Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 02:51

Cəlil Məmmədquluzadə. Danabaş kəndinin məktəbi


Komediya, 4 mәclisdә

Әhvalat vaqe olur İrәvan quberniyası, Danabaş kәndindә, miladi tarixinin 1895-ci ilindә.

BİRİNCİ MӘCLİS

Danabaş kәndinin kәnarında xırman. Bir bütün taxıl tayası, bir başı açılmış taya, haman kәndli M ә ş ә d i A ğ a k i ş i on iki yaşlı oğlu Ә s ә d ilә bahәm xırman döyürlәr. Mәşәdi Ağakişi әlindә yaba, külәşi eşәlәyib qarışdırır. Bir vәlә iki öküz qoşulub; Әsәd minib vәlin üstә vә öküzlәri çubuq ilә sürür. Tayanın kölgәsindә bir köpәk yatıb, dilini çıxardıb istidәn lәhlәyir. Bir tәrәfdә tayanın dibindә su bardağı, çörәk düyünçәsi, әyin paltarı vә bir neçә boş çuval. Mәşәdi Ağakişi başına dәsmal bağlayıb; ata vә oğul, isti olmağa görә, köynәkçәkdirlәr. Hәr ikisinin ayağında çarıq. Әsәd "he-he" deyә-deyә öküzlәri sürmәkdә idi ki, qonşuları K ә r b ә l a y ı M i r z a l ı tәlәsik xırmana çatıb, tövşüyә-tövşüyә xәbәr

verir.

K ә r b ә l a y ı M i r z a l ı . Mәşәdi Ağakişi, bilirsәn nә xәbәr var? Evin tikilmәsin, bu sabah kәndә, mәn deyә bilәrәm ki, yüz dә olmasa, bәlkә әlli atdı gәldi; hamısı da böyük-böyük adamlardı. Qanmıram bu nә sirdi?

M ә ş ә d i A ğ a k i ş i (tәәccüblü). Nә danışırsan?

Әsәd vәldәn yenib kәndә tәrәf baxır.

K ә r b ә l a y ı M i r z a l ı. Sәn ölәsәn, nәçәrnik dә gәlib, silisçi dә gәlib, qazı da gәlib, miravay sud gәlib, uşqol gәlib. Atamın goru haqqı doğru deyirәm. Hәlә bunlardan savayı genә çox adam gәlib.

M ә ş ә d i A ğ a k i ş i (әlini alnına qoyub kәndә tәrәf baxır). A kişi, belә şey olmaz?!

N u r u (tövşüyә-tövşüyә çatır xırmana). Sәn ölәsәn. Mәşәdi Ağakişi, kәnddә qiyamәtdi. Mәn, doğrusu, dayana bilmәdim; gedirәm görüm uşaqlar nә qayırır. Nәçәrnik gәlib kәndә. Yenicә dә o qәdәr böyük gәlib ki, lap mәhtәl qalmalı işdi. Allah axırını xeyir elәsin. (İstәyir getsin).

M ә ş ә d i A ğ a k i ş i (Nuruya). Nuru, sәn allah, dayan görüm bu nә işdi. Yәni axı kimdi kәndә gәlәnlәr?

N u r u. Sәn ölәsәn, Mәşәdi Ağakişi, mәn deyirәm Rusetdә nә qәdәr böyük adamlar var, hamısı gәlib kәndә. Bax, nәçәrnik dә gәlib, pristav da gәlib, silisçi dә gәlib, spextor da, qazı da .... Nә bilim, uçqoldu nәdi, o dә gәlib. Yәni doğrusunu deyim ki, mәn öz gözümnәn görmәdim ha! Bunları da mәnә Mәşәdi Yarmәhәmmәd dedi; amma mәn ancaq uzaqdan gördüm ki, bir topa atdı çaparaq girdilәr kәndә.

K ә r b ә l a y ı M i r z a l ı. A kişi, necә Mәşәdi Yarmәhәmmәd dedi? Niyә, mәn kor deyilәm ki? Yoxsa nәçәrniki tanımıram? Silisçini tanımıram? Mәn özüm hamısını gözümnәn gördüm.

H ü m m ә t ә l i (әlindә çubuq tәlәsik gәlir bu adamların yanına vә üzünü tutur Nuruya vә Kәrbәlayı Mirzalıya). Nә xәbәrdi? Deyirlәr kәndә ğoburnat gәlib?

K ә r b ә l a y ı M i r z a l ı. Yox, ğoburnat deyil, nәçәrniknәn çox böyük adamlar gәlib.

N u r u (Kabla Mirzalıya). Kabla Mirzalı, axı mәn eşitdim ki, ğoburnat özü dә gәlib?

K ә r bә l a y ı M i r z a l ı. Xeyr, qoburnat yalandı.

M ә ş ә d i A ğ a k i ş i. Allahü-әkbәr, çox qәribә işdi! (Әsәdә) Әdә, qoyma, qoyma! Kor deyilsәn ki! Öküzlәr külәşi yedilәr. (Әsәd qaçır öküzlәrin yanına).

K ә r b ә l a y ı F ә t ә l i (tәlәsik gәlib soruşur). A kişi, bu nә xәbәrdir? Deyirlәr kәndә çox böyük gәlib?

N u r u (gedә-gedә). Gәlib, gәlib, Allah axırını xeyir elәsin (çıxıb gedir).

K ә r b ә l a y ı F ә t ә l i. Kabla Mirzalı, deyirlәr kәndә saldat qoyacaqlar, ağlın nә kәsir?

K ә r b ә l a y ı M i r z a l ı. Vallah, mәhtәl qalmışam. Axı bu qәdәr adam nә sәbәbә birdәn tökülә kәndә?

Adamlar hamısı kәndә tәrәf baxır.

Hәlә bir şey görsәnmir. Allaha pәnah.

Bir qәdәr dә baxandan sonra kәndlilәr gәlib çömbәlirlәr tayanın kölgәsindә.

M ә ş ә d i A ğ a k i ş i. Kabla Mirzalı, gәlin oturun görәk bir; axı sәn bu işlәri gәrәk bizdәn yaxşı bilәsәn. Bu böyüklәr nәdәn ötrü kәndә gәlsinlәr? Bәlkә saldat tutacaqlar? Axı qabaqlarda bir belә danışıq var idi.

H ü m m ә t ә l i. A kişi, yox, yox; saldat söhbәti yoxdu. Görәsәn, niyә gәliblәr? Saldat söhbәti yoxdu.

M ә ş ә d i A ğ a k i ş i. Kabla Mirzalı, sәn nә deyirsәn? Mәn axı qorxuram saldat tutmaq mәsәlәsi ola. Bә niyә ermәnilәrdәn tuturlar?

K ә r b ә l a y ı M i r z a l ı. A kişi, sәn allah boş-boş danışma; bilmәdiyin sözü axı nә sәbәbә danışırsan? (Üzünü tutur Әsәdә.) Әdә Әsәd, gör o bardaqda su var, gәtir, bir az içәk. (Kişilәrә). Soldat-zad söhbәti yoxdu; indi allah bilir niyә gәliblәr? Saldat mәsәlәsi yoxdu vә bir dә (Әsәddәn bardağı alıb çәkir başına), vә bir dә müsәlmanlardan saldat tuta bilmәzlәr.

M ә ş әd i A ğ a k i ş i. Yәni necә tuta bilmәzlәr?

K ә r b ә l a y ı M i r z a l ı. Xeyr, tuta bilmәzlәr; mәn sәnә deyirәm ki, tuta bilmәzlәr. Sәn ermәnilәrә baxma ki, ermәnidәn tuturlar. Ermәni qorxaq bir millәtdi vә bir dә padşahı- zadı yoxdu. Amma müsәlmandan tuta bilmәzlәr. (O tәrәfә-bu tәrәfә baxır). Xeyr, tuta bilmәzlәr.

H ü m m ә t ә l i. Kabla Mirzalı, sәni quran, sәni kitab, bu sözlәri buraxın getsin; qoyun oturmuşuq, oturaq.

M ә ş ә d i A ğ a k i ş i. Doğrusu, lap mat qalmalı işdi. Belә mәn oia tәәccüb elәmirәm ki, nәçәrnik, yainki pristav gәliblәr kәndә. Axı biz uşaq deyilik. Biz görmüşük ki, kәndә nәçәrnik dә gәlib, pristav da gәlib, hәtta qoburnat da gәlib, silisçi dә gәlib; amma söz burasındadır ki, bu qәdәr adam niyә elә bir gündә gәliblәr? Belә şey, doğrusu, biz görmәmişik.

K ә r b ә l a y ı M i r z a l ı. Mәn onu demirәm; o hәlә özgә mәsәlәdi. Mәn deyirәm ki, burada saldat-zad söhbәti yoxdu; çünki, axı bir dәqiqәliyә belә fәrz edәk ki, bәli, saldat tutmaqdan ötrü gәliblәr; bәs qazı niyә gәlib? (Әlindәki çubuğu bir dәfә vurur yerә). Bәli, nә eybi var, tutaq ki, qazını da gәtiriblәr ki, camaatı dilә tutsun; öyüd-nәsihәt elәsin ki, iş yumşaqlıqnan keçsin. Çox yaxşı, bәs silisçi niyә gәlib? (Ağacı vurur yerә). Bәs spextır niyә gәlib? (Ağacı vurur yerә) Uşqol niyә gәlib? Xeyr, burada özgә bir mәtlәb var. Hәr nә isә, allah axırını xeyir elәsin. (Durur, kәndә tәrәf baxır, yenә oturur.)

H ü m m ә t ә l i. Xeyr, saldat tutmaqdan ötrü deyil; yәqin ki, özgә işdi.

M ә ş ә d i A ğ a k i ş i (üzünü tutur Hümmәtәliyә). Balam, bu qәdәr tapmaca deyincә, bir adam qaçsın, kәnddәn xәbәr gәtirsin. Vallah nә var ki! Adamı yemәyәcәklәr ki! Bir dәqiqәlik işdi.

K ә r b ә l a y ı M i r z a l ı. Doğrudan, Hümmәtәli, sәn elә yaxşısan, yüngülayaqsan; gәlәsәn qaçıb bir xәbәr gәtirәsәn.

H ü m m ә t ә l i. Mәn, doğrusu, gedәrdim; amma xirmәnimiz sahibsizdir, qoyub gedә bilmәnәm.

M ә ş ә d i A ğ a k i ş i. A balam, getmirsәn, getmә; ta yalan niyә deyirsәn? Odu, xirmәninizi Hәsәnәli döyür; ta yalan niyә deyirsәn? Bir yolluq de ki, getmirәm, qorxuram.

H ü m m ә t ә l i. (Mәşәdi Ağakişiyә). Yaxşı, bir saatlığa tutaq ki, mәn qorxuram; mәn boynuma alıram ki, qorxuram. Bәs sәn niyә getmirsәn? Sәnin qıçların ki çolaq deyil!

Mәşәdi Ağakişi bu sözlәrә cavab vermәyib, başlayır çubuğu vә kisәni cibindәn çıxardıb doldurmağa.

K ә r b ә l a y ı M i r z a l ı (uzaqda bir qaraltı görüb әlini qoyur alnına). Әdә, kәnddәn bir atdı çıxdı, gör zalım oğlu nә çapır! Görәk hara gedir.

H ü m m ә t ә l i. (baxır uzağa). Budu, bir atdı da onun dalıyca getdi, bunlar yәqin adam axtarırlar.

M ә ş ә d i A ğ a k i ş i (baxır uzağa). Kabla Mirzalı bu nә iş ola?

K ә r b ә l a y ı M i r z a l ı. Pәnah allaha.

H ü m m ә t ә l i (baxır uzağa). Kabla Mirzalı, atlılar sürdülәr düz Hacı Namazalının xirmәninә.

M ә ş ә d i A ğ a k i ş i (baxır uzağa). Siz ölәsiz, düz Hacı Namazalının xirmәninә sürdülәr. Kişinin halını qatacaqlar.

H ü m ә t ә l i . (haman tәrәfә baxır). Siz ölәsiz, elәdi. Bax, o da Hacı Namazalı özüdü; papağının ucalığı burdan da görsәnir. Әdә, kişini qatıblar atın qabağına, aparırlar. Kişinin evi yıxıldı.

M ә ş ә d i A ğ a k i ş i. Elәdi, elәdi.

K ә r b ә l a y ı M i r z a l ı. Balam, kişinin çarxı çönüb. Bir hәftә deyil ki, arvadı öldü; hәlә yasdan başı ayılmayıb; indi dә görәsәn başına nә iş gәlәcәk.

H ü m m ә t ә l i (uzada-uzada). Bәli, bu iş ayrı işә oxşayır; burada yәqin ki, bir әngәl var.

M ә ş ә d i A ğ a k i ş i. Kabla Mirzalı, axı deyәsәn, atdıların biri bizә tәrәf çöndü?

H ü m m ә t ә l i (xırmandan uzaqlaşır). Siz ölәsiz, bizә tәrәf gәlir.

K ә r b ә l a y ı F ә t ә l i, K ә r b ә l a y ı M i r z a l ı vә H ü m m ә t ә l i üçü dә atlı gәlәn sәmtә baxa-baxa çıxıb gedirlәr. Ә s ә d qaçır, özünü soxur tayanın dibinә. M ә ş ә d i A ğ a k i ş i gedib çıxır vәlin üstә vә "ho-ho" deyә-deyә başlayır öküzlәri sürmәyә.

M ә ş ә d i A ğ a k i ş i (Әsәdә). Bala, qorxma, inşallah bir zad olmaz.

Ә s ә d (titrәyir). Dәdә, qorxuram mәni saldat aparalar!

M ә ş ә d i A ğ a k i ş i. Bala, qorxma, allah kәrim allahdı.

Yüzbaşının çavuşu N ә z ә r ә l i at üstә, çaparaq yetişir xırmana, atını sürür düz Mәşәdi Ağakişinin yanına, atdan tullanır yerә, әlindәki şallağı qalxızır göyә ki, Mәşәdi Ağakişini vursun, amma Mәşәdi Ağakişi cәld әlini uzadıb, yapışır şallağın sapından. Әsәd ağlayır.

Ә s ә d (ağlaya-ağlaya). Vay, dәdә!

M ә ş ә d i A ğ a k i ş i (çavuşa). Vurma, vurma! Nәzәrәli, qadan alım, vurma!

N ә z ә r ә l i (Әsәdi görcәk ona tәrәf). Çıx ordan, bu saat gәl, düş qabağa, vәlәdüzzina oğlu vәlәdüzzina!

Әsәd qorxa-qorxa gәlir Nәzәrәliyә tәrәf.

N ә z ә r ә l i (Mәşәdi Ağakişiyә). Gәl oğlunu sal qabağa gedәk!



Mәşәdi Ağakişi qorxusundan bir söz demәyib arxalığını tәlәsik geyib; oğlunun arxalığını verir ona vә düşür yola. Amma öküzlәri yada salıb, istәyir dayana, bir söz deyә, Nәzәrәli genә şallağı qalxızır yuxarı.

M ә ş ә d i A ğ a k i ş i (Nәzәrәliyә). Yox, yox! Vurma! Gedirәm.

Üçü da yola düşür. Әsәd qolunu üzünә basıb, yavaş-yavaş ağlayır. Nәzәrәli hәlә atını minmәyib yedәyindә çәkir.

Nәzәrәli, sәni and verirәm allaha, hәyә Әsәdi saldat aparacaqlarsa, bir yolluq de ki, evim yıxıldı.

N ә z ә r ә l i (yenә şallağı qalxızır yuxarı). A kişi, sәnә deyirәm dayanma get!

M ә ş ә d i A ğ a k i ş i. Yox, yox, gedirәm, gedirәm. (Gedirlәr).

P ә r d ә


İKİNCİ MӘCLİS

İkinci mәclis vaqe olur Danabaş kәndinin ağsaqqal vә mötәbәri Hacı Namazalının hәyәtindә. Kәndin camaatı tәmamәn buraya cәm olub. Adamlar qarışıb bir-birinә: o bununla danışır, bu onunla danışır. Kişilәrin yanında uşaqlar da var. M ә ş ә d i A ğ a k i ş i, oğlu Ә s ә d ilә buradadır. Xәbәr verilir ki: "nәçәrnik gәlir". Guya qurbağanın gölünә daş atdılar. Camaat haman dәqiqә sakit olur. Sәs-sәda kәsilir.

Әvvәl H a c ı N a m a z a l ı "çәkil-çәkil" deyә-deyә gәlib durur bir tәrәfdә; sonra ç a v u ş N ә z ә r ә l i "çәkil", "çәkil" deyә-deyә әlindә şallaq gәlib durur bir tәrәfdә. Bundan sonra y ü z b a ş ı P i r v e r d i b ә y "çәkil" deyә-deyә әlindә şallaq gәlib durur bir tәrәfdә. İndi dә gәlirlәr: N a ç a l n i k, p r i s t a v, d i l m a n c M i r z ә M ә h ә m m ә d q u l u, m ә k t ә b l ә r i n i n s p e k t o r u, q a z ı, m ü ә l l i m H ә s ә n o v vә Danabaş kәndinin mollası M o l l a M o v l a m v e r d i.

Q a z ı (bir qәdәr qabağa gәlib, qoşa ovcunu tutub qabağa vә gözlәrini yuxarı axıdıb). Әlhәmdü lillahil-әhәdil-vahidil-mütәqәddәsi min külli ziddin vә niddin. Әlhәmdü lillahil-lәzi hüliyә әnbiyaәl-mürsәlin bi-әhsәni hilyәtil-müttәqin, fә-sәlәvatüllahi-әleyhi vә әleyhim әdәdi әnfasil-müsәbbihin minәl-mәlaikәti vәnnasi әcmәin vә lәnәtüllahi әla әdaihim mәlaüs-sәmavat vәl-әrzin. Allahümmәrfәzikri vә әәl şәni vә әizzәti bi-izzәtikә vә әkrimii bikәrәmikә beynә yedәykә vә beynә xәlqikә vә lәnәtüllahi әla-qövmiz-zalimin, amin ya rәbbәl-alәmin! Vә çün qüdrәti-kamileyi cәhan afәrin bәabadaniyi-mәmaliki-mәhruseyi-Rusiyyә tәәllüq girift, şәhriyari-cәvan bәxt varisi-tacü tәxt şahani-cahangüşay, xülaseyi-sәlatini-namdar sülaleyi-Romanof sәdrüs-sәlatin, bәdrül-xәvaqin, zillüllahi fil-әrzin, әssultan Nikolay Aleksandroviç әz on cayi ki, әz cüzi vә külli hiç әmri әz ümuri-xudra mәaf nәmidarәd, binayi-tәlimxaneyi ki, ibarәt bәistilahi-rus uşqolayi-qәryeyi-vilayәti Danabaş istiqrar vә istikşaf mifәrmayәnd. "Amin" deyәn dillәr lal olmasın.

C a m a a t (birdәn). Amin !....

Q a z ı. Kömәklik istәrik cәmi işlәrdә allahın adı ilә ki, mehribandır ....

C a m a a t. (birdәn). Amin !....

Q a z ı. Cәmi mәxluqata lazım olan nemәtlәri rәhm edәndir ....

C a m a a t (birdәn). Amin !....

Q a z ı. Göydә allahın vә yerdә padşahi-mehribanımzın rәhmәt vә şәfәqqәtinә möhtacdır cәmi әrbab vә hacat vә zәrurat !....

C a m a a t (birdәn). Amin !....

Q a z ı. Sәlәvat vә sәlam ola göylәrin padşahına ki, әrrәhmanir-rәhimdir vә yerlәrin padşahı şәhri-yari-xurşid-ayәt Nikolay Aleksandroviçә.

C a m a a t (birdәn). Amin !....

Q a z ı. Onun xatuni-mükәrrәmәsi Aleksandra Fyodorovnaya.

C a m a a t (birdәn). Amin !....

Q a z ı. Vәliәhdi-әflatuni fitnәt Sergey Aleksandroviç vә cәmi övladi-әmcadına vә xanәvadeyi-şahanәsinә !....

C a m a a t (birdәn). Amin !....

Q a z ı. Bari-ilahi, hifz elә yerin-göyün afatından bizim alicәnab mehriban nәçәrnik hәzrәtlәrini, alimiqdar spexdur ağanı vә cәmi ümәnayi-ümurati-sәltәnәti duayi-xeyir ilә yad edәk. Vәllahü vәliyyәt-tövfiq, amin!

C a m a a t (birdәn). Amin !....

Qazı kәnara çәkilәndәn sonra N a ç a l n i k dilmanc M i r z ә M ә h ә m m ә d q u l u n u yanına çağırıb, üzünü tutur camaata.

N a ç a l n i k. Zabota ob obrazovanii poddannıx vxodit v zadaçi vsyakoqo blaqoustroennoqo qosudarstva, a potomu vo ispolnenie predpisaniya Eqo prevosxoditelstva naçalnika qubernii ot ... (qoltuğundakı portfeldәn bir kağız çıxardır, baxır) ot 17 maya 1895 qoda za № 14365 i postavlen v neobxodimostv okazat administrativnoe sodeystvie Eqo Vısokorodnyu (üzünü inspektora tutur) qospodinu inspektoru narodnıx uçiliş kollejskomu sovetniku İvanu Evlampieviçu Duxotvorsevu, na kotoroqo Direksiya narodnıx uçiliş vozlojila vısokuyu missiyu otkrıtiya odnoklassnoqo zemskoqo normalnoqo uçilişa v selenii Danabaş. Vsemje uezdnım, uçastkovım i selskim dolcnostnım lissam ya strojayşe vmenyayu obyazannost k pervomu çislu predstoyaşeqo sentyabrya mesyasa obespeçit novootkrıvaemuyu şkolu dostatoçnım komplektom detey mujskoqo pola, a pristavu çetvertoqo uçastka svoevremenno donesti mne o rezultatax prepodovaemoy nıne mnoy slovesnoy instruksiiy.

[Tәrcümәsi: tәbәәlәrin tәhsilinin qayğısına qalmaq hәr bir qaydalı dövlәtin borcudur; odur ki, әlahәzrәt quberniya rәisi ... 14365 nömrәli 1 may 1895-ci il tarixli әmri ilә xalq mәktәblәri müfәttişi, zati-alilәri (üzünü müfәttişә tutur) kollejski sovetnik İvan Yevlampiyeviç Duxotvorsevә Danabaş kәndindә bir sinifli yerli mәktәb açmaq kimi şәrәfli bir iş hәvalә etmişdir. Qәza, nahiyә vә kәndlәrin bütün vәzifә sahiblәrinә çox ciddi bildirirәm ki, üzümüzә gәlәn sentyabr ayının birinә qәdәr onlar yeni açılan mәktәbә kifayәt qәdәr oğlan uşağının toplanmasını tәmin etmәlidirlәr, dördüncü nahiyәnin pristavı isә mәnim bu şifahi tәlimatımın nәticәsinә dair vaxtında mәnә mәlumat vermәlidir.]

(Naçalnik nitqini qurtaran kimi yüzbaşı Pirverdi bәy çığırır).

P i r v e r d i b ә y. Yaşasın nәçәrnik ağa!

C a m a a t (birdәn). Yaşasın!

D i l m a n c M i r z ә M ә h ә m m ә d q u l u. Ey Danabaş kәndinin camaatı! Qulaq asın, görün nә deyirәm. Bilirsiniz naçalnik cәnabları nә fәrmayiş edir? Buyururlar ki, Danabaş kәndinin camaatı hәlә indiyә kimi qaranlıq alәmindә qalıblar. Naçalnik hәzrәtlәrinin sizә rәhmi gәlib vә bu gün hәdsiz zәhmәtlәr çәkib vә Danabaş kәndinә tәşriflәr gәtirib, bu xәyal ilә ki, burada, bu gün bir uşqol binası qoya vә bu vәsilә ilә sizlәri bәlkә qaranlıq alәmindәn çıxarda, işıqlıq alәminә daxil elәyә. Vә bir dә, ey camaat, bunu da bilin vә eşidin ki, yer üzündә pәrvәrdigari-alәm nә qәdәr şәhәrlәr vә kәndlәr xәlq edib hәr nә qәdәr vilayәtlәr yaradıb, onlar cәmisi elmin sayәsindә çoxdan işıqlıq alәminә daxil olublar; mәhz qalıb Danabaş kәndi. İnşallah, әgәr xudavәndi-alәmin lütf vә mәrhәmәti olar, naçalnik cәnabları burada bu gün bir darülelm binası qoyar, ta ki, sizi bu darülfünunda tәhsil olunan fünunun vasitәsilә işıqlıq şәrbәti içib, mәdәniyyәt alәminә daxil olasız.

M o l l a M o v l a m v e r d i (bir qәdәr qabağa gәlib). Ey amaәti-qәryeyi-Danabaş! Bizә hamılıqnan lazımdır hәr gün vә hәr gecә ibadәt vaxtında bari-pәrvәrdigarә hәmd vә sәna edәk ki, biz nә qәdәr xoşbәxt bәndәyik ki, bizim vilayәtә belә hakim tәşrif gәtirib ki, ibarәt olsun bizim cәnab nәçәrnik ağadan vә spextır ağadan. Bu özgә bir şey deyil, mәgәr ki, allah-taalanın bizә lütfü mәrhәmәti. Yaşasın nәçәrnik ağa!

C a m a a t (bir sәs ilә). Allah ağaya ömür versin.

İ n s p e k t o r (yeriyir qabağa vә rusca deyir). Milostivıe qosudari! V seqodnyaşniy den ya sçitayu sebya sçastlivım, çto stoyu pered vami, danabaşinssami i prinimayu s vami blizkoe uçastie v stol velikom prazdnestve, kak otkrıtie novoy şkolı, etoqo deystvitelnoqo fermenta kulturı i sivilizassii. Ya vam zaviduyu, ibo ne popal detstvom svoim v tot pedaqoqiçeskiy mir, koqda pedaqoqika i pedaqoqiçeskaya psixoloqiya sdelali krupnıe şaqi i nametili, izuçiv vse ziqzaqi detskoy psixoloqii, dvijeniy eqo duşi, vernıe puti pravilnoqo, rassionalnoqo, selesoobraznoqo, vospitıvayuşeqo obuçeniya, koqda vse priemı posledneqo vo vsex detalyax eqo vıvodyatsya leqko iz prinssipov i polojeniy eksperimentalnoy pedaqoqiki ipsixoloqii, ponimaya eto poslednıe v şirokom i blaqorodnom smısle etoqo slova. Uvajaemıe danabaşinsı, vı seqodnya v prazdniçnom nastroenii, i radost vaşa velika i ponyatna; ibo dlya vas vaşa davnişnyaya davnojelannaya meçta seqodnya vılivaetsya v formu realnoqo fakta. Da, vı sçastlivı seqodnya, imenno s seqodnyaşneqo dnya, koqda pedaqoqi, boleya duşoy vmeste s vami, izıskali, nakones, porazitelno tonkiy metod obuçeniya, tonkiy do toqo, çto vsyakaya i kajdaya abstraktnost, otvleçennost, krasivo i pravilno odevaetsya v konkretnost; yavlyayas svoeqo roda laboratoriey dlya priqotovleniya soznatelnıx qrajdan rodinı i vernıx poddannıx qosudarstva, ona -- eta şkola, v to je vremya vıvedet vaşix detey iz kruqa kosneyuşix v nevejestve i priobşit ix k obşey mirovoy kulture. Ona razvyajet im yazık i vvedet v mir qosudarstvennoy jizni, nauçiv ix qovorit i ponimat vsyakoqo russkoqo, vsyakoqo adminstratora, proxodyaşeqo çerez selo soldata, da, soldata ....

"Saldat" sözünü eşitcәk M ә ş ә d i A ğ a k i ş i yavaşca yapışır oğlu Ә s ә d i n әlindәn vә xәlvәtcә camaatın içindәn çıxardıb aparır. Habelә burada olan kәndlilәrdәn K ә r b ә l a y ı Q u l a m a l ı oğlu M u s t a f a n ı xәlvәtcә aparır vә M ә ş ә d i H e y d ә r oğlu

N ә c ә f i aparır. K ә n d l i l ә r dә "saldat" sözündәn tәşvişә düşüblәr. Mәşәdi Ağakişi gedәndә çavuş Nәzәrәliyә xәlvәtcә nә isә deyir ....

.... perebroşennoqo iz dalnix quberniy Velikoy Rossii k vam v selyax oqracdeniya vaşix interesov. Zakançivaya svoyu reç, prinoşu vam svoe pozdravlenie.

[Tәrcümәsi: Möhtәrәm ağalar! Bu günkü gündә mәn özümü xoşbәxt sayıram ki, siz danabaşlıların qabağında çıxış edib mәdәniyyәt vә sivilizasiyanın tәsirli mayәsi olan yeni mәktәbin açılması kimi böyük bir bayramda sizinlә birlikdә yaxından iştirak edirik. Mәn sizә qibtә edirәm; çünki mәn uşaqlıqda elә bir pedaqoji alәmә düşmәmişәm ki, orada pedaqoji elmi vә pedaqoji psixologiya iri addımlar atmış ola, uşaq psixologiyasının dolanbac cәhәtlәrini, uşaq ruhunun inkişafını öyrәnәrәk doğru, sәmәrәli, mәqsәdәuyğun, tәrbiyәedici tәlimin düzgün yollarını müәyyәnlәşdirәlәr; elә bir alәmә ki, orada tәlimin bütün üsulları başdan-başa tәcrübi pedaqoji vә psixologiyanın prinsiplәri vә qanunları әsasında, hәm dә bu sözün әn geniş vә gözәl mәnasında, asanlıqla әldә edilir. Möhtәrәm danabaşlılar, bu gün sizdә bayram әhvali-ruhiyyәsi vardır. Sizin bu böyük sevincinizin sәbәbi aydındır; zira uzun zamanlardan bәri sizin bәslәdiyiniz arzular bu gün canlı hәqiqәt şәkli alır. Bәli, bu gün siz xoşbәxtsiniz; mәhz bu gün, elә bir gündә ki, ürәklәri sizinlә bir olan pedaqoqlar xeyli әziyyәt çәkib, heyrәt edilәcәk dәrәcәdә incә bir tәlim üsulu tapmışlar, o qәdәr incә ki, bütün vә hәr cür mücәrrәdlik gözәl vә düzgün bir surәtdә müәyyәn görkәm alır; ana yurdun şüurlu vәtәndaşlarını vә dövlәtin sadiq tәbәәlәrini hazırlamaq üçün bir növ laboratoriya olan mәktәb eyni zamanda sizin uşaqlarınızı cәhalәtdә batıb qalanlar içәrisindәn çıxarıb ümumdünya mәdәniyyәti ilә birlәşdirәcәkdir. Mәktәb onların dilini açacaq, hәr bir rusun, hәr bir inzibatçının dilini, Böyük Rusiyanın uzaq mahallarından sizin mәnafeinizi qorumaq üçün göndәrilәn vә sizin kәndinizdәn keçәn hәr bir hökumәt qulluqçusunun, saldatın, bәli, saldatın dilini başa düşmәyi vә onlarla danışmağı sizin uşaqlarınıza öyrәtmәklә mәktәb bu uşaqları dövlәt hәyatına daxil edәcәkdir. Nitqimi qurtarıb sizi tәbrik edirәm.]

N a ç a l n i k (yüzbaşıya). Çto je, spisok malçikov uce qotov?

[Tərcüməsi: Hә, oğlanların siyahısı hazırdırmı?]

M i r z ә M ә h ә m m ә d q u l u (yüzbaşıya). Hazırdırmı uşaqların siyahisi?

Pirverdibәy kağızı aparıb verir naçalnikә, o da verir Mirzә Mәhәmmәdquluya.

N a ç a l n i k (Mirzә Mәhәmmәdquluya). Perevodçik, oqlasite etot spisok.

[Tərcüməsi: Dilmanc, bu siyahını oxuyun.]

M i r z ә M ә h ә m m ә d q u l u. Camaat, bu gün cәnab naçalnikin hökmü mocibincә burada bir siyahi qәrar verilib; hәr kәsin ki, uşkolaya göndәrmәli oğlu var, bu siyahidә namizәd olunub ki, ibarәt ola zeyldәki әhalidәn: әvvәlәn, Kәrbәlayı İmamqulu Kәrbәlayı Әli oğlu.

Kәrbәlayı İmamqulu çıxır qabağa vә ikiqat baş yendirir.

Kişi, bu saat Zeynal oğluvu gәtir naçalnikin hüzuruna.

K ә r b ә l a y ı İ m a m q u l u (üzü naçalnikә vә iki әli döşündә). Ay nәçәrnik ağa, belә qurban olsun sәnә mәnim oğlum Zeynal. Mehriban padşahımızın yolunda oğlumu nәinki saldatlığa [verәrәm], mәn onu qurban da kәsәrәm. Amma Zeynalın yeddi yaşı hәlә tamam olmayıb, bunu camaat da bilir. Onun nә lәyaqәti var gedib saldatlıq elәsin, tüfәng götürsün?

M i r z ә M ә h ә m m ә d q u l u . (tәәccüblü vә acıqlı). A kişi, nә danışırsan? Saldat nәdi, tüfәng nәdi? Hansı müfsidlәr sizi başdan çıxardıblar? Oğlun oxuyub adam olacaq, mәrifәt sahibi olacaq. Dәli deyilsәn ki, bu sözlәri danışırsan? Bizi mәәttәl elәmә; bu saat get, oğlunu gәtir, yoxsa peşman olarsan.

Camaat içindә qalan bir-iki uşaq da yox olur Kәrbәlayı İmamqulu bir qәdәr fikir elәyib, çıxıb gedir.

M i r z ә M ә h ә m m ә d q u l u (siyahini oxuyur). Kabla Heydәr Kabla Kazım oğlu (Kәrbәlayı Heydәr qabağa gәlib baş әyir). Bu saat oğlun Süleymanı gәtir cәnab naçalnikin hüzuruna.

K ә r b ә l a y ı H e y d ә r Ağa, әrzim var.

M i r z ә M ә h ә m m ә d q u l u (acıqlı). Kabla Heydәr, qonaqları mәәttәl elәmә, bu saat oğlunu gәtir; yoxsa naçalnik cәnablarının o qәdәr vaxtı yoxdu ki sizin nağıl-hekayәlәrinizә qulaq versin.

Kәrbәlayı Heydәr yavaş-yavaş çıxır.

M i r z ә M ә h ә m m ә d q u l u (siyahini oxuyur). Mәşәdi Ağakişi Qasım oğlu. (Mәşәdi Ağakişi gәlir qabağa). Oğlun Әsәd buradadırmı?

M ә ş ә d i A ğ a k i ş i. Xeyr, ağa, mәnim oğlum Әsәdi bu saat yorğan-döşәkdә qoyub gәlmişәm; bax, çavuş Nәzәrәli dә allah şahididi. (Çavuş Nәzәrәliyә göz elәyir).

M i r z ә M ә h ә m m ә d q u l u (oxuyur). Kabla Qulamalı Yәrmәhәmmәd oğlu.

Camaat içindәn Kәrbәlayı Qulamalı qabağa gәlib baş әyir.

M i r z ә M ә h ә m m ә d q u l u . Oğlun Mustafa hardadır?

K ә r b ә l a y ı Q u l a m a l ı. Ağa, mәnim oğlum yoxdu.

Kәndlilәrdәn bir neçәsi gülüşür vә bir-birinin üzünә baxır.

M i r z ә M ә h ә m m ә d q u l u (tәәccüblә). Necә yoxdu? Bәs Mustafa adlı sәnin oğlun yoxdu?

K ә r b ә l a y ı Q u l a m a l ı. Xeyr, ağa, sözüm var. Әrz olsun ki....

Yüzbaşı Pirverdi bәy daldan gәlib Kәrbәlayı Qulamalının peysәrindәn bir yumruq salıb deyir:

P i r v e r d i b ә y (Kәrbәlayı Qulamalıya). Bu saat oğlun Mustafanı get gәtir cәnab nәçәrnikin hüzuruna!

Kәrbәlayı Qulamalı kor-peşiman çıxır gedir.

M i r z ә M ә h ә m m ә d q u l u (siyahiyә baxır) Mәşәdi Fәrәculla Mәşәdi Murtuza oğlu.

Bir cavab gәlmir vә ortalığa bir kәs çıxmır. Yüzbaşı tәşvişә düşüb camaata göz gәzdirir.

P i r v e r d i b ә y (Mirzә Mәhәmmәdquluya). Cәnab Mirzә, Mәşәdi Fәrәculla özü bir qoca kişidi; elә bilirәm ki, bu gün heç kәnddә dә deyil. İki ulağı var, çarvadarrıx elәyir. Adam göndәrәrәm, bu saat oğlunu gәtirәrlәr. (Nәzәrәliyә) Әdә, Nәzәrәli, qaç bu saat Mәşәdi Fәrәcullanın oğlu Cәfәri tap gәtir bura. Әdә, özünü gözlә, yaman sәrp itlәri var, sәni tutarlar.

N a ç a l n i k (Mirzә Mәhәmmәdquluya). Çto je, poka ni odnoqo malçika net na liso?

[Tərcuməsi: Bәs nә oldu? Hәlә göz qabağında bir nәfәrdә oğlan yoxdur?]

M i r z ә M ә h ә m m ә d q u l u. Yüzbaşı, sәnin üçün çox eyib olsun ki, neçә saatdır biz burada mәәttәlik, sәn bu yekәlikdә kәnddәn burada indiyә kimi bir uşaq da hazır elәmәmisәn! Bәs sәn necә yüzbaşısan? Cәnab naçalnik sәndәn bәrk narazıdır.

Bu sözlәrdәn sonra yüzbaşı vә çavuş Nәzәrәli başlayırlar kәndlilәri şallaq ilә vurmağa vә vura-vura deyirlәr: get, bu saat uşağını gәtir, yoxsa dәrini soyaram! Bu heyndә araya iki uşaq gәtirirlәr. Kәnarda ağlaşma sәsi gәlir hәmin iki uşağın anaları "bala vay!" deyib ağlayırlar. İki kişi, hәmin uşaqların ataları, uşaqların әllәrindәn tutub yavaşca ağlayırlar. Ruslar tәәccüblü baxırlar.

İ n s p e k t o r (gedib uşaqların üzlәrini әllәyir). Vot xoroşie malçiki.

[Tərcuməsi: Bax, yaxşı oğlanlardır.]

M o l l a M o v l a m v e r d i. Ay bacılar, ay qardaşlar! Axı sizin aqlamağınız bicadır; sәbәb bu ki, uşaqlarınıza heç bir cәhәtdәn afәt yetişmәyәcәk, savayı ondan ki, inşaallah, xudavәndi-alәmin lütfü mәrhәmәti olsa, elm tәhsil edib, nurani alәminә daxil olmaqla feyziyab olacaqlar. Allah-taala öz birliyi xatirәsi üçün sizә sәbr versin.

M ü ә l l i m H ә s ә n o v (camaata). Cәmi millәtlәrin tәlaşı bu olubdur ki, obrazovanya tapsınlar, obrazovannı olsunlar; amma siz hәlә indiyә kimi gör nә qәdәr dalda qalmısız ki, nә qәdәr nevejestvennisiz ki, bir surәtdә bunu hәlә anlamamısınız ki: uçenie svet, ne uçenie tma.

[Tərcuməsi: Oxumaq işıqdır, Oxumamaq zülmәt.]

İ n s p e k t o r. Vot, vot, soverşenno verno!

[Tərcuməsi: Bax, bax, tamam doğrudur. ]

H a c ı N a m a z a l ı (yeriyir qabağa vә Mirzә Mәhәmmәdquluya). Cәnab Mirzә, ağalara әrz elә nahar hazırdı, buyursunlar otağa; ta qalan uşaqlar da nahar qurtarınca cәm olsunlar.

Mirzә Mәhәmmәdqulu naçalnikә yavuq gәlib, ona alçaqdan bir neçә söz deyir vә hәmçinin qeyri qonaqları da otağa dәvәt edir. N a ç a l n i k, i n s p e k t o r, q a z ı, M o l l a M o v l a m v e r d i, p r i s t a v vә bunların dalınca H a c ı N a m a z a l ı gedirlar. Camaat tökülür Pirverdi bәyin üstünә vә başlayır yalvarmağa; biri deyir: "Aman günüdü, oğlumu azad elә", biri deyir: "Oğlum naxoşdu, siyahidәn pozdur". Övrәtlәr ağlaşır vә bu övrәtlәrin yanına bir neçә dә çarşovlu övrәt gәlib ağlaşırlar. Kişilәrdәn dә ağlayan var. Sәs-küy çoxalır, camaat qarışır bir-birinә. Pirverdi bәy vә Nәzәrәli gahdan bir bәzi kәndlilәr ilә pıçıldaşırlar vә habelә bәzilәrini dә şallaq ilә vururlar. Hәmin qışqırıq ilә pәrdә salınır.

P ә r d ә


ÜÇÜNCÜ MӘCLİS

Üçüncü mәclis vaqe olur Mәşәdi Ağakişinin hәyәtindә. Altı arvad başlarında çarşov, yerdә oturub, ayaqlarını uzadıb, dizlәrinә döyә-deyә ağlaşırlar. Hәyәtin bir tәrәfindә kәrmә qalağı görsәnir. Kәnarda Qasım kişi oturub çarığını tikir.

B i r i n c i a r v a d. Balamı saldat aparacaqlar, bala vay! (Arvadların hamısı ağlaşır).

İ k i n c i a r v a d. Balamı uşqol aparacaqlar, bala vay! (Arvadlar ağlaşırlar).

Ü ç ü n c ü a r v a d. Balamı uçtel aparacaqlar, bala vay! (Ağlaşırlar).

D ö r d ü n c ü a r v a d. Balamın üzünә hәsrәt qalacağam, bala vay! (Ağlaşırlar).

B e ş i n c i a r v a d. Bais, evin dağılsın, bala vay!

Q a s ı m k i ş i (arvadlara). Balam, ağlamayın, allah kәrimdi.

Küçә qapısı açılır. M ә ş ә d i A ğ a k i ş i qabağında oğlu Ә s ә d, tәlәsik girirlәr hәyәtә. Qapını daldan bağlayır, oğlunun әlindәn yapışıb gәtirir vә o tәrәf-bu tәrәfә baxır. Ş a b a n n ә n ә yerindәn durub gedir nәvәsi Әsәdi qucaqlayır.

Q a sı m k i ş i (nәvәsi Әsәdә). Bala, sәni necә bәs buraxdılar?

Ş a b a n n ә n ә. Nәnәn qadanı alsın bala. Bәs sәni necә buraxdılar? Qurban sәnә, dahı bir dә aparmayacaqlar ki? Buy, allah, mәnә ölüm göndәr!

M ә ş ә d i A ğ a k i ş i (hövsәlәsiz vә alçaqdan). Dinmә, dinmә! Sәsini çıxartma. (Әsәdә) Gәl, gәl, tez ol! (Belә deyә-deyә aparır Әsәdi kәrmә qalağının qabağına). Gir, gir sәnә deyirәm! Durma, gir! (Әsәd özünü soxur qalağın içinә, Mәşәdi Ağakişi yenә әtrafa baxıb, bir yastı daş tapıb gәtirir dayayır qalağın ağzına vә üzünü tutur arvadlara). (Alçaqdan). Bax, sәs-küy elәmәyin. Sizә mәn tapşırıram ki, sәs-küy çıxartmayın.

Arvadlar üzlәri örtülü, dallarını çevirirlәr Mәşәdi Ağakişiyә vә başlayırlar Şaban nәnә ilә pıçıldaşmağa.

Ş a b a n n ә n ә (oğluna). Ağakişi, bala, sәn allah bir de görüm Gülcahan xalaqızımın nәvәsi Süleyman vә bir dә Xansәnәm bacının....

M ә ş ә d i A ğ a k i ş i (arvadın sözünü kәsir, әlini ağzına basıb alçaqdan). Arvad, kәs sәsini sәnә deyirәm! Danışma.

Q a s ı m k i ş i (arvadlara). Balam, sәs-küy elәmәyin.

Küçә qapısı döyülür. Mәşәdi Ağakişi qaçıb gizlәnir. Qapı bir dә bәrk döyülәndәn sonra Mәşәdi Ağakişinin qonşusu Kәrbәlayı Qulamalı küçәdәn hәyәt divarına dırmaşıb, oğlu Mustafanın әlindәn yapışıb, qalxızır divarın üstә; hәr ikisi düşürlәr hәyәtә, Mәşәdi Ağakişi çıxır bunların qabağına, tez gәlib yapışır Mustafanın әlindәn vә aparıb soxur hәmin kәrmә qalağına.

Elәcә bunu da qat qalağa.

Arvadların biri, yәni Mustafanın anası üzüörtülü sevincәk qaçır oğlunun yanına. Mәşәdi Ağakişi uşaqlara "sus" deyib, yenә yastı daşı qoyur qalağın ağzına. Kişilәr çәkilib, divarın kölgәsindә oturub, çubuqlarını ciblәrindәn çıxardırlar doldursunlar. Qalan arvadlar hәzin-hәzin ağlaşırlar. Yenә küçә qapısı döyülür; yenә Mәşәdi Ağakişi vә Kәrbәlayı Qulamalı yerlәrindәn qalxıb girirlәr evә. Qapı yenә bәrk döyülәndәn sonra, divara dırmaşır Kәrbәlayı Heydәr. Bu da oğlu Süleymanı küçәdәn divara dırmaşdırıb yendirir hәyәtә.

Q a s ı m k i ş i. Elәcә bunu da qatın qalağa.

Mәşәdi Ağakişi vә Kәrbәlayı Qulamalı bu uşağı da qatırlar qalağın içinә. Kişilәrin üçü dә çubuq çәkmәyә mәşğul olur.

Z ә r b ә l i (divarın çatdağından deyir, amma üzü görükmür). Mәşәdi Ağakişi, uşaqları niyә kәrmә qalağında gizlәdirsәn? Sәn ölәsәn bu saat gedib uşqola xәbәr verdim. (Kiişlәrin üçü dә hövlnak ayağa qalxıb tәәccüb ilә baxırlar). Hә, siz Nәzәrәli çavuşnan dilbir olun, mәnim oğlumu saldat yazdırın, öz uşaqlarınızı da kәrmә qalağında gizlәdin? Bu da bir qonşuluqdu? Neylәk, heç eybi yoxdu.

M ә ş ә d i A ğ a k i ş i (yalvarır). Әdә, Zәrbәli, mәn ölüm ucadan danışma. Hansı hәpәnd sәnin oğlunu yazdırıb? Әdә, mәn ölüm yavaş danış, aman günüdü.

Q a s ı m k i ş i (Zәrbәliyә). A balam, Zәrbәli, boşla qoysun getsin.

Z ә r b ә l i (çatdaqdan). Bә siz yazdırmamısınız, nәçәrnik mәnim oğlumun olmağını haradan bilirdi? Heylәdi, elә biz bәdbәxt musurmana quyu qazan elә öz musurmanımız olur. Bir deyin görәk, mәnim oğlum saldat gedәndә, görәk sizin cibinizә bir şey girәcәk, ya döşünüzә medal asacaqlar?

K ә r b ә l a y ı Q u l a m a l ı (Zәrbәliyә). Әdә, dәli olma. Balam, xalqa baiskarlıq elәmә. Hansı atasından xәbәri olmayan, anasının әmcәyini kәsәn sәnin oğlunu yazdırıb? Mәn ölüm, Zәrbәli, bu danışıqları boşla, get işinә!

N ә z ә r ә l i ç a v u ş (qabaqca küçә qapısını döyür, sonra divarın üstündәn yavaşca deyir). Mәşәdi Ağakişi, Mәşәdi Ağakişi! Durma uşaqları bu saat göndәr xirmәnә, yoxsa yüzbaşı uşkolnan bir yerdә evlәri gәzirlәr. (Nәzәrәli bu sözlәri deyib, yox olur).

M ә ş ә d i A ğ a k i ş i, K ә r b ә l a y ı Q u l a m a l ı vә K ә r b ә l a y ı H e y d ә r qaçıb qalağın ağzından daşı götürüb uşaqları çıxardırlar vә deyirlәr: "qaçın xirmәnә! qaçın xirmәnә!". Uşaqların üçü dә çıxıb qaçırlar.

Q a s ı m k i ş i (uşaqların dalınca). Bala, bir az qıvraq qaçın, әldәn çıxın....

Ş a b a n n ә n ә (Әsәdin dalınca). Nәnә sәnә qurban, Әsәd bala.

Küçә qapısı döyülür, Nәzәrәli çavuş qapının dalından sәslәnir.

N ә z ә r ә l i. Mәşәdn Ağakişi! Aç qapını, yüzbaşıynan uşqol sizә gәlirlәr.

Mәşәdi Ağakişi gedib qapını açır, hәyәtә daxil olurlar: y ü z b a ş ı P i r v e d i b ә y, әlindә şallaq, u ç i t e l H ә s ә n o v, M o l l a M o v l a m v e r d i, Nәzәrәli çavuş әindә şallaq vә bir neçə k ә n d l i. Camaat gәlib düzülür hәyәtin ortasına.

P i r v e r d i b ә y (Mәşәdi Ağakşiyә). Mәşәdi Ağakişi, yaxşı qulaq as, gör nә deyirәm. Sizә mәlumdu ki, mәn on yeddi ildi ki, istәkli padşahımıza ixlas ilә qulluq elәyirәm. Vә bir dәfә dә olmayıb ki, mәn dövlәt yanında başı aşağı olum. Vә bunu siz yaxşı bilirsiniz. Mәn indi dә razı olmanam ki, hәr yanda danışalar ki, nәçәrnik ağa gәlib Danabaş kәndindә bir uşqol açdı, amma danabaşlılar yüzbaşı Pirverdi bәydәn (özünü әli ilә nişan verir) qorxmadılar, uşaqlarını uşqoldan qaçırdıb kәrmә qalağında gizlәtdilәr.

Camaatdan bir neçәsi gülüşür.

M ә ş ә d i A ğ a k i ş i. Yüzbaşı, sәnin başın üçün kәrmә qalağında uşaq yoxdu; bax, bu mәnim kәrmә qalağım. (Gedir kәrmә qalağının yanına).

Q a s ı m k i ş i. Nә eybi var, qoy zәhmәt çәkib baxsınlar da! Bәlkә inanmırlar.

N ә z ә r ә l i ç a v u ş (gedib başını uzadır qalağın içinә). Yüzbaşı, başın üçün qalağın içindә uşaq yoxdu.

Q a s ı m k i ş i. Yoxdu, yoxdu. Hәr kәs deyibsә, yalan deyib.

Ş a b a n n ә n ә (üzü örtülü, dalı camaata tәrәf, çarşovlu). Yoxdu, yoxdu.

M o l l a M o v l a m v e r d i (Şaban nәnәyә acıqlı vә ucadan). Kәs sәsini, bihәya! Övrәt xәlayiqinin kişilәr içindә danışmağı qәbihdir. Hәya lazımdır, hәya!

U ç i t e l H ә s ә n o v (cibindәn bir kaqız çıxardır). Camaat, mәn cәnab inspektorun hökmünә görә ki, direktorun predpisanyası ilә avqustun birindәn Danabaş uşqolasına smatritel olmuşam, inspektorun vә naçalnikin hüzurunda hәmin siyahidәki uşaqların adları vә atalarının adları burada yazılıb, iki hәftәdәn sonra uşaqların atalarından xahiş edirәm ki, bir surәtdә ki, sizә dә bir belә xoşbәxtlik üz verib ki, uşaqlarınız oxuyub adam olacaqlar, mәn dә fәxr edirәm ki, millәtpәrәstlik vәzifәmi yerinә yetirib padşahi-mehribanımızın xidmәtindә qulluq yarıdacağam. Yaşasın padşahımız! Yaşasın inspektorumuz! Yaşasın Danabaş kәndinin camaatı!

Q a s ı m k i ş i .(uçitelә). Ay uşqol, axı mәn dә bir qoca kişiyәm; dünyada mәn dә azdan-çoxdan yaxşı ilә yamanı seçirәm. Axı, qurban olum sәnә, bir mәni başa sal görüm, o ki deyirsәn uşaqlar oxuyub adam olacaqlar, bir mәnә de görüm, necә yәni adam olacaqlar? Axı bu gün yığıncaqda spextırdı-nәdi danışırdı, başa düşmәdim; amma axı spextır söz arasında ağzından qaçırtdı ki, uşaqlar saldat olacaqlar.

P i r v e r d i b ә y. Qasım kişi, bu sözlәr bir qәpiyә dәymәz vә mәn saldat-zad qanmıram; mәn buyruq quluyam. Mәnә buyurublar: Sür dәrәyә, sür dәrәyә. Әgәr siyahidәki uşaqlar uşqola gәlmәsәlәr, mәn siznәn, bax, bu şallağnan danışacağam! (әlindәki şallağı nişan verir).

U ç i t e l (yüzbaşıya). Xeyr, yüzbaşı, mәni bağışlayasınız, mәn şallaqnan uşaq yığmağın tәrәfdarı deyilәm. Pedaqogiya alәminә şallaq yaraşmaz vә şallaq gücü ilә verilәn dәrslәrdәn bir fayda hasil olmaz. Mәn elә qanıram ki, çәtini ikicә aydı; elә ki, uşaqlar ikicә ay dәrsә gәldilәr, onda ataları tәzә metodun nәticәsini öz gözlәrilә görüb dәxi mәktәbdәn qaçmayacaqlar.

Q a s ı m k i ş i (uçitelә). Bax, çox әcәb danışırsan, ay uşqol. Allah atana rәhmәt elәsin. İndi belә fәrz edәk ki, mәn nәvәmi qoydum gәldi uşqola; sәn iki ay deyirsәn, mәn sәnә bir il möhlәt verirәm. İndi bir mәnә de görüm, bir ildәn sonra mәnim uşağım nә olacaq?

U ç i t e l. Nә olacaq, tәrbiyә tapıb adam olacaq.

Q a s ı m k i ş i. Axı, necә adam olacaq? Mәn indi yetmiş ildәn artıqdı ki, ömrüm var, indi sәnin sözündәn belә başa düşәk ki, bu burnu fırtıqlı corma-çoçuqlar bir ildәn sonra adam olacaqlar? Yәni nә zәrәri var ki, bizi başa salasan, görәk necә adam olacaqlar?

U ç i t e l. Qasım kişi, bağışla, axı uşaqlar bir ildәn sonra yazıb oxumaq öyrәnәcәklәr.

Q a s ı m k i ş i. Nә oxuyacaqlar? Nә yazacaqlar?

U ç i t e l. Çernyayevskinin "Russki reç"ini dә oxuyacaqlar, "Vәtәn dilini" dә zvukovoy metodnan oxuyacaqlar.

Q a s ı m k i ş i (o tәrәf-bu tәrәfә baxıb, gözü sataşır Kәrbәlayı Heydәrә). A balam, Kabla Heydәr, o hansı kitabdı? Bilmirәm "Gülüstan"dı nәdi ki, uşaqlara dәrs deyirdin. İndi mәn bu mәtlәblәri başa düşmürәm. Sәn ki, oxumusan, gәl cavab ver da! Niyә lal-kar kimi durub baxırsan?

U ç i t e l. Yaxşı, Qasım kişi, söhbәt bir "Gülüstan"da deyil. Tәk bir "Gülüstan" oxumaqnan obrazovannı olmaq olmaz. Mәsәlә, indi götürәk Kabla Heydәri, görәk indi mәsәlә üçün Kabla Heydәr tablitsa ümnajenini bilir? Vә halonki, sizin uşaqlar bir ildәn sonra bilәcәklәr.

K ә r b ә l a y ı H e y d ә r (uçitelә). Cәnab uşqol, üsuliddin çәndәst? (uçitel gülür, kәndlilәr dә gülürlәr).

[Tərcüməsi: Günəşdən də aydındır.]

M o l l a M o v l a m v e r d i (uçitelә). Dәxi burada gülmәyin mәnası yoxdur. Sözdü o kişi soruşdu; әgәr bilirsәn, cavab ver; әgәr bilmirsәn, de ki, mәn urus dәrsindәn savayı bir özgә elm oxumamışam. Zira ki, hәr bir elm, hәr bir tәlim vә tәrbiyә әzhәri minәşşәmsdir ki, insanı öz tәrәfinә çәkәcәk. Şәriәt elmini tәhsil edәn daim özünü islam bilib, müsәlmançılıq tәriqәtindә saxlayacaq. Xaricilәr ilә üns tutanlar, onların dilini oxuyanlar, onların içindә tәrbiyә, tapanlar, başlarına şapqa qoyub üsuliddindәn dә, füruiddindәn dә bixәbәr vә bibәhrә olacaqlar. Dәxi niyә gülürsüz? Yaxşı deyilmi ki, etiraf edәsiniz?

U ç i t e l. Cәnab Molla Movlamverdi, doğrudur, mәn şәriәt elmlәrini oxumamışam, amma güman edirәm ki, mәn oxuduğum vә bildiyim elmlәri dә, nәinki Kabla Heydәr vә bәlkә bağışlayınız, siz özünüz dә oxumayıb vә bilmirsiniz.

M o l l a M o v l a m v e r d i. O hansı elmlәrdi?

U ç i t e l. Mәsәla, götürәk, zoologiyanı. Çәyirtgәnin qulaqları bәdәninin harasındadır?

Kәrbәlayı Heydәr vә kәndlilәr gülüşür.

M o l l a M o v l a m v e r d i. Pәh, pәh! Bu da mәnә elm oldu!

Q a s ı m k i ş i (uçitelә). Ay uşqol, ay uşqol, axı mәnim uşağıma çәyirtgәnin qulağını bilmәk nә lazım vә nәyinә lazım olacaq? Sәn bu zәhrimar çәyirtgәyә bir çarә tap ki, qırılsın rәdd olsun; hәr il bir dәfә gәlib taxılımızı yemәsin vә bizi ac qoymasın. Sәn buna çarә tap; yoxsa tapmacaların mәnim uşağıma nә mәnfәәti ola bilәr? (Öz-özünә mırtdanır). Çәyirtgәnin qulaqları nәyimә laz?md?r ?.... Qadam onun qulaqlrına da, gözlәrinә dә, qaşlarına da! Çox matah şeydi, hәlә durub onu tutub qulaqlarını da axtaracağam ki, görüm haradadı. (Uçitelә). Ay uşqol, bәlkә sәn biznәn zarafat elәyirsәn?....

K ә r b ә l a y ı H e y d ә r (gülә-gülә uçitelә). Xub, cәnab mirzә, çәyirtgәnin qulaqları bәdәninin harasındadır?

U ç i t e l. Çәyirtgәnin qulaqları dizlәrindәdi.

Camaat gülüşür.

P i r v e r d i b ә y (bir az gülәndәn sonra uçitelә). Ay uşqol, mәnә nәçәrnik, doğrudur, hökm edib ki, sәnә camaat hörmәt elәsin, amma mәn, doğrusu, razı deyilәm ki, çәyirtgә söhbәtlәri ilә kәndlilәri üstünüzә güldürәsiniz. Әgәr sәn uşaqlardan ötrü bu qәdәr başını ağrıdırsansa, heç qorxma vә ürәyini gen saxla, bunlara moizә-zad lazım deyil, bunlarınkı, bax, bu şallaqdı. (Әlindәki şallağı nişan verir).

M o l l a M o v l a m v e r d i (yüzbaşıya). Yüzbaşı, heç eybi yoxdu. Uşaqları, söz yox, allahın mәslәhәti ilә cәm edәrik; amma nә eybi var, qoy cәnab uşqol oxuduğu elmlәrdәn bәhs elәsin, qulaq asaq. (Uçitelә). Cәnab uşqol, qoy bir söz dә mәn sәndәn soruşum: mәn şәkk elәdim iki ilә üç arasından; indi mәnim tәklifim nәdi?

U ç i t e l (Mollaya). Axund Molla Movlamverdi, mәn әrz elәdim ki, mәnim vәzifәm uşqolanın proqramını oxudub şagirdlәrә attestat vermәkdir ki, Danabaş mәktәbinin kursunu qurtarandan sonra, xahiş edәnlәr gedib qorodskoy şkolaya girsinlәr vә oradan da әgәr nәhayәt qabiliyyәtli vә zehinli olsalar, seminariyaya keçib vә oranın da elmlәrini әxz edib alim olsunlar. İndi, mәsәlәn, bax, bir kәndlidәn soruşsan ki, mәsәlәn, iki ilә iki neçә elәr, söz yox ki, bilmәyәcәk; amma, mәnim kimi gedib seminariyanı qurtarsalar, onda, mәsәlәn, bir qarpızın içini arşın ilә ölçә bilәcәklәr ki, indi, söz yox, heç birinizin xәyalına gәlmir.

Kәndlilәr gülüşür.

K ә r b ә l a y ı H e y d ә r. Uşqol, doğrusu, biz bunu da başa düşmәdik; necә yәni qarpızın içini arşın ilә ölçmәk?

U ç i t e l. Kәrbәlayı, doğrusu budur ki, mәn sәni başa sala bilmәnәm. Sәbәb bu ki, sәn mәn oxuduğum dili vә elmlәri bilmirsәn; sәn seminariya qurtarmamısan.

Q a s ı m k i ş i. Ay uşqol, axı bir insafnan danış. Axı qarpızın içini arşınnan ölçmәyin bizә nә mәnfәәti? Biz әkinçi rәşbәrik. Biz elә hәmişә qarpız da әkirik, onu satanda, ya alanda saynan, ya әdәdnәn alıb satarıq, yainki tarazıya qoyarıq; arşınnan da çiti, bezi ölçәrik. Sәn yәqin bizim vilayәtә nabәlәdsәn, bilmirsәn; amma yaxşı olardı, sәn bizim kәndә tәşrif gәtirәndә Şahtaxtından bizә qarpız toxumu gәtirә idin. Çünki oraların qarpızı cinslikdә adnandı; yoxsa bizim toxumlar nacinsdi. Әgәr bir belә iş elәmiş olsa idin, bizlәrә böyük bir yaxşılıq elәmiş olardın; yoxsa, doğrusu, sәnin bu qarpız ölçündәn dә ağlım bir şey kәsmәdi.

M o l l a M o v l a m v e r d i. Cәnab uşqol, sәnin tәbiri-xab mәsailinә etiqadın var?

U ç i t e l. Xeyr, yoxdu.

M o l l a M o v l a m v e r d i. Bәli, bәli, işin әsl hәqiqәti budur ki, qara lәkә ağ lәkәni basmasın. Yoxsa iş-işdәn keçәndәn sonra, bәdәn qartalır, ruh süstlәşir, etiqad tәğyir tapır vә dәxi nicata bir ümid yolu qalmır; o sәbәbdәndir ki, hәqqi-sübhanә vә taala insanı faili-muxtar yaradıbdır vә xilqәtdә bir hikmәti-nabina, bir sirri-yәzdani әlaqәdar olubdur ki, mәsәlәn tәbiri-xab әsrarında nә qәdәr icti-hadlar vücuda gәlib ki, bunların inkişafı az bir xoşsәadәt bәndәlәrә müyәssәr olur. Srağa gecә bir qatma-qarışıq yuxu gördüm. Hövlnak ayıldım. Belә ... tәqribәn (göyә baxır) nisfi-şәbdәn yarım saat keçmiş olardı. Ulduzlara zәnn elәdim, gördüm ki, sәncәncәli-әsğәr ulduzları sünbülә bürcünün, bax, bu tәrәfindәdirlәr. (Әlini yumruq şәklindә tutub baş barmağını göyә qalxızır). Sonra mәni yuxu tutdu. Bir az keçdi, ayıldım baxdım ki, (göyә baxır) haman sәncәncәli-әsğәr ulduzları indi dә sünbülә bürcünün, bax, bu tәrәfindәdirlәr. Siz elә güman etmәyin ki, әflakın hәrәkatı sәbәbsiz vә mәnasız bir hadisatdır? Xeyr, nәüzi-billah!

K ә r b ә l a y ı H e y d ә r (uçitelә). Hә, uşqol, di cavab ver, nә deyirsәn? Niyә dinmirsәn? Hanı bәs çәyirtgәnin qulaqları?

Adamlar gülüşürlәr.

P i r v e r d i b ә y (Kәrbәlayı Heydәrә). Sәn hәr nә elәyirsәn elә, amma bu şallağı yadından çıxartma. Mәn bura sizi uşqolnan deyişmәyә çağırmamışam; mәnә uşaq lazımdı, uşaq!

Q a s ı m k i ş i. Ay uşqol, bu sözlәr hamısı keçәndәn sonra, bir de görüm, axır bizim uşaqlara nә oxudacaqsan? Deyirsәn axı "Gülüstan" oxumayacaqlar?

U ç i t e l. Xeyr, "Gülüstan" oxumayacaqlar. Yazıq deyillәrmi, uşaqlarınız illәr uzunu gözlәrini zaye elәsinlәr ki, nә var, nә var, biz "Gülüstan" oxumuşuq? Amma tәzә zvukovoy metod ilә, yәni üsuli-sövti ilә Çernyayevskinin "Vәtәn dili" kitabını bir neçә ayın müddәtindә oxuyub qurtaracaqlar vә әllәri qәlәm tutacaq.

Kәrbәlayı Heydәr gülür.

M o l l a M o v l a m v e r d i. Cәvab uşqol, bax, bunu mәn başa düşmәdim.

U ç i t e l. Cәnab Molla Movlamverdi, zvukovoy sposob metodu icad olunmamışdan, uşaqlar illәr uzunu höccәliyә-höccәliyә bitli vә tozlu hәsirlәr üstә yırğalana-yırğalana cavan ömürlәrini puça çıxardırdılar vә heç bir şey dә öyrәnmirdilәr; amma indi tәzә üsul ilә sözlәri götürürlәr, sәslәrә tәqsim elәyirlәr. İndi belә bir mәsәli götürәk; götürәk "osa" kәlmәsini. Bax, burada üç sәs var: biri "o", biri "s", biri "a".

Q a s ı m k i ş i (Kәrbәlayı Heydәrә). A balam, Kabla Heydәr, bu nә danışır?

K ә r b ә l a y ı H e y d ә r. Vallah, mәn qanmadım. (Mollaya) Molla Movlamverdi, bәlkә sәn bu elmi tәhsil elәmiş olasan?

M o l l a M o v l a m v e r d i (uçitelә). Cәnab uşqol, o sözü ki, indi dediniz, "osa" ki buyurdunuz, o söz nә sözdü?

U ç i t e l. "Osa", yәni eşşәk arısı.

Adamlar gülüşür.

Xub, başa düşmürsünüz, götürәk müsәlman sözünü. Mәsәlәn, "ot"; haman otu deyirәm ki, çöllәrdә bitir vә heyvanlar yeyir. İndi biz istәyirik yazaq "ot". Axı "ot" sözündә iki sәs var: biri "o", biri dә "t". Әvvәl yazırıq "o", sonra da yazırıq "t"; olur: "ot".

M o l l a M o v l a m v e r d i. Bağışla, cәnab uşqol, "ot" lәfzi üç hәrfdәn mürәkkәbdir, nәinki iki.

U ç i t e l. Xeyr, ikidir.

M o l l a M o v l a m v e r d i. Xeyr, bağışlayasınız, üç hәrfdir. Biri -- "әlif", biri -- "vav", biri dә -- "tey". Mәgәr siz o dәrәcәdә bisavadsız ki, bunu da başa düşmürsünüz?

Kәndlilәr gülüşür.

Q a s ı m k i ş i. Yaxşı, cәnab uşqol, bir bunu da bizә buyur görәk uşaqlar uşqolu qurtarandan sonra bir qulluq sahibi olacaqlarmı?

U ç i t e l. Әlbәttә. O baxar şagirdin qabiliyyәtinә; әgәr qabiliyyәti olsa, mәnim kimi gedib seminariyanı qurtarar vә mәnim kimi smatritel olar.

K ә r b ә l a y ı Q u l a m a l ı. Doğrusu, mәn bilsәm ki, uşqolada oxuyan uşaqlar qulluq sahibi olacaqlar, mәn oğlum Mustafanı uşqola vermәyә sözüm yoxdu.

U ç i t e l. Mәrhәba, mәrhәba! Bax, bu kişi ağıllı kişiyә oxşayır. Әlbәttә, hәr bir atanın borcudur övladının tәrbiyәsinin fikrinә qalsın. Mәrhәba!

Q a s ı m k i ş i. Ay uşqol, bu nәçәrnikin dilmancı Mirzә Mәhәmmәdqulu, belә görükür ki, böyük yerdә oxuyub ki, nәçәrnikә dilmanc olub. Yәqin sәndәn çox dәrs oxuyub?

U ç i t e l (gülümsünür). Odur ki, siz avamsız vә çox işlәrdәn xәbәrdar deyilsiniz. Nәçәrnikin dilmancı qorodskoy uşqoldan savayı bir yerdә oxumayıb, o heç mәncә dәrs oxumayıb.Q a s ı m k i ş i. Yәqin sәnin adamın olmayıb ki, sәni üzә çәksin; onunçun Mirzә Mәhәmmәdqulu sәndәn az oxuya-oxuya dilmanc olub nәçәrnikә, amma sәn çox oxuya-oxuya uşqol olmusan. Әlbәttә, adamın vasitәsi çox şәrtdi.

U ç i t e l. Qasım kişi, sәn sәhv elәyirsәn. Mәn istәsәm dilmanc da ollam, pristav da ollam, hәlә bәlkә artıq da ollam; amma özüm istәmirәm.

K ә r b ә l a y ı H e y d ә r. Bәlkә ğoburnat da olarsan.

Hamı gülüşür.

U ç i t e l (camaata acıqlı). Dәxi niyә gülürsünüz? Mәn bura siznәn zarafata gәlmәmişәm ki!

P i r v e r d i b ә y. Dәxi bәsdi! Mәn onu-bunu bilmәnәm; danışıq çox uzandı vә mәn dә durub gedirәm. (Durur). Bax, Qasım kişi, Kabla Qulamalı, Kabla Heydәr vә qeyriniz, hamınız eşidin vә bilin ki, bu danışıqların heç biri mәnim qulağıma girmir; çünki mәn yüzbaşıyam; mәnimki şallaqdı. Gәlәn şәnbә yox, o biri şәnbә günü inşallah uşaqları göndәrәrsiniz uşqola, vәssәlam; yoxsa özgә danışıqnan mәnim işim yoxdu. Bir sözü ki, böyüklәrim mәnә buyurublar, mәn gәrәk ona әmәl elәyәm. Ta ki, xalq arasında üzü qara olmayam vә hәr yanda söz qoşmasınlar ki, Danabaş yüzbaşısı Pirverdbәyin gözünün qabağında uşaqları uşqoldan qaçırdıb kәrmә qalağında gizlәtdilәr.

Q a s ı m k i ş i (mollaya). Ay molla, sәn nә deyirsәn? Sәnin ağlın nә kәsir?

M o l l a M o v l a m v e r d i (bir qәdәr fikir edib o tәrәf-bu tәrәfә baxır). Bәli, әlbәttә, tәhsili-ülum vә fünun, bir dәrәcәdә ki, etiqad alәminә rәxnә yetirmәyә, fәrayizdәn mәhsub olunur vә lakin әcnәbi dillәrinin vә ayinlәrinin tәhsili bu şәrt ilә ki, mәsәlәn, belә fәrz edәk ki .... (duruxur).

U ç i t e l. Cәnab Molla Movlamverdi, cәnab inspektor mәni vәkil edib sizә tәklif edәm ki, hәmin uşqolda hәftәdә iki saat şәriәt dәrsi deyib, ayda on iki manat yarım hüquq alasınız. Buna nәdir fәrmayişiniz?

M o l l a M o v l a m v e r d i (bir qәdәr dikәlib vә hәvәslәnib). Bәli, bәli, inşallah ciddi-cәhd elәrik vә yüzbaşının nüfuzu sayәsindә inşallah uşaqları da cәm elәrik. Әlbәttә, elm tәhsil elәmәk hәr bir babәtdәn lazımdır vә padşahi-mehribanımızın dilini bilmәk dәxi әlzәmdir; nә eybi var? Elm hәmişә elmdir. Allah mübarәk elәsin; allah padşahımızı da sәlamәt elәsin.

Q a s ı m k i ş i. Allah mübarәk elәsin. Allah axırını xeyir elәsin.

Ş a b a n n ә n ә. Ay uşqol, bax mәnim Әsәd balamı gәrәk döymәyәsәn ha! Yoxsa qoymanam getsin uşqola.

M ә ş ә d i A ğ a k i ş i (anasına). Ay arvad, sәn bir kәs sәsini!

U ç i t e l. Mәn Danabaş camaatının bu tövr elmin qәdrini bilmәyini pazdravit edirәm; çünki necә ki axund Molla Movlamverdi dә buyurdular, elm, elm vә genә dә elm; necә ki deyiblәr: uçenie svet, neuçenie tıma.

Kәrbәlayı Heydәr vә bir neçә kәndli gülür, uçitel tәkcә çәpik çalır.

P ә r d ә


DÖRDÜNCÜ MӘCLİS

Dördüncü mәclis vaqe olur Danabaş kәndindә tәzә açılan mәktәbdә. Bir geniş kәndli evindә düzülüb tәzә rәnglәnmiş skamyalar; hәrәsinin üstündә oturub iki nәfәr kәndli uşağı; sәkkiz yaşından on beş yaşına kimi. Şagirdlәrin cәmi on ikidir. Baş tәrәfdә qoyulub yazı taxtası, qara rәng ilә boyanmış, qabaqda var miz, yanında bir sandalya (stul). Divarlara bir neçә heyvanat şәkli düzülüb, qabaq divardan bir yekә at şәkli asılıb. Şagirdlәrin qabağında müәllim H ә s ә n o v әlindәki kitaba hәrdәnbir baxa-baxa durub dәrs deyir. Kәnarda divar dibindә çömbәlibdir. Q a s ı m k i ş i, K ә r b ә l a y ı

Q u l a m a l ı vә K ә r b ә l a y ı H e y d ә r. Şagirdlәrin adları: Әsәd Mәşәdi Ağakişi oğlu vә Qasım kişinin nәvәsi. Mustafa Kәrbәlayı Qulamalı oğlu, Süleyman Kәrbәlayı Heydәr oğlu vә qalan doqquz uşaq ki, ataları burada yoxdu, bunlardır: Z e y n a l,

H ә s ә n q u l u, C ә f ә r, S ә b z a l ı, N o v r u z, H ә s ә n, T a r q u l u, Q u l a m h ü s e y n, Z ü l f ә l i. Cәmi şagirdlәr öz kәndli libaslarındadır.

U ç i t e l (şagirdlәrә). Durun! (Şagirdlәr dururlar) Oturun! (Otururlar). Әllәrinizi yuxarı qalxızın! (Uşaqlar әllәrini yuxarı qalxızıb duaya hazırlaşırlar) Dәrsdәn qabaq vacib olan duanı mәn oxuyum, siz dә mәnim dalımca deyin. (Uçitel özü dә әllәrini qaziyül-hacata qalxızıb bu duanı oxuyur, şagirdlәr kәlmә-kәlmә onun dalınca oxuyurlar). Allahümmәrzüqna elmәn nafiәn vә hifzәn kamilәn vә zehnәn şamilәn vә fәhmә zәkiyyәn vә tәbәn rәziyәn vә tövfiqәn litәhsilil-ülum, allahümmәftәh әleyna әbvabә fәzlikә vә sәhhil әleyna elmikә vә ehsanikә vә rifәtikә ya әrhәmәrrahimin. Amin! Amin! (Şagirdlәrә) Oturun!

Şagirdlәr otururlar. Q a s ı m k i ş i әllәrini üzünә sürtür vә salavat çevirir:

allahümmә sәlli әla Mәhәmmәdin vә ali Mәhәmmәd. K ә r b ә l a y ı Q u l a m a l ı vә K ә r b ә l a y ı H e y d ә r dә salavat çevirirlәr.

Q a s ı m k i ş i. Yaşasın belә padşah!

U ç i t e l. Bu gün predmetni urokdi. Mәktәb taxtasını kim deyә bilәr?

Şagirdlәrin bir neçәsi sağ әlinin şәhadәt barmağını qalxızır yuxarı.

U ç i t e l. Mustafa, sәn de.

M u s t a f a (durur ayağa vә rәvan deyir). Mәktәb taxtası, mәktәb taxtası uca vә qaradır. Mәktәb taxtası durub iki qıçının üstә. Mәktәb taxtasının üstә yazırlar tәbaşirlә; mәktәb taxtasını silirlәr cında ilә vә ya bulud ilә.

U ç i t e l. Hamınız bir yerdә.

Mustafa taxta barәsindә dediyini şagirdlәr hamısı bir yerdә deyir.

"Kim gedib mәktәb taxtasını göstәrәr?"

Şagirdlәr barmaqlarını qaldırır.

"Sәbzalı."

Şagird gәlib әlilә mәktәb taxtasını göstәrir.

Q a s ı m k i ş i (nәvәsi Әsәdә). Әsәd, bala, sәn dә get görsәt.

U ç i t e l (Qasım kişiyә). Qasım kişi, tәvәqqә edirәm şagirdlәr ilә danışmayasınız. (Sәbzalıya) De!

S ә b z a l ı. Mәktәb taxtası budu.U ç i t e l. Yox, yox, elә deyil; bilmәdin!

S ә b z a l ı (tәәccüb ilә baxır uçitelә). Budu (taxtanı göstәrir).

U ç i t e l. Yox, mәn necә demişdim? Kim deyә bilәr?

Kişilәr tәәccüb edir, şagirdlәr fikirlәşir.

Gәrәk deyәsiniz: bu mәktәb taxtasıdır.

K ә r b ә l a y ı Q u l a m a l ı. Qoy bizim Mustafa da desin. Әdә, Mustafa, sәn dә de ki, yadından çıxmasın.

U ç i t e l (Kәrbәlayı Qulamalıya). Mәn sizdәn xahiş edirәm ki, uşaqları danışığa tutmayasınız.

Qasım әmi çubuğunu çıxardıb doldurur.

U ç i t e l (şagirdlәrә). Hamınız bir yerdә: bu mәktәb taxtasıdır.

Ş a g i r d l ә r c ә m ә n. Bu mәktәb taxtasıdır.

U ç i t e l. Kim dünәnki dәrsi deyәr? Süleyman!

S ü l e y m a n (durur ayağa). Qoyun, it, pişik, at, keçi, camuş, inәk.

C ә f ә r. Uçitel, birini demәdi.

U ç i t e l. Hansını?

C ә f ә r. Dana.

Qasım kişi çaxmağı daşa vurub qovu basır çubuğa.

U ç i t e l (Qasım kişiyә). Qasım kişi, klas otağında çubuq çәkmәk olmaz; heç olmaz.

Qasım kişi bir söz demir vә çubuğu әlindә saxlayıb çәkmir.

U ç i t e l (şagirdlәrә). Çox әcәb, gözünüz mәndә olsun; bu nәdi? (Atın şәklini göstәrir, şagirdlәr hamısı barmaqlarını qalxızır).

U ç i t e l. Zülfәli, sәn de.

Z ü l f ә l i. Bu atdı.

U ç i t e l. Yox, dürüst fikir elә.

Q a s ı m k i ş i. Dәxi nә fikir elәsin? Doğru deyir atdı da!

U ç i t e l (Qasım kişiyә baxıb bir söz demir). Sәbzalı, sәn de.

S ә b z a l ı. Bu at şәklidi.

U ç i t e l. Yox, elә deyil.

Kişlәr başlarını bulayır.

Elә deyil. Kim düzәldәr?

Şagirdlәr fikirlәşir vә bir kәs barmağını qalxızır.

Qulaq asın: bu atın şәklidi.

Ş a g i r d l ә r d ә n b i r n e ç ә s i. Bu atın şәklidi.

U ç i t e l. Xorom: bu atın şәklidi.

Ş a g i r d l ә r c ә m ә n. Bu atın şәklidi.

U ç i t e l. Bir dә!

Ş a g i r d l ә r c ә m ә n. Bu atın şәklidi.

U ç i t e l. Hәsәnqulu, sәn de.

H ә s ә n q u l u. Bu atın şәklidi.

U ç i t e l. Novruz, get atın şәklini göstәr.

Novruz gedib atın şәklini göstәrir.

U ç i t e l. De!

N o v r u z. Bu at şәklidi.

U ç i t el. Yox, belә deyil. Mustafa, düzәlt.

M u s t a f a. Bu atın şәklidi.

U ç i t e l. Novruz, otur yerinә. (Novruz gedib oturur, uçitel atın başını göstәrir). Bu atın nәyidi? Hәsәn, de.

H ә s ә n. Bu atın şәklidi.

U ç i t e l. Yox. (Öz başını göstәrir) Bax, bu mәnim nәyimdi?

H ә s ә n. Başındı.

U ç i t e l. Yox, belә deyil.

Kişilәr tәәccüb elәyirlәr.

Bu mәnim başımdı.

Ş a g i r d l ә r d ә n b i r n e ç ә s i. Bu mәnim başımdı.

U ç i t e l (Әlini qoyub atın başına). Bu atın nәyidi?

H ә s ә n. Bu atın başıdı.

U ç i t e l. Bir dә.

H ә s ә n. Bu atın başıdı.

U ç i t e l. Xorom.

Ş a g i r d l ә r c ә m ә n. Bu atın başıdı.

U ç i t e l. Әsәd, sәn de?

Ә s ә d. Bu atın başıdı.

U ç i t e l. Malades. Bu atın başıdı. Bir dә de.

Ә s ә d. Bu atın başıdı.

U ç i t e l. Xorom.

Ş a g i r d l ә r c ә m ә n. Bu atın başıdı.

U ç i t e l. Çox әcәb. (Әlini qoyur atın qulağına) Bu atın nәyidi?

Ş a g i r d l ә r i n b i r n e ç ә s i (yerindәn). Qulağı.

U ç i t e l. Hәr kәs bilir, barmağını qalxızsın. Şagirdlәr barmağını qalxızır.

Tarqulu, sәn de.

T a r q u l u. Qulağı.

U ç i t e l Yox.

Kişilәr tәәccüblü baxırlar bir-birinin üzünә.

Qulamhüseyn, sәn de.

Q u l a m h ü s e y n. Qulağıdı.

U ç i t e l. Yox, Cәfәr, sәn de.

C ә f ә r. Atın qulağıdı.

U ç i t e l. Yox.

C ә f ә r. Qulaqlarıdı.

U ç i t e l. Yox.

Q a s ı m k i ş i (uçitelә). Yaxşı, sәn de görәk qulağı deyil, bәs nәyidi?

U ç i t e l (Qasım kişiyә). Qasım kişi, danışsanız, mәn gәrәk sizdәn xahiş edәm çıxıb gedәsiniz.

Q a s ı m k i ş i. Baş üstә.

Kişilәr yavaş-yavaş dururlar ayağa.

S ü l e y m a n. Uçitel, bizim dә atımız var.

U ç i t e l (Süleymana). Mәn sәndәn soruşmadım atınız var, ya yox. Zeynal, soruşdum?

Z e y n a l. Yox, soruşmadın.

U ç i t e l. Tarqulu, soruşdum?

T a r q u l u. Yox, soruşmadın.

U ç i t e l. Hamınız bir yerdә deyin: yox, soruşmadın.

Ş a g i r d l ә r c ә m ә n. Yox, soruşmadın.

Ә s ә d. Uçitel, bizim dә atımız var.

Q a s ı m k i ş i (Әsәdә). Әdә, Әsәd, bala, bu uçitel yәqin at-zad görmәyib. Gәl gedәk, atını min, gәti baxsın; hәmi başını görsün, hәmi dә qulaqlarını görsün.

U ç i t e l (acıqlı Qasım kişiyә). Qasım kişi, allah xatırına, çıx qoy get, dәrsimizә mәşğul olaq.

Q a s ı m k i ş i. Vallah, yaxşı deyirәm. Özü dә minmәli atdı, yorğadı; kefin gәlәndә minәrsәn, gәzәrsәn; başını da görәrsәn, qulaqlarını da görәrsәn. Әsәd, bala, gәl gedәk

Әsәd durur ayağa, baxır uçitelin üzünә.

U ç i t e l. Dәrs qurtarmayınca, uşqoladan çıxıb getmәk olmaz.

Kişilәr bir qәdәr dә gәlib dayanırlar qapıda.

U ç i t e l (şagirdlәrә). Durun! (Şagirdlәr dururlar). Oturun! (Otururlar). Durun (Dururlar). Oturun! (Otururlar).

H ә s ә n q u l u. Uçitel, bizim atımız qaradı.

U ç i t e l (Hәsәnquluya). Mәn sәndәn soruşmuram. (Şagirdlәrә) Soruşuram?

Ş a g i r d l ә r d ә n b i r n e ç ә s i. Soruşmursan.

U ç i t e l (Hәsәnquluya). Get bucağa.

Hәsәnqulu çıxıb gedir durur bucaqda, üzü divara, kişilәr tәәccüb ilә ona baxırlar.

Q a s ı m k i ş i (uçitelә). Ay uçitel, bu uşağı niyә üzü qiblәyә qoydun?

Uçitel dinmir, şagirdlәrin bәzisi gülür.

U ç i t e l (şagirdlәrә). Mәnim neçә qulağım var?

Qasım әmi, Kәrbalayı Heydәr vә Kәrbәlayı Qulamalı qah-qah çәkib gülüşüb çıxırlar; şagirdlәrdәn dә gülәn var.

U ç i t e l (kişilәrin dalınca acıqlı baxa-[baxa]). Vot nevejestvennıy narod!

[Tərcüməsi: Gör necә cahil camaatdır!]

(Uçitel әlini qoyur atın boynuna) Bu atın nәyidi? (Şagirdlәr barmaqlarını qalxızır). Qulamhüseyn, sәn de.

Q u l a m h ü s e y n. Boynudu.

U ç i t e l. Dolu cavab ver!

Q u l a m h ü s e y n. Bu atın boynudu.

U ç i t e l. Xorom.

Ş a g i r d l ә r c ә m ә n. Bu atın boynudu.

U ç i t e l. Bir dә.

Ş a g i r d l ә r c ә m ә n. Bu atın boynudu.

U ç i t e l (bir qәdәr әlindәki kitaba baxandan sonra). Atın bәdәni nә ilә örtülübdür? (Şagirdlәr dinmir). Qulaq asın. Bәdәni atın örtülübdür tük ilә.

Q u l a m h ü s e y n (yerindәn). Atın bәdәni tüklüdü.

U ç i t e l. Yox, olmadı.

Q u l a m h ü s e y n. Atın tükü var.

U ç i t e l. Yox, belә deyil. Kim deyә bilәr? Zeynal, sәn de.

Z e y n a l. Uşqol, at tüklüdür.

Bu heyndә Әsәd heybәsini götürüb istәyir getsin.

U ç i t e l (Әsәdә). Әsәd, hara gedirsәn?

Ә s ә d. Uşqol, acam, gedirәm evimizә.

U ç i t e l. Otu yerinә! Dәrs qurtarmamış getmәk olmaz.

Әsәd gedir qapıya tәrәf, uçitel gәlib yapışır onun çiynindәn.

"Sәn ki, mәnim sözümdәn çıxdın, get dur bucaqda; özünü dә tәnbeh üçün bezabed qoyacağam." (Saatını çıxardıb baxır) Kimdi dejurni? Cәfәr, sәnsәn? Get zәngi çal.

Cәfәr qaçır çöldә zәngi çalır, şagirdlәr sәs-küy ilә tökülürlәr eşiyә.

Ә s ә d (Mustafaya alçaqdan). Mustafa, qaç nәnәmә de ki, uşqol mәni bezabed qoydu, özümü dә qoyub bucağa. (Şagirdlәr çıxır, qalır uçitel vә Әsәd).

U ç i t e l (var-gәl elәyә-elәyә). Sәn lap heyvan imişsәn. İndidәn sәn müәllimin sözünә baxmayanda, dәxi yekә kişi olanda nә elәyәcәksәn? Yәqin ki, quldur olmaq istәyirsәn, razboynik olmaq istәyirsәn. Elә belә tәrbiyә tapmışsınız ki, Danabaş kәndinin kişilәri lap vәhşi heyvan kimi olub, insanlıqdan bilmәrrә bixәbәrdirlәr. Odur, yekә kişilәriniz. Odur Qasım kişi kimi ağsaqqalınız. Onun bir öz işlәrinә bax, dәrsә gülmәklәrinә bax!

Şagirdlәrin bir neçәsi girir içәri.

Söz yox, avam adama mәnim dәrsim xoş gәlmәz. Onlar nә bilir Uşinski kimdi, Piroqov kimdi, Pestalotsi kimdi? Onlarınkı odur ki, nadan mollalar[la] illәr uzunu diz üstә oturub yırğalana-yırğalana (özü dә yırğalanır) әlif-zәbәr-ә, bey-zәbәr be, tey-zir te .... Nә var, nә var, yekә kişi olanda bir "Gülüstan" kitabını oxuyub qurtaracaq!

S ü l e y m a n. Uşqol, mәn "Gülüstan"ın babi-pәncümunә kimi oxumuşam.

Ş a g i r d Z ü l f ә l i (qaçıb soxulur içәri). Uçitel, Әsәdin nәnәsi әlindә ağ şey, söyә-söyә gәlir.

U ç i t e l (acıqlı). Cәhәnnәm ol!

Zülfәli çıxır. Şaban nәnәnin bağırtısı gәldikcә yavuqlaşır. Arvad әlindә bir dәyәnәk, o biri әlindә bir neçә daş, mәrәkә vә föhş ilә daxil olur içәri.

Ş a b a n n ә n ә. Hanı mәnim balam? (Әsәdi görür, uçitelә). Bunu niyә burada dussax elәmisәn? A sәnin atan-anan tünbәtün düşsün! A sәni uşqol açdığın yerdә quruyub daşa dönә idin! A sәni belә әkib doğanuvun atasına nәhlәt! (Әsәdә) Bala, gәl gedәk.

U ç i t e l (acıqlı yeriyir qabağa). Olmaz, o gedә bilmәz; sәn özün buradan rәdd ol, get!

Ş a b a n n ә n ә. Әdә, buna bax ey! Mәni hәlә qovmağına bax ey! A sәnin belә .... (Әlindәki daşın birini tullayır. Daş müәllimin başının üstündәn gedib dәyir divara).

M ә ş ә d i A ğ a k i ş i, K l r b ә l a y ı Q u l a m a l ı, K ә r b ә l a y ı H e y d ә r,

H a c ı N a m a z a l ı vә bir neçә q e y r i k ә n d l i tökülürlәr içәri. Mәşәdi Ağakişi Şaban nәnәni çәkir qapıya tәrәf.

M ә ş ә d i A ğ a k i ş i. Ay arvad, çıx qoy get! Az bihәyalıq elә!

Kişilәr tәәccüblü durub baxırlar. Şaban nәnә Әsәdi qabağına salıb, yaman deyә-deyә gedir. Şagirdlәr mәyus tamaşa edirlәr.

U ç i t e l. Aman allah, bunlar, necә vәhşi tayfadırlar! Mәn dәxi burada necә müәllimlik elәyә bilәrәm? Qardaş, mәnim abrım töküldü, belә dә rәftar olar? Belәliknәn dәrs demәk olar? Proqram keçmәk olar?

M ә ş ә d i A ğ a k i ş i. Ay uşqol, sәn allah, axı sәn bu dәli qarıya niyә baş qoşursan? Qoy itilsin getsin cәhәnnәmә. O özü nәdi ki, sözü nә ola?

U ç i t e l. A kişi, sәni tarı, sәn dә әl çәk get işinә! Bu camaat deyilmiş, dәlixana imiş. Yox, yox, mәn burada nә qala bilәrәm, nә dәrs verә bilәrәm. (Oyza-buyza baxıb, bir qәlәmnәn bir kağız tapıb, oturur yazmağa) Hanı, hardadı yüzbaşı? Әdә, Sadıq, hanı bizim storoj? Qoy getsin yüzbaşını çağırsın. Kağız yazacağam naçalnikә.

Camaat içindәn sәs gәlir: "Bәli, buradayam, bax, bu saat gedim çağırım". Mәşәdi Ağakişi vә kәndlilәr tәşvişә düşür. Uçitel kağız yazır.

M ә ş ә d i A ğ a k i ş i (uçitelә). Ay uşqol, aman günüdü, o kağızı yazma; bizi bәdbәxt elәmә. Hәr nә tәnbehin varsa, özün elә. Qoy mәn bu sahat o arvadı da gәtirim bura. Әsәdi dә gәtirim; nә tәnbehin varsa, özün elә, ta nәçәrnikә-zada şikayәt yazma. Yoxsa yazığıq biz, bәdbәxt olarıq. Aman günüdü, yazma!

Y ü z b a ş ı P i r v e r d i bәy daldan yetişir. Mәşәdi Ağakişinin kürәyindәn bir şallaq yendirir.

P i r v e r d i b ә y. Әdә, Nәzәrәli, apar bunu sal dama. (Uçitelә) Yazma, yazma! Mәn özüm bunların yaxşıca haqqına fikir çәkәrәm. Mәn bunları qәzәmәtdә çürütmәsәm, mәndәn әskik adam yoxdu. Yazma, yazma. (Gedir uçitelin әlindәn qәlәmi alır).

B i r n e ç ә k ә n d l i. Ay allah atana rәhmәt elәsin, yüzbaşı.

Y ü z b a ş ı (uçitelә). Bilirsәn mәn niyә deyirәm bu әhvalat nәçәrnikә yazılmasın? Ondan ötrü deyirәm ki, nәçәrnik sәnin kağızını oxuyanda elә xәyal elәyәcәk ki, yüzbaşı camaatın öhdәsindәn gәlә bilmәdi; yәqin elә güman elәyәcәk ki, bәlkә genә Danabaş camaatı uşaqlarını uşqola vermәmәk dәrdindәn, aparıb kәrmә qalağında gizlәdirlәr. Mәn ölüm o kağızı cır, at.

Uçitel başını salır aşağı vә dinmir.

C a m a a t d a n b i r n e ç ә s i. Mәn ölüm o kağızı cır at.

U ç n t e l (durur ayağa). Bunu bilmәli olasınız ki, müәllimlik özü bir müqәddәs vә habelә ağır bir vәzifәdir. Hәtta biz seminariyanı qurtaranda, qubernator gәlmişdi bizlәr ilә

görüşmәyә. Qubernator bizә bir neçә gözәl nәsihәt elәdi vә bu da yadımdadı ki, dedi ki, kәnd müәllimliyi bir ali mәqamdır; yәni o qәdәr ali mәqamdır ki, qubernator özü bizә hәsәd aparırdı vә hәtta bir neçә dәfә ah çәkib dedi: ax, kaş mәn dә o yol ilә gedә idim vә belә bir ali vәzifәdәn belә bir nemәtdәn mәhrum olmaya idim. Elә hәqiqәtdә bu özü bir müqәddәs vәzifәdir; çünki avam camaatı qaranlıqdan işıqlıq alәminә çıxardırsan. Götürәk mәşhur Lomonosovu8. O özü әvvәllәr nә idi ki? Elmin sayәsindә nә dәrәcәyә qalxdı! Mәn yüzbaşının iltimasına görә bu kağızı cırıram. (Cırır).

Y ü z b a ş ı. Çox sağ ol!

C a m a a t. Çox sağ ol!

U ç i t e l. Vә ümidvaram ki, siz mәnim bu nәsihәtimә әmәl edib bundan sonralıqda mәktәbin qәdrini bilәcәksiniz vә razı olmayacaqsınız ki, mәktәbdә bugünkü şuluqlar bir dә tәkrar olunsun. Çünki mәktәb küçә deyil; qiylü qal küçәdә olar, mәktәbdә olmaz. Küçәdә olar qiylü qal, mәktәbdә dә olar dәrs; küçәdә olar föhş vә biәdәblik, mәktәbdә olar nәsihәt vә elm. Küçә camaatı hәmişә qaranlıqda qalacaq; çünki küçәdә elm yoxdur. Amma mәktәbdә hәr bir kәs işıqlıq tapacaq; çünki mәktәbdә elm var; necә ki, deyiblәr, uçenie svet, neuçenie tma; yәni oxumaqlıq işıqlıqdı, oxumamaqlıq qaranlıqdı.

C a m a a t. Bәli, bәli, başa düşdük.

Camaat dağılır vә gedә-gedә әllәrini ağızlarına basıb xәlvәtcә gülüşür.

K ә r b ә l a y ı H e y d ә r (yavaşca camaata). A kişi, gәl gedәk, bu sarsağın yaxasından uzaqlaşaq.

U ç i t e l (camaatın dalınca). Amma yadınızdan çıxmasın ha , elm, elm vә genә dә elm! (Camaat bunu eşidәndәn sonra dәxi dә bәrk gülә-gülә uzaqlaşır. Vә uçitel yenә onların dalınca ucadan haraylayır). Uçenie svet, neuçenie tma.

P ә r d ә s a l ı n ı r.
XS
SM
MD
LG