Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 02:37

Mirzə Ələkbər Sabir. Səbəb boynu yoğun oldu!















Qəmü möhnət füzun oldu,

Səbəb boynu yoğun oldu!

Əliflər döndü nun oldu,

Səbəb boynu yoğun oldu!



Nə üçün kişvəri-İran

Olur şəxsiyyətə qurban?

Məgər bayquş sevir viran

Və ya tale zəbun oldu?

Səbəb boynu yoğun oldu!



Nədən oldu iki dilli,

Ürəklər qaldı nisgilli,

Dağıldı məclisi-milli,

Əməllər sərnigun oldu?

Səbəb boynu yoğun oldu!



Neçin məşrutə bağlandı,

Müzəvvirlər qoçaqlandı,

Qarınlar doydu, yağlandı,

Vətən darülcünun oldu?

Sabəb boynu yoğun oldu!



Qəsəm etdi inandırdı,

Neçin rəyin dolandırdı,

Özün dünyaya andırdı,

Mütii-nəfsi-dun oldu?

Səbəb boynu yoğun oldu!



Nədən ləğv oldu peymanlar,

Verildi odlu fərmanlar,

Bütün odlandı quranlar,

Cinayət rəhnümun oldu?

Səbəb boynu yoğun oldu!



Nədən qalxışdı xulqanlar,

Satıldı pula imanlar,

Töküldü bigünah qanlar,

Ürəklər laləgun oldu?

Səbəb boynu yoğun oldu!



Nə üçün susdu natiqlər,

Alındı həbsə sadiqlər,

Fəqət bəzən münafıqlər

Varıb nurülüyun oldu?

Səbəb boynu yoğun oldu!



Nədir təkfıri "Əxbar"ın,

Nədir təhqiri "Əbrar"ın,

Nədir təqsiri "Əhrar"ın,

Ki, böylə qərqi-xun oldu?

Səbəb boynu yoğun oldu!



Qürari-intihasından,

Нəуа qılmaz ədasından,

О "keyfi-mayəşa"sından

Neçin "layəsəlun" oldu?

Səbəb boynu yoğun oldu!
XS
SM
MD
LG