Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:21

Bakının 93 milyard manatlıq Baş planı #Əslində neçəyə başa gələcək 


Bakı
Bakı

20 ilə yaxındır plansız tikilən Bakının nəhayət Baş Planı qəbul olundu. Ancaq ekspertlər bu planın gerçəkləşəcəyinə şübhə ilə yanaşırlar. Məsələ burasındadır ki, son günlər planın özü deyil, onun büdcəsi daha çox müzakirə olunur. Müstəqil iqtisadçı ekspertlər 2040-cı ilə qədər reallaşması nəzərdə tutulan plan üçün 93 milyard 571 milyon manat vəsaitin necə əldə ediləcəyini sorğulayırlar.

Dövlətin xərcləməli olacağı bu vəsaitin 3/1-ni, yəni 60 milyard manatı haradan götürəcəyinə dair dəqiq bilgi yoxdur. 16 ildə dövlət ilə 4 milyard manata yaxın pul xərcləməlidir. Amma işğaldan azad olunmuş ərazilərin bərpasına xərclənən pulları, üstəgəl, ölkənin digər regionlarına illik tələb olunan vəsaitləri nəzərə alanda dövlət büdcəsi bu yükün altından qalxa biləcəkmi? Məsələn, ötən ilin martında baş nazir Əli Əsədov deyib ki, 2026-cı ilə qədər işğaldan azad edilmiş ərazilərdə 9 şəhər və 300 kənd bərpa olunacaq. Bu işlərə 32 milyard manatdan çox vəsait yönəldiləcək. Və bunun da hamısı Azərbaycan büdcəsi hesabına görüləcək. Bu il Qarabağ və ətraf ərazilərin yenidən qurulmasına büdcədən 4 milyard manata yaxın vəsait xərclənəcək. Hələ bütün bunlarla yanaşı prezident İlham Əliyev də 2022-ci ildə bildirmişdi ki, işğal dövründə Ermənistan Azərbaycan ərazisinə bir milyondan çox mina basdırıb və beynəlxalq ekspertlərin hesablamalarına görə, mina problemini həll etmək üçün Azərbaycana təxminən 30 il və 25 milyard dollar lazım olacaq.

Bakıda tramvayların bərpası niyə gerçəkləşmir?
Gözlə

No media source currently available

0:00 0:07:44 0:00

Baş Planın xərclərinə gəlincə, izahat yazısında vəsaitin hansı istiqamətlər üzrə nə qədər xərclənəcəyi ümumi şəkildə göstərilib. Bu vəsaitin 60,5 milyard manatı dövlət, 33,6 milyard manatı özəl investisiyalar hesabına qarşılanacaq. 94 milyarda yaxın vəsait ümumilikdə 5 istiqamətdə tədbirlərə yönəldiləcək. Şəhər ərazisinin inkişafı üçün 47,6 milyard manat nəzərdə tutulub. Bunun da 30,9 milyard manatı özəl sektora, 16,7 milyard manatı isə dövlət sektoruna ayrılacaq. Nəqliyyat infrastrukturunun inkişafına 16,9 milyard manat, mühəndis-kommunikasiya sistemlərinə 15,32 milyard manat xərclənəcək. Dəyəri 16,902 milyard manat olan nəqliyyat layihələri yalnız dövlət xəzinəsindən maliyyələşmə hesabına gerçəkləşəcək. Bərpa olunan enerji mənbələrinin inkişafına 4,3 milyard manat və ətraf mühitin qorunması tədbirlərinə 9,5 milyard manat nəzərdə tutulub. Dövlətin ətraf mühitin bərpası və yaxşılaşdırılmasına 9 milyard 507 milyon manat xərcləməlidir.

Bu rəqəmlər dövlətin xərclərinə aiddir. Bəs ölkə iqtisadiyyatının durumu bu vəsaiti qarşılamaq gücündədirmi? Ötən il MDB dövlətləri arasında ən aşağı iqtisadi artım göstəricisi Azərbaycanda olub. Ölkə iqtisadiyyatı cəmi 0,5% artıb. Hökumət 2024-cü il üçün iqtisadi artımın 2,4%, qeyri-neft sektorunun isə 4,6% böyüyəcəyini deyib. Ekspertlərin açıqlamasına görə, Ümumi Daxili Məhsulun 2,8%-dən aşağı artım göstəricisi iqtisadiyyatın tənəzzül təhlükəsindən xəbər verir. Bu il Azərbaycan hökuməti neft-qaz seqmentində 1,8%-lik azalma gözləyir. Və bu rəqəmlər büdcə gəlirlərinin 90%-dən çoxunun enerji resursları hesabına əldə edən hökumətə aiddir.

Taksi sahəsində rüsumların artırılması kimin işinə yarayır?
Gözlə

No media source currently available

0:00 0:08:43 0:00

İldə 3 milyard manatın xərclənməsi realdırmı

İqtisadçı ekspert Fərid Mehralızadə deyir ki, ölkə iqtisadiyyatının hazırkı durumunu və büdcə xərclərini nəzərə alsaq, Baş Planın əhatə etdiyi birinci dövr üçün, yəni 2027-ci ilə qədər illik tələb olunan 3 milyard manatdan artıq vəsaitin xərclənməsi real görünmür:

“Xüsusilə, devalvasiyadan sonrakı dövrdə artıq sosial xərclər Azərbaycanın dövlət büdcəsinin xərclərinin ən vacib komponentlərindən biridir. Yəni devalvasiyadan əvvəlki illərdə hökümətin xərc maddəsi tikinti, investisiya xərcləri idi. Böhran olan dövrlərdə isə hökümət həmən xərcləri nisbətən ixtisar edərək və ya kəsərək müəyyən dərəcə manevr imkanları qazana bilirdi. Son illərdə sosial xərclər, sosial təminat ilə bağlı xərclər, təhsil, səhiyyə ilə bağlı xərclər ciddi şəkildə artıb. Və belə bir şəraitdə hökümət o xərclərdən qənaət edib tikinti xərclərinə əlavə edə bilməz”.

Lakin iqtisadçı Eldəniz Əmirovun fikrincə, Baş planda nəzərdə tutulan işlər üçün əslində daha çox vəsait gərəkəcək.

“Bu planın özündə belə bir cümlə var: “İnşa olunacaq hər hansı obyektin vahidinin dəyəri Bakı Dövlət Layihə İnstitutu tərəfindən aparılmış təhlillərə əsaslanır və bu dəyərlər Bakı şəhəri üzrə 2020-ci ilin cari orta qiymətlərini əks etdirir”. İndi təsəvvür edək ki, 2040-cı ilə qədər 93.6 milyard manatlıq dəyər 20 illik ardıcıl infilyasiyanın təsiri ilə hansı səviyyəyə yüksələcəkdir?! Unutmaq olmaz ki, respublika təkcə Bakıdan ibarət deyil”.

Digər iqtisadçı ekspert Natiq Cəfərli də bildirir ki, Azərbaycanda investisiya layihələrinin ilkin təqdim edilən maliyyə dəyəri əsasən son xərclərlə üst-üstə düşmür, adətən, 30-40 faizlik fərq yaranır.

Necə olur ki, Praqada metroda gedişhaqqı Bakıdan ucuzdur?
Gözlə

No media source currently available

0:00 0:08:57 0:00

284 milyard manatlıq baş planın taleyi

Yeri gəlmişkən, bir neçə il öncə Bakı Dövlət Layihə İnstitutu “Bakı şəhərinin ərazisindən istifadə və zonalaşdırılması planı”nı - Baş planı təqdim etmişdi. 2016-cı ildə açıqlanan həmin layihənin 2035-ci ilədək planlaşdırılması nəzərdə tutulmuşdu və astronomik məbləğ - 283,97 mlrd. manat həcmində dəyərləndirilirdi. Elə o vaxtı da həmin vəsaitlərin mənbəyi göstərilmirdi. Amma bu Baş Plan da təsdiqlənmədi. 2018-ci ilin iyulunda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhərinin baş planının hazırlanması işinin təşkili prosesini yenidən başlatdı. Komitədən AzadlıqRadiosuna bildirilib ki, həmin proqnoz məbləğin indiki Baş planla müqayisədə çox olmasının səbəbi həmin layihənin Bakı ilə yanaşı Sumqayıt şəhərini və Abşeron rayonunun da müəyyən inzibati ərazisini əhatə etməsi olub.

Bakının Baş planının hazırlanması işinə “The Boston Consulting Group” şirkəti cəlb edilir. Bu beynəlxalq məsləhətçi şirkəti ilə bağlanmış müqavilənin dəyəri 1 mln. 285 min avrodur. Digər müqavilə isə Almaniyanın “AS+P” şəhərsalma şirkəti ilə imzalanır, müqavilənin məbləği 6 mln. 391 min 231 dollardır.

Və nəticədə ortaya çıxan Bakının Baş Planın maliyyə dəyəri əvvəlkindən qat-qat aşağı düşür. 2016-cı ildə tələb olunan 283,97 mlrd. manatın 8 il sonra 93 milyard 571 manata qədər azalması, görünür, ölkə iqtisadiyyatının artım göstəricilərinin azalmasından qaynaqlanır.

2011-ci ildə Azərbaycanda metro şəbəkəsinin inkişafı üzrə strateji inkişaf sənəndində bildirilirdi ki, 2030-cu ilədək Bakıda 70 metro stansiyası açılacaq. Lakin indi cəmiyyətə təqdim olunan sənəddə 2040-cı ilədək, yəni hökumətin öncədən vəd etdiyi vaxtdan 10 il sonra paytaxtda 46 metro stansiyası açılması nəzərdə tutulub. Belə ki, daha öncə planlaşdırılan metro stansiyalarının 24-nün açılması təxirə salınıb. Baş planın ümumi dəyərinin bu qədər azaldılmasını Fərid Mehralızadə post-devalvasiya dövründə enerji gəlirlərinin azalması ilə izah edir. Onun fikrincə, gəlirlərin azalması, bununla yanaşı neft hasilatının aşağı düşməsi hökuməti daha realist davranmağa məcbur edib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən isə AzadlıqRadiosuna verilən açıqlamada deyilir ki, nəqliyyat infrastrukturu baxımından yolların, dəmir yollarının çəkilməsi, bir neçə metro stansiyasının tikilməsi 2027-ci ilədək nəzərdə tutulub.

Özəl sektorun yükü

Baş Planın xərclərinin 3/1-i özəl sektorun üzərinə düşəcək. İqtisadçılar bunun reallaşmasına şübhə ilə yanaşırlar. Çünki Azərbaycanda özəl sektorun bu qədər iri investisiyalar etməyə resursları yetərli deyil. Ona görə də xarici böyük investorlara ehtiyac yaranacaq. Amma bir ölkəyə xarici investorların gəlməsindən ötrü ilk növbədə həmin dövlət özəl mülkiyyətə dəyər verməli, qanunun aliliyi və məhkəmə sisteminin müstəqilliyi qorunmalı, eyni zamanda rəqabətli biznes mühiti və ümumiyyətlə, biznes üçün əlverişli şərtlər yaradılmalıdır. Azərbaycan hakimiyyəti bunların hansına zəmanət verə bilər? Rəsmilər ölkədə iqtisadi azadlığın təmin oluduğunu desələr də, Heritic Fondunun 2022-ci il İqtisadi Azadlıq İndeksi"ndə Azərbaycan iqtisadiyyatı "orta azad" hesab olunub. Ən aşağı nəticə (100 ballıq sistemdə 16 bal) isə məhz ədliyyə sistemi üzrə toplanıb.

Azərbaycanda biznes sahəsində ən son dəyişiklik mikrosahibkarların vergilərinin 5%-dən 20%-dək artırılması olub.

Ekspertləri narahat edən məsələ dövlətin yeni Baş Plandan dolayı özəl sektoru artıq yükləmə qorxusudur. Plana görə, “bərpa olunan enerji təsərrüfatları” üçün 2 milyard manat, “ərazi inkişafı” üçün isə xərcin 65%-i olmaqla özəl sektorun öhdəsinə düşəcək. Eldəniz Əmirov bildirir ki, bu da xərclənəcək hər 100 manatın 35 manat 32 qəpiyinin özəl sektorun payına düşməsi deməkdir:

“Təbii ki, özəl sektor bu vəsaiti cibindən çıxarıb, dövlətə vermir. Bu sadəcə, biznes fəaliyyəti çərçivəsində, eləcə də infrastrukturların yaradılması və s. proseslər zamanı xərclənəcək vəsaitdir. Buna görə “ərazi inkişafı” üzrə xərclərin 65%-i özəl sektorun payı kimi göstərilib. Narahatedici məqam odur ki, yerdə qalan 35%-lik xərclərin bir manatı belə heç bir halda hansısa qurumlar tərəfindən dolayı metodlarla sahibkarların çiyinlərinə yüklənməməlidir. Bu, özəl sektorda ciddi fəsadlar yarada bilər. Buna görə də 16 il davamlı ciddi nəzarət mexanizmi yaradılmalıdır”.

Baş Planın 225 səhifəlik izahlı sənədində Planın icrasının monitorinqinə dair ayrıntılı bilgi yoxdur. Halbuki, bu miqyasda proqram və layihələrin həm də detallı monitorinq mexanizmi təqdim edilməlidir. Açıqlanan yarım səhifədən də az izahatda monitorinqin mexanizmi deyil, sadəcə, ümumi cümlələr yer alıb. Aydın monitorinq mexanizminin yoxluğu həm də vəsaitin effektiv idarə olunmaması narahatlığını doğurur.

105 milyard necə xərcləndi?

Baş Planın maliyyə mənbələrini və onun idarə olunmasını sorğulayan iqtisadçılardan biri də iqtisadçı Natiq Cəfərlidir. İndiyə qədər ölkədə bir çox iri layihələrin şəffaf gerçəkləşmədiyini bildirən iqtisadçı regionlara ayrılan 105 milyard manatlıq vəsaiti xatırladır:

“İqtisadiyyat naziri Mikayıl Cabbarov bir neçə ay öncə dedi ki, 2003-2023-cü illər arası regionlara 105 mlrd. manat (təqribən, 130 mlrd. dollar) investisiya qoyulub – amma, izah etmədi ki, hanı bu vəsaitin geri dönüşü, bəs niyə regionlardan Bakıya axın azalmadı, əksinə çoxaldı, regionlarda iş yerləri yaranmadı, nədən regionların ÜDM-də, xarici ticarətdə payı artmadı?! İndiki idarəetmə formasında, məsuliyyət və səlahiyyət bölgüsünün aydın olmadığı sistemdə regionlara (guya) yatırılan o 130 mlrd. dolların aqibəti necə oldusa, Bakıya 16 ildə planlaşdırılan 95 mlrd. manat investisiyanın aqibəti də elə olacaq".

İllik büdcəsi 35 milyard manat olan və iqtisadi göstəriciləri ilə bağlı ümidverici proqnozlar verilməyən bir hökumət bu miqyasda layihə üçün üzərinə götürdüyü vəsaiti ödəmək iqtidarındadırmı? Hökumət bu vəsaiti haradan əldə edəcək? Dövlət reservlərinimi bu xərclərə yönəldəcək? Yoxsa beynəlxalq fondlardan kreditmi götürəcək? Bu mövzularda dövlət rəsmiləri real həqiqi məlumatlar vermirlər. Hətta bir dövlət qurumu ilə digərinin eyni mövzu ilə bağlı açıqladığı rəqəmlərdə belə ciddi fərqlər var. Digər məsələ idarəetmənin başında duran insanların ölkədəki problemləri, xüsusilə iqtisadiyyatla bağlı aşağı göstəriciləri görməzdən gəlməsidir. Prezident Əliyev başda olmaqla onun bütün komandasının çıxışları pozitiv qiymətləndirmələr və inkişaf üzərində qurulub.

XS
SM
MD
LG