Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:37

'Son qiymət artımı yeni bahalaşmalar gətirəcək'


'Qiymətlər qalxacaq' - İqtisadçılar xəbərdarlıq edir
Gözlə

No media source currently available

0:00 0:04:45 0:00

'Qiymətlər qalxacaq' - İqtisadçılar xəbərdarlıq edir (Arxiv. 2021)

İyunun 30-da Tarif Şurasının qərarı ilə əhalinin daha çox istifadə etdiyi Aİ-92 markalı benzin 10 qəpik bahalaşaraq 1.10 manat, dizel yanacağının qiyməti 20 qəpik artaraq 1 manat olub.

Tarif Şurası bildirir ki, qiymət artımı ilə dizeldən istifadənin daha yüksək ekoloji zərəri nəzərə alınıb, daha çox benzin istehlakına keçilməsi məqsədilə benzin ilə dizel arasındakı qiymət fərqi azaldılıb: "Qiymət dəyişikliyi enerji təhlükəsizliyinin dayanıqlılığını təmin etməklə yanaşı, yanacağa qənaət edən hibrid, elektrik və sıxılmış təbii qaz (CNG) mühərrikli avtomobillərə keçidi sürətləndirəcək".

2024-cü ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində 1 milyard 251.7 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, 2023-ci ilin eyni dövrünə nisbətən 5 faiz çoxdur. Ən çox satılan Aİ-92 markalı benzin və dizel olub.

Müstəqil ekspertlərin fikrincə, bu qiymət artımı ilə hökumət son beş ayda azalan neft və qaz gəlirlərini kompensasiya etməyə çalışır.

Aydın Hüseynov
Aydın Hüseynov

Deputat deyir ki, bahalaşma zəruri olub

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov "Turan"a bildirib ki, sözügedən qiymət artımları zəruri idi: "Son illər dizel mühərriki ilə işləyən avtomobillərin idxalı daha çox artıb. Havaya ən çox zərərli qazları buraxan məhz dizel yanacağıdır. Əksər ölkələrdə dizelin qiyməti benzinin qiymətindən yüksəkdir. Dizelin qiymətinin benzin qiyməti ilə, demək olar ki, eyniləşməsi benzindən istifadəni şərtləndirəcək".

Deputatın sözlərinə görə, qiymət artımı dizel ilə işləyən avtomobillərin idxalını və onlardan istifadəni azaldacaq, bu da ekoloji problemlərə müsbət təsir göstərəcək: "2035-ci ildən sonra Avropa İttifaqında dizel və benzinlə işləyən avtomobillərin qeydiyyatı və istehsalı dayanacaq. Biz bu çağırışlara hazır olmalıyıq, avtomobil parkımızı yeniləməliyik. Digər tərəfdən, qiymət dəyişikliyi dizel ilə işləyən kənd təsərrüfatı texnikasının və sərnişindaşımada istifadə olunan nəqliyyatların digər növ yanacaqlara keçidini şərtləndirəcək".

A.Hüseynov düşünür ki, yanacağın bahalaşması aqrar sahəyə təsir etməyəcək, dövlətin verdiyi subsidiyalar bunu qarşılayacaq: "Dövlətin fermerlərə böyük dəstəyi var. Onlar bir çox vergilərdən azaddırlar, subsidiyalar vasitəsilə dəymiş zərərin kompensasiya edilməsi həyata keçiriləcək. Kənd təsərrüfatı məhsullarının qiymətini qaldırmaq istəyən möhtəkirlərin cəhdlərinin qarşısı dövlət tərəfindən alınacaq".

Rəşad Həsənov
Rəşad Həsənov

Kənd təsərrüfatı malları azı 15 faiz bahalaşacaq

İqtisadçı Rəşad Həsənovun AzadlıqRadiosuna deməsinə görə, yanacağın qiymətinin artması digər sahələrdə də bahalaşmaya yol açacaq: "İstehsal və istehlak proseslərində qiymət dəyişikliyi məhsulun maya dəyərində öz əksini tapır. Bu baxımından, digər sahələrdə də qiymətlərin artımı birmənalıdır... Xüsusilə bu, nəqliyyat sahəsində müşahidə olunacaq. İkinci ən böyük asılılığı olan sahələrdən biri aqrar sektordur. Hesablamalar göstərir ki, dizel qiymətinin artması nəticəsində kənd təsərrüfatı mallarının qiymətində azı 15 faiz artım olacaq".

İqtisadçı hesab edir ki, yanacağın qiymətini artırmaqda əsas məqsəd əlavə gəlirlərin əldə olunması, xüsusilə Dövlət Neft Şirkətinin illik investisiya xərclərinin kompensasiyası məqsədilə əlavə subsidiya və dəstəyə ehtiyacını aradan qaldırmaqdır: "Yəni, burada əsas məqsəd dövlət xərclərinin maliyyələşdirilməsi üçün gəlir mənbəyi formalaşdırmaqdır və hökumət əlində olan bu resursları səfərbər etməyə çalışır. Amma, təbii ki, bu qiymət artımı ilə neft-qaz gəlirlərinin il ərzində azalmasını kompensasiya edə bilməyəcək".

XS
SM
MD
LG