Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:25

İsrailin son zərbəsi İranın hücum və müdafiə qabiliyyətini zəiflədib


Tehran yaxınlığındakı Parçin hərbi kompleksinin peyk görüntüsü
Tehran yaxınlığındakı Parçin hərbi kompleksinin peyk görüntüsü

İran oktyabrın 26-da İsrailin hava hücumundan hərbi obyektlərinə dəyən zərərin ciddi olmadığını bəyan etsə də, peyk görüntüləri bunun əksini söyləyir. AzadlıqRadiosu, təhlilçilərin sözlərinə dayanaraq, İranın havadan müdafiə və raket istehsalı qabiliyyətinin zəiflədiyini bildirir.

Londondakı Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun əməkdaşı Fabian Hints deyib ki, İsrail İranın uzaqmənzilli raket istehsal etmə qabiliyyətinə ciddi zərbə vurub.

Böyük məsafəli hücumlara tab gətirmək mümkün olacaqmı?

Oktyabrın 1-də İran İsrailə 200-dək raket zərbəsi endirmişdi. Bu, Tehranın başlıca düşməninə qarşı gerçəkləşdirdiyi ən miqyaslı birbaşa raket hücumu idi. Hərbi obyektləri hədəfləyən onlarca raket İsrailin keçilməz sayıldığı havadan müdafiə sistemini yarmışdı.

Elə sonuncu hücumun da əsas məqsədi İranın bərk yanacaqlı ballistik raket istehsalını əngəlləmək idi. "Tehranın hücumunda İsraildə ən çox təlaşı da elə bu raketlər doğurdu", - Hintsin sözləridir.

Bərk yanacaqlı raketlərin maye yanacaqlılardan fərqi ondadır ki, bunları atmağa daha az adam və vaxt lazımdır. Ekspertin fikrincə, aramsız yaylım atəşləri zamanı belə raketlər çox effektiv silahdır. İsrail sözügedən hücumunda İranın dörd raket istehsal edən obyektinə zərbələr endirib.

Yaxın Şərq üzrə müdafiə mütəxəssisi Ceremi Binninin fikrincə, obyektlərə dəyən zərərin tam ölçüsü hələ də bilinmir.

Binninin dediyinə görə, indi İsrail keçilməz saydığı öz havadan müdafiə sistemini yarmaq üçün düşmənə neçə raket gərəkdiyini bilir: "İsraillilər İranda ballistik raketlərin dəqiq sayını bilməsələr də, onun artmasının önünü kəsmək istəyirlər".

Hücum və müdafiədə çarəsizlik

İsrailin hücumu həm də İranın radarlarını və Rusiya istehsalı olan S-300 zenit-raket komplekslərini hədəf alaraq hava hücumlarını dəf etmək qabiliyyətini zəiflətmək məqsədi daşıyırdı. ABŞ və İsrail rəsmilərinə istinadən, hücum zamanı üç S-300-ün sıradan çıxarıldığı barədə təsdiqlənməmiş xəbərlər var.

Binninin sözlərinə görə, "S-300 İranın ən güclü havadan müdafiə sistemidir. Bu üzdən, onların hədəfə alınması bir daha İranın özünü qoruya bilməməsini göstərir və gələcəkdə İsrailin hava qüvvələrinə daha çox hərəkət azadlığı verir".

"Radarlar İranın erkən xəbərdarlıq sisteminin vacib hissəsidir", - Hints AzadlıqRadiosunun "Fərda" xidmətinə müsahibəsində belə deyib. Bu radarlar hücum zamanı da yararlı idi, çünki ballistik raketlərin trayektoriyalarını ölçməyə və gərəkərsə, hərəkət kursunu dəqiqləşdirməyə yardım edirdi.

İranın cavab zərbəsi necə qarşılanacaq?

Ekspertlər deyir, İranın istər hücum, istərsə müdafiə qabiliyyəti zəiflədiyindən İsrailə qarşı irimiqyaslı savaş aparması inandırıcı deyil.

Binninin söylədiyinə görə, ABŞ İsraildə "Yüksək hündürlükdə raketdən müdafiə sistemi" kimi tanınan THAAD-ı yerləşdirəndən sonra güc nisbəti İsrailin xeyrinə dəyişib.

Mediaya sızan xəbərlərdə İranın hazırladığı hücumda İraqdakı şiə döyüşçülərdən yararlanacağı deyilir. Bununla, görünür, İslam Respublikası İsrailin potensial cavabının ağırlığını öz əlaltılarının üzərinə yükləməyə ümid edir.

XS
SM
MD
LG