Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:34

Generallar - Bərxudarov və Babayev korrupsiyada suçlanırlar: evlərinə bazarlıqdan tutmuş, qurbanlıq qoyunların puluna qədər...


Müdafiə Nazirliyinin idarə rəisi, polkovnik Münasib Babayev mətbuat nümayəndələrini MN-nin Mərkəzi Əşya Bazası və Ərzaq Anbarı ilə tanış edir. 2016
Müdafiə Nazirliyinin idarə rəisi, polkovnik Münasib Babayev mətbuat nümayəndələrini MN-nin Mərkəzi Əşya Bazası və Ərzaq Anbarı ilə tanış edir. 2016

Bugünlərdə vəzifələrindən çıxarılan korpus komandirlərinin - general-mayorlar Mais Bərxudarov ilə Münasib Babayevin adı Müdafiə Nazirliyi sistemindəki 143 milyon manatlıq yeyintiyə dair məhkəmə işində keçir. Bu cinayət işi ilə bağlı həbsdə olan şəxslər illərlə həmin generallara pul verməyə məcbur qaldıqlarınını bildirərək onların məhkəməyə çağrılıb dindirilməsini tələb edirlər. Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin keçmiş rəisi, general-mayor Nizami Məmmədov ilə daha üç nəfərin - Hərbi Hava Qüvvələri və Quru Qoşunları maliyyə idarələrinin keçmiş rəisləri Cəlal KazımovBayram Bayramovun, Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinə rəhbərlik etmiş Vüsal Əlizadənin məhkəməsində bu barədə vəsatət qaldırılıb.

Adları çəkilən general və polkovniklərin işinə bir ildən çoxdur Bakı Hərbi Məhkəməsində baxılır.

"Başqalarının yediklərinin cəzasını niyə biz çəkməliyik?"

Polkovnik C.Kazımov deyir ki, 143 milyon manatlıq ittiham şişirdilmiş rəqəmdir, yeyinti bu qədər ola bilməzdi. Onların hesablamalarına görə, bu rəqəm 20 milyon manat civarında ola bilər: "33 aydır həbsdəyik, gözləyirik ki, bundan sonra nə olacaq. Öz ziyanımızı ödəməyə hazırıq, başqalarının yediklərinin cəzasını niyə biz çəkməliyik?".

Digər təqsirləndirilən polkovnik B.Bayramov bugünlərdə vəzifələrindən azad edilmiş korpus komandirləri M.Bərxudarov və M.Babayev haqqında danışıb. Onlara külli miqdarda vəsait verildiyini söyləyən polkovnik hər ikisinin məhkəmədə dindirilməsini, sualları cavablandırmasını istəyib.

B.Bayramov deyir ki, həmin dövrdə M.Babayev ayrıca korpus komandiri deyildi. Bərxudarov II korpusun komandiri, Babayevsə qərargah rəisi idi.

Onun sözlərinə görə, general Bərxudarov üçün Beyləqanda "Real" adlı ərzaq dükanına və "Zirvə" adlı hədiyyə-dəftərxana ləvazimatları mağazasına hər ay 2 min manat ödənilirdi. Bu, 24 ay davam edib və toplam 48 min manat pul xərclənib. Mağazalardan alınan malları Bərxudarovun yavəri Ülfət Abbasquliyev, ya da sürücüsü, yaxud mühasibi götürüb aparırdı.

General Mais Bərxudarov
General Mais Bərxudarov

General-mayor M.Babayevə hər ay 3 min manat verdiyini vurğulayan Bayramov bunun 26 ay davam etdiyini və toplam 78 min manat ödəndiyini də deyib: "Bundan başqa, Hadrut qəsəbəsindəki evinə alınan qızdırıcı üçün 8 min manat ödəmişəm".

"Qoyunlar 2 min manata alınmışdı"

Təqsirləndirilən polkovnik əlavə edib ki, general Babayev Füzuli rayonunun işğaldan qurtarılması münasibətilə 10 qoyun qurban kəsdirib: "Qoyunlar 2 min manata alınmışdı və M.Babayev də onların pulunu ödəyəcəyinə söz vermişdi. Amma eləmədi. Məndən 10 min də bir aldı. Onu da qaytarmadı".

B.Bayramov 2020-ci ilin dekabrından 2021-ci ilin avqustunadək M.Babayevin Hadrutdakı evinin xərclərinə 6 min manat verildiyini, alış-verişlə ya generalın sürücüsü Xəyalın, ya da aşpazın məşğul olduğunu bildirib: "Pulları mühasibə verirdim. Hələ mən ad gününə, bayramlara görə verilənləri saymıram".

Polkovnik məhkəmədə adlarını çəkdiyi mühasib, sürücü, aşpaz da daxil, bütün şahidlərin çağrılıb dindirilməsini istəyib. Digər təqsirləndirilən şəxslər də onun vəsatətini dəstəkləyiblər.

Prokuror onun generallar və digər şahidlərin dindirilməsi ilə bağlı vəsatətinə münasibət bildirməkdən ötrü məhkəmədən vaxt istəyib.

143 milyonluq cinayət işi üzrə məhkəmə araşdırmaları oktyabrın 25-də davam edəcək.

Azərbaycan əsgəri nə yeyib-içir?
Gözlə

No media source currently available

0:00 0:03:23 0:00

Xatırlatma

2022-ci ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşları Müdafiə Nazirliyində əməliyyat keçiriblər. Əməliyyat nəticəsində nazirliyin Maliyyə və Büdcə İdarəsinin keçmiş rəisi, general-mayor Nizami Məmmədov, Satınalmalar və Təchizat İdarəsinə rəhbərlik etmiş Məlikməmməd Qurbanov, Mənzil İstismar İdarəsinin sabiq rəisi Fikrət Mirzəyev də daxil, 15 nəfərə yaxın vəzifəli şəxs həbs olunub.

DTX-nın İstintaq İdarəsində ilyarıma yaxın sorğulanması sürən cinayət işində Müdafiə Nazirliyi sistemində toplam 143 milyon manatlıq yeyintidən söhbət gedir. İddia olunur ki, mənimsəmə, əsasən, ərzaq, avadanlıq alınarkən qiymətlərin şişirdilməsi, tenderlərdə qalib elan edilən şirkətlərin hesabına köçürülmüş vəsaitlərin bir hissəsinin geri alınması və s. yollarla baş verib.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə), 308.2-ci (vəzifədən sui-istifadə etmə), 313-cü (vəzifə saxtakarlığı) və başqa maddələri ilə ittiham verilib. Bu maddələrdə 14 ilədək həbs cəzası nəzərdə tutulub.

Sözügedən cinayət işində məsuliyyətə cəlb edilən şəxslərin işləri sonradan ayrı-ayrılıqda məhkəməyə göndərilib. Onlardan bəzisi tək mühakimə olunsa da, digərləri qrup şəklində məhkəmə önünə çıxarılıb. M.Qurbanov ilə M.Şirvanovun məhkəməsi artıq yekunlaşıb. Polkovniklərə münasibətdə Cinayət Məcəlləsinin 62-ci (cinayətə görə müəyyənləşdirilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsi tətbiq olunub. Hakimlər yüngülləşdirici hallardan biri kimi, polkovniklərin öz paylarına düşən ziyanı – mənimsədikləri iddia olunan məbləğləri ödəmələrini göstəriblər. Onların hərəsinə 3-4 il həbs cəzası kəsilsə də, bundan narazı qalan prokurorluq apellyasiya protesti verib.

XS
SM
MD
LG