Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 02:53

İqlim aktivisti Qreta Tunberqin Qafqazdakı işi ürəyincə olmayıb


Qreta Tunberq Tbilisidə Gürcüstanda keçirilən son seçkilərin nəticələrinə etirazlara qoşulub.
Qreta Tunberq Tbilisidə Gürcüstanda keçirilən son seçkilərin nəticələrinə etirazlara qoşulub.

Qreta Tunberq Bakıya - COP29 iqlim sammitinə getməyib, axı Azərbaycanın quru sərhədləri bağlıdır, üstəlik, isveçli iqlim fəalı təyyarə ilə uçmaqdan imtina etməsi ilə məşhurdur. Ancaq o, vaxtını Gürcüstan və Ermənistanda keçirərək bölgənin qarışıq siyasətindən baş çıxarmağa çalışıb. AzadlıqRadiosunun Gürcüstanda fəaliyyət göstərən müxbiri Coşua Kuçeranın qələmə aldığı məqalədə deyilir ki, Tunberqin Qafqazdakı ilk dayanacağı Gürcüstan olub. O, buraya Türkiyədən gəlib. Gürcüstana səfəri siyasi qarışıqlıq vaxtına düşüb: oktyabrın 26-da keçirilən parlament seçkilərinin nəticələrinin ləğvinə çalışan müxalifət aramsız etiraz aksiyaları keçirir. Hakim "Gürcü arzusu" partiyası böyük fərqlə qalib gəlsə də, pozuntuların geniş yayıldığı bildirilir. Müxalifət seçki sonuclarının ləğvini istəyir, çünki pozuntu sayını bundan ötrü yetərli sayır.

Tunberqin dəstəkləməyə çalışdığı güclər də ona etiraz ediblər

Tunberq noyabrın 4-də ölkəyə çatınca, bu etiraz aksiyalarından birinə baş çəkib. "Mən Gürcüstan xalqının demokratiya və azadlıq uğrunda mübarizəsini dəstəkləmək üçün buradayam", - o, AzadlıqRadiosunun gürcü xidmətinə belə deyib. Başqa bir müsahibəsində isə: "İqlim fəallığı və insan haqları birdir" sözlərini dilə gətirib. Düzdür, Tunberqin həmrəylik ifadəsi heç də həmişə qarşılıq görməyib.

Tunberq getdiyi hər yerdə, özəlliklə mühafizəkarların və iqlim dəyişikliyini dananların qızğın etirazı ilə üzləşsə də, Gürcüstanda onun dəstəkləməyə çalışdığı güclər də ona etiraz ediblər. Bəzən Tunberqin mövqeyi Tbilisi küçələrində etiraz edən gürcü liberalların başlıca baxışları ilə daban-dabana zidd olub. Tbilisidə o, İsraili enerji ilə təchiz edərək Qəzzada fələstinlilərə qarşı "soyqırımı alovlandırmağa razı olduğu üçün" Türkiyə və Azərbaycan səfirliklərinə və SOCAR-a qarşı etirazlara çağırıb. Ancaq qərbyönlü gürcülərin çoxu məsələni belə görmür. Azərbaycan nefti Gürcüstandan keçən Bakı-Tbilisi-Ceyhan boru xətti ilə axır. Bu strateji kəmər həm Gürcüstanı Avropaya bağlayır, həm də onun Rusiyadan enerji müstəqilliyini təmin edir. Sosial mediada Tunberqin səfəri haqqında yazılan onlarla şərhdə istifadəçilər siyasi baxışlarına görə ona hücum ediblər. O, fələstinliləri dəstəklədiyi üçün "antisemit" adlandırılıb, kapitalizmi tənqid etdiyi üçünsə məsxərəyə qoyulub.

"O, Bakı-Tbilisi-Ceyhan haqda zərərli postlar yazır və bizim güvənliyimizi təhdid edir. Nə qədər tez getsə, o qədər yaxşıdır", - şərhlərin birində belə yazılıb. Digərləri Tunberqin gürcü etirazçıları dəstəkləməyə deyil, öz gündəliyi ilə gəldiyini deyiblər. O, Tbilisi küçələrindəki etirazlara davamlı qoşulsa da, Gürcüstandakı duruma dair özünün milyonlarla sosial media izləyicisinə detallı bilgi verməyə çox da tələsməyib.

"Bu, bir az diqqət yayındırmaqdır"

Noyabrın 11-də - Gürcüstanda keçirdiyi son axşam o, COP29-a qarşı etiraz aksiyası keçirib. Ermənistan, Azərbaycan və Gürcüstandan olan bir qrup fəal da ona qoşulub. Tunberq bir neçə məsələyə diqqət çəkməyə çalışıb: o sıradan Azərbaycandakı dissidentlərə və Qarabağın erməni sakinlərinin haqlarının pozulmasına. Aksiyaya qatılan digər etirazçılar isə Gürcüstanda demokratiyadan tutmuş, heyvan haqlarınadək bir çox məsələyə aid plakatlar qaldırıblar. Etiraz aksiyasının həmtəşkilatçısı bir qrup solçu azərbaycanlıdan oluşan Feminist Sülh Kollektivi olub. "Biz Rusiya ilə Qərb arasında seçim etməyəcəyik. Biz sizin sırınan ənənəvi dəyərlərinizlə sivil dəyərləriniz arasında seçim etməyəcəyik", - qrup üzvlərindən biri kütləyə xitabən belə deyib. Bu aksiyadan cəmi bir neçə yüz metr aralıda isə Qərbə fərqli yanaşan başqa bir etiraz aksiyası keçirilib. Avropa Parlamentinin bir neçə üzvü də müxalifətin hökumətə qarşı mübarizəsini və Avropaya qoşulmaq iddiasını dəstəkləməyə gəlib. Tunberq və onunla birgə etiraz edənlər bu, daha iri nümayişə qoşulmaq üçün addımlasalar da, Tunberqin əhatəsindəki media təmsilçiləri nəzərə alınmasa, onlara çox da məhəl qoyulmadı. "Bu, bir az diqqət yayındırmaqdır. Mən düşündüm ki, onlar demokratiya və azadlıqdan, yaxud bizim nümayişin əsl məqsədinə dair bir şeydən danışacaqlar", - Avropanı dəstəkləyən nümayişin Maya adlı bir iştirakçısının sözləridir.

Qreta Tunberq Tbilisidə COP29-un Bakıda keçirilməsinə etiraz edir.
Qreta Tunberq Tbilisidə COP29-un Bakıda keçirilməsinə etiraz edir.

Aksiya zamanı verdiyi qısa müsahibəsində Tunberq deyib ki, demokratiya uğrunda mübarizə geosiyasətlə ölçülməli deyil. "Biz bu, yanlış dixotomiyaların narrativini qidalandırmağı dayandırmalıyıq. Biz iki şər arasında seçim edə bilmərik. Əvəzində isə yeni alternativ yaradıb …var-gücümüzlə bu alternativi yaratmaq üçün çalışmalıyıq. Ancaq istənilən halda, demokratiya, azad və ədalətli seçkilər uğrunda mübarizə hər zaman … hər kəsin müdafiə edə bilməli olduğu çox elementar prinsipdir", - o, Azadlıq Radiosuna belə deyib.

Corc Sorosun oyuncağı?

Tunberqin Ermənistana səfəri isə daha hamar keçib. Bugünlərdə Ermənistanın daxili siyasətində elə bir rəqabət gözə dəymir, Tunberqin özü isə Azərbaycanla münaqişədə qəti ermənipərəst mövqe tutub. "Azərbaycanın aqressiyasının insan haqları və ətraf mühitin mühafizəsinə təsiri" adlı noyabrın 14-də keçirilən konfransda danışan fəal Azərbaycanın COP29-a ev sahibliyi etməsini "tam ürəkbulandırıcı" adlandırıb. Tədbirdən öncə "The Guardian"a yazdığı rəy yazısında isə o, "[Azərbaycan] rejimini hədəf alan" təcili sanksiyalara çağırıb. Səbəb kimi də Bakının "dəhşətli" insan haqları pozuntularını göstərib. Azərbaycana gəlincə, Bakıdakı rəsmilər az öncə Tunberqin tərəfində idilər: apreldə Xarici İşlər Nazirliyi Tunberqin Amsterdamda keçirilən iqlim aksiyasında saxlanmasına görə Niderland hökumətini tənqid etmişdi. Azərbaycan hökuməti bu cür insidentləri tez-tez qabardır. Bakı belə halları Azərbaycanda insan haqlarının durumundan şikayət edən Qərb hökumətlərinin riyakarlığının göstəricisi sayır. Ancaq bu dəfə hökumətyönlü "Yeni Müsavat" qəzeti Tunberqi liberal filantrop Corc Soros və digər qüvvələrin oyuncağı adlandırıb. Məqalədə Amsterdamdakı aksiyada həbsindən sonra Bakının onu dəstəkləməsi də xatırladılıb və onun "nankor" olduğu yazılıb.

XS
SM
MD
LG