Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:01

Cəlil Məmmədquluzadə. Kişmiş oyunu


Әhvalat vaqe olur 1891-ci ildә Gәncә qubernyasında, Bәrgüşad kәndindә. Kәndin ağsaqqalı vә mötәbәr sakini Vәlisoltanın töylә otağında. Qış günü idi. Bir sәmtdәn oturub Vәlisoltan papiros çәkir. O biri tәrәfdәn oturublar altı kәndli: N u r ә l i, Ş i r ә l i, C ә f ә r, H ә s ә n ә l i, H ü s e y n q u l u vә M u s t a f a. Bunlardan sinndә böyuk Nurәlidir ki, otuz yaşı ancaq olar. Otağın bir sәmti baxır töylәyә.


Vә l i s o l t a n (papiros çәkir). Görәsәn indi pambıq neçәyә gedir şәhәrdә?

N u r ә l i. Dünәn kәnddә deyirdilәr ki, Novruzәli yeddi üç abbasıya satıbdır. Amma Novruzәlinin pambığı qolay pambıq idi.

M u s t a f a. Görsәnәn budur ki, pambıq rәvacdır. Hava bir az yumşansaydı, bir-iki put pambığım var, aparıb satardım.

Ş i r ә l i. Bu il pambıq yoxdur ki!... Evi yıxılmış çor qoydu ki, vilayәtdә pambıq tapılsın, tamam puça çıxartdı.

V ә l i s o l t a n. Allah kәrimdir. Naümid olmayın (әsnәyir). Nurәli, sәn allah bir nağıl başla. Gecәlәr çox uzundur, yatmaqla qurtarmaq olmur.

N u r ә l i (әsnәyir). Soltan ağa, hövsәlәm yoxdur. Bu gün heç bir şey deyә bilmәrәm.

C ә f ә r (Nurәliyә). Adә, sәn niyә özünü naza qoyursan. Sәn allah, әzilmә, bir hekayәt başla. Soltan ağanın sözünü yerә salma, bizim üçün dә bir mәşğuliyyәt olsun.

H ü s e y n q u l u. De, de, Nurәli. Naz elәmә, başla.

N u r ә l i (gülür). Vallah, heç könlüm yoxdur. Әgәr zornan deyirsiniz, baş üstә (öskürüb başlayır çubuğu doldurmağa vә bir az dikәlib deyir):

Süxәnәst çaşnizәn lәbi-xәndan darәm.
Cani-mәn guş konәm çünki süxәn can darәm.

Amma raviyani-әxbar vә naqilani-asar belә rәvayәt ediblәr ki, bir gün İsfahanda Şah Abbas öz barigahında әylәşib vәzirinә dedi: Ey vәzir, mәnә bir yaxşı hekayәt nağıl elә. Vәzir istәyirdi hekayәti başlasın....

Töylә qapısı açılır, Vәlisoltanın nökәri K ә r i m daxil olur.

K ә r i m. Ağa, iki ermәni gәlib, cәnabınızı soruşullar. Nә cavab verim?

V ә l i s o l t a n. Yәqin ki, yenә tәzәkәndlidilәr; yәqin ki, olardı. Olan [1], belә dә yaman ermәnilәr olar? Xәta elәdik, olardan bir öküz gәtirib qoşduq cütә. Ayda üç dәfә gәlib, zәli kimi yapışıllar, gәrәk pulunu verәsәn. Heç bilmirәm necә elәyim. Öküzü versәm, yaz ağzıdı, sabah cüt çölә çıxanda mәәttәl qalacağam. Pul da hәlә әlimdә yoxdur. Allahü әkbәr, bu nә iş idi düşdük. Bu ermәnilәr mәni tәngә gәtirdilәr.

[1] "Oğlan" demәk istәyir.

N u r ә l i. Soltan ağa, bular hamam ermәnilәrdir ki, keçәn hәftә dә gәlmişdilәr?

V ә l i s o l t a n. A kişi, necә keçәn hәftә? Sәn deginәn hәftәdә neçә yol gәlәrlәr bir arıq öküzdәn ötrü?

N u r ә l i. Soltan ağa, vallah, hövsәlәli adammışsan. Mәn olsam, vallah, oların başına bir oyun gәtirrәm ki, gәldiyi yolu da itirәllәr.

V ә l i s o l t a n. Söz yox, elәdir. Mәn indiyә kimin istәmirdim oları incidim, yoxsa oların mәnә zoru yoxdur ki. Nә ilә isbat elәyәcәklәr ki, mәnim olara borcum var?

N u r ә l i. Vallah, Soltan ağa, heç zad vermә, it kimi qov getsinlәr!

C ә f ә r. Vallah, Soltan ağa, heç zad vermә, qoy cәhәnnәm olub getsinlәr.

V ә l i s o l t a n. Yaxşı, ondan nә çıxacaq ki. Bu gün vermәrәm, sabah gәlәrlәr.

N u r ә l i. Pi, sabah da vermә. Oların sәnә bir zoru yoxdur ki?

V ә l i s o l t a n. Bulardan heç zad çıxmaz. Sabah vermәrәm, biri gün gәlәrlәr.

N u r ә l i. Soltan ağa, bu sözlәr bir pula dәymәz. Bu işә biz bir tәdbir tökmәsәk, ermәnilәr sәnin yaxandan әl çәkmәyәcәk. Mәn oları yaxşı tanıyıram.

C ә f ә r. Xeyr, әl çәkmәzlәr.

N u r ә l i. Soltan ağa, әgәr mәn bu ermәnilәri sәnin başından hәmişәlik rәdd elәsәm, mәnә nә verәrsәn? Mәn oların başına bir toy tutum ki, ta nә qәdәr sәnin canın sağdı, olar Bәrgüşad kәndinә ayaq basmasınlar.

V ә l i s o l t a n. Hәr nә istәyirsәn verrәm; amma bu işdәn ağlım bir zad kәsmir.

N u r ә l i. Nә sәbәbә bir zad kәsmir?

V ә l i s o l t a n. O ermәnilәri ki, mәn tanıyıram, olar öz başlarından әl çәkәrlәr ki, bu öküzün pulundan әl çәkmәzlәr.

N u r ә l i. Soltan ağa, and olsun bizi yaradan allaha, mәn olara bir elә tövbәlәtmә görsәdim ki, öküz oların bilmәrrә yadlarından çıxsın.

V ә l i s o l t a n. Yaxşı, Nurәli, sәn olara neylәyәcәksәn ki?

N u r ә l i. Sәnin nә işin var; sәn tamaşa elә, gör ki, nә elәyәcәyәm.

V ә l i s o l t a n. Әdә, Nurәli, birdәn eşşәkliyinә salıb bir xata zad törәdәrsәn, axırda peşimançılıq çәkәrik.

N u r ә l i. Soltan ağanın başına and olsun ki, heç bir xata mәndәn baş vermәz. Arxayın ol.

V ә l i s o l t a n. Amma, Nurәli, vallah, bu ermәnilәr mәni o qәdәr tәngә gәtiriblәr ki, әgәr buları mәnim başımdan rәdd elәsәn, pambıq satılanda sәnә bir mahud çuxa verrәm.

N u r ә l i (sevincәk durur ayağa). Baş üstә, Soltan ağa. Amma mәnim dә siz ilә bir şәrtim var. Kәrim getsin ermәnilәrin ikisin dә çağırsın, gәlsinlәr bura. Amma mәn gәrәk gizlәnim ki, olar mәni burada görmәsin. Ondan sonra mәn gәlәcәyәm bura vә hәr nә danışsam, hәr nә elәsәm, siz gәrәk zarafat bilәsiz vә mәnim fәndimi başa düşәsiz ki, ermәnilәr bir zad duymasınlar. Ә gәdә, Kәrim, get ermәnilәri çağır gәlsnilәr.

Kәrim gedir.

C ә f ә r. Әdә, Nurәli, genә nә bicliyin var?

N u r ә l n. Mәn ölüm dinmә, tamaşa elә; gör nә işlәrdәn çıxacağam.

V ә l i s o l t a n. Dinmәyin, ermәnilәr gәldi.

Nurәli qaçır gizlәnir, ermәnilәr daxil olur.

E r m ә n i l ә r (birdәn). Allah saxlasın.

V ә l i s o l t a n. Ay allah saxlasın. Xoş gәldiniz, buyurun әylәşin.

K a r a p e t. Eh, nә әylәşәk, Soltan ağa. Bәrgüşada yol döymәkdәn çarıqlarımız yırtıldı.

S o l t a n a ğ a. Ә kişi, hәlә bir әylәşin, dincәlin, sonra gileyinizi başlayın.

S ә r k i z. Nә әylәşinbazlıqdı? Quru-quru әylәşmәkdәn bizә bir qәpik nәf var?

V ә l i s o l t a n. Hәlә bir oturun, görәk nә var, nә yox? Bilirәm, siz öküzün pulundan ötrü gәlmisiniz. O barәdә xatircәm olun. Öküzün pulun tamam-kamal vermәmiş mәn sizi, inşallah, boş yola salmaram.

Ermәnilәr oturullar.

K a r a p e t. Ağa, allah aqibәtin xeyir elәsin, elә, vallah, biz dә kasıb adamux; әgәr lazım olmasa, bu qәdәr gәlib getmәrux.

S ә r k i z. Ağa, elә xacalat da çәkiruq; yәqin bil ki, lazım olmasa, buxantara gәlib getmәruq. Elә bil, öz cibindәn verirsәn.

V ә l i s o l t a n (nökәrә). Ә gәdә, Kәrim, get çay hazır elә, gәtir.

Kәrim gedir. Nurәli daxil olur otağa vә fikirli ermәnilәrin üzünә baxa-baxa gedib qısılır Şirәlinin yanına vә başlayır onunla pıçıldaşmğa.

Qalan kәndlilәr vә ermәnilәr Nurәliyә tәrәf baxıllar. Mustafa hәmçinin başın uzadıb başlayır Şirәli ilә vә Nurәli ilә pıçıldaşmağa.

V ә l i s o l t a n. Nurәli, nә var, nә pıçıldaşırsız?

N u r ә l i. Xeyr, Soltan ağa, heç bir şey yoxdur (Nurәli sonra Hüseynqulunun yanına qısılıb, başlayır onunla pıçıldaşmağa).

V ә l i s o l t a n. Gәdә, Nurәli, nә var axı? Nә bir elә gizlin sözünüz var ki, pıçıldaşırsız? Hüseynqulu, nә var, Şirәli, nә olubdu?

Ş i r ә l i. Xeyr, ağa, bir şey yoxdu.

Ermәnilәr diqqәtә baxıllar kәndlilәrin üzünә, Cәfәr dә hәmçinin başlayır uşaqlar ilә pıçıldaşmağa.

V ә l i s o l t a n (qayım sәslә). Olan, nә var axı? Nә xәlvәt işiniz var ki, bizdәn gizlin danışırsız? Hәr nә sözünüz var deyin, biz dә eşidәk dә. Burada ki, yad adam yoxdur.

N u r ә l i. Soltan, bir tәdbirimiz var, amma cürәt elәmirik ki, cәnabınıza әrz edәk. Çünki bilirik ki, izin vermәyәcәksiniz. Haman mәtlәbi öz aramızda hәlәlikdә gizlin götür-qoy elәyirik.

V ә l i s o l t a n. Nә tәdbiriniz var?

N u r ә l i. Xeyr, bir tәdbirimiz yoxdur, daxı nә baş ağrısı verәk. Siz ki, izin vermәyәcәksiniz.

V ә l i s o l t a n. Olan, axı bir de görәk necә tәdbirdir? Bәlkә elә yaxşı işdi; daxı niyә izin vermirәm?

N u r ә l i. Xeyr, әlbәttә yaxşı tәdbirdi, çox gözәl tәdbirdi. Amma xeyr, daxı nә lazım baş ağrısı olsun? Siz ki, izin vermәyәcәksiniz, daxı nә lazım ki, söylәmәk?

V ә l i s o l t a n (guya ki, acıqlı). Vallahi ki, qәribә adamsız. Olan, siz bir mәtlәbi mәnә deyin, mәn dә baxım görüm izin vermәlidi, ya vermәli deyil.

Ermәnilәr heyrәtlә baxırlar.

N u r ә l i. Soltan ağa, doğrusu budur ki, bu saat, elә bu dәqiqә padşahlıq yolu ilә Qalaya Araz tәrәfindәn bir karvan kişmiş aparıllar. Aparanlar әvvәl-axır iki yava dәvәçilәrdir. İkisi dә piyada. Yoldan indi bu saat bizim kәndә gәlәn var. Dәvәçilәrin özü ilә danışıbdır. Deyir dәvәçilәr özlәri kişmişi belә tәriflәyirlәr ki, guya o tayda indiyә kimi belә kişmiş әmәlә gәlmәyibdir. İndi biz uşaqlarnan elә haman mәtlәbi pıçıldaşırdıq. Soltan ağa, әgәr sizin izniniz olsa, biz bu saat gedib, karvandan bir tay kişmiş gәtirrik. Vallah, Soltan ağa, heç belә fürsәt әlә düşmәz; heç belә kişmiş olmaz. Әgәr bir tay gәtirsәk, bütün qış bizә bәsdir.

V ә l i s o l t a n. Pәh, pәh! Afәrin, afәrin! Nurәli, mәgәr kişmişi çöldә töküblәr? Tayı sizә kim verәr gedib gәtirәsiz?

N u r ә l i. Soltan ağa, vallah, karvanda iki dәvәçidәn artıq heç kәs yoxdur. Oların hәrәsinin cibindә bircә dana çuvalduz var. Vәssәlam. Amma biz altı-yeddi nәfәrik, özümüz dә, söz yox, tüfәng, tapança götürәcәyik. Әliboş ki, getmәyәcәyik?

S ә r k i z (tәәccüblә, qorxa-qorxa). Yәni istәyirsiz gedib zor ilә gәtirәsiniz?

N u r ә l i. Xeyr, aşna, nә lazım olub zor ilә gәtirәk. Biz bir tay çatarıq at üstә; dinmәz-söylәmәz gәtirrik. İki dәvәçi bizim qabağımızda nә danışacaq ki, zor da lazım ola.

V ә l i s o l t a n. Vallah, Nurәli, mәn qorxuram izin vermәyә; çünki qorxuram gedәsiz, әlinizdәn bir xata baş verә, ondan sonra di gәl divana düş, cavab ver.

E r m ә n i l ә r h ә r i k i s i. Doğrudan xatalı işdir.

N u r ә l i. And olsun o bizi yaradana, bu işdәn heç bir xata bizә vә sizә toxunmaz. Belә tutaq ki, elә dәvәçilәr bizim qabağımıza durdular. Biz onların başını batırdıq, kim nә bilәcәk ki, bizik? Mәgәr biz işi o qәdәr ehtiyatsız tutacayıq ki, altımıza su çıxa?

V ә l i s o l t a n. Vallah, dәxi nә deyim? Әgәr özünüzә belә arxayınsız, özünüz bilin, gedin. Amma aman günüdür, uşaqlar, ehtiyatı әldәn qoymayın!

N u r ә l i. Soltan ağa, sәn lap arxayın ol. (Yoldaşlarına). Yoldaşlar, durun, gedin. Hamınız yaraq-әsbablarınızı hazır elәyin, gәlin bura; buradan bir yerdә yola düşәk gedәk.

K ә n d l i l ә r. Baş üstә.

Çıxırlar.

K a r a p e t. Soltan ağa, gәrәk uşaqlara izin vermәyәydin. Bu iş çox qorxulu işә bәnzәyir. Soltan ağa gәrәk izin vermәyәydin. Mәssәb haqqı, bu işdәn qan qoxusu gәlir.

V ә l i s o l t a n. Vallah, elә mәn özüm dә peşimanam ki, izin verdim. A kişi, axı nә çarә qılım başıma? Deyәrәm xeyr, olmaz; qoymaram, izin vermәrәm, başlayıllar and-amanı ki, bu işdә bir xata yoxdu. Doğrusu, öhdәlәrindәn gәlә bilmirәm. Bir ay yoxdu ki, haman cahıllar ki, getdilәr kişmiş oğurluğuna, üç ermәnini padşahlıq yolunda soyub, birin dә yaralayıb, beş-on manat pullarını, bir gümüş kәmәrlәrini gәtirmişdilәr. Elә indi bu saat hamısı silist altındadılar. Eh, doğrudan, aşnalar, müsәlman çox nadinc millәtdi.

S ә r k i z. Soltan ağa, bizi yola sal gedәk. Allah atana rәhmәt elәsnn. Yolumuz uzaqdır.

K a r a p e t. Soltan ağa, bizi yola sal gedәk. Allah ömrünü uzun elәsin.

V ә l i s o l t a n. Yox, yox, heç olmaz. Bu saat nökәr çay vә çörәk gәtirәcәk sizә. Vә bir dә ki, gecә vaxtı nә olubdur ki, gedәsiz? İnşallah, gecә qalarsız burda, tezdәn öküzün dә pulun alıb, yola düşәrsiz. İndi Nurәligil kişmiş gәtirәcәk, bir az da qoyarsız dәsmalınıza, apararsız uşaqlarınıza.

K a r a p e t. Yox, yox, Soltan ağa, başına dönüm bizә kişmiş lazım deyil. Bizi yola sal.

Nurәli yaraqlı vә qıvraq girir içәri.

N u r ә l i. Hәlә uşaqlar gәlmәyiblәr, ağa?

V ә l i s o l t a n. Yox, hәlә gәlmәyiblәr. Nurәli, gәlәsiz, bu daşı әtәyinizdәn tökәsiz. Doğrusu, mәn qorxuram.

N u r ә l i. Soltan ağa, nәdәn qorxursan? İnşallah, heç zad olmaz.

K a r a p e t (Nurәliyә). Ay allah bәndәsi, belә işlәrdәn nә tökülәcәk? Xatadı, vallah, oturun aşağa. Bir tay kişmiş nәdi ki, ondan ötәri özünüzü bәlaya salırsız?

N u r ә l i. Doğrusu Karapet, xonaxa [2] belә fürsәt әlә düşmәz. Bu kişmiş belә o sәn deyәn kişmişlәrdәn deyil. Heyifdir bu cür kişmişi әldәn çıxartmaq. Yoxsa әlbәttә kişmiş nә bir elә bahalı şeydir ki?

[2] Әn yaxın adam, qonaq..

K a r a p e t (Sәrkizә). Zarmaneli bana [3].

[3] Qәribә şeydir

Daxil olurlar k ә n d l i l ә r, qıvraq vә yaraqlı.

K ә n d l i l ә r (Nurәliyә). Nurәli, biz dә hazırıq, gedirsәn gedәk.

N u r ә l i. Yaxşı, gedәk.

Hamı kәndlilәr uzaqlaşırlar.

V ә l i s o l t a n. Xoş gәldiz. Aman günüdür, uşaqlar, ehtiyatlı tәrpәşin.

K ә n d l i l ә r (uzaqdan). Arxayın ol. Soltan ağa, heç xof elәmә!

V ә l i s o l t a n (ermәnilәrә). Bir dә, dostum, siz nahaq yerә ehtiyat elәyirsiz. İnsanın alnına hәr nә ki, yazılıb, o olacaqdır. Hәr kәsә hәr nә qismәtdi--yetişәcәkdir. Әgәr o kişmişlәr bizim uşaqlara qismәtdi, göydә dә olsa, gәtirәcәklәr. Yoxsa nә olacaqdı bir mәnә de körüm. Karapet kirvә, әgәr mәn sәndәn aldığım öküzün pulu sәnә qismәtdi, hәr vaxt olsa, yetişәcәk; yoxsa qismәt deyil, al görüm, pulunu mәndәn necә alacaqsan!

K a r a p e t. Soltan, hәrgah öküz indi bu saat sәnә lazım deyil, elә yaxşısı budur ki, ver aparaq. İndi mәnim özümә öküz çox lazımdı.

V ә l i s o l t a n. Yox, dostum, verә bilmәrәm. Öküz mәnim özümә dә lazımdır. Ancaq puluna sözüm yoxdur. İnşallah, gedәndә pullarını sanıyıb, qoyaram ovcunuza, apararsız.

Uzaqdan bir neçә güllә sәsi gәlir.

V ә l i s o l t a n. Bu nә tüfәng sәsidir? Yәqin ki, bizim uşaqlar olacaq.

Karapet vә Sәrkiz qorxa-qorxa dururlar ayağa.

S ә r k i z. Karapet, yaxşısı budur biz gedәk, sonra gәlluq, pulu alluq.

K a r a p e t. Soltan ağa, heç zәrәri yoxdur, qoy pul qalsın. Doğru indi bizim yolumuzu kәnddә gözәtlәyirlәr. Әgәr getmәsәm, çox nigarançılıq olar. Allah qoysa, bir özgә vaxt gәlluq qulluğunuza.

V ә l i s o l t a n. Yox, yox, vallah mәn sizi gecәnin bu vaxtı ac vә susuz heç vәdә yola salammaram.

K a r a p e t. Yox, vallah, Soltan ağa, heç zәhmәt çәkmә. Biz çörәk-zad yemәyәcәyik. Elә biz getsәk, çox yaxşıdır.

S ә r k i z (yapışır Karapetin qolundan). Elә, Karapet, gedәk. Getmәyimiz yaxşıdır. Pulu sonra gәlib alarsan.

V ә l i s o l t a n (qabaqların kәsib). A kişi, siz nә tәhәr adammışsınız? Axı bu soyuqda gәlmisiz, bir istәkan çay içmәyә nә var? Ondan sonra genә gedәrsiz da. Yoxsa belә dә zad olar ki, mәnim evimә gәlib bir istәkan da çay içmәyәsiz? Bu harada görünübdür? Gәdә, Kәrim, çay necә oldu?

K a r a p e t. Ağa, elә çaydan vacib o Kәrimi yolla körәk kimmiş tüfәng atan?

Bu heyndә kәnardan tappıltı vә qiylü-qal sәsi gәlir, ermәnilәr istәyirlәr qapını açıb çıxsınlar. N u r ә l i vә Ş i r ә l i vә C ә f ә r vә H ü s e y n q u l u bir tay sürüyürlәr otağın içinә. Ermәnilәr qorxub çәkilib qısılırlar bucağa vә mat-mat baxırlar vә kәndlilәr tövşüyürlәr.

V ә l i s o l t a n. Әdә, Nurәli, nә tez gәldiniz? Deyәsәn, qoçaqlarım, әlidolu gәlmisiniz?

N u r ә l i. Soltan ağa, oqatımız tәlxdi, işimiz pis getdi. Allah axırın xeyir elәsin.

V ә l i s o l t a n. Nә var, Nurәli, olmaya әlinizdәn bir xata çıxmış ola? O tüfәng sәsi nә idi bayaq gәlirdi?

N u r ә l i. Eh, Soltan ağa, qәzadı da. Adam nә bilir ki, başına nә gәlәcәk? Bir işdi olubdur.

V ә l i s o l t a n. Gәdә, Nurәli, nә danışırsan? Yoxsa әlinizdәn bir xata çıxıbdır?

Qalan kәndlilәr dәvәçinin ölüsünü sürüyüb salırlar otağa. Vәlisoltan mat qalıb, ermәnilәrin rәngi qaçıb vә gözlәri böyüyüb.

N u r ә l i. Soltan ağa, gördün başımıza nә iş gәldi, necә xataya düşdük? Aman günüdür, Soltan ağa, bizә bir tәdbir elә!

Kәndlilәr dәvәçinin ölüsünü salıb ortaya, kor-peşiman çәkilib kәnarda başıaşağı mütәfәkkir baxırlar.

V ә l i s o l t a n (kәndlilәrә). Olan, sәfeh uşağı sәfeh, bu iә iş idi elәdiz? Gәdә, köpәk uşağı, dәli olmusuz? Adam da bir tay kişmişdәn ötәri adam öldürәr? La-ilahә illәllah! Nәlәt sәnә şeytan! Haramzadalar! İndi mәn nә tәdbir töküm? Siz dәli olmuşduz, keflәnmişdiz ki, getdiz nahaq qana bais olduz, ay it uşağı! Siz hәlә silisdәn qutarmamısınız. Siz lap elә quldurmuşsuz, yol kәsәn imişsiz. Siz vilayәtin adın batırdız. Bәrgüşad hara, belә işlәr hara? İndi gәl divana cavab ver.

N u r ә l i. Soltan ağa, iş işdәn keçibdir, durmaq vaxtı deyil. Sәn bizә bir tәdbir tök. Sәn genә dünya görmüş adamsan.

V ә l i s o l t a n. Nәlәtә gәlәsiz sizi görüm! (Bir az fikir elәyir). Gәdә, durmayın daxı götürün ölünü dә, kişmişi dә, aparın töylәdә peyin içindә basdırın. Sabah olsun görәk başımıza nә gәlir.

N u r ә l i. Soltan ağa, xeyr, ondan fayda yoxdur; iş çox pis gәtirәcәk. Biz qәflәt elәmişik.

V ә l i s o l t a n. Necә qәflәt elәmisiz? Yoxsa gәlәndә adama-zada rast gәlmisiz?

N u r ә l i. Xeyr, biz heç kәsә rast gәlmәmişik. Deyirәm çox xam iş tutduq.

V ә l i s o l t a n. Necә mәgәr!

N u r ә l i (ermәnilәrә tәrәf başı ilә işarә edib Vәlisoltana). Heç, deyirәm ki.... (yenә baxır ermәnilәrә vә başını buluyur).

C ә f ә r (öz-özünә). Mәn bilmirәm bu ermәnilәr hardan gәlib çıxdılar bura! Zәhirmar olsun buların öküzü dә, haqq-hesabı da!

Kәndlilәr başlayırlar pıçıldaşmağa.

N u r ә l i. Doğrudan, Soltan ağa, çox xam iş tutmuşuq. Gәrәk biz işin әvvәlindәn tәdbiri elә götürәydik ki, kәnar adam bizim işimizdәn xәbәrdar olmayaydı.

V ә l i s o l t a n. Necә kәnar adam? Bilmirәm siz kәnar adam kimi hesab elәyirsiz?

Kәndlilәrin bir neçәsi әyilib baxır ermәnilәrin üzünә, pıçıldaşırlar.

N u r ә l i. Doğrusu, Soltan ağa, biz bu işi heç vәdә basdıra bilmәyәcәyik. Bu ermәnilәr bizi girә verәcәklәr. Bunlara nә etibar var? Ermәni heç vәdә müsәlmanın sirrini saxlamaz.

K a r a p e t. A canım, biz sizә nә vaxt yamanlıq elәmişik? Nә vaxt sizi girә vermişik? Ermәnidәn heç belә işlәr görünmәyib. Yer haqqı, göy haqqı, biz bu işi heç bir yerdә açıb ağartmarıq, arxayın olun.

S ә r k i z. Va, olan, niyә deyiruq? Biz qonşu deyilük? Qonşu qonşunun sirrin açar?

V ә l i s o l t a n. Xeyr, Nurәli, siz bulardan arxayın olun. Yox, bular elә adam deyillәr.

N u r ә l i. Xeyr, Soltan ağa, heç olmaz. Yox, heç ağlım kәsmir, bizi bular gurultuya verәcәklәr. Ermәniyә etibar yoxdur.

Ş i r ә l i. Allaha and olsun, elә burdan çıxan kimi gedib pristova xәbәr verәcәklәr.

K ә n d l i l ә r. Әlbәttә, belәdir. Yәqin ki, xәbәr verәcәklәr.

K a r a p e t (yalvara-yalvara). Başına dönüm, Soltan ağa, bizi әldәn qoy, çıxaq gedәk allah rizasına.

N u r ә l i (qeyz ilә). Yox, dostum, gedә bilmәrsiz; heç yana tәrpәşә bilmәssiz.

S ә r k i z. Canım, biz gedirik, Karapet, gәl düş qabağa, gedәk.

C ә f ә r. Nurәli, aman günüdür, qoyma getsinlәr! Yoxsa bular bizim evimizi yıxar!

N u r ә l i. Әdә, kimin nә cürәti var ayağın bayıra bassın?

Kәndlilәr başlayır pıçıldaşmağa.

K a r a p e t (yavaşca). Soltan ağa, aman günüdür, bizә bir çarә elә, o uşaqların fikri özgәdir. Bizi çövür balalarının başına.

V ә l i s o l t a n. Dostum, qaçmaqdan savay bir әlacı yoxdur. Görün bir tәhәr qaça bilәrsiz.

Ermәnilәr qaçırlar, kәndlilәr "Әdә qoyma!" deyib ermәnilәrin dalısınca, ermәnilәri bir az qovub qayıdırlar otağa. Ölü qalxır.

N u r ә l i. Soltan ağa, mәn ölüm, bu ermәnilәr bir dә bu kәndә ayaq basallar?

V ә l i s o l t a n. Bәli, o hörmәti ki, biz bulara qoyduq, tez gәlәllәr. Afәrin!

K ә n d l i l ә r h a m ı b i r d ә n. Sağ ol, Nurәli!

Tamam olur, pәrdә salınır.

P ә r d ә
XS
SM
MD
LG