Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:29

İsrail nazirinin Əl-Əqsa məscidinə getməsi fələstinliləri qəzəbləndirib


Əl-Əqsada bayram namazı, arxiv fotosu
Əl-Əqsada bayram namazı, arxiv fotosu

Bu gün – yanvarın 3-də İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Gvir Qüdsdəki (Yerusəlim) Əl-Əqsa məscid kompleksinə qısa səfər edib. Fələstinlilər bu addımı provokativ adlandırıb, zorakılığa səbəb ola biləcəyini deyiblər.

“Məbəd dağı hamının üzünə açıqdır”, – Ben-Gvir Twitter-də məscid kompleksinin yəhudi adını işlədib.

Nazirin yerləşdirdiyi fotoda o, kompleks ətrafında gəzişir, onu mühafizəçilər və pravoslav yəhudi müşayiət edir.

İtamar Ben-Gvir
İtamar Ben-Gvir

İnsident baş verməyib

İsrail rəsmisi 15 dəqiqəlik səfərinin status kvo razılaşmasına uyğun olaraq gerçəkləşdiyini qeyd edib. Onillər öncə əldə olunmuş bu razılaşma qeyri-müsəlmanların ibadət etməyəcəyi şərtilə məscidi ziyarətinə icazə verir. Rəsmi heç bir insidentin baş vermədiyini deyib.

Yəhudi Gücü partiyasının lideri Ben-Gvir yenidən seçilmiş Baş nazir Benyamin Netanyahunun dini-millətçi koalisiyasına daxil olub. Bu isə fələstinliləri qəzəbləndirir, onların dövlətçilik ideyası sarıdan məyusluğunu artırır.

İşğal olunmuş Qərb sahildə, Betlehem yaxınlığında yeni toqquşmada isə İsrail əsgərləri fələstinli yeniyetməni güllələyib. Ordu tibb rəsmiləri və şahidlərin yaydığı bu xəbəri hələlik, təsdiqləməyib.

Fələstinin Xarici işlər nazirliyi bəyanatında bildirib ki, “ekstremist nazir Ben-Gvirin Əl-Əqsa məscidinə basqınını qətiyyətlə pisləyir, bunu görünməmiş provokasiya, münaqişənin təhlükəli eskalasiyası sayır”.

Həmasın reaksiyası və nazirin cavabı

İsraillə birgə yaşayışı rədd edən Fələstinin Həmas islamçı qrupunun sözçüsü isə deyib ki, Əl-Əqsa “Fələstin, ərəb və İslam məscididir... heç bir faşist bu faktı dəyişə bilməz”.

Ben-Gvirin məscidə yaxınlaşmasına sübut yoxdur. O vaxtilə məsciddə yəhudilərin ibadətinə qadağanın qaldırılmasına çağırıb. Vəzifəyə keçəndən sonra isə tonunu yumşaldıb, kompleksdə “qeyri-diskriminasiya”nın tətbiqinin vacibliyini vurğulayıb.

“Həmas məni təhdidlə çəkindirə biləcəyini düşünürsə, dövrün dəyişdiyini anlamalıdır. Yerusəlimdə hökumət var!” – Ben-Gvir Twitter-də yazıb.

Bazar ertəsi Yəhudi Gücü partiyasından deputat Almoq Koen İsrailin Kan radiosuna deyib ki, partiyanın “istəyi, Allahın izniylə, bütün dinlərin Məbəd dağında ibadətinə imkan verməkdir”.

Netanyahunun vədi

Ancaq artıq altıncı müddətdir baş nazir postunda olan Netanyahu müqəddəs məkanlarda “status kvo”nu saxlayacağını vəd edib.

Müsəlmanların ilk qibləsi sayılan Əl-Əqsa kompleksi İslamda üçüncü müqəddəs məkandır. Kompleks həm də iudaizmdə müqəddəs məbəddir.

Əl-Əqsa şərqi Yerusəlimdə yerləşir. İsrail 1967-ci il müharibəsi nəticəsində buranı Qərb sahil və Qəzzə zolağı ilə birlikdə tutub. Fələstinlilərin həmin ərazilərdə dövlət qurmaq niyyətlərinin əsasında da məhz bu kompleks dayanır.

İsrail Yerusəlimi bütünlükdə öz paytaxtı hesab etsə də, bu status beynəlxalq səviyyədə tanınmayıb.

XS
SM
MD
LG