Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:02

Üzeyir bəy Hacıbəyli. Müsəlmanın işi


Camaatımızın cürbәcür xasiyyәtlәri vardır ki, qәzet yazıçıları hәr gün o barәdә dә yazıb, yazıb, genә dә yazırlar. Mәsәlәn, yatmaq, tәnbәllik, dalda qalmaq, xabi-qәflәt, ağlamaq lazım olmayanda ağlamaq, ağlamaq lazım olanda ağlamamaq vә sairә vә sairә.

Bәs, bir xasiyyәtimiz dәxi vardır ki, o barәdә qәzetçilәrimizin hәlә xәbәri yoxdu, amma mәn bu gün bildim. O xasiyyәt--küsmәkdir.

Hәqiqәt, camaatımız çox küsәyәn imiş. Özü dә küsmәyin bu kәlami-mövzun ilә bildirir: "Elә müsәlmanların işi belә olar".

-- Balam, bizim qәzetimiz bu gün gәlib çıxmadı.

-- Bu saat binagüzarlıq edәrik, sabah gәlәr.

-- Sabahdan gәlәr?! Ah, elә müsәlmanın işi belә olar.

* * * * *

-- Balam, bir mәqalә göndәrmişdim ki, mәnim başmaqlarım itibdir, neyçün qәzetәnin bir guşәsindә dәrc elәmәdiniz?

-- İdarә mәslәhәt görmәdi.

-- Odur ki, deyirәm: elә müsәlmanların işi belә olar.

* * * * *

-- Balam, bu kitabın qiymәti neçәdir?

-- Yarım manat.

--Yarım manat?!?! Elә müsәlmanların işi belә olar.

* * * * *

-- Balam, neyçün mәnim oğlumu o biri klasa keçirmәdiniz?

-- Sәnin oğlun dәrslәrindәn zәifdir.

-- Zәif deyil, ancaq, elә müsәlmanın işi belә olar.

* ** * *

-- Deyirәm, vallah, elә müsәlmanın işi belә olar.

-- Nә olub ki?

--Әşi, altı şahı manat pul verib qarpız almışam, qarpız balqabaq kimi dadsız çıxıbdır.

* * * * *

-- Kәrbәlayı Әli, bu beş manata xırda ver.

-- Vallah, xırda yoxdur.

-- Yoxdur? Balam, elә müsәlmanın işi belә olar.

* * * * *

-- Adә, hambal, bu kisәlәri götür, apar Şamaxı yoluna. Al, bu da bir şahı manat.

-- Hacı, kisәlәr ağırdır, bir şahı azdır.

-- Bir şahı azdır? Hә, elә müsәlmanın işi belә olar özü dә iranlı ola.

Qәrәz, camaatımız çox küsәyәndir. Bir balaca o yan-bu yan oldu, bir dә görürsәn ki, xatirinә dәydi, küsdü, burnunu salladı.... Özümüz özümüzdәn küsürük. Ayrılar başımıza tәnbәki oyunu açsa da, qapazlasa da, tәpiklәsә dә küsmәrik. Öz müsәlmanımızdan küsәrik.... Balam, elә müsәlmanın işi belә olar.
XS
SM
MD
LG