Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 02:35

Mirzə Ələkbər Sabir. Satıram















Moldayı, salmadı el dil boğaza....

Eybi yox, gərçi qoyulduq loğaza,

Yaz bu elanımı da bir kağaza:

Açmışam Reydə geniş bir mağaza,

Çox ucuz qiymətə hər şey satıram,

Ay alan! Məmləkəti-Rey satıram!



Mağazamda tapılır hər cürə zad:

Cami-Cəm, rəyəti-Key, təxti-Qübad;

Gərçi bazarımı etməkdə kəsad

Səy edir bir para İrani nəjad,

Leyk mən baxmayıram, hey satıram!

Ay alan! Məmləkəti-Rey satıram!



Nə gərəkdir mənə bir munca ümur

Ki, edə qəlbimi bihissü hüzur?

Babama vermədi əl "abəki-şur",

Deyiləm naxələfü nabəşüur.

Qəsri-Şirin, əsəri-Key satıram!

Ay alan! Məmləkəti-Rey satıram!



İstəməm nuri, qaranlıq sevirəm,

Mülki-İranı dumanlıq sevirəm,

Boşlayıb şəhri yabanlıq sevirəm,

Bəsdi şahlıq, dəxi xanlıq sevirəm,

Səbzəvar ilə Məyamey satıram!

Ay alan! Məmləkəti-Rey satıram!



Söz mənim, ev mənim, əsrar mənim,

Ərzü namus mənim, ar mənim,

Mal mənim, məsləhəti-kar mənim,

Satıram, dövləti-Qacar mənim,

Kimə nə dəxli ki, mən şey satıram?!

Ay alan! Məmləkəti-Rey satıram!



Şah məşrutə-pənah olmaq isə,

El qoyan vəzlə şah olmaq isə,

Guş bir əmri-süpah olmaq isə,

Şah olub həmdəmi-ah olmaq isə

Xan olub, nuş eləyib mey, satıram!

Ay alan! Məmləkəti-Rey satıram!
XS
SM
MD
LG