Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 02:27

Yeni şeirlər


Dalğa Xatınoğlu
Dalğa Xatınoğlu

- Dalğa Xatınoğlu

GÖZƏLSƏN

Bir yanımda:

Gözəlsən,
Utanıb, gözlərimi bir kəz qaldırıb,
Üzünə baxa bilməsəm belə gözəlsən,
Kor olsam, heç olmasam belə,
Yenə gözəlsən.

Yazı gözlərəm,
Qarşıma çıxan hər gülə əyilib salam söyləməyi
Yerinə, hər yetən ağacın budağını sıxıb, əl verməyi.

Gülləri solduran,
Ağacları donduran qışıa rəğmən,
Otağının buğlanmış camının arxasından da,
Hətta, üzünə tutan şalın altından belə gözəlsən.

Gözəlsən.

Bir yanımda:
Fotografçı kişi çaşıb, durdu sonra,
Nə mənə, nə də başqasına bənzəyən şəklimi görüncə,
Sonra şofer gözlərinə inanamadı bir tür,
Güzgüdən baxınca, mənə sım-sıxı sarılmış,
O, içində olmadığın paltarları
Sonra önümü kəsdi bir polis
Adın nə?- bağırdı,
Ürəyimdə, adım Heçkim- deyincə, hürkdü.
Sonra bir qəssab gördüm
Başından tutub, balığa üzmək öyrətdi
Evimə baxıb, bir quş uçmağı öyrəndi,
Ah evim, evim.
İçinə keçdim yorqun,
Saatı qiyamətə qurub yatasım gəlir.

SAÇLARIN

Saçlarının uzunluğudur ömrüm,
Söyləməyə gərək yox,
Bir teli də mənə çatmayacaq ömürboyu,
Bilirəm.
Haçan ömrü başladım ki, tükənməsindən qorxum?

Ürəyini sıxma,
Sənin nə suçun var saçın uzandıqca qısalan qollarımda?

Hadı,
Dənizi dəsmal götür əlinə,
Sil tərləmiş o günəş-üzlü üzünü,
Üzündən saçan ışıq şüasını dişləmək istərəm,
İstərəm yəni, istərəm.
İşıq saç önümə yol açan uçruma,
Burax Dalğalansın ömrümə çevrilmiş saçları.
Ürəyini sıxma,
Kəs ürəyin istərsə, kəs,
Haçan ömrü başladım ki, tükənməsindən qorxum?

İLK SEVGİ

Nəyə yarar sənə baxmayan bir göz?- demişdim,
Səni qucmadan necə yata bilərmiş insan?
Dodağınsız necə gülə bilər?
Ağzınsız necə doya bilər?
Səsinsiz necə oyanarmış? - demişdim.

Heç yaşamadım sankı bunlarsız heç zaman,
Səni ilk gördüyümdən öncə, itirdiyimdən sonra.

Baxışlarımdan başladı gözəlliyin, bilirsən,
Sonra üzün,
Gözəl gördüyüm qədər gözəlləşdi.

Ah bə, bir qış gününü xatırlaram,
Universitet önündəki parkı,
Çılpaq ağacı,
O da, bizim kimi qoyub-getmiş oradan indi,
Soyunub sevişmək istədik altında,
Zatən şəhər ağacsız bir meşəydi bizimçün,
Gözümə görünmürdü kimsə sənə baxınca,
Nə yaxşı görmədik kimsəni,
Tutulacaqdıq yoxsa, utanacaqdıq...

Səni sevməyə bir ürək yetməz,
Bir ömür çatmaz- dedim həmən,
Kor olar yoxluğunu görüncə gözlərim,
Kar olar dodağın susunca qulaqlarım,
Sən boyda boşluq açılar qucağımda- bilirsən dedim...

Sonra bir gecə yoxa çıxdı dodaqların,
Əllərini aradım ovuclarımda, yoxdu,
Gözlərin susmuşdu büsbütün,
Paltarını soyundurdum əynindən,
İçində tapamadım səni bir tür,
Bir qapı çırpıldı,
Sən getdin, ürəyim getdi, ışıqlar getdi,
Qəpiyini itirmiş uşaq kimi durub-qaldım,
Ama qulaqlarım,
Daha aydın eşidirdi səssizliyi,
Gözlərim daha açıldı yoxluğunu görməyə,
Ah biz, ah biz,
Ayrılıq sevgimiz kimi, ansızın, nədənsiz...

PALID

Buyur, istərsən, palıd ol,
Tək-ayaqlı dik dur bir ömür, büdrəyib-yıxılmadan,
Öləndə də ayaq-üstə öl,

İstərsən, kişilərin əlini utandır,
Yarpağındakı qabarıq damarlarınla,

İstərsən alnına yazılsın
Min dəfə yazı görmək, min il yaşamaq,
Nəsillərin canlı tarixinə çevrilsin təninə çəkilmiş cizgilər,
Budağında yellənincə şıltaq uşaqlar.
Arxanda arxayın öpüşüncə aşiq gənclər
Ömürboyu kayfını qovub,
Kölgəndə tutunca yorqun qocalar.

Buyur, istərsən,
Nəsillərin xatirə dəftərinə çevrilsin,
Hər tərəfi cızıq-cızıq yazılmış gövdən,
Hər kəs keçmişində itirdiyini,
Dönüb xatirə axtarsın səndə.

Nə olacaq sonun?
Çoxdan uçub-getmiş bir quş yuvasını,
Xəsis göylər önündə,
Dilənçi kasası qaldırmağından başqa.

Nə edə bilərsən ki?
Poladdan da sərt o palıd budağın sınırkən,
Başqa ağacdan daha uca səslə şaqqıldamağından başqa?

OĞLUM ÜÇÜN

O qədər gözəlsən ki,

Gözlərimin əlində qalıram,

Yenidən üzünə dönür hara qaçırsam baxışlarımı.

Ayaqlarım öz əlimdə deyil ki,

Sənə uzanır bütün yollar, bilirsən.

Sən də uzan
Uzan yanımda yorqunam gülüm,
Qaçırma dalınca məni yollar kimi,

O qədər şirindir ki,

Yenidən udmaq istərəm,

Sənə deyiləsi sözlərimi içimdən ağzıma çatınca.

Necə də dadlı-dadlı yellənirsən aypara beşiyində,
Dağa çəkirsən qəlbimi,
Dənizdə üzürsən ürəyimi,
Əl-ayaq vurmağına vuruldum gülüm,
Necə də göyqurşağından duzlu duzlu sürüşursən,
Gözlərimin yaşı kimi.

Danış gülüm,
Nə istərsən təkrar-təkrar,
Böyüdükcə görərsən,
Arzular boğazdan dodağa çatınca ölür,

Danış gülüm,
Böyüdükcə ürəklər arzular qəbristanı olur
Böyüdükcə görürsən,
Yalan da həqiqətdir, gerçək də.

Hələ uşaqsan,
İtirib unudursan ən çox sevdiklərini,
Sonra böyüyür insan,
Bezdiklərini belə itirməkdən qorxur.

Gündüzü oturmaq, gecəni yatmaq bilməzsən,
Bu gözəl,
Böyüdükcə insan,
Gündüzü qıçının yatması,
Gecəni yuxusunun qaçmasından qorxur.

Axı sən kimsən?
- Gözəlliyi yenidən yaratmaq həvəsim.

Ah bə bu körpə yaşlar!
İnanmazsan, əmin Nazimdən sor,
Bugün yaran bir öpüşlə bitir,
Böyüyürsən bir öpüşlə başlar.

Sonra anandan soruş,
Bal şəlaləsi töksən də,
Ələyin gözü dolmur,
Məsəbbətin sonu olsan belə,
İlk məhəbbət olmur.

Birinin ölməyi gəlmişdi dedim anana...
Sıxıb boğduğunu xartırlarmısan cücəni?
Yaxşı utanma, özü ölmüşdü dedim,
Üzüldümü?- sordu,
Hələ bir az da gülməyi gəlmişdi dedim anana.

Ama xatırlarmısan?
Sonra tərpənmədi nə qədər çağırıb-çığırsan da,
Yəni həyat bu oğlum,
İflic edirlər insanı,
Sonra tərpənmədiyinə küsürlər!

Yaxşı üzülmə,
Qalan cücələri düşün, boş ver,
Götür ay dəryazını gecələr,
biçib ulduzları dən tök önlərinə.
Götür ay piyaləsini gündüzlər,
Göy dənizindən su qoy hinlərinə.

Yaxşı üzülmə gülüm,
Gözlərini yumub, qollarını açı ver, bitər
Sıçrayıb qucağıma maçı ver, ötər...

Sən heç bir iddiası olmayan körpə,
İddiasızlığın nə olduğunu bilirmisən?
İddiasızlıq ən böyük iddia!

Dünyanı sevgi xilas edər- derlər,
Eralar keçdi,
Hələ də sevgi allahı kor,
Vicdanı başa düşməyəcək qədər uşaq.
Onunçün derlər, onunçün.

Zatən aşiq doğulur bütün insanlar,
Beş yaşından artıq böyümür ki,
Sonra çaşıb,
Böyükmüş kimi davranır
Zatən şair doğulur bütün insanlar,
Sonra çaşıb,
Biri kral olmuş,
Biri başqan,
Və başqaları qul.

Cibindən gedib,
Öpüşdən başqa hər şeyə xərclədiyin pul.

Oxumaqla deyil ki,
Aşiq olunca bilirsən,
Bir üstə gəl bir, bir olur,
Aşiq olunca bilirsən,
İkidən biri çıxınca sıfır qalır.

Uduz eşq qumarında büsbütün,
Qalmasın heç nəyin,
Yeni bir qumara həvəsindən başqa.
Yəni qalmasın aldığın heç bir borc,
geri qaytarmağa nəfəsindən başqa,
Bəli,
Ən ideal həyat, yenə bir faciə,
Ama sonrasından qorxma,
Kimsə görmədi sonranın çatdığını,
İçindən kənarda heç bir xəbər yox,
Boş ver,
Dünya top gülləsi kimi ağır və köpük qədər boş
Bilərək yaşamaq nə gözəl.
Bəli,
Böyüyüb görəcəksən yəqin,
Yoxsullar doyacaqlar birgün,
Yaşamaqdan doyacaqlar yoxsullar.

Sıxma ürəyini,
Al portağal soyum günəşi səninçün,
Ayı limon sıxım çayına,
Al buludları şəkərpambığın olsun,
Al ulduzları duz səpim yeməyinə...

O qədər gözəlsən ki,
Yanında durmağa utanıram,
Ama çox gözəllik də çox pul kimi bir şey,
Mutlu olanını görmədim heç.

Yaralarla naxışlanmış vücuduma bax,
Özü bir sənətdir, balam
Alnımın qırışlarını oxu sətir-sətir,
Bax, içimdə bədənim boyda yaram,
Ama, hələ də sevdim həyatı,
Hələ də sevdim.
Gözəlliyi itirmədim ki,
Sənə ötürdüm büsbütün,
Heç özüm də bilmədim,
Haçan dəniz boyda mirvarı qoydum gözlərinin sədəfinə,
Baxınca özümü görürəm səndə.
Gəncliyimi bitirmədim ki,
Səndə başladım yenidən,
Ah gülüm,
Ayaqlarım öz əlimdə deyil ki,

Sənə uzanır bütün yollar, bilirsən....

UZAN SONUNA QƏDƏR

Yetər striptiz, düş zaldan gedək,
Bizə nə dəxli var ömürboyu kayfını qovub
Gətirib barda tutmaq istəyənlər?

Bu gecə bizim,

Uzanaq sahil qumlarında,

Uzanaq, sənsiz gecələrimin uzunluğu qədər uzun

Bizə nə gündüzü çörək dərdi çəkənlər?

Qalx işə, sağa-sola işə! Haydı varına-yoxuna işə

Bağışla, coşdum, ama doğrusu bizə nə?

Bizə nə açılmaqçün səhərin açılmasına tələsən güllər?

Mən heç tapmadım səbəbini,

Bənövşənin bükük boynu,

Krizantemin toppuş, yumşaq yanağı,

Və lalənin bağrındakı qaranın!

Yanaq demişkən, yanağın heç yuyulmamış istəkan,

Türlü-türlü dodaq izləri var üstündə,

Yaxşı üzülmə, sevsəm keçib, gedər.

Ama doğrusu bizə nə?

Bizə nə dünyada neçə yüz min gül növü var?

Ama süsən gülünə əminəm, inanıram bir tür,

İnanıram Həvva boylukən gözyaşından bitdiyini,

Mifdən-dindən inandığım təkcə bu.

Yaxşı utanma, utanmağa hər zaman səbəb var,

Ama mən heç tapa bilmədim,

İnsan vücudu 70 faiz sudursa öyünməyin səbəbin?

Yaxşı unut, susdum artıq, uzan

Uzan, xoşbəxtliyə aparan ömüryetməz yollar qədər uzun

Uzan sənsiz gecələrin uzunluğu qədər.

Ayparaya əlin çatana qədər uzan,

Bax saqimizdir fırlanan kainat,

Zəngi rəqqasəsidir göy, əlində gümüş piyalə,
Bax, qarşında əyilib göy,

Bax milyon-milyon ulduzlara,

Bizimçündür gözvurma yarışları dayanmadan

Fərq etməz, sən oğlan san, mən qız

Bax, milyon-milyon sevənimiz var,

Fərq etməz, mən oğlanam, sən qız.

Bu da bizim bar,

Tamaşa qurub bizə dayanmadan fırlanan zəngi rəqqasəmiz,

Hələ tələləsmə, hələ gecədir, tələsmə a qız,

An gəlir striptiz də görsədər, o da son tamaşamız,

Hələ tələsmə səhərin açılmasına,

Günəş başını qaldırıb,

Kölgəmizin bizdən uzun olduğunu göstərmədən, utandırmadan-

Hələlik uzan, uzan qumlar üstə, sonsuza qədər uzan.

SƏNİ SEVMƏK NƏ GÖZƏL

Köpük kimi titrəyən gözlərlə

Nigaran, üzünə baxmaq,

Sonra qayıdıb,

Adını ürəyimdə bağırmaq,

Acı olsa da, gözəl.

Mən gözəlliyinə vurulmağa məhkum,

Sən o gözəlliyi bir gün itirməyə,

Sənin dərdin daha böyük.

Mən tənha deyiləm, bilirsən, sənsizəm

Bütün dünyanı yesəm belə,

Dodaqların yoxsa acam yenə,

Döşlərin möhtəşəm.

Boğazın sevgi ilə ehtirasın bitişdiyi yer,

Sonrası gözəllik, sonrası şeir

Maskalar var, bilirsən,

Yaşamaqçün hava qədər lazim,

Dəyişirsən ara-sıra,

Sonra gerçək üzünü unudursan bir gün,

Gözlərindən baxıb özümə,

Xatırladım kimliyimi,

Gözlərin ayna....

Necədə duzludur gözyaşın, bir dəniz,

Yanağının sahili qarşısında,

Əyilib əllərin dizinə çıxrpan dalğalar

Sonra min köpükə çevrilib,

Min titrəyən gözə,

Nigaran, üzünə baxmaq.

Acı olsa da gözəl.

PİANOM VARMIŞ KİMİ

Hərdən səninçün,
Otağımda pianom varmiş kimi,
Əllərim öndə, qalxıram,
öncədən hazırlanmış.
ardıcıl tərpənir barmaqlarım,
Üzümdə bir təbəssüm,
Ürəyimdə bacardığın rəqsə uyğun muqisi,
Qulaq eşidəcək qədər canlı,
Gözübağlı rəqsini görə bilərəm, bunu bilirsən,
Sonra pianomu axtarıram...

Pianom olmamış heç zaman, yenə yadıma düşür
Üstəlik, musiqi bacarmam, not bilməm.
Yerimə otururam, əllərim göydən asılı qurumuş,
Barmaqlarım payızlamış solmuş kimi,
Tingin yarası kimidir sevgi, ağaclandıqca böyüyür, bilirsən.
Sonra səni axtarıram otağımda,
15 ildir yoxsan yadıma düşür...

GÖTÜR KÖRPƏNİ GET

Yapış ətəyindən yelin,
Düşünmədən get

Anasının donunu tutan uşaqtək...

Burada az anlayıb, çox inanan insanlar bol,
Səninsə ürəyin dünyanın ən izdihamlı şəhəri
Səninsə çevrən boş,
Götür körpənin gələcəyini, indi get,

Qəzəblə yumruğunu sıxma,
Onsuzda insanlar,
Sıxılan yumruğu deyil, ehtiyaca açılan ovucu sevir
Tut ucundan yağışın dırman göyə,
Uşağa şəkərpambığı ver buludları,
Portağal suyu çək günəşdən onunçün.
Qoy aypara beşiyində dincəlsin,
Tanrının barmağını əmzik qoy ağzına,
Dadını çıxarsın təkliyin onun kimi.
Onsuz da bir gün öyrənməli,
Hansı tanrının lənətinə gəldik?
Ağıl papası Şeytan da getmiş, qaçmış, bezmiş
Onsuzda izdihamdan bir gün iyrənməli...

DÖZÜM BUCAĞI

Yerə yıxılıb, çırpınan çaylar,
Yoxsa ayaq üstə ölən ağaclar,
Nə fərq edər hansı olaq?
Bizi də udacaq bu şəhər.

Günəş, batan yerdə donub-durur
Onunçün bu şəhərdə kiçiklərin kölgəsi böyük
Dözüm bucağına sıxıldım.

Götür çantanı, yola düşək,
Qadının diri qalmasına nə lazimsə götür,
Karandaş, üz losyonu, pomada, saç boyaları,
Daşa limanlara kölgə göz makyajı, üz maskaslarını,

Məminçün ümid, intiqam, yoxsa sevgi götür- fərq etməz
Kişiyə diri qalmaqçün biri də yetər.

Addımalayaq batısı-doğusu olmayan,
Güneysiz-quzeysiz yolu günəşə doğru.
Uçaq,
Uçmaq bir ehtiyac.

Buyur yarımçıq ayı, başına tac qoy
Günəşə ip salıb asım boynuna,
Istədiyin ulduzu seç, xal qoy, sonra gül.

Burax, bu şəhərin daş düşsün başına ay,
Od düşsün içinə günəş,
Götür çantanı.

Ay bacadır göy arxası dünyaya,
Yer kürəsi leş kimi ağır- köpük qədər boş,
Burada, reyzin kimi uzanır yollar,
Saqqız kimi dolaşır əl-qoluma
Yollar şallaqdır, belinə çəkilib yerin
Günəş, qanlı yaşdır -axşamlar -
Üzündən damlar göyün.

Ay bacadır göyarxası ışığa
orada sən varsan, daha heç kim,
zatən sən varsansa, heç kim yox.

Qaçmaq istərdim, yuxum kimi,
uçmaq, başımdan uçmaq
uçmaq bir ehtiyac.

Bu mənəmmi əl, ayaq və artıq yük?
Kiməm, hardasan?
Uçuş demək olarmı bir tikə lələk, sümük, dəriyə?

Qaçmaq istərdim, ay bacasından çıxıb.
Bu nəsnələr zindanı sıxır məni
Qovuşmaq istərəm səninlə birgə o sonsuza

Orada yüz il çəkər bitsin bir saat,
Ora zamansızlıq
Bir milyon saat makyajın çəksin,
Kim tələsir ki?
Bir göz qırpımında yaradaq bir uşaq,

Göyqurşağına oturub yellənək,
Burax kəndirbazlıq edim göyqurşağında bir az,
Bezdim,
Ucalara qalxmağım gəlir,
Əyilib üzündən öpüm dağların sonra
Tök istəkana ükyanı, ay həbbini ver atım,
başım ağrıyır,

Dur buludları töküb- çırpaq yün kimi,
yorğan-döşək dərdini çəkincə.

Dur günəşi çörək bölüb dişləyək.
Yaxamızı tutub- çəkib cənnətə sürüyür bizi Tanrı,
Bezdirir hər an, bilirsən.

Sən ən uzağı, dilini çıxara bilərsən acıqdan,
Mən hirsimdən dırnaqlarımı çeynərəm biləklərimə qədər.
Burax.

... Bir göz qırpımında yaradaq,
Burax kosmosa tullansın şıltaq uşaq
Günəşin üstündən atılsın ilin son çərşənbəsi

Uşaq nə bilir qan nədir, neft nə?
Nə bilir, “Tanriya toxun, dövlətə yox”?

Mən bütün filosoflarla tanışam
Nə xaç düzəldiblər, nə çaxır, nə çörək
Kitab qurdu, sonra heç ...

Ürəyim daşa dönüb,
Sənsə gözüm yaşı kimi bir şey- ağlasam da gəlməzsən.
Həm də, gözüm yaşı qədər duzlusan,

Çaşdırma nazınla, burax,
Burax kəndirbazlıq edim göyqurşağında ...

TANQOMUZ

İki addım irəli və üç addım geri
bizimki bir tanqo, birləşəmədik nə qədər çevik fırlansaqda
küskünlər valsıdır sarışmamız
Düşmən kimi baxdın ayıqlığıma
zatən qadınlar ayıqlığı sevməz
...Haqlısan,
röyamdın, ayıldım bitdin
Beynimə ısırır şeirlər, kiatblar və nifrət etdiyin hər şey
Üstümə gəlir
Haqlısan,
o gəlirsə sən getdin...

YUXULARIM REAL SİNEMA

Yuxularım real sinema

sən kabuslarımın aktrisası

Gül mənə,

dəlicəsinə gül,

Dişlərin üzümə itilmiş mişar kimi,

kəs gövdəmi, min yerə böl

yaralı köksümdən fidanlar baş qaldırmada

Bu gecə özümlə əlbirəm cinayətə

addım-addım intihardayam

sənin fantastik əllərinlə

Dar ipini boynuma saldırmada

Ooooh, əllərin nə sərin!

Düşlərimin arasında,

Öz əlim gövdəmə toxunduqda,

Diskinib, ayılıram

Bu da yeni bir fəlsəfə: -“Mən qorxuramsa varam!”

Gövdəm boydadır içimdə yaram

Yenə şeirdən dustaq tikmədəyəm

Kəlmələr daşı çiynimdə

Çeşitli planlar beynimdə

Satın qul kimi,

Heç bir örtük əynimdə!

23 il üzümü divara söykədim

Gözlərimdə qızlığı getmiş bir uşağın utancı

12 yaşlı bir oğlan varmış

yeni ayılmış

Birinci dəfə içində sevgini duymuş,

Köylərinin fahişəsinə vurulmuş.

12 yaşlı bir oğlan varmış bir zaman

Anası da ondan diskinər, çəkinərmiş!

Bu da bir əcayib iş!!!

Ürək,

Ürək sirlər- sevgilər qəbristanı olur bəzən,

Nə fayda?

əyilib gözlərimin içinə baxıram,

hələ də şəkili gözümdə durur,

üzümdə gözlərim boyda sübut,

sussamda ağzımdan onun qoxusu gəlir,

biləcəklər…
Sağduşum, solduşum fahişələr,
yəni Tanrının dişi elçiləri

Heç bir suçum olmadan yaşamağa məhkumam,

Və səni sevməyə!

Nəfəs dərmədən düşünmək zorundayam

Və ayılmaq təhlükəsində...

Yuxularım real sinema

MƏNİM ADIM HEÇKİM

Adımı sorsanız,
Mənim adım Heçkim
Günəş kölgəsi də deyə bilərsiniz.

Bəri bax, bəri
Gözlərinizə göstərdim bütün görəməzlikləri
Qulaqlarınıza bağırdım bütün eşidəməzlikləri
Şeir fəlsəfəm “olmaz”lar üzərində qurulmuş
Habelə bir də,
Ürək sözüm yazmadığım şeirlərdə.

Adımı sorsanız
Mənim adım Heçkim
Sükutun səsi də deyə bilərsiniz

Haqqınızı yediyim doğru,
24 il artıq yaşadım
Danmıram ki
180 sm artıq dikəlmişəm
Kəsin hər yerimi, sizin olsun
Danmıram ki
60 kilo artıq kökəlmişəm
Kəsin ətlərimi, sizin olsun
Sümük kimi sızladığım, ürək kimi göynədiyim yetər
Habelə bir də,
Hirsimdən dırnaqlarımı biləklərimə qədər çeynədiyim yetər
Adımı sorsanız
Mənim adım Heçkim
Su ləkəsi də deyə bilərsiniz

Əyilib gözlərimin içinə baxıram,
Yalanlarımı çıxarmaq üçün
Axı,
Hansı ölü mənim kimi yata bilər?
Yatdım da büsbütün
Hansı fahişə ürəyini də sata bilər?
Satdım da büsbütün
Hansı dəli mənim kimi qata bilər?
Qatdım da büsbütün

Çəkin aldanmayasan ha!
Kövrəlmə göz yaşıma,
Gizlicə gülməyim gəlir
Burax məni tək başıma,
bu gecə ölməyim gəlir

Adımı sorsanız mənim adım Heçkim

BƏBƏK QIZ

Gözləri yerə dikilmiş,
Xiyabandakı işıq dirəkləri kimi,
Dilənir bəbək qız.

Dişləmək istərdim gözlərindən saçan işıq şüasını
Gözləri duzludur, sankı dəniz

Kim ovcuna qəpik qoyacaq günəşi?
Kim ətəyinə çörək qoyacaq ayı?
Ah, bəbək qız,
Kimsə bilmir əldən tutmaqla ruhu zəncirləmənin incə fərqini*,

Dur da gedək,
Götür qarşındakı çanağı,
Kimsənin yatağına düşməyə gərək yox,
Alaq neft yatağını,
Alaq payını versələr,
Verməzlər...

Üşüyürsən,
Ama od düşür canıma günəş,
Baxırsan,
Ama daş düşür başıma ay,
Susursan...

*Borxes

AĞZINDA BITDIYIM QADIN


Ağzından başlayıb, ağzında bitdiyim qadın
Ara-sıra qulağına pıçıldadığım şeylər də oldu
Ama burnuna toxunmadım
Belə başladıq gülüm,
- Sayğılı, sayıqlı-
Döşündən öncə ağzından duydum anamı,
Anlamadığım sözlər,
Hala da anlamadığım sözlər.

Ağzım boşluğu boydadır şeirlər, yalanlar və söyüşlər
Kosmosu toz kimi- yox bağışla-
Kosmosu siqaret tüstüsü kimi ağzına udar mən.

Ah, gülüm, tapança ağzından çıxar həyatımın son qərarı
Düşün ağzımdan başlayan dərinliyi
Düşün ürəyimdən başlayıb, ağzımda bitən gülüşləri,
Düşün ağzında boylu bir qadın köpüklərin
Ağzımı iyləyər polis, müxalifət qoxusu gələr birdən,
İşgəncədən sonra, ağzımda dilim boyda sübut,
Ah, can dustağı, ah…
Ah, vicdan dustağı, ah…
Belə qurtardıq gülüm.


HANI BAŞIMDAKI NƏŞƏ?
Hanı başımdakı nəşə?
Hanı ömrümü sonduğum peşə?
Hanı Anam kimi sevdiyim fahişə?
Hanı polislər,

kişi sümüyündən yonulmuş çomaq bellərində
Qadın saçından hörülmüş şallaq allərində
Hansı dilə gəlməz söyüş dillərində
Hanı hökümətdən qorxum?
Mənim heç kimim olmadı
Anam olmadı
qoynuna girəmədim ki
Babam olmadı
Cəsarətini görəmədim ki
Heç bir qadını sevmədim
Birisini sevdim,
Nə yazıq, özümü ona sevdirəmədim ki!
Heç bir oğlum olmadı
Su içmədi ovuclarımda
Heç bir qızım olmadı
Saçlarını hörəmədim ki
Tanrımı fəlsəfə küçələrində itirdim bir gecə
yanlızam
ömrümü bitirdim bir gecə,
yanlızam
Boşluğa yetirdim bir gecə
yanlızam
Ənənədə insanlıq var, insan yox
Modernitədə insan var, insanlıq yox
Heç bir məktəbə erəmədim ki!
İmansızlığa iman gətirdim bir gecə
yanlızam
Hanı başımdakı nəşə?
Hanı darısqal küçələr
Hanı qaranlıq gecələr
Hanı gözlərinə vurulduğum fahişə,
Hanı?

SONRA SƏN DOĞULDUN

sonra sən doğuldun
Mənim yalnızlığıma
Açıq desəm doğrusu,
Ananın bətnindən qovuldun
Biz yatmadan, tam ayıqcasına
Ən dəhşətli kabuslar gördük
Və, qeyrət bazarında
Bir paraya satılmış namuslar gördük
Boş ver canım!
Tanrının gözündən düşmüş,
Ananın bətnindən qovulmuşlarıq
boş ver canım
ölümə doğulmuşlarıq
Biz yellərcə özgür- quşlarca azad məhbuslar gördük
Tribuna arxasında
Yaşayışa “veto” qoyur bir səs
Umid verir intihara
“Bu geniş dünyada qəbir azlığı yox “ - bağırır nəfəs- nəfəs
Alınyazım yarımçıq qazılıb canım
Və taleyimin son səhifələri
Ağ- appaq buraxılmış
Biz ölmədən qəbrimiz qazılıb canım
Son çabamızdır bu zəhərli havadan utmağa
23-ildir boğulmuşlarıq biz
ölmüşük,
dirilməyə umid yox
23- ildir doğrusu
ölü doğulmuşlarıq biz
Boş ver canım
Atamın qurumuş leşin
Otağımdan zibil kimi süpürə bilməm
Anamın döşündən əmdiyim sütü
qaytarıb- üzünə tüpürə bilməm
Içərim qorxularla dolu
ölum qorxuludur, yaşamaq ondan da qorxulu!

ANAM

Anamı sorsanız,
Köylü bir qadınmış derlər
Məktəbə getməmiş
Adının cizgisini çəkirkən
Nöqtəsini unudardı hər zaman
Dodağı qaçardı bir gülümsəyə
‎Əyri-üyrü söyüd budağı imza
Başı zavallı anam.

Min doqquzyüz-unudulmuşuncu il:
Anamı sorsanız 14 yaşı varkən
Boylu bir qadınmış derlər
Gövdəsi dum-duru
Arxasından günəşi görərdim
Bənizində dişlərdim almanı
Dodağından alov,
Döşlərindən ay ışığı fışqırar
Hər səhər əllərimi saçlarında yuyurdum
Anamı sorsanız,
Bir azca dəli,
Bir azca dolu bir qadınmış derlər.

Ətəyi reyhan, əlləri xəmir qoxuyur

Hələ də qoxusu burnumda

Ş
ıltaq bir uşaqdım
Bu uşaq Allahın bəlasıdır- derdi
Gündüzü oturmaq
Gecəni uyumaq yox
Hər gecə boylanıb pencərədən:
“ Vay mənə Bax bir qara devə,
Torbası çiynində, örtüyü əynində,
Nə də qanlı gözlərini tikmiş evə!",
Sonra özü də qorxurdu.

Sonra böyüdüm
Ağzımda süd əllərimdə qan qoxusu Bir gecə üstünə vardım
…. B
irinci cinayət doğuldu əllərimdə,
Hələ də yadadır yalvarışları,
Hələ də gözümdən itməz sonuncu baxışları
Dodağı göm-göy bənizi sap-sarı
Altıma sərildi leş kimi
Sonra da zavalli bir quş kimi
Titrəyib boğuldu əllərimdə
Büs-bütün susdu
Qurumuş bir ağac da olmadı sındığına şaqqıldasın
Vay mənə, birinci cinayət doğuldu əllərimdə... Məzarından alov püsgürürdü,
Əllərimi ciblərimdə gizlətdim
Hamının baxışlarını izlədim
Və sonra, ürəyim durmadan vururdu
Yağış yağmadan, yel əsmədən dururdu.
Ağzımda süd əllərimdə qan qoxusu
İçimdə vicdan dışımda polis qorxusu...
Sonra böyüdüm
Sözümü ürəyimə utdum və hər şeyi unutdum
Anamı sorsanız,
14 yaşı varkən, ölü bir qadınmış derlər...


MƏN NƏ QIZLAR SEVDİM...

Mən nə qızlar sevdim
Sevdim də dəli tək
Vay bə, nə qızlar sevdim
Hamısının adı Çiçək!

Üzülmə ömrün tükənirsə, üzülmə oğlan
Üzül başlanmamağından.

Qorx İnsan oğlu qorx
Suda boğulmaqdan, doğulmadan
Və gunahsız ölməkdən, heç bir suçun olmadan.
Ama onsuz da qadın qurtarır, gecə yox
Mən nə qızlar sevdim, mən...
Yenidən qaytarın məni ana qarnına birdə
Təpin qarnına, lap da belə doğulduğum yerdən!
Mən nə qızlar sevdim, mən!
Düşün ağacları düşün
Ayaq üstə öldüklərin büsbütün, barı düşün
Düşün üstümə yaxılmış qanı
Düşün - bir azda olsa
İyrən ətəyimə çörək qoymaqdan
Ama saqın o qızdan saqın,
Saqın yolunda ürək qoymaqdan
Mən nə qızlar sevdim, mən!
13 yaşım varkən də başladım, uşaqkən...
Sən haaa! saqın almanı dərməyəsən ha!
Saqın onu əllərinlə soymaqdan
Saqın ətəyinə qoymaqdan
Və sonra bir diş vurub doymaqdan saqın.

Bax əllərimi bulamış mor dadlı qan
Mən nə üzlər öpdüm, nə əllər tutdum, deyəməm,
Ax, nə bellər qucdum, deyəməm
Və bir daha nələr-nələr etdiyimi söyləyəməm.
Qəbirmi azlığı var, ölməkdən qorxam?
Yoxsa para istərmi ölmək?
Üzülmə ömrün tükənirsə, üzülmə oğlan
Üzül başlanmamağından!
Vay anam anam!
Kim məni püləmiş qarnına?
Məndənmi qoyu almış öncədən? Xatırlamam.
Axı kim şişirmiş onu?
Utanma söylə,
Kefdənmi başlandi,
Ağrıdamı bitdi sonu?
Hirsimdən çeynərəm dırnaqlarımı
Çeynərəm də ətli sümüklü
Hamı kişilər tərli
Hamı qadınlar yüklü
Yazığım gələr uşaqlara
Etiraz da bacarmazlar yerli dibli.
Yenidən qaytarın məni ana qarnına birdə...

BİR DAHA GÖYÇƏK OL

Sonra sənimi qızıb-söydüm?
Görüm bə kül ələnsin başıma kosmos
Sonra sənimi dilimlə döydüm?
Görüm bə çiban deşilsin içimdə vulqan

Dönəcəkmisən görən!
Yəni unudacaqmısan,
Və bir daha gizlidən,
Gözlərimi tutacaqmısan?

Biz az da kövrək ol, dön mənə
Bir az da ürək ol, döyün mənə
Bir az da Çiçək ol, soyun mənə

Həyəcanımı gizlədəməm
Büs-bütün adrenalinmi,
Yoxsa qanmı axır damarımda?

Bir kəz sənin,
Ama min yol öz dodaqlarımı dişlədim.

Sonra sənimi aldatdım?
Gövdəm yerə soxulsun leş-leş
Sonra sənimi büzüşdürüb bir kanara atdım?
Görüm bə od düşsün içimə günəş.
Görüm bə daş düşsün başıma ay!

Dönəcəkmisən görən,
Yəni unudacaqmısan?
Və bir daha gizlidən
Gözlərimi tutacaqmısan?


QAYIT DA BİR DAHA

Qarşımda bir qoca var
Hamıdan küsmüş
Və 40 ildir daş kimi susmuş


Hörümcəklər var saqqalında
Və ətəyində bir quş var,
Səssizcə yuva qurmuş

Ürəyindən nələr keçər biləməm
Bütün alimlər yığışıb da aça bilməz gizin,
Qarşımda bir qoca var
40 ildir peşindədir
20 yaşlı bir qızın...

Vay məni Çiçək!
Qayıt,qayıt da bir daha
Təki səndən bir uşağım olsa ha ...

Önümdə reyzin kimi uzanır yollar
Saqqız kimi dolaşır əl-qoluma,
Yollar şallaqdırlar, belinə çəkilmiş yerin
Və günəş qanlı yaşdır,
Axşamlar,
Üzündən damlar göyün.

Boş ver allahına bax
Burax
Burax o alov qızını burax

Tələs qız,
Bir saatdan sonra görüşəcəyiz
Yəni yüz il çəkər bitsin bu bir saat.

Bir daha əllərim, əllərini tutsa ha
Və sarılsaq sım-sıxı, soyuq gecələr
Təki, səndən bir uşağım olsa ha...

KÜÇƏ UŞAĞIYAM

küçə uşağıyam

Küçə söyüşlərinə öyrənib dilim
Təbəssümümdə gözəlliyin sınayan qızları heç də sevmədim
Qeyrət yüküyəm
Küçə qızıdır sevgilim
Küçə divarlarına yazdım şeirlərimi, ara-sıra görə bilərsiniz
Üsyançı mübarizəm
küçə daşıdır silahım
Və anasını sıxdığım polislər var
Süleymanın sümüyündən yonulmuş çomaq bellərində
Ayişənin saçından hörülmüş şallaq əllərində
küçə kayfıma əngəl
Arxadaşlarıq Süleyman və mən
Qardaş kimi bölüşürük hər axşam
Göylər qələr dərdimizi
Və barmaq boyda nəşəni
Birdə dünyalarca sevdiyim Ayişəni
Bir parça şər və bir tikə boz ləkəyik ağ mədəniyyətizə
bizi dana bilərsiniz
onsuzda biz yoxuq
biz zatən heç zaman olmamışıq

HAYDI DURMA GƏL

Hanı birdən qarşıma çıxdığın?
Hanı tər-tər canımın köynəyin sıxdığın?
Dağırtdım baxışlarımı gözlərinin dibində
Hadı yetər,
Hanı evimi başıma yıxdığın?
Və sonra məni öylə qərib,
Öylə yetim, bir kənara buraxdığın!
Heç nəyi sorma gəl.

Hey şərəfinə dəniz-dəniz içdiyim
Hey özümdən addım-addım keçdiyim,
Yat üstümə toz kimi,
Qıvrıl boyuma sarmaşıq-sarmaşıq
Açıl önümdə roz kimi
Axı kim səni boyuma biçdi?
Axı kim səni mənə seçdi?

Ah canım,
Gözlərimə inana bilməm,
Bu mənəmmi,
Üzünə öyləsinə durub baxdığın?
Bu Sənsənmi,
Yaxlaşıb, nəfəsini ağzıma buraxdığın?

Sal canıma gözlərini
Yırt məni üzümə itilmiş dişlərinlə
Üz məni bacardığın işlərinlə
Haydı məni yorma gəl!

Hanı bəs hanı?
Haydi Adamlığımı ayaqlarına tökdüyüm
Dadızdır mənə Havvalıq dadını
Göstər mənə almanın qırmızlığını
Göstər mənə qızlığını!

Kim səni mənə dərdi?
Kim səni mənə qabıq soydu?
Axı kim səni ətəyimə qoydu?


YAXALAR ÖLÜM MƏNİ

Hər addım qarşıma çıxdıqda ölüm,
Süzülüb barmaqlarımdan damlar göz yaşım
Və qan gölündə çimərəm hər gün
Ürəyim titrəyər əllərimdə
Titrəyər də gülüm!

Düşün məni bu halımda
Düşün bir az da olsa...

Otağımda namaz qılar qəsdən
Əri ölmüş Ayişə bibim
Bəzənər, qırcanar və nazlanar Tanrının önündə
Qeyrətim coşar!
Gözlərimin içi tərlər hirsimdən, yanaram
Və dizə çökər,
dizə çökər tanrının önündə fahişə bibim, qısqanaram.

Hələdə sümüyü tirtrər məzarda anamın
35 il öncəsini xatırladar ap-aydın
Utanar qız körpəsindən,
Qoynunda gizlədər bir bax,
Və hırıldar bibim
Və güruldar bibim- oğlan doğmuş-
Güruldar buludlar kimi şax-şax...

Düşün məni bu halımda
Düşün bir az da olsa...

yaxalar ölüm məni
Yaxalar məni ölüm
Və əjdahadır,
Qan gölündə çimdirər məni hər gün
Didib də udar
Qurtar məni, gəl də məni qurtar
Qulun olaram gülüm

Evdən qaçdım bir səhər
15 yaşım varkən də qaçdım
Daş divar dikərdik Mustafa və mən
Qarın əkməyinə, qarın yeməyinə işlərdik

Barmaqlarımız göyərdi Duzalın sazağında, yorulurduq
Və qovruldu ətimiz Culfanın istisində, pişərdik
Cəfa çəkdik cəfa!

O axşam darıxırdı Mustafa
Dışarı çıxdı,
Hüzündən gözləri dolmuşdu
Heç qayıtmadı bir daha...

Zindanı xatırlaram,
Əlim-gözüm bağlı
Və beş qarış quru yer
Üstümə bağırar müfəttiş
Başım gicələr
Və beynimi dələr sorğular birər-birər.

Bir korpusdaydıq İsmayıl və mən
Qarısı ac və uşağı çılpaq gəzər məhəlləni
Çörək oğurluğunda tutulmuş
Və həmən basıldı İsmayıl
Sonra elanını gördüm divarlara vurulmuş:
Bağırsağından asıldı İsmayıl.

Ah, hüzünlər gördük

Atılmış yavrusun gördüm,
Divarlar bucağında
Satılmış qarısın gördüm
Kişilər qucağında.

Hər addım qarşıma çıxdıqda ölüm,
Süzülüb barmaqlarımdan damlar göz yaşım
Və qan gölündə çimərəm hər gün
Ürəyim titrəyər əllərimdə
Titrəyər də gülüm!
Düşün məni bu halımda
Düşün bir az da olsa...



SEVDİYİM QIZI DEYİRDİM

Sevdiyim qizi derdim,
Dəlicəsinə sevənlər də varmış.

Oarda bir kişi,
Eşinə bir tikə sümük sonur ad günündə
Altını imzalayır: ”Doğumun qutlu olsun”
Orada bir qadın,
Ərinə başdaşı yonur ad günündə
Üstünü damğalayır: ”Sonun mutlu olsun”...

Boş ver onları boş ver
Sevdiyim qızı derdim

Küsərkən necə də yanıqlı gedirdi
Ürəyim başı kimi
Barışırkən necə də duzlu gəlirdi,
Gözlərimin yaşı kimi.

Məndən dəlilər də varmış.

Burada bir qəssab,
Eşini tumarlayır hər gecə
Qoyun budunu tumarlayan əllərilə
Habelə qızılsız bir qadın
Kor ərinin çəliyini satır gizlicə.

Boş ver onları boş ver
Sevdiyim qızı derdim

Heç nə olmadan ağlardı
Ürəyimi kövrətməkçün
Omuzlarıma alardım başını
Utancaq vücudunu özümə öyrətməkçün.

Küsməyi naşı kimi
Barışmağı naşı kimi
Peşmanlığı naşı kimi
Necədə duzlu-duzlu gəlirdi
Gözlərimin yaşı kimi.

Ürəkdən ovuca düşənlər də varmış
Gəlinlər “hən” sözünü ölənədək susurlar
Körpələr əmdiyi sütü anasının üzünə tüpürməkdə
Analar doğmur ki, qusurlar.

Boş ver onları boş ver
Sevdiyim qızı derdim
Sevə-sevə ayrıldıq
Ağlardım,
Qəpiyini itirmiş uşaq kimi.

Yetər mənə yetər
Büs-bütün içimə köçdüyüm yetər
Divar kimi öz başıma uçduğum yetər
Olamadım atam kimi
Olamadım anamın halal oynaşı kimi

Necədə duzlu-duzlu gözümdən düşdü,
Gözlərimin yaşı kimi...

2000

DEDIM BƏ BAXMA QIZ!

Elə baxma
Baxma
Dedim bə baxma qız!
Kim sənə küs dedi?
Kim səni qucağimdan qopardı?
Hansı gecə, hansı gündüz,
Və necə də gözlərimdən gizlicə,
ürəyini apardı?
Titrəyən əllərimi buraxma
Buraxma
Dedim bə buraxma qız!
Kim sənə sus dedi?
Dizlərin titrəməsin bir daha
Ayağın büdrəməsin
Züyüb də axma
Axma
Dedim bə axma qız!
Hər ikimiz suçluyuq
Hər ikimiz axmaqız!
Kimlərə açı verdin
Sım-sıxı qoynunu?
Kimlərə maçı verdin
Qarşımdakı bükülmüş boynunu?
Yetməzmi?
Saydıqlarım bəs etməzmi?
Buraxıb da get
Durarsan gözlərim dolar

Ayrılığı mənə şər yaxma
Yaxma
Dedim bə yaxma qız!
Hələ də şəkilin gözlərimdə
Hələ də barmaq izlərin saçlarımda
Hələ də otağımda qalır
Şəklini divardan tərsinə asdığım
Hələ də səni qoxuyur
Gecələri sarıldığım yorqan
Və gündüzləri bağrıma basdığım
o, cım-cılaq yasdığım
Buraxıb da get
Durarsan gözlərim dolar

BAKIRƏ FAHIŞƏ


Hey bizim şəhərin bakir fahşası
Hey dəniz dibində susuyan balıq
Hey dəli ərkəyin sol qabırğası
Hey ömür bağçası qızıl almalıq

sancıdır içimi çiban bir düyün

əriyib-əriyib içimə doldum
sən özün, özünün vurğunu oldun
mənsə özgəsinə yanıb kül oldum

nə yaxşı sevmədin kimsəni heç vaxt
ürəyin də bakir, ruhun da bakir
sevdikcə nifrətim artılır ancaq
artılır, artılır, qat-qat artılır

iyrənc kişilərin gövdəsi altda
özünü quyladın bir cəsəd kimi
ömrünü sonduğun kişilər hətta
qaytarıb bir anın sənə verdimi?

Sənə toxundular bəzən də zorla
saçlarında durur barmaqlar izi
Yumruğun açıldı bir qəpik pula
Isti bir öpüşlə yumuldu ağzın

Hələ ağıl dişin çıxmayıb sənin
otuz dişinlə də gülürsən canım
Bir nəfəs həşişin düşgünüsən sən
əcələdən öncədən ölürsən canım

gündəlik ləzzəti adətə döndü
hər gecə əyləncə, hər gecə bir seks
odlu nəfəslərlə, qan-tər içində
döşəmə üstündə vəhşicə bir seks,
sənin tam yaşayış fəlsəfən oldu.

Nə bilim ay adam, bəlkə haqlısan!
Heç nəyin üstündə dünya quruldu
Bəlkə heç nə üçün yaşayır insan!

Heç üzülmə gülüm hüç də utanma
Utansın yerinə kişilər sənin
Özünü sufrənın artığı sanma
Bağımsız yaşamaq çətindir, çətin!

Özünü sevməkdə az gətirmədin
Təkcə sənin suçun budur sadəcə
Hələ yaddaşında qalıbdır yəqin
Özünü aynada öpdüyün gecə

Qadın var ərinin gizli gözündən
Küçə qəhbəsinə həsədlə baxır
Qadın var ərilə vitrin önündə
Maniken kişiyə şəhvətlə baxır

Pərdələr çəkilir, pencərələr kip
Dayaz sevgilərin həvəsi qisa
Yataq yerlərində dal-dala yatıb
yeni gəlinlə bəy etinasızca

Baş alıb gedirəm bu gecə burdan
Fikir sumbatadır əsəblərimə
Yetirməz məni heç sadəcə burdan,
Bir şüşə Viski də yataq yerimə...

Dayanıbdır saat “onbir-yarım”da
bu saatlar utanc, bu anlar haram
Qanım tərsə axır damarlarımda
Intihardan ağır bir durumdayam

Hava beton kimi ağır və donuq
Polislər yuxusun qəhqəhənlə poz
Sıxılan güllədən biz ki qorxmuruq
Bu ağır havanı dəlib ötənməz

Çəkin salma mənə qəlbinin erkin
Tökmə göz yaşını omuzlarıma
Məni qucaqlama ola bilər ki,
Ürəyim bombadək açıla bilsin

Içəri gəl qorxma qapını kiplə
Sənə toxunmağa nə can var nə hır
Indi hətta mənə bir tikə iplə
Özümü asmaq da faydasız gəlir

Allahı şeytanla barışdır gülüm
Əmizdir şeytanı süd əmcəyindən
Mənim son ümidim ölümdür ölüm
Həyata ölümlə yanaşıram mən

Şeirlə heç zaman boşalmadım mən
Bəzən şeirlərim sıxır qəlbimi
Yazdığım şeirə baxıram hərdən
Ölü uşaq doğan bir qadın kimi

Tam paradoks olub düşüncələrim
Özümün özümə gülməyim gəlir
Neyləyim yaşama qalmayıb hırım
Bu gecə sadəcə ölməyim gəlir

Yeyib-qurtarıram özüm özümü
Saat əqrəbəsi biçir zamanı
Sürtün sumbatayla ümid gözümü
Bəlkə aydın görəm bu boş dünyanı

Dünyanın havasın döşümə sordum
Sonuncu nəğməsin oğuyan quyam
Qapa gözlərimi asta-asta yum
Tanrıya indi bir nəfəs borcluyam

XS
SM
MD
LG