Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:21

Kim haqlıdır - seçkiyə qatılanlar, yoxsa qatılmayanlar?


İsa Qəmbər və Əli Kərimli Bakıda mitinqdə. 2012
İsa Qəmbər və Əli Kərimli Bakıda mitinqdə. 2012

İyulun 13-də müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) parlament seçkilərini boykot etməklə bağlı qərar verib.

Digər müxalif qüvvələr isə seçkiyə qatılırlar. Onlar bildirirlər ki, seçkilərdə iştirak etməklə mövcud vəziyyəti dəyişmək istəyirlər.

Məmməd İbrahim
Məmməd İbrahim

"Siyasi məhbusların sayı artıb"

AXCP sədrinin müşaviri Məmməd İbrahim AzadlıqRadiosuna qərarlarını şərh edərkən deyib ki, ötən parlament seçkilərindən bəri heç nə dəyişməyib: "Yenə həmin seçki komissiyası, yenə həmin qanunlar, yenə sərbəst toplaşmaq ilə bağlı qadağalar qalıb. Eyni zamanda, ötən seçkilər dövrünə baxanda siyasi məhbusların sayı artıb".

M.İbrahim qeyd edib ki, AXCP seçkilərdə iştirak üçün hökumətə bundan əvvəl şərtlərini irəli sürmüşdü: "Bunlar seçki komissiyalarında partiya üzvlərimizin iştirakçılığı, siyasi məhbusların azadlığa buraxılması, sərbəst toplaşmaq azadlığı hüququmuzun təmin olunmasıdır. Heç biri təmin edilməyib. Ali Məclisin iclası üçün yerin ayrılmasını istəmişik, onu ayırmayan hökumət bizə seçicilər ilə görüş üçün yer ayırarmı? Yox".

Müşavirin sözlərinə görə, seçkilər qismən də olsa, şəffaf keçirilərdisə, orada iştirak edib qalib gələrdilər: "Amma burada 1 faiz belə şəffaf seçki yoxdur. Belə olan halda, biz bu seçkilərdə niyə iştirak edək?".

Arif Hacılı
Arif Hacılı

"Boykot mümkün deyil"

Başqa müxalif qüvvələr isə boykot qərarına qoşulmur. Müsavat Partiyası Ali Məclisinin sədri Arif Hacılının da fikrincə, indiki siyasi şəraitdə hər hansı bir əsaslı dəyişikliklərə nail olmaq, demək olar ki, mümkün deyil. O, AXCP-dən fərqli olaraq seçkidə iştirak qərarlarını belə əsaslandırır: "Hər hansı siyasi partiya seçkilərə qatılmırsa, Azərbaycanda mövcud olan siyasi şəraitdə özünü faktiki olaraq proseslərdən təcrid etmiş olur".

A.Hacılı vurğulayır ki, Azərbaycan qanunvericiliyinə görə, seçkiləri boykot etmək mümkün deyil: "Çünki seçkilərdə yetərsay yoxdur. Bu baxımından seçkilərin boykot edilməsinin Azərbaycan qanunvericiliyində mexanizmi yoxdur".

Onun sözlərinə görə, Müsavat Partiyası bu seçkilərdə iştirak etməklə həm bütövlükdə Azərbaycanda hakimiyyətin seçki institutunu demokratik proses kimi sıradan çıxarmamasına çalışır, həm də seçki prosesinin gedişində baş verən qanun pozuntuları barədə cəmiyyəti və beynəlxalq ictimaiyyəti məlumatlandırmaq istəyir: "Seçkilərdə iştirak etmədikdə ictimaiyyət bizi onu meydanda tək qoymaqda, hakimiyyətin bu məsələləri daha asanlıqla həyata keçirməsinə şərait yaratmaqda ittiham edir. Biz bu ittihamların qarşısını almaq məqsədilə bu seçkilərdə iştirak edirik. Biz seçki platformamızı ictimaiyyətə təqdim edəcəyik. İnanırıq ki, nə vaxtsa Azərbaycanda demokratik seçkilər olacaq".

Hikmət Babaoğlu
Hikmət Babaoğlu

"Boykot etmək iqtidarında olmayan…"

Hakim Yeni Azərbaycan Partiyası (YAP) tənqidləri qəbul etmir. YAP İdarə Heyətinin üzvü Hikmət Babaoğlu "Turan"a bildirib ki, hər bir demokratik cəmiyyətdə seçkilərdə iştirak edib-etməməklə bağlı qərarı siyasi partiyaların özləri verir: "Ancaq seçkilərin boykot edilməsi məsələsi tamamilə fərqli hadisədir".

Onun fikrincə, seçkiləri elə partiya boykot edə bilər ki, onun aldığı qərar həm seçkilərin nəticələrinə təsir göstərmiş olsun, həm də onun arxasında geniş kütlə olsun: "Burada isə "boykot" ifadəsi yerində deyil. Sadəcə, AXCP Azərbaycan siyasi sistemində öz uğursuzluğunu, fəaliyyətsizliyini ört-basdır etmək üçün bu şəkildə bəhanələrə sığınmağa çalışır... Boykot etmək iqtidarında olmayan bir siyasi partiyanın bu termini işlətməsi də doğru deyil".

H.Babaoğlu düşünür ki, AXCP bu gün seçicilərdən səs istəyəcək imkanlara sahib deyil: "Əgər nəticə əldə edilməyəcəksə, doğrudan da, iştirak etməsələr, daha yaxşıdır. Ölkənin siyasi nəbzi də ondan xəbər verir ki, çox mühüm mərhələdə atılan tarixi addımların təqdir olunmaması və AXCP-nin onları dəstəkləməməsi, 2020-2023-cü illər ərzində baş vermiş bütün hadisələr ilə bağlı bu partiyanın verdiyi proqnozların yanlış çıxması onun nüfuzunu bir qədər də azaldıb".

Onun sözlərinə görə, AXCP Rusiya sülhməramlılarının Azərbaycanda qalma müddəti və Laçın dəhlizi ilə bağlı səhv proqnozlar verib: "Belə olan halda, bunu edən heç bir siyasi partiya istəsə də, seçicilərdən səs ala bilməz. Amma yenə də bu, onların qərarıdır. Düşünürəm ki, AXCP-nin seçkilərdə iştirak edib-etməməsi nə Azərbaycan demokratiyasını əksildəcək, nə də Azərbaycan xalqının demokratiya bayramına kölgə salacaq".

'Bezdim, istəmirəm' - Azərbaycanlılar seçkiyə niyə getmir?
Gözlə

No media source currently available

0:00 0:05:45 0:00

Xatırlatma

Azərbaycanda sentyabrın 1-nə növbədənkənar parlament seçkiləri təyin olunub. Halbuki seçkilərin bu ilin noyabrında keçiriləcəyi gözlənirdi. Hakim YAP həmin ay ölkədə BMT-nin iqlim konfransını (COP29) səbəb göstərərək parlamentin vaxtından əvvəl buraxılması təşəbbüsü ilə çıxış edib. Təşəbbüs parlamentdə qəbul edilib.

Bundan beş il əvvəl də YAP parlamentin özünü buraxması və erkən parlament seçkilərinin keçirilməsi təşəbbüsünü irəli sürmüşdü. Onda partiya bunu prezidentin apardığı islahatlarla ayaqlaşmaq istəyi ilə izah etmişdi. Nəticədə parlament seçkiləri vaxtından altı ay əvvəl baş tutmuşdu.

Sonradan əvvəlki tərkibin əksəriyyətinin yenidən parlamentə düşməsi bir çoxlarının tənqidinə səbəb olmuşdu.

Müxalifət partiyaları isə bəyan etmişdi ki, hakimiyyət seçkiləri önə çəkməklə onu tez-tələsik saxtalaşdırmaq məqsədi güdür.

XS
SM
MD
LG