Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:24

Süleyman Sani Axundov. Qan bulağı


İyulun isti günlərinin birində dağların arası ilə uzanan əyri-üyrü, eniş-yoxuş yol ilə iki atlı gedirdi. Bunların biri iyirmi yaşında gənc, digəri yetmiş sinninə varmış bir qoca idi.

Bu iki şəxsin yaşlarında bu qədər böyük fərq olduğu halda, zahirlərində bir o qədər fərq görünməyirdi.

Hər birisinin eynində pişmət, çərkəzi çuxa, belində kəmər, xəncər və qılınc, başında dəri papaq, çiynində qara yapıncı və boynunda ağ baslıq var idi.

Qocanın at üstündə əyləşməsi, əzasının hərəkəti, alıcı quş kimi baxışı gəncdən seçilməyirdi. Lakin qocalıq nişanəsi üzünün qırışından və uzun ağ saqqalından görünürdü. Yol getdikcə daralırdı. Dağlardan enib, indi qayadöşü incə bir yol ilə gedirdilər. Onun yuxarı tərəfi divar kimi ucalan sıldırım qayalar, alt tərəfi göz qaraldan ucurum dərələr idi. Bu qorxulu yol ilə səfər etmək qeyrilərə namümkün olduğu halda, Dağıstan əhalisinə və onların atlarına adi bir şeydir.

Vaxt günortaya yaxınlaşmışdı. Susuzluqdan hər iki süvari yanırdı. Ələlxüsus,
susuzluq gəncə artıq təsir ələyirdi. Onun gözləri səbirsiz və iztirab ilə su arayırdı.
Bu halda gəncin qulağına su şırıltısı gəldi.

- Baba, muştuluq olsun, irəlidən su səsi gəlir, - deyə cavan atını sürdü.
Qoca təbəssüm ilə ona nəzər salaraq, başını yırğaladı. Gənc bulağa çatdıqda
gördü ki, suyun rəngi qırmızıya çalır. Buna baxmayaraq, susuzluğunu tezcə rəf
etmək üçün qurtum su içər-içməz:
- Bu nə cür sudur? - deyə ayağa qalxdı. Bu halda qoca gəlib ona çatdı və
gülümsəyərək dedi:
- Susuzluğunu rəf etdinmi, oğlum?
- Xeyr, baba, bu bulağın suyu içməli deyil, zəfir dadı verir, rəngi də qana
bənzəyir, - deyə cavab verdi.
- Elədir, oğlum, bu "Qan bulağı"dır, bunun suyu dəmir ilə qarışmış, bu su
qansızlara və bəzi naxoşlara dərmandır...
Cavan sordu;
- Bu "Qan bulağı" adını nədən almış, baba?
- Bir az səbir et, oğlum, bulağın hekayəsini sənə söylərəm. İndi isə ardımca sür,
bu yaxında içməli su var, - deyə qoca atını sürdü.
Bir qədər getdikdən sonra gözəl bir bulağa rast gəldilər, atdan endilər. Cavan
xurcunundan yemək çıxarıb, süfrə salmağa məşğul oldu. Nahardan sonra qoca
yapıncısını yerə sərib üstünə uzandı. Cavan onun "Qan bulağı" barəsində verdiyi vədəyə müntəzir, qarşısında əyləşmişdi. Qoca gözlərini yumub bir müddət sükuta getdi. Gənc elə fikir etdi ki, qoca vədəsini unudub yuxuya daldı. Lakin fikri yanlış idi. Bir azdan sonra qoca gözlərini açdı, başlığım büküb dirsəyinin altında qoydu və dərindən bir ah çəkib dedi:

- Ulu Qafqaz, ulu dağlar! Hər bir daşın bir tarixdir. Kimlər gəlib sinəndən
keçmədi, çaylarını qızıl qana döndrmədi!..
- Oğlum, bu dərə, bu torpağı iki yerə təqsim edir. Belə rəvayət edirlər ki, qədim
zamanda bu dərənin o tərəfində böyük bir qəbilə, başında Misir xan adında bir rəis
və bu tərəfində, digər bir silsilə Surxay xanın rəisliyi ilə sakin olurmuşlar. İttifaqən
bu iki xanın arasında qan davası düşür, bunlar bir-birlərini tərəf etməyə başlayırlar.
Bir müddət keçmiş, Misir xan və Surxay xan bir də baxıb görürlər ki, cəmi
oğlanları və yaxın əqrəbaları bu qan davasında baqi qalır. Lakin hər iki rəis yeni
övladlarının dünyaya gəlməsinə müntəzir olur ki, onların köməkliyi ilə düşməndən
intiqamını alsın. İttifaqən bunların bir gecədə iki övladı təvəllüd edir. Surxay xanın
oğlu, Misir xanın qızı olur. Bu ittifaqdan nə qədər Surxay xan şad olursa, bir o
qədər də Misir xan qəmgin və məyus olur. Misir xanın anası, oğlunu belə məyus və
qəmgin gördükdə deyir:
- Oğlum, qəm etmə, bilirəm səni pərişan edən nədir. Məgər qız tayfası
düşməndən intiqam ala bilməz? Onlara da oğlan kimi tərbiyə versən, igidlikdə hər
kəsdən geri qalmazlar.
Bunu eşitcək Misir xan yerindən sıçrayıb qalxır və anasını qucaqlayaraq deyir:
- Ana, fikrin çox gözəldir, ancaq de görüm, qızım olmağını kim bilir?
- Məndən və arvadından başqa kimsə bilməyir, - deyə anası cavab verir.
- Çox gözəl, indi mənim qızım olmağını gərək bir adam bilməsin. Sabahdan
oğlum olduğunu elan edəcəyəm, sən deyən tərbiyəni də qızıma özüm verəcəyəm,
lakin bu sirrin gizli qalması səninlə anasından asılıdır.
- Arxayın ol, oğlum, əmrin yerinə yetər, - deyə anası cavab verdi. On gündən
sonra Misir xan qızına Teymur xan namını verir və bu sirr pünhan qalmaq üçün
həmin bu müqabilimizdəki qayanın döşündə bir köşk bina edib orada sakin olur.

Teymur xan atasının nəzarəti altında tərbiyə alaraq, nağıl olunan köşkdə
böyüməyə başlayır. Onun oyun şeyləri: tüfəng, xəncər, qılınc və yoldaşları bu
qayalar sakini laçın, qaraquş, tərlan kimi yırtıcı quşlar olur. Belə tərbiyə nəticəsi
olaraq on yaşında Teymur xan at minmədə, tüfəng atmada, qılınc vurmada igid
cavanlardan geri qalmayır. Bunlardan artıq, insanları heyrətə gətirən Teymur xanın
vəsfə gəlməyən gözəlliyi olur.
Bu tərəfdən Surxay xanın oğlu Paşa xan, Teymur xan kimi igidlikdə və
gözəllikdə məşhur olur.
Bu iki uşaq böyüyüb on səkkiz yaşına çatır, bunların igidliyi və gözəlliyi ətraf
və əknafa yayılır. Bu vaxta qədər görüşmək bunlara mümkün olmamışdı. İttifaqən
bu iki cavan yekdigərinə rast gələrsə, biri və bəlkə də, ikisi də tələf olmaqlarını hiss
edirmişlər. Bununla bərabər görüşmək arzusu hər ikisində gündən-günə
qüvvətlənir. Oğlum! Əcdadımızdan bizə irs qalmış qana-qan etmək adətinə qurban
olan bu cavanlar axırda bir-birləri ilə gorüşürlər.
Belə ki, baharın gözəl səhərlərinin birində Teymur xan ov arxasınca, sərhədləri
olan bu dərəni aşıb o tərəfə keçir. O zaman Paşa xan da ova çıxmış olur. Bu iki
aslan, gördüyün "Qan bulağı"nın başında bir-birlərinə rast gəlir. Bir müddət birbirlərinin
gözəl camalına heyran olub qalırlar. Paşa xan Temur xanın fövqəladə
gözəlliyinə heyran olur. Teymur xan isə on səkkiz ilin ərzində qadınlığa müğayir
yırtıcı, qaniçici quş kimi aldığı tərbiyənin onda qadınlıq hissini hələ puç etmədiyini
indi anlayır, eşq odu onun ürəyini yaxıb yandırır, hər zaman igidləri xofa salan
gözləri indi Paşa xana xumar-xumar baxıb ondan aman gözləyir. Paşa xan
heyrətdən ayılıb, Teymur xanın kim olduğunu duyursa da sorur:
- Sən kimsən?
- Sən özün kimsən?
- Mən bu torpağın sahibi Surxay xanın oğlu Paşa xanam.
- Mən də bu torpağın sahibi Misir xanın övladı Teymur xanam. Bu sualcavabdan
sonra hər ikisi bir-birlərinə düşmənçilik nəzərilə baxmağa başlayır.
Axırda Paşa xan:
- Camalın çox gözəldir, büna söz yox, görək qılınc vurmağın necədir? - deyə
qılıncını çıxarır.
Onun cavabında:
- İndi qılınc vurmağımı da görüb bəyənərsən, - deyə Teymur xan da qılıncını
çıxarıb Paşa xanın üstünə hücum edir.

Oğlum, necə ki, göy üzündə əvvəl şimşək parlayıb, sonra gurultu sədası gələr,
elə də bu iki cavanın qılıncı od parladıb bu qayalara səs salır. Xeyli müddət
carpışırlar, lakin bir-birlərinə zəfər yetirə bilməyirlər. Bu halda günəş dağın dalında
tülu edir. Onun zərrələri Teymur xanın gözlərinə ox kimi sancılıb qamaşdırır və bu
anda Paşa xan fürsət tapıb qılıncı Teymur xanın sinəsindən vurur. Teymur xan
yıxılır. Qan çeşmə kimi sinəsindən axıb baharın təzə və tər otlarını və çiçəklərini
boyayır.
Paşa qılıncını atıb Teymur xanın yarasını bağlamaq qəsdilə sinəsini açır.
- Aman, ya rəb, sən qadın imişsən! – deyə qışqırır və Teymur xanın başını dizi
üstə alıb: - Söylə, söylə, gözəlim! O soluq nəfəsinlə mənə lənətini, nifrətini izhar
elə, - deyə fəryad edir.
Teymur xan zəif səs ilə cavabında:
- Paşa xan, sənə eşqimi izhar edirəm. Bu çirkin adətə lənət və nifrət! Ah, təbiət
nə gözəldir! Paşa, mən gedirəm, əlvida!
- Toxta, bir az toxta, gözəlim, Paşa da səninlə gedir.
Paşa xan xəncərini çıxarıb öz sinəsinə vurur və Teymur xanı ağuşuna alıb
deyir:
- İndi qoy mənim də qanım səninkinə qarışsın!
Oğlum, o vaxt bu dağlarda zəlzələ zühur edir və həmin yerdən dağ aralanıb iki
növcavanı ağuşuna alır. Bir müddət keçərək gördüyün Qan bulağı qaya arasında
cari olur. Rəvayətə görə, həmin bulağın suyu Paşa xan ilə Teymur xanın qanından
əmələ gəlmişdir.
XS
SM
MD
LG