Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:19

Süleyman Sani Axundov "Abbas və Zeynəb" ("Qorxulu nağıllar" silsiləsindən)


Məmməd və Fatma şamdan sonra sabahkı dərslərini hazırlayıb, yazılarını yazıb oturmuşdular. Tez-tez atalarının üzünə baxırdılar. Hacı Səməd uşaqlarının fikrini
duyub dedi:

- Yenə nağıl istəyirsiniz?
- Bəli, ata, - deyə Məmməd cavab verdi. Fatma dedi:
- Ata, bu gün müəlliməmiz bizə "Əlibaba və qırx quldur"un nağılını oxudu. Sən
də bizə quldurdan söylə.
- Yaxşı, qızım, ancaq bunu bil ki, quldurlar elmsiz, tərbiyəsiz tayfadan çıxarlar.
Heyvanın vəhşisi qurd, pələng və şir olan kimi, insanın də vəhşisi bunlardır. Ancaq
təfavütləri odur ki, quldurlar onlardan neçə qat rəhmsiz, insafsız və zalımdırlar.
Qulaq as, bu nağıldan özün bilərsən.

- Qızım, bahar fəslində Dan ulduzunun parlaq bir vaxtı idi. Qaya-dibi adlı
kəndin əhli hələ yatmışdı. Bu kənd Zaqafqaziyanın cənub tərəfində, uca dağlarla
əhatələnmiş bir çay qırağında, meşə kənarında salınmışdı.

Birdən azançının "allahü-əkbər" səsi ucaldı. Cütcülər bundan əvvəl
oyanmışdılar, o zəhmətkeşlər zəmilərinə cüt əkməyə getdilər.

Getdikcə dan yerinin qızartısı artırdı. Dərələrdən və çaylardan duman qalxırdı.
Günəş dağın dalından ahəstə-ahəstə çıxırdı. Hələ özü görünmüşdü. Amma şəfəqi,
qarşıdakı uca dağın başına düşmüşdü. Sonra yavaş-yavaş qalxıb dağın dalından
göründü və ruh verən qızıl zərrələrini aləmə dağıdıb cümlə yatmışları oyatdı.
Çəmənlərdə, seyrəngahlarda, çiçəklər qönçələrində gizlənmiş pərvanələri və anları
oyatdı. Quşların cəh-cəhi havaya ucaldı. Bunların xoş avazları cütcünü şura gətirdi.
O da ahəstə-ahəstə cütünü sürüb öz nəğməsini oxudu. Dağ döşündə sürüsünü
otaran çoban da bayatı nəğməsini tütəyində ucaltdı.
Günəş yavaş-yavaş qalxırdı. Onun qızıl şəfəqi getdikcə gümüş renginə
dönürdü. Qayadibi kəndinin əhalisi durub hərə öz işinə getdi...

* * *

- Abbas, bax, gör mən nə qədər yığmışam.
- Afərin, bacım Zeynəb, indi otur, bunları dəstə tutaq, bazarda satıb sənə çoxlu
kişmiş alacağam.
- Fındıq da.
- Yaxşı, fındıq da alaram.

Bacı və qardaş ətəklərinə yığdıqları qulançarı yerə töküb, bir təpənin üstündə
oturdular və onları dəstə tutmağa başladılar.
Bu iki uşaq atadan yetim idi və bir quru daxmadan başqa, ataları bunlara bir şey
qoymamışdı. Ancaq anaları Fatma cəhrəçilik edib bir növ gündəlik çörəyini
qazanırdı. Uşaqlar kiçik olduqlarından analarına bir o qədər köməkləri çatmırdı.
Abbasın on yaşı, Zeynəbin yeddi yaşı vardı. Abbas ancaq bu ildən hər gün meşəyə
odun qırmağa gedirdi və qırdığı odunu şələləyib, bazarda dükançılara bir az pula
satırdı. İki gün bundan qabaq Abbas odun ilə bərabər bir dəstə qulançar da yığıb
bazara gətirmişdi və onu bir şahı pula satıb anasına vermişdi.
Bu gün Abbas meşəyə getməyə hazırlananda Zeynəb də qulançar yığmaq
həvəsilə anasından rüsxət istədi. Amma Fatma heç birini qoymaq istəmirdi, çünki
quldur Səfərdən qorxurdu. Dörd il bundan əqdəm Səfərin qardaşı el davasında
Qayadibi əhli tərəfindən öldürülmüşdü. Amma qatili kim olduğu məlum deyildi.
Ona görə Səfər qardaşının qanını bütün kənddən iddia edirdi.
Bir dəfə Qayadibi camaatı Səfərdən belə dəhşətli bir sifariş aldı: "Ey
qayadibililər! And içirəm məni yaradan xaliqə. And içirəm, anamın, bacımın
namusuna, ta sizin böyük-kiçiyinizi, arvad-uşağınızı qırıb o gözəl vətəninizi
odlayıb tar-mar etməyincə dünyada yaşamayacağam; vaxtınıza hazır olun".
Bu xəbər hamını bərk qorxuya salmışdı, çünki Səfər dəliqanlı bir adam idi.
Bu sifarişdən çox keçməmişdi ki, Səfəri adam öldürmək üstündə Sibirə
göndərdilər. Dörd il idi ki, ondan bir xəbər-ətər yox idi. Ancaq bu yaxın zamanda
Səfərin Sibirdən qaçıb başına özü kimi dəliqanlıları cəm edərək quldurluq etməyi
hər yerə yayılmışdı. Qayadibi əhli də bərk qorxuda idi.
Fatma neçə gün idi ki, işsiz idi. Ona görə istər-istəməz uşaqlara izin verdi.
Onlar da sevinə-sevinə meşə tərəfə üz qoydular.

Fatma ağıllı, xoşrəftar bir arvad idi. Öz uşaqlarına da yaxşı rəftarı, bir-birilə
mehriban dolanmağı tərbiyə vermişdi. Uşaqlar da analarının gözəl sifətlərini və
tərbiyəsini götürmüşdülər. Çox analar bu iki tifilin tərbiyəsinə həsrət çəkirdilər.
Abbas uzunboylu, nazikbədən, ağbənizli, alagözlü, xoşsifət bir uşaq idi. Zeynəb
qaraqaş, qaragöz, dolubədənli, uzunsaçlı, qırmızıyanaqlı bir qız idi. Abbas bacısını
artıq dərəcədə sevirdi. Heç elə bir gün olmazdı ki, öz qazancından bacısına bir şey
almayaydı. Abbas üzünü bacısına çevirib dedi:
- Zeynəb, bu yığdığımız qulançar azdır, buna heç bir şahı da verməzlər. Dur
gedək, mən bir yaxşı qulançarlıq yer bilirəm. Orada qulançar yığaq və həm də mən
odun doğrayıb şələ qayırım.
- Axı, qardaş, mən yorulmuşam.
- Yavaş-yavaş gedərik, orada sən yorğunluğunu alarsan, mən özüm tək
yığaram, - deyə Abbas dəhrəsini və sicimini götürüb ayağa qalxdı və bacısının da
əlindən tutub dağın döşündəki meşəliyə üz qoydu.
Bir qədər meşə ilə gedəndən sonra bir gözəl və səfalı seyrəngaha çıxdılar. Bu
seyrəngah yaşıl, təzə və tər otla, gözəl, ətirli, rəngli çiçəklərlə zinətlənmişdi.
Rəngbərəng pərvanələr və arılar bu çiçəkdən o çiçəyə uçub bahar günəşi ilə
oynaşırdılar. Hər rəngə çalan cürbəcür cücülər otlara mərcan kimi sarılmışdı. Bir
tərəfdən çiçəklərin qoxusu, bir tərəfdən quşların cəh-cəhi və bir tərəfdən də baharın
xoş mehi insanı biruh edirdi. Seyrəngahın bir tərəfi qayaya dirənmişdi. Bu qayadan
bir bulaq axıb şırıltı ilə aşağı tökülürdü. Suyun zərrələri havada, günəşin
şəfəqindən almaz parçaları kimi parıldayırdı. Bu bulaq "Şırlanbulaq" adı ilə məşhur
idi. Zeynəb bu gülüstanı, bu çarqat kimi sərilmiş lalələri və çiçəkləri görcək
yorulmağını unudub - Ah nə gözəl çiçəklər var, - deyə qışqırdı və qardaşmın əlini
buraxıb gül yığmağa qaçdı. Abbas da ipini və dəhrəsini yerə qoyub qulançar
yığmağa məşğul oldu. Zeynəb gah çiçək yığırdı və gah da qışqıra-qışqıra
pərvanələri qovurdu. Bir azdan sonra yorulub bir laləzarlıqda oturdu və lalələrdən
gəlin qayırmağa başladı. O vaxt Abbas qulançar yığa-yığa çəməndən xeyli
uzaqlaşıb bir kolluq dərəyə düşmüşdü.
Gün qalxıb günortaya yaxınlaşdı. Qəflətən dağların arasına bir gurultu düşdü.
Abbas elə bildi ki, göy guruldayır, amma yuxarı baxdıqda bir bulud da görmədi.
Bu gurultudan bir dəqiqə keçməmiş elə bir gurultu başladı ki, deyəsən bu saat göylər uçub yerə töküləcəkdir. Abbas başını
yuxarı qaldırıb gördü ki, güllə dağların başından kəndlərinə və zəmilərdə yer əkən
cütcülərin və qoyun otaran çobanların üstünə dolu kimi yağır. "Quldurlar!" - deyə
Abbas qışqırdı. Bir əvvəl istədi ki, dərədə gizlənsin. Sonra yadına düşdü ki, Zeynəb
açıq yerdə qalmışdır. Dərhal bacısına tərəf qaçdı ki, onu da götürüb Ayı kahasında
gizlənsin.
Abbas özünü o vaxt yetirdi ki, Zeynəb çəməndə başıaçıq, saçları döşünə
tökülmüş, ovçu oxundan qaçan ceyrantək "Abbas, qardaş" - deyə o tərəf-bu tərəfə
qaçıb qışqırırdı və dağlardan da birəhm quldurların güllələri onun üstünə dolu kimi
yağırdı. Abba ucadan səsləndi:
- Bacı, Zeynəb, qorxma, buradayam!
Zeynəb qardaşının səsini eşidib ona tərəf qaçdı. Lakin otuz qədəm gətməmişdi
ki, birdən "Ox!" deyib yerə yıxıldı. Abbas özünü bacısına yetirib gördü ki,
Zeynəbin sinəsindən al qan qətrə-qətrə tökülüb, otlar və çiçəkləri lalə rənginə
döndərmişdir.
- Abbas, mənə su ver!
- Dur, bacım, qaçaq Şırlanbulağa.
Zeynəb istədi ki, qalxsın, amma bacarmadı. Abbas onu çox çətinliklə qucağına
götürüb, bulağa tərəf aparmağa üz qoydu. Lakin on qədəm getməmişdi ki,
quldurlar bunları təzədən gülləyə tutdular. Abbas özünü və bacısını bir çuxur yerə
saldı ki, oranı güllə tutmurdu. Zeynəbin lalə kimi olan üzü solub ağ zanbağa
dönmüşdü.
- Abbas, yandım, mənə su ver! – deyə Zeynəb nalə edirdi.
Bacısının susuzluğu Abbasın ürəyini nəhayət dərəcədə yandırdı.
- Bacı, bu saat sənə su gətirəcəyəm, - deyə Abbas bulağa tərəf yüyürdü. Güllə
müdam onun üstünə yağırdı.
Abbas özünü bulağa yetirdi. Araqçınım su ilə doldurub qayıtdı. Bu dəfə Abbas
qaça bilmirdi: qorxurdu ki, suyu tökülsün. Abbas o qədər Zeynəbə yaxınlaşdı ki,
onun "su" naləsini eşitdi. Birdən Abbas ufultu ilə yerə yıxıldı. Namərd güllə binəva
uşağ sol böyründən dəyib dalından çıxmışdı. Abbas qalxıb yerimək istədi. Lakin üç
qədəm getməmişdi ki, dübarə yıxıldı. Abbas sürünə-sürünə özünü bacısının üstünə
saldı, gördü ki, gözləri yumuludur. Amma dodaqları ayrıla qalmışdır. Elə bil ki,
deyir: "Qardaş, Abbas, mənə su ver".
Abbas Zeynəbi qucaqlayıb öpə-öpə deyirdi:
- Bacı, Zeynəb, gözlərini aç, gəlmişəm.
Bu hadisədən altı saat keçdi. Dəxi tüfəngin gurultusu kəsilmişdi. Dağların
arasını tüstü almışdı. Bu tüstü Qayadibi kəndinin yanmış evlərinin və bağlarının
tüstüsü idi. Beş-altı saat bundan qabaq cənnət bağına bənzəyən Qayadibi kəndi,
indi yanıb kül olmuşdu. Əhalisi isə bir parası qətlə yetişib, yerdə qalanı da qaçıb
dağlarda, meşələrdə gizlənmişdi. Quldur Səfər qardaşının intiqamını belə aldı.
Gün batdı, ay çıxdı. Nağıl olunan yerlərdən bir səs çıxmırdı. Heyvanlar və
quşlar insanların vəhşi hərəkətindən elə xofə düşmüşdülər ki, hələ cürət edib
yuvalarından çıxa bilmirdilər. Ay yavaş-yavaş qalxıb qəmgin-qəmgin insanların
tutduğu vəhşi əməllərə baxırdı.
Gecədən xeyli keçmiş bir arvad dağları, daşları, meşələri axtarırdı. Bu arvad
Fatma və axtardığı da iki balası idi.
- Zeynəb, Abbas, gözəl balalarını, yetim balalarım, haradasınız, səs verin!.. -
deyə Fatma nalə edirdi.
Lakin çəmən üstündə, lalələr arasında qucaq-qucağa verib qanlarına qəltan
olmuş Zeynəb və Abbas - bu iki məsum, anaları Fatmanın naləsini eşitmirdilər.
XS
SM
MD
LG