Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 02:41

Astaralı sahibkar: 'Yanacağın bahalaşması təsirini göstərəcək, qazancımız qəpiklə ölçülür, axı'


Rafiq Cəfərov
Rafiq Cəfərov

Astara rayonunun Ərçivan qəsəbə sakini, sahibkar Rafiq Cəfərovun fikrincə, yanacağın bahalaşması yetişdirilən kənd təsərrüfatı məhsullarının maya dəyərini yüksəldəcək. O, sitrusçuluq və çəltikçiliklə məşğuldur. Bu sahibkarın dəyirmanı, 5.5 hektar sitrus bağı var və hər il çəltik əkir. Onun sözlərinə görə, hər dəfə yanacaq bahalaşınca, iş yerlərini azaltmağa məcbur qalır: "Əvvəllər - 15-20 il öncə təsərrüfatım daha böyük idi, azı, 50 işçi sahələrdə çalışırdı. Hər dəfə belə bahalaşma bizə problem törədir. Hamı bilir ki, kənd təsərrüfatının inkişafı dizel yanacağından asılıdır. Traktorlar, kombaynlar dizellə işləyir, axı. Məhsulu daşıyan nəqliyyat vasitələri isə Aİ-92 markalı benzinlə çalışır. Kənd təsərrüfatında vacib olan hər iki yanacaq növünü bahalaşdırıblar. Az, ya çox bahalaşdırmalarının da fərqi yoxdur. Qiyməti az qaldıranda az təsir etsə də, yenə ziyanını çəkəcəyik. Qazancımız qəpiklə ölçülür, axı".

Sitrus bağları
Sitrus bağları

Onun fikrincə, qiyməti ucuzlaşdırılan benzin markasından imkanlı adamlar yararlanır: "Aİ-95 markalı yanacağı nazir balaları maşınlarına tökürlər. Kasıb kütlə həmin markadan olan benzindən istifadə edə bilmir. İndi litri 1 manat 60 qəpiyə ensə də, yoxsul üçün yenə bahadır".

R.Cəfərov düşünür ki, yanacağın qiymətini bahalaşdıranda kənd təsərrüfatında çalışanları yaddan çıxarıblar: "Benzinin qiymətini qaldırarkən kənddə işləyənlərin marağı nəzərə alınmayıb. Düzdür, dövlət müəyyən qədər yanacaqpulu ödəyir. Torpaqların şumlanması və digər işləri görməkdən ötrü mənə 360 manat verilir. Di gəl, işlər ikiqat baha başa gəlir. Şum işinin hər sotuna 3-4 manat pul ödəyirəm. Hökumət mənə hər hektara 40 manat verir. Öncə sahibkarlara verilən yanacağın qiymətinə baxmalıydılar. Dizel yanacağı 25 faiz bahalaşıbsa, demək, xərcimiz də 25 faiz artıb. Bu artımın qarşısını almaq üçün haradan vəsait götürək? Məcburuq yetişdirdiyimiz məhsulun satış qiymətini artıraq. Bu məhsulu da əhali alır. Əhalinin pensiyasını isə 13 faiz artırırlar. Məndə işləyən fəhlə deyir ki, işə gəlib-getməyə əvvəl 1 manat verirdim, indi 2 manat verirəm. Fəhlə 1 manatını istəyir. Haradan tapım?".

Çəltik sahələri
Çəltik sahələri

"Problem o vaxt açıqca hiss olunacaq"

Sahibkar Mehman Quliyev çəltik sahələrində texnikaya bağlı işlərin 60-70 faizinin görüldüyünü deyir: "Bizdə yararlandığımız bütün texnika dizel yanacağı yandırır. Şumun hər sotuna 3.5 manat veririk. Sonra hamarlama işləri başlanır. Elə sahibkarlar var, hamarlamanı da traktorla görür. Demək istəyirəm ki, bəxtimizdən texnika ilə bağlı əsas işlər görülüb. Məhsul yetişəndən sonra kombayn çəltiyi yığacaq və təkərli traktorlar məhsulu daşıyacaq, problem də o vaxt açıqca hiss olunacaq".

Onun fikrincə, yanacağın qiymətinin qalxması yetişdirilən məhsulun qiymətinə də təsir göstərəcək: "Növbəti ildə yerin şumlanması hər sota 50 qəpik artacaq. Yanacaq bahalaşırsa, görülən işlər də bahalaşacaq. Bahalaşma gələn il özünü daha kəskin göstərəcək. Bu il bol çəltiyimiz var. Yetişənədək problem çıxmasa, yaxşı məhsul olacaq. Düyünün qiymətinə də təsir edəcək".

XS
SM
MD
LG