Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:02

Oqtay Hacımusalı "Bu vaxtın sahibi" (Romandan parça)


Danışırdılar ki, Dağlı məhləsini sökəcəklər.

****

Xəbəri eşidən kimi Səlim dayı oğlu Şah İsmayıla xəbər göndərdi ki, gəlib ev – eşiyinə yiyə dursun.

Nə qədər o, qarısı Taclı nənəylə bu ev – eşiyə keşik çəkməliydi?! Düz iyirmi il olardı ki, Şah İsmayılın ayağı bu həndəvərə dəyməmişdi.

Neyləyirdi, haralarda idi, arada qonum – qonşu xəbər gətirirdi Səlim dayıya. Moskvada məhlə uşaqları bir yerə yığışanda Şah İsmayılı da çağırırdılar.

O da gəlirdi sağ olsun. Çox vaxt heç kimi qoymurdu əlini cibinə salsın. Heç kim onun nə işlə məşğul olduğunu bilmirdi.

Və indi xəbər gəlib Şah İsmayıla çatan kimi böyük oğlunu – Heydəri zəng eləyib otağına çağırdı. Heydər atasına işlərində kömək eləyirdi. Iki il əvvəl ingilis dili fakultəsini bitirmişdi. Beş – altı dildə sərbəst danışırdı.

-Otur. – dedi Şah İsmayıl oğluna - Mən səni Bakıya göndərmək istəyirəm...
-Mən Bakıda nə işin qulpundan tutacağam axı?

-Bilirsən ki, nənənlə baban tək qalıblar. Qocaların nəsə problemi var deyəsən. Bax, gör nə məsələdir?

- Hə, düz deyirsən, üzlərini görməsəm də, bilirəm ki, İldırım əmim öləndən sonra onlar üçün lap çətin olub.

****

İldırımın adını eşidəndə Şah İsmayılın sifəti qaraldı. Qulağı torpaqda olsun, elə atadan belə oğul?! Haçan baxırdın mallı...

Yazıq Taclı ana pir qalmamışdı aparmasın, ocaq qalmamışdı üstündə tövbə elətdirməsin. Gedirdi gəlirdi bir həftə adam balası... Sonra yenə eyni hamam, eyni tas...

Axırda da uşaqlar danışırdı ki, il yarım bundan qabaq “Hezz klub”un arxasındakı qarajların birinin qabağında tapıblar. Necə gedib çıxıb ora, bir Allah bilir... Yanında da pis günün yarağı...

Bir boğmalıq şprisi... Yasına da getməmişdi Şah İsmayıl heç...

****

Uşağı Bakıya göndərməklə düz edirdi, səhv edirdi, bunu özü üçün dəqiqləşdirməmişdi, amma bircə onu bilirdi ki, məhlədəkilərin danışdıqlarına görə Bakının əməlli zayı çıxmışdı. Uşaq gedib orda baş çıxara bilərdi.

Çünki, Şah ismayıl öz uşaqlarını başqa cür tərbiyə eləmişdi. Moskva kimi yerdə baş çıxarıblarsa Bakıda su içmək kimi gələcəkdi həyat yəqin onlara.

****

-İndi necəsən?

-Necəə olacağam?! Yağ içində böyrək... Yanımda bu cür ceyran, özüm də göyün yeddinci qatında? Səncə, necə olmalıyam?

- Yox, namxuda, pis deyilsən...

****

Səlim dayı Şah İsmayıla xəbər yolladı ki, gəlsin küçüyünü götürüb aparsın. Ev – eşiyi sökürlər cəhənnəmə söksünlər, bu əmisindən də beşbetər olub. Işi – gücü orda- burda eyş – işrətdir...

****

Yanılmışdı Şah İsmayıl. Yanılmışdı. Bakı onun gördüyü Bakı deyildi.

****

Xəbərlər xidməti öz işini davam etdirirdi. Dünya birliyi hələ də bu ədalətsizliyə dözürdü. Sabah ictimai – siyasi hazırlıq dərsində əsgərlərin qarşısında çıxış etməli idim.

Nədən danışacaqdım, bax, onu özüm üçün hələ dəqiqləşdirməmişdim. Divizionun həkimi Gizir Məmmədovla oturub söhbət edirdik. Qəflətən:

-Xəbərin var da, Qarabağ tərəfdə bir gizir o tərəfə keçib neçə erməni qırıb? –deyə soruşdu.

Təəccüblə çiynimi çəkdim.

Hardan xəbər tutmalı idim? Kazarmada olan televizor bütün günü göbəyi açıq türk müğənnilərini göstərirdi. Arada xəbərlərə baxırdıq. O da arada.

Səhər tezdən divizionun əsgərlərinin qarşısında ictimai – siyasi hazırlıq dərsinə başlamaışdan əsgərlərin sifətinə nəzər saldım. Topların yanında dayanmışdılar. Hava soyuq idi həmişəki kimi.

-Vallah, uşaqlar, biz böyük millətik...

****

Yarımla sağollaşıb
Yol gəlirəm bala bala
Dünyanın xoşbəxtiyəm
Kədər hara, mən hara?!

-Qurban sənə, bu Qazel mahnısını hardan tapmısan? Dəyiş görək...

-Dayan, dəyişirəm.

Məcnun eyləmisən məni əzəldən,
Doymaq olmur sənin kimi gözəldən...
Dur oyna, oyna, sən xalam qızı...

-Səndə səviyyə cırır da... Getdim e, mən topların yanında olacağam. Soruşub eləyən olsa, de ki, ordadır...

****

Atası ona demişdi ki, işdi eşidəm biləm mən dediyim oğlana nəm – nüm eləyirsən, səni də, ananı da atacağam çölə. Gedin harda yaşayırsız yaşayın. O da çarəsiz boyun əymişdi. Onda cəmi on dörd yaşı vardı.

****

Qatil idi, iki uşağın qatili. Boynunda iki uşağın babalı yaşamaq ağır gəlirdi ona. Bir gün səhər yuxudan oyanan kimi özü öz ölümünə fərman vermişdi.

***

Onunla telefonda tanış olmuşdum. Nə istədiyimi özüm də bilmədən Mətbuat prospektindən universitetə doğru addımlayırdım.

Universiteti keçib metroya minib gedəcəkdim evə.

Qəflətən telefonuma çağrı gəldi. Nömrə tanış gəlmədi nəsə. Ha fikirləşdim ki, kim ola bilər, ağlıma heç kim gəlmədi. Uzun fasilədən sonra ikinci çağrı gəldi. Həmin nömrəni yığdım.

- İlqar, sənsən?!

- Yox, bağışlayın səhv düşmüsünüz, xanım!

- Üzr istəyirəm.

- Oldu....

Telefonu söndürdükdən sonra lənətə gəlmiş şeytan məni nəyi var dümsüklədi və bir az da mən centlemenliyimin fontan vurmasından istifadə edərək götürüb həmin xanıma mesaj yollayıb soruşdum xanım, nəsə lazım deyil ki?!

Qardaş, babam qəbri, hər şey belə başladı...

****

Məlum oldu ki, qız qubalıdır və bu yaxınlarda Xaçmaza gəlin köçüb.

Cahildi, özü də zırından. On dörd ya on beş yaşı olanda atası bunu zorla öz dostunun oğluna nişanlayıb.

Oğullarına işli – güclü ev qızı axtaran ata – ana üçün belə qızlar göydəndüşmədir də. Oxuyub guya alim olacaq, ya həkim? Qoy gəlsin, öz ev – eşiyi olsun.

Sevgi? Nə sevgi, canım?! Evlənəndən sonra sevərlər də bir – birilərini. Sevməsələr də, ən azından ünsiyyət qurarlar. Neynəməli, bu qızın da bəxti belə idi. Sevmişdi, ya da bağlanmışdı ərinə, bunu dəqiq bilmirdi hələ...

****

Bir gün işdə oturub növbəti günün yazıları üçün hazırlıqlar aparırdım ki, qəflətən telefonuma mesaj gəldi. Həmin qız idi.

Bu dəfə məsələnin ciddiliyini mesajı oxuyandan sonra özüm üçün dəqiqləşdirdim və ona zəng etmək qərarına gəldim.

Dəstəyi götürdü. Ağlayırdı. Məlum oldu ki, bir müddət əvvəl ərinin cibindən nəşə çıxıb. Əri onu inandırmağa çalışıb ki, o, aydan arı sudan durudur.

Nə nəşə?! Nəşə çəkəsən bilinməyə?! O da ərinin dediklərinə inanıb.

Evlərinə gedib evdəkiləri səfərbər edib ki, əri çox qalmasın içəridə. Bakıdakı evlərin satıblar.

Içəridən çıxandan sonra gəlin qaragün gözləyirmiş ki, əri ona qarşı yaxşı davranacaq.

Sevməsə də, ən azından hörmət edəcək. Amma yox, içəridən çıxandan sonra oğlanın əməlli – başlı sifəti çönübmüş. Nə istəyirmiş, dərdi nə imiş, bilmək olmurmuş, bircə gəlin artıq hiss edibmiş ki, oğlan artıq ondan get – gedə soyuyur.

****

Döymüşdü onu. Sifəti qara – qançır idi. Üstəlik də ikicanlı. Yazıq gəlin bir də gözünü açmışdı ki, xəstəxanadadır. Onda nə biləydi ki, bundan sonra yolu tez – tez buralara düşəcək?!

****

- Mən səni sevirəm!

- Adam kişi olar. Mən sənin əmin gəliniyəm.

- Nolsun, e?! Mən səni sevirəm, vəssalam.

- Axı mənim ərim var...

- Ərim var, ərim var... Ərin səni guya öz arvadı kimi sayır?! Bir sir – sifətinə bax! Gözəl – göyçək gəlin, nə günə düşmüsən?!...

- Mənə xoşdur!

- Yenə də fikirləş! Istəsən səni burdan götürüb apararam. Çıxıb gedərik burdan. O, sənin qədrini bilmir.

****

Mənə bunu danışanda dedim ki, qayınanası ilə bir söhbət eləsin. Əri bilsə, qan düşər. Dedi ki, mütləq söhbət edəcək...

****

Ərinin əmisi oğlu onu hədələyib. Deyib eşidəm biləm ki, bir nəfərin yanında bu barədə ağzından bir söz qaçırmısan, başını kəsərəm it qibləsinə.

****

Qohum – qardaşdan öyrənib ki, iki əmioğlunun ikisi də maşaallah iynə dostu imiş...


****

Günün birində yuxudan ayıldı. Ürəyi bulanırdı. Məsələni dərhal başa düşdü. Anasına zəng etdi.

Qərarı qəti idi. Bu uşaq dünyaya gəlməməli idi, vəssalam... Anası onu bu fikrindən daşındırmağa çalışsa da, heç nə alınmadı.

****

İp artıq boğazında idi. Bircə qalırdı ayağının altındakı kətili çəkmək. Gözünün qabağına bu qısa ömründə yaşadıqlarını gətirdi.

Atası – anası, qohumları səbəb olmuşdu bədbəxtliyinə. Belə baxanda hamı özlüyündə düz elədiyini düşünürdü.

O, həyatında təkcə iki dəfə qərar vermişdi. Ikisi də qatil qərarları idi. Son qərarını isə verməyə məcbur idi.

Belə yaşaya bilməzdi. Incinmiş qürurunu sadəcə ölüm təmizləyə bilərdi. Ruhu sadəcə cisiminin ölümü ilə sakitləşə bilərdi...

****

Qəlblərinizi Allaha əmanət edin, əgər ibadət əyilib durmaqla olsaydı, Siyəzənin kaçalkaları çoxdan müctəhid idi...

****

Yaxınlaşıb söhbət etdiyim dostları onun güllə səsindən qorxduğunu dedilər. Ona görə də birinci atışdan canını qurtarmaq üçün tibb məntəqəsinə gəlibmiş.

Işi – gücü tibb məntəqəsində yeyib – içib yatmaq idi. Guya qızdırması qalxmışdı.

Sakitcə bir kənarda oturub “Dəyirman”a qulaq asırdı. “Depressiondayım”ın təzə çıxan vaxtları idi...

****

Çöhrəsindəki kədəri görüb üzümü yana çevirdim. Dözə bilmirdim. Gözlərinə baxmamağa çalışırdım. Bu o, idi? Mənə baxıb:

-Hə, nolub ki, mənəm də! Tanımadın? – deyə soruşdu.

Tanımışdım. Onu həddindən artıq həssas olmağı axırda gətirib bu hala salmışdı.

-Tanıyırsan sən bu qızı? – Bu dəfə həkim soruşdu ondan.

- Hə, niyə tanımıram ki?!...

-Kimdi?

- Mən onu indi də sevirəm...

Bu onun psixoloji dispanserin divarları arasında işlətdiyi sonuncu cümlə idi...

****

Sənə nə vaxt öyüd – nəsihət eləmək istəsəm, bax beləcə üzümə qayıdırsan. Sonra da deyirsən ki, mən geridə qalmışlığın ən bariz nümunəsiyəm. Özün dözərsən bu cür gedişata?!...

****

Allah heç kimi odla su arasında qoymasın.

****

-Evlə danışmaq istəyirəm!

-Hökm eləmə, gözlə komandir getsin, gələrsən danışdıraram.

- Gec olmaz ki?!

-Harda olsa, yarım saata çıxıb gedəcək. Çıxan kimi uşaqlar gəlib oyadacaq səni.

-Yatmayacağam. Yenə də deyirəm, nə olursa olsun, mən bu gün evlə danışmalıyam.

-“Arzular – istəklər” proqramıdı? Basdın bayıra!

Yarım saat sonra dalımca adam gəldi.

Getdim. Telefonu mənə verib özü çölə çıxdı. Əvvəl evlə danışmaq istəsəm də, qəfil fikrimdən daşındım.

-Yatmamısan?

-Yox, ürəyimə dammışdı ki, zəng edəcəksən...

****

Hər axşam xəbərlərdən sonra hava haqqında məlumata qulaq asıb Şahbuzda sabah havanın neçə dərəcə olacağına diqqət yetirirsən yəqin.

Şahbuzda gündüz hava müsbət üç, gecə isə mənfi dörd dərəcə olacaq deyir hər dəfə diktor qız.

Yalan danışır gözünün içinə kimi. Amma sən hardan biləsən axı bunu? Rahatlayırsan. “Elə də soyuq deyilmiş” – deyirsən öz – özünə.

Sonra qəfil bir hıçqırıq gəlib düyünlənir boğazında. Yaş gilələnir gözlərində. Sonra dosta zəng fəsli başlayır. “O olsaydı, hər dərdimə yanardı. Məni həkimə aparardı.” – deyirsən.

Boğazın ağrıyır. Neçə gündü işə də getmirsən. Mənası qalmayıb artıq mənsiz həyatın.

Bəlkə də elə - belə soyuq olub sənə, səsin batıb. Gecə səhərə kimi məni düşünürsən.

Orda mənfi iyirmi dərəcə şaxtada gözlərini qarşı tərəfdən ayıra bilməyən Oktayı xatırlamaq üçün bir bəhanə var əlində...

****

Pantomim teatrının kassiri bizi görəndə bir balaca kənara çəkilib yol verdi və nəzakətlə gülümsəyib:

-Bu gün xarici qonaqlarımız var, yerlərimizin hamısı doludu – dedi.

Dulusçunun hekayətini izləmək bu dəfə də qismət olmayacaqdı bizə... Amma bir an düşünəndən sonra kənarda yerdən oturmaq adı ilə iki bilet aldıq və boş gördüyümüz yerə oturduq. Nolar, qoy bircə dəfə də iki dənə Con artıq ayaq üstdə dayansın!....

****

-Bilirsən, kapitan Ağayevin adı nədi?!

- Nə bilim, e, sən də?!...

-Faiq...


****

Avtobusdan düşən gənc qız diqqətlə bizə baxdı. Dişim bağırsağımı kəsirdi. Amma öz – özümə acığım da tuturdu.

Xanım qız elə - belə baxsaydı nə isə, rəsmən gözünü bizə zilləmişdi. Onun sifəti yaman tanış gəlirdi mənə, elə bil əvvəllər hardasa görmüşdüm onu... Müqəddəs Məryəm, gecənin bir yarısı yuxudan oyandım.

Telefon özünü öldürürdü. Gizli nömrə ilə zəng edirdi hər kim idisə.

Düz iki dəqiqə telefondan gələn sükuta qulaq asmaq məcburiyyətində qaldım...

****

-Dur, kimdi gələn?
-Yeməkxana...
-Yeməkxananın adı olmur?!
-.......

****

-Bu nədi axı?
-Marmelad!
-Nə qədərdir ki, bu?
-İki kilo yarım. Tapşırdığın kimi.
-Aaaa, mən zarafat eləmişdim ee....

***

Əhd eləmişdim ki, mülki paltarımı göndərəndə evdəkilərə deyəcəyəm bağlamaya beş – altı kilo şirni qoysunlar. Əsgərlərə paylayacağam.

Tibb məntəqəsinin maşını axşam hərbi hissədən qayıdar – qayıtmaz uşaqlar muştuluq istədilər. Bağlamam gəlmişdi. Gizir Məmmədov bağlamamı yoxlayıb qurtaran kimi bir başa kazarmaya gəldim. Yeməyə girmədim.

Həmin axşam əməlli – başlı savab qazandım. Savabın əcrini isə səhər yeməyindən qayıdanda yerdən şirni kağızlarını toplamaqla ödədik.

****

-Salam, can, Oktay! Hələ çıxmamısınız?
-Çıxmışıq, çıxmışıq.
-Hardan danışırsan?
-Nasosnunu keçmişəm.
-Deməli, gəlirsən?
-Elə çıxır.

****

Yaman yavaş danışırammış. Amma hərdən mənə elə gəlirdi ki, qışqırıram və qarşımdakı mənim səsimdən narahat olur.

****

Sənə qurban olduğum Allah, axır mən bunu başa sala bildim ki, komputer təkcə musiqi mərkəzi deyil!

****

Qarın içində sürünürdük. Nəzarət buraxılış məntəqəsinə kimi sürünməliydik. Özü də nə az, nə çox, düz on dəfə.

Kimsə cərgədə tərpənmişdi. “Qalx” komandasından sonra mahnı oxuya – oxuya yolla gəlirdik ki, yanımızdan yaşıl rəngli “Jiquli” keçdi.

Əsgər Əkbərovu hərbi hissəyə aparırdılar. Xidmət etmək istəmədiyini demişdi. Demişdi, ya məni ön cəbhəyə, erməni ilə üzbəüzə göndərin, ya da burda qalıb çürümək istəmirəm.


****

Tanklar üçün səngər qazdığımız yerdə əsgər Əkbərov qəflətən qıpqırmızı qızarmış gözlərini mənə zilləyib:

-Ağsaqqal, – dedi – kənd uşaqları zəng eləyiblər ki, qardaşımın telefonunda istədiyim qızın cürbəcür şəkilləri var!

****

Demişdi ki, əgər gedib görsəm ki, o, yoxdu, mən də olmayacağam!...

****

Acığı tuturdu. Acığı tuturdu kimsə onun yanında öz xoşbəxtliyini gözə soxmağa çalışanda. Acığı tuturdu ona hər gün nələrinsə təkrarlanmasından...

Bir gün tək qaldığı otaqda oturub Kenny G – nin ifasına qulaq asa – asa başını divara çırpmağa başladı.

Sakit idi əvvəlcə hər şey, sonra içi daralmağa başladı. Hər şey yeknəsəkləşmişdi. Həyat mənasını itirmişdi. Özünə gələndə yerdə idi...

****

Mən səndən vaz keçməyəcəyəm və sən buna şahid olacaqsan.

****

-Sən Allahın, yaddan çıxmasın, sabah yazını təhvil verməliyik aaa! – Bunu dedi və tələm – tələsik avtobusdan düşdü. Amma sifətindəki təəccübü tuta bilmişdim.

****

-Niyə təəccüblənirsən?
-Heççç...
-Yenə də... Elə - belə olmaz. Səni tanımıram?
-Bu qədər həngamədən sonra da?!
-Hə. Hər şey indi başlayır.

****

Hamını aldatmışdı 1 apreldə. Bircə ondan başqa. Qıymırdı ona. Bilirdi, üzülsə bir də çətin toparlansın.

****

Bir gün qəbrimi qazacaqlar. Narın yağış isladacaq qəbrimin təzə - tər torpağını. Sən dözməyəcəksən buna. Tanımayacaqsan ətrafındakıları. Hər dəfə ayılanda məni soruşacaqsan.

Cavab verən bir Allah bəndəsi tapılmayacaq ki, desin Oktay harasa gedib indilərdə harda olsa gələr.

Durub başını alıb gələcəksən şəhərə. Birgə gəzdiyimiz yerləri küçə - küçə, dalan – dalan gəzəcəksən. Sonra nəsə qırılıb düşəcək içindən. Gerisini düşünə bilməyəcəksən.

Zehnin dumanlanacaq. Nəsə çatmayacaq... Elə bil nəsə səni məngənə kimi sıxacaq. Bir binanın qabağından keçəcəksən. O bina məni xatırladacaq sənə.

Bir kafe var idi bir zamanlar o binanın altında. O kafedə axırıncı dəfə sən məni ağlayan gözlərinlə hərbi xidmətə yola salmışdın. Indi o kafenin yerində nə bilim nə açıblar. Allah bilir, bizim qarşısında dayanıb şəkil çəkdirdiyimiz akvariumu neynəyiblər?

Oturduğumuz masadan indi Allah bilir kimlər nə üçün istifadə edir?! Bilmirsən. Bilmirəm. Öyrənməyə də meyllənmə heç. Kimin nəyinə lazımdır o masada, o akvariumda bizim izlərimiz qalıb?....

****

Dörd il bundan əvvəl idi səhv eləmirəmsə. Onda heç səni tanımırdım. Sadəcə həftənin bir hissəsini rayonda, qalan günlərini isə Bakıda keçirirdim. Inanılmaz idi çoxları üçün mənim həyatım.

Çoxları mənə qibtə edirdi bəlkə də. Nə dərdim var bilən yox idi. Onların nəzərində özümü xilas etmişdim.

Elə fikirləşirdilər ki, mən hər şeyə qadir idim. Əslində bu gün də elə fikirləşirlər. Olsun, eybi yox! Təki elə bilsinlər.

Nədən danışırdım, gör hara gəlib çıxdım?! Hə, işdən icazə alıb rayona gedirdim. Rayonda görməli olduğum elə bir işim olmasa da, yenə də gedirdim.

Çünki, Siyəzən mənim enerji mənbəəyim idi. Yola çıxmışdıq.

Arxa tərəfdə Rusiyada yaşayan yerlilərim oturmuşdu. Dediklərinə görə rayonda ev tikdirirdilər.

Sağlıqlarına qismət! Nə isə, mikroavtobus şose yolda irəlilədikcə mən öz – özümə sadəcə gedib orda darıxacağım haqqda dərin – dərin düşüncələrə dalırdım.

Nə etməli? Bu da bir qədərdi. Mənim nəzərimdə ora darıxmağın paytaxtı sayılırdı.

Arada baş götürüb buralardan getmək haqqında çox fikirləşmişdim. Amma olmurdu ki, olmurdu. Elə bil kimsə iki əli ilə məni tutub saxlamışdı. Addım atmağıma imkan vermirdi.

Yolun yarısına gəlmişdik. Mikroavtobusun sürücüsü qazın bitməkdə olduğunu gördü. Körpünü keçməmiş köhnə, sınıq – salxaq bir qazdoldurma stansiyası var idi və sürücü sərnişinlərin etirazlarına baxmayaraq mikroavtobusun ağzını qazdoldurma stansiyasına tərəf çevirdi.

Hamı içəridə maye qazın ürəkbulandıran iyindən bezmiş bir halda oturmuş, bu əzabın bir an əvvəl başa çatması üçün Allaha dua edirdi.

Qəflətən olan oldu. Maye qazı mikroavtobusa dolduran oğlanın əlindəki şırnaq yerindən qopdu. Və ətrafa maye qaz yayılmağa başladı. Mikroavtobusun içindəkilər bir – birinə aman belə vermədən qapıya tərəf axışmağa başladılar.

Qapı açılmırdı və hamı tədirgin idi. Bir an əvvəl bu balaca cəhənnəmdən xilas olmaq istəyirdilər. Bir balaca qığılcım buraların sözün həqiqi mənasında cəhənnəmə çevirə bilərdi.

Körpünün ətrafındakı binalarda da həyəcan hiss olunmağa başlamışdı. Çünki, onlar da böyük bir kütlənin sürətlə qaz doldurma stansiyasını tərk etməkdə olduğunu görürdülər.

Bir qədər uzaqdan hadisəyə tamaşa eləsələr də, təxminən nə baş verdiyini anlamışdılar. Birinci dəfə deyildi ki, belə bir hadisə baş verirdi bu həndəvərdə.

Dəfələrlə bax beləcə kiminsə əlindəki şırnaq qəfil yerindən qopmuşdu.

Nəhayət qapı açıldı. Bir də gözümü açıb gördüm ki, körpünün yanındakı binalara tərəf yox, bazara tərəf qaçıram...

****

-Gəlin, pirdə saxlayıb nəzir verək!!! – Bunu Rusiyadan gələn həmyerlilərimdən biri dedi...

****

Hamı bir az əvvəl yaşadığı hadisənin şokunda idi. Mikroavtobus Pirin altında saxladı. Rusiyadan gələn həmyerlilərimdən başqa heç kimi nəzir qutusuna sarı gedən görmədim...

****

-Allah qəbul eləsin, dayı! – Bunu Pirin altında pirojki satıb evlərinə çörək pulu aparan uşaqlardan biri dedi...

****

Yavaş – yavaş hər şey dəyişir, adiləşir. Səhər heç cür açılmaq bilmir.

Gecə yarısını çoxdan keçib. Adam öz – özlüyündə düşünə - düşünə dəli olmaq dərəcəsinə gəlib çatır.

Bircə anın içində. Bircə anın içində mən hər şeyi tərk edə və heç vaxt görmədiyim, amma hər zaman həsrətində olduğum yerlərə çıxıb gedə bilərəm.

Əlini qoltuğuna qoyub oturmaq günahdır, pis bir vərdişdir, amma mən hal – hazırda əllərim qoltuğumda bəlkə də saatlardır ki, beləcə oturmuşam.

Düşünürəm ki, sənə rast gəlməsəydim nə dəyişəcəkdi həyatımda? Nələri itirib nələri qazanacaqdım? Itirdiklərim və ya qazandıqlarım elə də vacib deyil indi mənim üçün. Əsas odur ki, sən varsan.

Mən sənə görə hətta həmişə tərəfində olduğum ictimai qınaq qavramına da tüpürmüşəm. Sonrası da nə qavram? Qavram nə olan şeydir? Hər şey öz dəyərini xırda – xırda tərk edir. Yavaş – yavaş hər şey adiləşir. Hər şey öz-özünü məhv etməklə məşğuldur.

Bu vəziyyətdə sən gəl mənə qavramlardan danış! Inanandadır günah doğrusu!


****

Məhlədəki bütün avaraları tanıyırdı o. Hamı onu dostu sayırdı. O da hamını. Şər qarışıb qaranlıq düşən kimi evlərinə çəkilən ailəcanlı kişilər onluq deyildi.

Onunku yeyib – içən oğlanlarla idi. Oturub yeyib – içəndə qıraqdan onlara nə təhər mağmın – mağmın şöngüyüb baxırdısa, yeyib – içdiklərindən artıq qalan sür – sümüyün dərhal yiyəsi o, olurdu.

Hətta bəzən ət də verirdilər ona. Diri tikələr. Pahh, onda keflə göydəki ulduzlara hürmək keçirdi içindən. Ancaq hər dəfə o fikrə düşəndə fikrindən tez də daşınırdı. “Lənət şeytana” – deyirdi.

Başına gələn başmaqçı olar – deyibər. Bir dəfə kefinin alabuludlarda olan vaxtı, - onda qismətinə üstündə kom tikə ət olan yekə bir sümük düşmüşdü – nəyi var ağzını açıb yekə dişlərini göstərə - göstərə bir – iki ağız hürmüşdü. “Sənsən o hürən?” – deyib düşmüşdü qədeşlər üstsünə. Düz bir həftə ombasını tutub gəzmişdi.

Çünki o, hürmüşdü və məhlənin cayıllarının əlindən yanıqlı olan Ağca arvadın da yuxusuna haram qatılmışdı. Ağca arvadın da yuxusuna haram qatmaq o demək idi ki, gərək bir azdan bütün məhlə camaatı farağat vəziyyətində dayanıb səhərə kimi onun moizəsinə qulaq asaydı.

Susmaq iki tikə ətli sümük kimi bir şey idi onun nəzərində. Arada bir dəfə su da vermişdilər ona. O da dili ilə suyu yoxlamışdı sadəcə. Içməmişdi. Içmək olardı onu?

Bu cayıllar bu zəhəri necə içirdilər bir Allah bilir?! Cayıllar bir xeyli gülmüşdülər onun bu vəziyyətinə. Əməlli – başlı gözləri yaşarmışdı. Gilə - gilə yaş gəlirdi gözlərindən.

-Alə, Coni, vur getsün! Alə, birinci – birinci mən də belənçiknə olurdum. Sonra düzəldi.... – Bunu burnu həmişə qıpqırmızı olan Sərxan demiş və əl hərəkəti ilə onu yanına çağırb:

-Gəl, görək, soyutmazlar bu cür əntiqi! Dadı qaçar, küsər səndən sonra! – sözlərindən dərhal sonra o acı, zəhər kimi suyu ona içirtmişdi...

Acı, zəhər kimi su boğazından içəri töküldükcə gözlərindən gildir – gildir yaş axmışdı. Ancaq bədəni qızışmışdı. Indi əsl hürməyin vaxtı idi. Hürmüşdü də. Ancaq qəribə idi ki, heç kim onun hürməyinə qəzəblənməmiş, hətta nəinki qəzəblənməmiş ağız – ağıza verib gülüşmüşdülər.

-Hə, o gedən yerə poyuzlar da getməsün! Gələ, bu tikəni ötür getsün! Onsuz da biz də hələ sənin günündəyük, utanıb eləmə!

Gecənin bir aləmi idi. Bir qaraltı yaxınlaşırdı. Allah eləməmiş birdən Sabir kişi – zad olar a. Koması yıxılardı onda. Sabir kişi bineyi – qədimdən bu məhlədəki itlərin qənimi idi.

Bir tüfəngi var idi, bir də gördün budu ha, oğlu ilə başladı küçədə olan bütün itləri qırmağa.

Bir Allah bəndəsi soruşmurdu ki, a kişi, sənin işin – zadın yoxdu?! Nə istəyirsən bu yazıq heyvanlardan? Nə vermisən ala bilmirsən? Yox, əksinə, hamısı bir ağızdan deyirdi ki, vur öldür, onsuz da bezdiriblər bizi. Allah köməyin olsun!

Qaraltı gəlib beşmərtəbənin həyətindəki toyxanada qoyulan taxta oturacaqda oturdu. Bir müddət oturanın kim olduğunu dəqiqləşdirə bilmədi.

Aaaaa, ay başına dönüm, bu ki.... – Gözləri bərəldi bircə anın içində.

Bu neynir bu vaxtı bayırda?! Bu ki, qədeşlərə heç salam – zad da vermir.

Axşam işdən gələn kimi evdəkinin bişirdiyindən boğmalanıb oturur televizorun qabağında.

Qədeşlər belə danışırdılar öz aralarında. Vallah, o, hələ də bilmir televizor nəmənə şeydir?!

Düzdür, bir dəfə qədeşlər əllərində nəyisə tutub ona maraqla baxırdılar. Ancaq bilmirdi ki, o, idi televizor ya yox?!

Başını əllərinin arasına alıb oturmuş Tahir başını qaldıranda onu gördü. Əvvəllər bu itə elə də fikir verməmişdi. Əlini qaldırdı, o da elə bu hərəkətə bənd imiş kimi gəlib düz Tahirin yaxınlığında yerə çökdü.

-Elə bilirsən asanddı insan kimi yaşamaq?! Biz insan kimi yaşamırıq! Sənə nə var, tapanda yeyirsən, tapmayanda da bir yolla qarnını doyuzdurursan. Amma biz?!... İşləməlisən iş yoxdur. Tapdığın işdə də dərini soyurlar. Işdən evə leş kimi gəlirsən. Səbəb nədir?! Evdəkilər ac qalmasın! Baxıram sənə hərdən həsəd aparıram, inan mənə!
O acı suyun iyi gəlmirdi axı Tahirdən. O iyə o qədər alışmışdı ki, yüz kilometrdən də hiss eləyirdi o saat. Bu adama nə olub bəs? Niyə gecənin bir yarısı çıxıb bayquş kimi çöldə təkbaşına oturub?! Kimsə görüb eləyəcək sonra səhər şəbədə qoşacaq. Pıçhapıç düşəcək ki, xəbəriniz var artıq Tahiri də çıxardıblar yoldan?! O qədər güclü imiş ki, itnən danışırmış dünən gecə yarısı.

-Dur get evə, Tahir, dur get! Səhər danışarıq!

Tahir yalnız səhər ayılanda gücə - bəla xatırlayacaqdı ona deyilən axırıncı cümləni. Amma nə illah eləyəcəkdisə kimin dediyini xatırlamayacaqdı... Elə biləcəkdi ki, yuxu görüb...
XS
SM
MD
LG