Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:35

Siyasi partiyalar parlament seçkilərinə necə gedir?


Parlament seçkiləri. Karikatura
Parlament seçkiləri. Karikatura

Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.

İyulun 1-də Müsavat Partiyası seçkidə iştirakını müzakirə edib. Partiyadan verilən məlumata görə, seçki ərəfəsində demokratik şərait üçün zəruri olan hüquq və azadlıqların məhdudlaşdırılması davam edir, vətəndaşların sərbəst toplaşma, söz və ifadə azadlığı təmin olunmur: "Eyni zamanda, siyasi məhbuslar azadlığa buraxılmayıb, əksinə, seçki ərəfəsində siyasi və ictimai fəalların, jurnalistlərin həbsi kütləvi xarakter alıb".

Müsavat bildirir ki, seçki qanunvericiliyində demokratik dəyişikliklərin edilməsi, proporsional seçki sisteminin bərpası, seçki komissiyalarında iddiaçı tərəflərin təmsilçiliyinin təmin olunması çağırışları da cavabsız qalıb.

İsa Qəmbər
İsa Qəmbər

Müsavat başqanı İsa Qəmbər "Turan"a bildirib ki, seçkidə iştirak məsələsinin daha geniş tərkibdə müzakirəsi üçün partiya Məclisinin növbədənkənar sessiyasının keçirilməsi qərarı verilib: "İştirak etmək və iştirak etməmək qərarının xeyli üstün və mənfi cəhətləri, məntiqli səbəbləri var. Biz cəmiyyətin, Azərbaycanda demokratiyanın maraqlarını nəzərə alaraq qərar qəbul edəcəyik".

REAL Partiyası isə seçkilərdə iştirak etmək qərarına gəlib. Partiyadan verilən məlumata görə, artıq 13 namizədinin sənədlərinin dairə seçki komissiyalarına təqdimatı tamamlanmaq üzrədir. Qurumun Siyasi Komitəsinin üzvü Natiq Cəfərli deyir ki, REAL yarandığı gündən seçkilərdə iştirakın vacibliyini qeyd edib: "Seçki partiyaları ayaqda saxlayan, seçki yolu ilə hansısa bir aktivliyə nail olmaq üçün bir prosesdir".

N.Cəfərlinin fikrincə, boykotun indiyədək xeyri olmayıb: "Bugünə qədər 14 boykot kampaniyası olub və heç bir uğura gətirməyib. Bu, uğurlu yol deyilsə, nədən biz də bunu təkrarlamalıyıq? Qərarımız həm də onunla bağlıdır ki, siyasi partiyalar həm də seçkidə iştirakçılıq üçündür. Seçki prosesi həm partiya sıralarının genişlənməsi, həm də təbliğat-təşviqat üçün müəyyən fürsətlər yaradır".

Məmməd İbrahim
Məmməd İbrahim

AXCP seçkidə iştirakı mənasız sayır

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) isə fərqli mövqedədir. AXCP son illər ölkədə keçirilən həm prezident, həm parlament seçkilərini boykot edir. Partiya sədrinin müşaviri Məmməd İbrahim bildirib ki, AXCP erkən parlament seçkilərində iştirakı ilə bağlı, hələlik, qərar verməyib, amma demokratik şərait olmadığı bir vaxtda seçkilərə qatılmağın mənası yoxdur: "Əgər ötən seçkilərdən bu seçkilərə qədər heç nə dəyişməyibsə, azad, demokratik, şəffaf seçki şəraiti yaranmayıbsa, deməli, biz bu seçkilərdə də iştirak etməyəcəyik. Nə dəyişdi, nə irəliləyişlər olub ki, biz seçkilərdə iştirak edək? Heç nə".

"Boykotun hüquqi nəticəsi yoxdur, iştirak da problemdir"

Siyasi şərhçi Nəsimi Məmmədlinin AzadlıqRadiosuna deməsinə görə, Azərbaycanda siyasi mühit çox daralıb: "Demokratik siyasi mühit olmadığına görə siyasi partiyaların seçki prosesi ilə hansısa nəticə əldə etməsi olduqca çətin görünür".

Nəsimi Məmmədli
Nəsimi Məmmədli

O xatırladır ki, ölkədə nisbi səs çoxluqlu majoritar seçki sistemi var: "Bu o deməkdir ki, seçkilərin baş tutmuş sayılması üçün seçkidə iştirak etmiş seçicilərin sayı ilə bağlı bir kvota yoxdur. Bu olmadığına görə seçicilərin sayından asılı olmayaraq seçkilər baş tutmuş sayılır. Ona görə də seçkiləri boykot etmək hüquqi nəticə doğurmur".

Politoloqun sözlərinə görə, seçkilərdə iştirak da bir problemdir: "Seçkidə iştirak edən siyasi qüvvə hakimiyyət orqanları ilə bağlı qapılar arxasında hansısa danışıqlar aparmayıbsa, o da nə hüquqi, nə də siyasi nəticə ala bilir. Seçkilərdə iştirak edib nəticə əldə etməyəndə partiya öz üzvləri və seçiciləri qarşısında müəyyən nüfuz itirir".

Azərbaycanda son parlament seçkiləri 2020-ci il fevralın 9-da olub.

Bu il Azərbaycanda, qanunvericiliyə əsasən, bələdiyyə seçkiləri də keçirilməlidir.

Üstəlik, bu il Azərbaycanda prezident seçkisi də növbədənkənar keçirilib. Əslində qanunla 2025-ci ildə baş tutmalı olan həmin seçkilərin önə çəkilməsi Dağlıq Qarabağda suverenliyin bərpası ilə izah edilib.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyası da Azərbaycanda son seçkilərdə bir çox pozuntuların baş verdiyini açıqlayıb. Rəsmilər tənqidləri qəbul etmirlər.

XS
SM
MD
LG