Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:32

Ədalətin ölümü heç kimi sarsıtmadı...


Yusif Hansen
Yusif Hansen

-

Bəlkə dövlət gəlib bizə pulsuz insanlıq kursları açsın?

İnanın ki, könüllü olsa gedən olmayacaq, əgər məcburi olsa, onda da qızlar bir kilo kosmetikanı vurub paltar və əşyalarını nümayiş etdirmək üçün, oğlanlar da bu qızları tutmaq üçün gələcək...

Yusif Hansen

ƏDALƏTİN ÖLÜMÜ

Ədalət. Necə də gözəl səslənən sözdür. Sadəcə sözdür, yoxsa insan adı?

Yenə də məsələ gəlir ikili standartlara. Baxır harda söhbətinə. Nə edək ki bəxtimizə, taleyimizə, qismətimizə yazılıb dünya standartlarının əksi. Yazılıb yox, üzr istəyirəm, həkk edilib. İş ondadır ki, bunu edənləri də biz çox gözəl tanıyırıq.

Reallığı görmək üçün nə ağıllı, nə savadlı, nə də ki digər istedadlara sahib olmaq lazım deyil. Elə küçəyə çıxmaq bəs edər. Heç nə yerində, qaydasında deyil. Ali savadlı, istedadlı, bacarıqlısı çörək pulunu itin sözünü götürərək, daşdan pul çıxararaq qazanır. Amma, ömründə bir kitab belə açmayanlar həmişə olduğumu kimi şellənirlər.

Hal-hazırda bütün baş verənlərdə əlbəttə ki, günahkar insanlardır. Hər şeyi edən, xaraba qoyan elə biz özümüzük. Öz mənafelərimiz üçün digərlərinin haqqını tapdalayıb, ədalətsizlik edirik. Hər şeyin başında yerlibazlıq, özündən razılıq, acgözlük, şərəfsizlik, vicdansızlıq dayanır. Hər şey sadəcə özümüzü qarşımızdakının yerinə qoya bilməməkdən başlayır. 5 manat pul görən kimi şişirik, ayağımızın altını görməməyə başlayırıq.

Bir xasiyyətimiz var ki, məhz günahı başqalarda axtarırıq. Ay dövlətdir, ay hökumətdir günahkar. Bəyəm orda olanlar bizim aramızdan olanlar deyil ki? Dövlət nə etməlidir ki bizim üçün? Bizə ədalətli olmaq dərsi keçməlidir bəyəm? Əgər biri rüşvət almaq, rahat pul qazanmaq xəstəsidirsə, onu bundan çəkindirmək mümkün deyil. Bir yolun tapıb edəcək. Nə edəcək ki, çoxumuz rahat pul qazanmağın yollarını axtarırıq. Və yaxud yeni başlayan yazarların yazılarını çap etməkdən imtina edərək biz özümüz yazılacaq yazıları və yazarları seçirik deyən sayt redaktorlarının başına dövlət gəlib ağıl qoymalıdır ki? Bəsdirin günahı başqasında axtardıq, özümüzü dəyişməyə çalışaq. Bəlkə dövlət gəlib bizə pulsuz insanlıq kursları açsın? İnanın ki, könüllü olsa gedən olmayacaq, əgər məcburi olsa, onda da qızlar bir kilo kosmetikanı vurub paltar və əşyalarını nümayiş etdirmək üçün, oğlanlar da bu qızları tutmaq üçün gələcək. Amma, öyrənmək üçün gələn tapılmayacaq. Onsuz öyrənmək istəyən üçün kurs, məktəb lazım deyil. O elə istədiyini tapıb öyrənəcək. İnternet, kitablar bəs nə üçündür ki.

Xırda nəsə olan kimi şüvənlik salan, tumanını başına çəkən insanları görən gözüm yoxdur. Ədalətsizliyi yaradanın məhz özləri olduğunu unudub düzgünlük tələb etməsi nə dərəcədə ağlabatandır ki. Baxın, biz məhz beləyik. Özümüz etdiyimizi unutmağı, lakin bizə qarşı edilənləri böyütməyi çox gözəl bacarmaq istedadına sahibik. Təsəvvür edin ki, rüşvət alan, haqlının haqsızın ayağı altında əzilməsinə şərait yaradanın ədalətsizlikdən danışması necə də gülüncdür. İş ondadır, başqasının canı bizim üçün əhəmiyyətsiz, öz canımız isə bizim üçün şipşirindir.

Deyirlər ki, ədalət topal ola bilər, lakin gec-tez lazım olan yerə çatar. Bizdə bu məsəl də işləmir. Ədalət topal deyil, onun ayağını birdəfəlik sındırıblar ki, daha yerindən tərpənə bilməsin.

Ədalətsizlik hər addımdadır. Daha haqlı olanlar deyil, məhz güclü olanlar qalib gəlir, istədiklərinə nail olur, digərlərinin taleyini, qismətini müəyyən edir. Vəziyyət o həddə çatıb ki, yaltaqlanmaq istəməyənləri belə bir yol tapıb öz tayları edirlər.

Bəli, əzizlərim. Ədalət artıq çoxdan ölüb. Onu siz, biz, hamımız birlikdə əl-ələ verərək öldürdük. Halvasını da yedik. İndi yalnız bir şey qalıb. Ədalət. O da yalnız insan adı kimi.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG