Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 02:49

'30 ilin iqtidarı deyir ki, sevinin,… demir ki, neft erası bitir'


Yenidən Azərbaycan prezidenti seçilmiş İlham Əliyev parlamentdə andiçmə mərasimində
Yenidən Azərbaycan prezidenti seçilmiş İlham Əliyev parlamentdə andiçmə mərasimində

Fevralın 14-də İlham Əliyev növbəti 7 il üçün prezident kimi and içdi.

Son 21 ildə ölkəni idarə edən hakim Yeni Azərbaycan Partiyası (YAP) sədri fevralın 7-də keçirilən prezident seçkilərindən, rəsmi məlumata görə, növbəti dəfə qalib kimi çıxdı.

Fevralın 14-də Konstitusiyaya uyğun olaraq, Nazirlər Kabineti istefa verdi. Hərçənd, sonra da yeni tərkib formalaşana qədər köhnə tərkibə həmin vəzifələri icra etmək tapşırıldı.

Son aylar prezident seçkisindən sonra Nazirlər Kabinetinin tərkibində, iqtisadi və siyasi sahələrdə ciddi dəyişikliklərin olacağı deyilirdi.

Bu gün, fevralın 16-da Milli Məclis bundan əvvəl də baş nazir vəzifəsində çalışan Əli Əsədovun yenidən həmin posta təyin edilməsi ilə bağlı prezident Əliyevin təqdimatına baxdı. Parlament Əsədovun namizədliyini təsdiq etdi.

Əli Əsədovun dedikləri…

Ə.Əsədov hökumətin prioritetlərini açıqlayıb. Bildirib ki, sərhədlərin toxunulmazlığının təmini əsas prioritet məsələ olacaq: "Sosial sahədə inkişaf dövlət başçısının hər zaman diqqət mərkəzində olub. Əhalinin rifahının yaxşılaşdırılması, eləcə də şəhid ailələri və müharibə əlillərinin sosial rifahı önəmli vəzifə kimi yenə də hökumətin qarşısında duran əsas vəzifələrdəndir".

M.Əfəndiyev
M.Əfəndiyev

Deputat Məzahir Əfəndiyev mövzu ilə bağlı "Turan"a deyib ki, prezident Əliyev andiçmə nitqində yeni dövr üçün ölkə qarşısında duran vəzifələrdən kifayət qədər aydın bir formatda bəhs edib: "Bu gün iqtisadi artım, iqtisadiyyatın böyüməsi əsas hədəflərdəndir. Hətta cənab prezident müqayisə edərək bildirdi ki, 2003-cü ildə ümumi daxili məhsul 7 milyard dollar idisə, 2023-cü ildə 72 milyard dollar olub".

"İslahatlar ancaq o vaxt olar ki..."

Deputat, prezidentliyə keçmiş namizəd Fazil Mustafanın isə "Turan"a deməsinə görə, islahatlar ancaq o vaxt olar ki, Nazirlər Kabinetinin statusu ilə bağlı referendum keçirilsin: "Bu dəyişikliklərin olması üçün mütləq Konstitusiya dəyişiklikləri olmalıdır. Belə bir şey hələ ki, yoxdur".

A.Qasımlı
A.Qasımlı

"Əliyevin yeni dönəmində iqtisadi azadlıqlara yer olmayacaq"

Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlının sözlərinə görə, Əliyev andiçmə mərasimindəki çıxışında xarici siyasətdə avtoritar klublara inteqrasiyanı, daxili siyasətdə isə vətənpərvərlik adı altında militarizm kursunu elan edib: "Bunu da hər zaman durmadan bizim də təkrar etdiyimiz "xarici siyasət daxili siyasətin davamıdır" cümləsində birləşdirdi. Bəli, daxili siyasət bərbaddırsa, xarici siyasət uğurlu ola bilməz. Bir sözlə, Əliyevin yeni dönəmində insan haqlarına, demokratiyaya, iqtisadi azadlıqlara və ləyaqətli yaşama yer olmayacaq, çünki bunlar hamısı ideoloji risklərdir".

Politoloq vurğulayır ki, Əliyev son 20 ildə iqtisadi inkişafı göstərmək üçün 2003-cü ildə pensiyaların, minimum əməkhaqqının səviyyəsini indiki ilə müqayisə edir: "Real rəqəmlərlə deyil, nominal ədədlə danışır və bu da açıq manipulyasiyadır. Niyə inflyasiyanı gizlədir? ABŞ-da 2003-dən bu yana ildə ortalama 2.5 faiz inflyasiya olub, yəni son 21 ildə təxminən 60 faiz. Bizdə isə ildə ortalama inflyasiya təxminən 10 faizdır. Son 21 ildə isə 200 faizdən çox. Beləliklə, 30 ilin iqtidarı deyir ki, sevinin, iqtisadi-sosial vəziyyətimiz yaxşıdır. Lakin demir ki, neft erası bitir. Son 20 ildə iqtisadiyyatda şaxələnmə olmadı, qeyri-neft sektoru inkişaf etmədi".

Z.Əlizadə
Z.Əlizadə

"Heç bir islahata getməyəcəklər"

Siyasi şərhçi Zərdüşt Əlizadə də AzadlıqRadiosuna bildirib ki, islahatları keçirmək üçün mütləq nazirləri dəyişmək lazımdır: "Bizim nazirlər sözəbaxan insanlardır. Ona görə də onların dəyişməsini mən gözləmirəm".

Ekspertin sözlərinə görə, Azərbaycanın hakim zümrəsi yaxşı qazanır, onların hakimiyyətinə heç bir təhlükə yoxdur: "Siyasi mübarizə aparmaq üçün heç bir imkan yoxdur. Bütün kütləvi informasiya vasitələri, demək olar ki, nəzarət altındadır, fəhlə və kəndçi sinfi yoxdur, ziyalılar ram edilib. Xarici qüvvələr hakimiyyətdən nə istəyirlərsə, onu da verir – nefti, qazı verir. İndi də nəqliyyat habları açılacaq və Azərbaycan hökumətinin beynəlxalq miqyasda subyektliyi artacaq".

O hesab edir ki, belə bir şəraitdə islahatlar olmayacaq: "İslahat riskdir. İslahatın nəticəsində cəmiyyətdə özünəinamlı, yaxşı qazanan, imkanları olan yeni oyunçular yarana bilər. Onlar isə hakim komanda üçün təhlükədir. Ona görə də onlar heç bir islahata getməyəcəklər".

XS
SM
MD
LG