Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 02:23

Mirzə Ələkbər Sabir. Şahnamə















Şəhim, tacidarım, qəvi şövkətim!

Mələk-ehtişamım, fələk-rüfətim!



Əgər lütflə sorsan əhvalımı,

Bu naməm sənə bildirər halımı.



О gün ki, hüzurandan ətfı-inan

Edib suyi-Təbrizə oldum rəvan,



Bu əzm ilə kim, şir tək cəng edim,

Mücahidlərə ərsəni təng edim,



Fədailəri öldürüm Xan ilə,

Biyabanları doldurum qan ilə.



Rikabımda bir tövsəni-badpa,

Açılmış başım üstə zərrin liva;



Yəminü yəsarımda sərhənglər,

Nə sərhənglər -- Rüstəmi-cənglər!



Qoşun seyl tək rubərudə rəvan,

Həşəm xeyl tək hər tərəfdə dəvan,



Boyunlarda yeksər qətari-fişəng,

Revolverlər əldə, həmayil tüfəng.



Çalınmaqda şeypurlər, naylər,

Ucalmaqda ləşkərdən urraylər.



Çəkilməkdə ərradədə tuplər,

Təbillərdə fəryad gup-guplər.



Bəli, mən bu fərxəndə iqbal ilə,

Bu şövkətlə, sətvətlə, iclal ilə



Ötüb qatdadım yolların az-çoxun,

Gəlib ta ki, Təbrizə oldum yoxun.



Buyurdum, çalınsın neyü kuslər,

Və getsin xəfi şəhrə casuslər.



Bu iş, fikr edirdim ki, bir dolmadı,

На mən söylədim bir gedən olmadı;



Gəlib qeyzə hökm eylədim ləşkərə,

Açın şəhrə üç yandan od bir kərə.



Açıldıqda atəş edərdin güman

Ki, göydən yerə od yağır nagəhan.



Fədailərin təngə düşdü işi,

Ölüb ordaca qaldı doqquz kişi.



Görüb çün bu övzai Səttar xan,

Vurub şir tək nərə çəkdi fəğan:



-- Mücahidlər, ey qeyrətin kanları,

Qənimət bilin boylə meydanları!



Həyatın qalır bizdə son saəti,

Ağırdır bu son saətin qiyməti!



Nə bir xidmət etmişsiniz millətə --

Bütün bəstədir işbu bir saətə!



Bu söz boylə təsir edib ləşkərə, --

Hamı canü dildən dedi bir kərə:



-- Nə ölmək, biz öldürməyə hazirik!

Gər ölsək də bu əmrdə şakirik!



Deyib bu sözü şəhrdən çıxdılar,

Elə qızdılar təhrdən çıxdılar.



Mücahidlərin cünbüşündən haman

Deyərdin ki, bir məhşər oldu əyan:



Düşüb səcdəyə cümlə ixlas ilə,

Niyaz etdilər niyyəti-xas ilə;



Durub bir sağa, bir sola getdilər,

Qəfildən bizə bir hücum etdilər,



Yəmini yəsarə qatıb vurdular,

Bizi əzdilər, döydülər, qırdılar.



Dədəm vay, məgər boylə də cəng olur?

Hələ lap uzaqdan nəfəs təng olur!



Xüsusən məgər boylə də Xan olur?

Bu sətvətlə də mərdi-meydan olur?



Bu halı görüb xirələndi gözüm,

Cəhənnəm qoşun, ölmüş idim özüm....



Dedim, yaxşıdır bir dağa dırmaşım,

Əlimdə səlamət qala ta başım;



Qaçıb mərd-mərdanə çıxdım dağa,

Baxırdım о yerdən sola, həm sağa;



Nə gördüm, qaçır tülkü nisbət qoşun,

Özün də görəydin gələrdi xoşun!



Haray basdım, ah, vah, aman, qaçmayın

Davam eyləyin bir zaman, qaçmayın!



Sözüm batmadı ləşgərin beyninə,

Ox, ox! Batdı ox dövlətin eyninə!



Qoşun qaçdı, boşlandı meydani-cəng,

Bütün getdi yəğmayə topi-tüfəng.



Çü gördüm olur vəzi-halım təbah --

Gətirdim iyirmi qazağə pənah;



Yanan qəlbimə sanki su saçdılar,

О yerdən alıb da məni qaçdılar.



Budur surəti-ərzi-halım mənim,

Mücahidlər ilə cidalım mənim.



Qəvi şövkətim, indi fərman nədir?

Buyur, mal nədir, baş nədir, can nədir?!



Əgərçi qaçarkən atı yormuşam,

Yenə hər nə hökmün ola durmuşam.
XS
SM
MD
LG