Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:43

Pensiyalar gecikəndə: 'Kreditlərə əlavə faizlər hesablanır, işıq, su, qaz... kəsilir'


Astara. Pensiyalar verilir. (Foto arxiv)
Astara. Pensiyalar verilir. (Foto arxiv)

Artıq bir neçə aydır Azərbaycanda pensiya və sosial ödənişlərin verilməsində gecikmələr olduğu bildirilir. Pensiyaçıların sözlərinə görə, gecikmələr üç-beş gün çərçivəsində olur. Məsələn, onlar vurğulayırlar ki, əlilliyə görə təqaüd ilin əvvəlində hər ayın 15-də ödənilirdisə, artıq üç aydır ki, ayın 20-si və ya 21-i ödənilir.

Bəzi vətəndaşlar deyir ki, bu hal onlara çətinliklər yaradır.

"Pensiya gecikən kimi dərmansız qalıram"

Bakıda yaşayan, yaşa görə pensiya alan Könül Əhmədova deyib ki, aylıq pensiyası 360 manatdır: "Pulun böyük hissəsi dərmanlara gedir. Mən də pensiyamı bir ayın xərclərinə görə bölürəm. Pensiya gecikən kimi bir neçə günlük dərmansız qalıram. Biz, pensiyaçılar o qədər də böyük pul almırıq ki, onları da gecikdirsinlər? Yoxsa bizə gələndə pul qurtarır?".

İnsanlar özəl pensiya fondlarına etibar edəcəkmi? ''Paşa fondu' yaradılsa…'
Gözlə

No media source currently available

0:00 0:06:32 0:00

Ötən əsrin 90-cı illəri...

Azərbaycanda pensiyaların gecikməsi ilə bağlı əvvəllər də şikayətlər eşidilib. Hətta ötən əsrin 90-cı illərində rayonlarda pensiyaların gecikməsinin bir neçə ay də çəkdiyi deyilirdi. Onda ölkəyə böyük neft pulları gəlmirdi. İndi isə ölkənin valyuta ehtiyatlarının 70 milyard dollar civarında olduğu bildirilir. Bu ilin yanvar-sentyabr göstəricilərinə görə, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri proqnozla müqayisədə 3 faiz və ya 158 milyon manat çox olmaqla 5 milyard 111 milyon manat təşkil edib. Yanvar-sentyabr aylarında DSMF-nin xərcləri isə 5 milyard 147 milyon manat olub. Bu da ötən ilin müvafiq dövrünə nisbətən 13 faiz və ya 612 milyon manat çoxdur.

DSMF: "Gecikmə yoxdur"

Amma DSMF-dən "Turan"a iddia ediblər ki, pensiyaların və təqaüdlərin ödənişində heç bir gecikmə yoxdur: "Pensiya hər ay üçün verilir. Əvvəlki aylarda olduğu kimi, bu ayın pensiya ödənişləri də ay ərzində, hər hansı gecikmə olmadan vətəndaşların bank kartlarına köçürülüb".

Qeyd olunub ki, müvafiq qrafikə əsasən, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə pensiya ödənişləri hər ayın 8-15-i arasında gerçəkləşir. Ölkənin digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin ödənişləri isə hər ayın 20-28-i aralığında nəzərdə tutulub: "Sosial ödənişlərin bank kartlarına köçürüləcəyi günlər barədə vətəndaşlara əvvəlcədən məlumat verilir".

Rəşad Həsənov
Rəşad Həsənov

"Ola bilsin, çox bəsit məsələ kimi görürlər"

İqtisadçı Rəşad Həsənov isə AzadlıqRadiosuna deyib ki, problem varsa, bu qurumun büdcəsində pulun yoxluğu ilə bağlı deyil: "Biz Dövlət Sosial Müdafiəsi Fondunun gəlirlərinə baxanda görürük ki, gəlirlərində artım var və proqnozdan artıq icra olunur. Dövlət büdcəsinə baxanda da görürük ki, burada profisit var. Bu, onu deməyə əsas verir ki, burada söhbət pulun yoxluğu ilə əlaqədar deyil".

İqtisadçı gecikmələrin səbəbinin texniki məsələlər olduğunu düşünür: "Bu, hesabatlarla bağlı ola bilər. Ola bilər ki, xəzinədarlığın reqlamenti dəyişib".

O vurğulayır ki, reqlament qurumlara müəyyən çərçivədə manevr etmək imkanı verir: "Məsələn, "ayın ilk 10 günündə" və ya "ayın son 10 günündə" kimi ifadələr iki-üç gün fərqlə ödənişləri etməyə imkan verir. Ola bilsin ki, idarəçilər onu çox bəsit məsələ kimi görürlər və bu, fərqli şəraitdə yaşadıqları üçün onların qayğılarına daxil olmayan bir məsələdir".

Amma, R.Həsənovun sözlərinə görə, nəzərə almaq lazımdır ki, söhbət çox böyük sosial qrupdan – 1 milyon 100 mindən artıq pensiyaçıdan və 600-700 min digər sosial ödənişlər alanlardan gedir: "Onların da çox böyük əksəriyyəti azgəlirli həssas sosial qruplardır və bütün ailə gəlirlərinin planlaması məhz dövlətdən ödənişlər üzərində qurulub. Zamanında bu ödənişlərin edilməməsi fəsadlar yaradır: kreditlərə əlavə faizlər hesablanır, kommunal ödənişləri vaxtında edilmədiyinə görə işıq, su, qaz, internet xidmətləri kəsilir. Yəni, insanlar çətin vəziyyətdə qalırlar".

XS
SM
MD
LG