Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 02:36

'Hökumət sosial sektora əli əsə-əsə pul ayırır' deyilsə də, inflyasiya artır


Astara bazarı
Astara bazarı

2024-cü ilin sonunda Azərbaycanda inflyasiya 5.1, 2025-ci ildə 5.8 faiz proqnozlaşdırılır. Bu barədə Mərkəzi Bankın açıqlamasında bəhs edilir. Halbuki, altı ay öncə, (aprel) qurum inflyasiyanın 2024-cü ildə 3.5, 2025-ci ildə isə 4.2 faiz olacağını proqnozlaşdırmışdı.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, Azərbaycanda doqquz ayda illik inflyasiya 3.5 faiz olub.

Amma son illər Nazirlər Kabinetində "Azərbaycanda antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında" və "İnflyasiya və qiymətlər üzrə monitorinqin gücləndirilməsi istiqamətində əlavə tədbirlər barədə" sərəncamlar imzalanıb. Üstəlik, bəzi ekspertlər hesab edirlər ki, rəsmi inflyasiya göstəriciləri ilə real inflyasiya arasında ciddi fərq var.

AMB-dən izah...

Mərkəzi Bankdan bildirilib ki, illik inflyasiya hədəf diapazonu (4±2%) daxilində qalıb: "2024-cü ilin sentyabrında 12 aylıq inflyasiya 3.5 faiz, ərzaq malları üzrə 2.9 faiz, qeyri-ərzaq malları üzrə 1.9 faiz, xidmətlər üzrə isə 5.7 faiz təşkil edib".

Vurğulanıb ki, inflyasiyanın risk balansında əhəmiyyətli dəyişikliklər baş verməsə də, inflyasiya təzyiqləri yarada biləcək qlobal iqtisadi qeyri-müəyyənliklər qalır: "Mövcud geosiyasi gərginlik fonunda tədarük zəncirlərində və beynəlxalq daşımalarda fasilələr hələ də davam edir. Bu şəraitdə beynəlxalq bazarlarda əmtəə qiymətlərində mümkün dəyişkənlik idxal inflyasiyasının artması riskləri yaradır".

Bildirilib ki, inflyasiyanı artıra biləcək daxili risk faktorlarına isə xərc amillərinin aktivləşməsi, büdcə xərclərinin və kredit qoyuluşlarının genişlənməsi vasitəsilə məcmu tələbin izafi artımı aiddir.

Natiq Cəfərli
Natiq Cəfərli

"Dizelin qiymətini qaldırmasa idi..."

İqtisadçı Natiq Cəfərli AzadlıqRadiosuna deyib ki, inflyasiyanın azaldılması üçün hökumətin əlində kifayət qədər alətlər var: "Dörd ay qabaq dizelin qiymətinin birdən-birə 25 faiz artırılması inflyasiyaya ciddi təsir edən amillərdən birinə çevrildi. Aqrar sahədə dizel yanacağı maya dəyərinin 40 faizinə qədərini təşkil edir. Bu, hökumətdən asılı olan məsələ idi və dizelin qiymətini qaldırmasa idi, inflyasiyanın rəqəmləri indiki kimi yüksək olmazdı".

O əlavə edir ki, hökumətin əlində daha ciddi bir alət var - bu, gömrük, vergi rüsumlarıdır: "Onlardakı dəyişiklik inflyasiya səviyyəsində həmən əksini tapır. Hökumət inflyasiya ilə mübarizə aparmaq istəyirsə, ərzaq məhsullarında, dərman preparatlarında əlavə dəyər vergisini (ƏDV) azalda və hətta ləğv edə bilərdi. Eyni zamanda, ölkədə üçpilləli gömrük rüsumları sistemi mövcud olsa da, nə hikmətdirsə ölkəyə daxil olan məhsullar adətən 15 faizlik - ən bahalı rüsumla rəsmiləşdirilir".

"Real addımları görmürük"

N.Cəfərlinin sözlərinə görə, daha vacib uzunmüddətli amil isə rəqabətli mühitdir ki, onun yaradılması inflyasiyanı azalda bilərdi: "Azərbaycanda Rəqabət Məcəlləsi qəbul olunsa da, hələ ki, onun hər hansı bir təsirini biz görmürük. Məcəllə əvvəl nəzərdə tutulmuş mexanizmlərin kifayət qədər yumşalması ilə qəbul olundu və istehlakçıların yox, müxtəlif maraq qruplarını maraqlarına xidmət etdi. İnflyasiya ilə mübarizədə deklarativ şüarlardan başqa real addımları görmürük".

O hesab edir ki, reallıqla rəsmi rəqəmlər arasında həmişə ciddi təzadlar olur: "Bir çox ölkələrdə ümumi inflyasiya zənbilindən başqa 30 adda gündəlik tələbat mallarının qiymət artımı ayrıca hesablanır. Azərbaycanda isə inflyasiya səbətində 500 adda mal və xidmətlər var ki, onların qiymətinə baxıb hesablayırlar. Onların bir çoxunun qiymət dəyişmir deyə, ümumi inflyasiya rəqəmləri aşağı düşür. Amma biz 30 adda bu gündəlik tələbat mallarını ayrıca hesablasaq, görərik ki, onlarda qiymət artımı həddindən artıq çoxdur".

Zöhrab İsmayıl
Zöhrab İsmayıl

"Hökumət sosial sektora əli əsə-əsə pul ayırır"

İqtisadçı Zöhrab İsmayılın da müşahidələrinə görə, ərzaq məhsullarının qiymətləri rəsmi səslənən rəqəmləri xeyli üstələyir: "Biz onu gündəlik həyatımızda hiss edirik. Gələn il də bu artım davam edəcək".

Antiinflyasiya tədbirlərinə gəlincə, ekspert qeyd edib ki, Mərkəzi Bank əlavə pul kəsmir, uçot dərəcəsini aşağı səviyyədə tutur, ancaq büdcədəki xərclər inflyasiya riskini artırır: "Xüsusilə də bu, təmir-tikintiyə yönələn xərclərdir. Hökumət sosial sektora əli əsə-əsə pul ayırır, amma tikintiyə çox böyük pullar xərcləyir, bu da inflyasiyanın səviyyəsini artırır".

XS
SM
MD
LG