Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 02:59

Esmira Məhiqızı. Uralanıram















BİR AZ DA KEÇSİN...


Heç nəyi dəyişə bilmədim
Nə gücüm yetmədi,
nə qüdrətim.
Zamanın əlində aciziydim—
bir qırpımlıq ana da
çatmadı qüvvətim.
Anlara qoşuldum,
Axara qoşuldum
Zamanla axdım, getdim.
Dəyişmək istədiyim
çox şeylər varıydı—
dəyişə bilmədim.
Illərin, yellərin axarında
özüm dəyişdim.
Üzüm dəyişdi,
Gözüm dəyişdi.
Həvəsim dəyişdi, səsim dəyişdi.
Ay ay kimi qaldı,
Gün gün kimi.
Ulduz ulduz kimi qaldı
Göy göy kimi.
Mən mən kimi –
Dünyaya gəldiyim kimi qalmadım.
Ha istədim—
O təmiz,
O günahsız uşaq olmadım.
Ayın, günün,
Ulduzun, göyün nə vecinə.
Bir az da keçsin, lap bir az da
Sonra da
qapılarını örtəcəklər üzümə.


ÖLÜM DÜŞƏRGƏSİ

Çarmıxa çəkilmiş kimiyəm.
Əllərimdən qan damır
Qan damır damla-damla.
Əllərim ağlayır bacılı—
əllərimin səsidi
gəlir qulaqlarına.
Qara quzğunlardı
başımın üstündə qıy vuran.
Ölüm xəbərimi
sevinənlərdi elə
sevincək duy vuran.
Bu çarmıxda quzğunların yemiyəm.
Öldüyüm yerdə
dişimin altında ürəyimi çeynəyirəm.
Yüz yerə bölünüb
ürəyimin tikələri.
Yağışlar da yuya bilmir
bulaşdığım çirkləri,
götürdüyüm ləkələri.
Kipriklərimdən asılıb
ölən arzularım,
ölən istəklərim—
asılıb yaş kimi.
Qarala-arala qalıb ümidlərim
bir ovxam daş kimi.
Ovxalanır daş da,
yaş da.
Ovxam-ovxamdı səsim də,
nəfəsim də.
Ölən istəklərim,
ölən ümidlərim boy-boya verib
içimdəki ölüm düşərgəsində.


İLİŞİRƏM

Üzümdəki yaş yolunun
Yaşlarına ilişirəm.
Daş atırlar, onun-bunun
Daşlarına ilişirəm.
Ha qaçıram ora-bura
Gün döyürəm ala-bula
Göy üzünün qara-qura
Quşlarına ilişirəm.
Bu nə dərddi qaçılmayan
Yiyəsinə acımayan
Bu düyünü açılmayan
Qaşlarıma ilişirəm.
Çəkən çəkir çəpərləri
Aşan aşır çətinləri
Ayağımdan çəkənlərin
Başlarına ilişirəm.


URALANIRAM...


Bu dünyanın qarası qaralayıb ömrümü
Içindəki göynəyi yaralayıb ömrümü
Həsrəti iki yerə paralayıb ömrümü
Paralanıram VALLAH, yaralanıram BİLLAH.
Oyanıram tak-tuka, kim döyür pəncərəmi
Baxıram ki, yorulmur, qəm döyür pəncərəmi
Bir yandan yağış döyür, gün döyür pəncərəmi
Durulanıram VALLAH, qurulanıram BİLLAH.
Göz yaşıyla üzümün çatını bağlayıram
Daşıma hörükləyib atımı bağlayıram
Illərin suvaq-suvaq qatını bağlayıram
Sıralanıram VALLAH, barılanıram BİLLAH.
Boyanmağa dərd gəlir, dərdlərimin rənginə
Zaman üyüdüb məni salıb öz ahənginə
Yaxam elə keçib ki, dəyirmanın cənginə
Yarılanıram VALLAH, uralanıram BİLLAH.


BƏND AL...


Bənd al, bənddiyim yolunu
Qələm tək qərtdiyim yolunu
Gözümə çəkdiyim yolunu-
Üzümdən salam son dəfə.
Yaş olub gözümdən sızasan
Üzümün yolunda azasan
Mənə bir məktub yazasan
Məktubu alam son dəfə.
Daş atıb başını tutasan
Daş gələ, daşını tutasan
Bəxtinin quşunu tutasan
Bir qanad çalam son dəfə.
Bəxtinin quşu da dərd ola
Gözlərin dönüb dörd ola
Qarşımda qolundan bənd ola-
Bəndində qalam son dəfə.
XS
SM
MD
LG