Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:41

Zurabişvili: 'Bütün ölkə üsyana qalxıb'


Gürcüstanda etiraz aksiyası
Gürcüstanda etiraz aksiyası

Gürcüstan prezidenti Salome Zurabişvili polisin ard-arda dörd gecə etiraz aksiyalarını dağıtmasını şərh edərkən, “bütün ölkənin üsyana qalxdığını” deyib.

Paytaxt Tbilisidə hökumətin Avropa İttifaqı (Aİ) ilə üzvlük danışıqlarını 2028-ci ilədək dayandırmaq qərarına kəskin etirazlar davam edir.

Parlament önündə aksiya keçirilməsini əngəlləyən polis “Rustaveli” metro stansiyası yaxınlığında etirazçıları su şırnağına tutub, gözyaşardıcı qazdan yararlanıb. AzadlıqRadiosu gürcü xidmətinin bilgisinə görə, son günlər Tbilisidəki etirazlarda, azı, 200 nəfər saxlanılıb. Dekarın 2-nə keçən gecə baş verən iğtişaşlarda döyülüb həbs edilənlərin sayı bilinmir.

“Ölkədə konstitusiyaya zidd bir rejim fəaliyyət göstərir. Yeni legitim prezident seçilənədək mənim mandatım qüvvədədir”, - S. Zurabişvili belə deyib.

Hökumət növbədənkənar prezident seçkilərini dekabrın 14-nə təyin edib.

Sanksiyalar

Bu arada Estoniya, Latviya və Litva Gürcüstanda etirazların dağıtılmasına qatılanlara qarşı sanksiyalar tətbiqinə razılaşıb. Bunu Estoniya Xarici işlər naziri Marqus Tsahkna açıqlayıb.

"Demokratiya əleyhdarları və insan haqlarını pozanlar bizim ölkələrimizdə arzuolunmaz şəxslərdir," - nazir “X” sosial şəbəkəsindəki paylaşımında belə yazıb.

Sanksiyalar 11 gürcü rəsmisini, o sıradan ölkənin Daxili işlər naziri Vaxtanq Qomelauri və müavinlərini, eləcə də "Gürcü arzusu"nun fəxri sədri Bidzina İvanişvilini əhatə edir.

Gürcülərin çoxu ölkələrini Aİ-də görmək istəyir. Bloka üzv olmaq niyyəti ölkə konstitusiyasında da əksini tapıb.

Xatırlatma

Ötən ilin dekabrında Aİ-yə namizəd statusu əldə etsə də, Gürcüstanda “xarici agentlər” və cinsi azlıqlara dair mübahisəli qanunlar qəbul edilib. Brüssel bu qanunları Avropanın dəyər və prinsiplərinə zidd saydığından, Gürcüstanın Aİ-yə üzvlük danışıqlarını başlatmaqdan vaz keçib.

Qərb dövlətləri oktyabrda keçirilən parlament seçkilərinnin sonuclarına şübhəylə yanaşır. Rəsmi bilgiyə görə, hakim "Gürcü arzusu" 54 faiz səslə seçkidə qalib gəlib. Ancaq seçkilərin qanun pozuntuları və Rusiyanın müdaxiləsiylə keçirildiyi iddia edilir. Müxalifətin iki “exit poll”u hakim partiyanın 42 faiz səs topladığını göstərib. Həmin sorğularda dörd müxalif partiyanın, açıq-aşkar, səslərin çoxunu qazandığı deyilsə də, Gürcüstan MSK-sı bütün müxalifət qüvvələrinin toplam 37 faiz səs topladığını bəyan edib.

XS
SM
MD
LG