycandır . . .

...

"Hambal", "Məşədi İbad"dan

Daha yaraşıqlı idi

Hamamda . . .

...

Mədəsində çalır qəlbi,

Kişinin . . .

...

Məmə yeyən uşaq,

Bilməyir nə qədər həyalıdır

Anası . . .

...

Özüm seçməliyəm;

Savaş meydanımı da,

Səngərimi də,

Düşmənimi də . . .

...

Mənə,

Bir ölümlük ,

Qəbir də vermədin vətən ! . . .

...

Daşa bənzəyir ,

Tısbağanın ağır baxışı ...

...

Qızlar;

Həyat yoldaşlarını,

Gəlin donlarından

Daha rahat seçirlər . . .

...

Gələndə təpil ürəyimə

Kimsə görməsin . . .

...

Gözlərin dərya - dəniz.

Gecə;

Qoca balıqçı . . .

...

Nə pişiyimə piş deyiblər

Nə itimə daş atıblar.

Ürəyim tutulub qadası . . .

...

Şeir;

Çörək ağacı deyil,

Çörəkdir . . .

...

Geyməyə kəfən yaxşı,

Bölməyə vətən yaxşı . . .

...

Onların toyuqları qazdır,

Bizim qazımız cücə . . .

...

Böyük dərdlər böyüdür

Kiçik dərdlər çürüdür . . .

...

İnsan, şərab kimidir

Yaşlandıqca dəyərlənir . . .

...

Bu güllə çağında

Lütf edirsən açırsan Gül! . . .

...

Dayan ürəyim dayan!

Yox belə

Döyün ürəyim, döyün . . .

...

Bu boşluqda,

Bir mən varam

Bir təkliyim,

Birdə, bir gözəl milçək . . .

...

Günəş kimi çıxıb,

Ay tək batırsan.

Mən, əllərinə toxunmadan

Ölürəm . . .

...

Ağaların vicdanları

O qədər ayıq qaldı ki,

Ölüm yuxusuna getdi sonunda . . .

...

Meşəlik;

Ağacların doğma yurdu . . .

...

Narın-narın ürəyi var

Narın . . .

...

Cismini satdı,

Ruhunu,

Zənginləşdirmək üçün . . .

...

Həyatın anlamını anlamadı,

Ömür boyu qıldığı,

Namaz kimi . . .

(Azərbaycan Yazıçılar Birliyinin "Cənubi Azərbaycan ədəbiyyatı" şöbəsinin dəstəyilə çap olunur).

XS
SM
MD
LG